Nəriman Nərimanovun həyat və
yaradıcılığı haqqında
sanballı tədqiqat
TANINMIŞ
ALİM TEYMUR ƏHMƏDOVUN MONOQRAFİK ƏSƏRİ
DÖVLƏT MÜKAFATINA TƏQDİM OLUNUB
Ədəbiyyatşünaslıqda, ədəbi tənqiddə
elə mövzular var ki, ictimai fikir tariximizdə böyük əhəmiyyət
kəsb etdiyindən onlara zaman-zaman müraciət olunur, tədqiqata
cəlb edilir.
Əlbəttə, bunların sırasında ən
ümdəsi xalqın tarixi taleyi ilə bağlı olan,
milli, bəşəri mahiyyət kəsb edən mövzular,
eləcə də görkəmli şəxsiyyətlərin vətən
və xalq təəssübkeşliyi uğrunda mübarizəyə
həsr etdikləri həyat yoludur.
Belə
mövzulardan biri də millətin ictimai şüurunun
oyanmasında misilsiz xidmətləri olan, Azərbaycanın
bütövlüyü, müstəqilliyi yolunda ömür əridən,
eləcə də Şərq xalqlarının
azadlığı uğrunda mübarizənin önündə
gedən yazıçı, publisist, pedaqoq, görkəmli
ictimai-siyasi xadim doktor Nəriman Nəcəf oğlu Nərimanovdur.
Azərbaycanda N.Nərimanov mövzusunu geniş, əhatəli
şəkildə araşdıran görkəmli ədəbiyyatşünas
alim Teymur Əkbər oğlu Əhmədovdur. Alim vaxtilə
keçmiş SSRİ-nin əksər respublikalarının
arxiv və kitabxanalarında - Bakı, Tbilisi, Moskva,
Sankt-Peterburq, Kazan, Həştərxanda,...
N.Nərimanovun həyatı,
yaradıcılığı, ədəbi mühiti,
maarifçilik görüşləri, pedaqoji və
ictimai-siyasi fəaliyyəti ilə bağlı
axtarış-araşdırmalar aparmış, xeyli materiallar
toplamışdır.
Bəllidir ki, bu gün ədəbiyyatşünaslıqda
görkəmli, tarixi şəxsiyyətlərlə
bağlı geniş, həm də davamlı olaraq
araşdırmalara rəvac verən tədqiqatçılar
azlıq təşkil edir. Belə ki, bir namizədlik,
yaxud doktorluq işini başa çatdıran tədqiqatçı
həmin mövzuda işini bitmiş hesab etdiyindən bu istiqamətdə
araşdırmalarına sanki xitam verir. Bu mənada qeyd
etməyi vacib sanırıq ki, ədəbiyyatşünas-alim
Teymur Əhmədov neçə onilliklər boyu Nəriman Nərimanov
mövzusunu geniş aspektdə tədqiq etsə də,
işini bitmiş hesab etmir, başqa sözlə, bu gün də
Nərimanov irsinin yeni və fərqli aspektdən öyrənilməsi
alimin əsas tədqiqat sahəsidir.
T.Əhmədov N.Nərimanovun bütün istiqamətlərdə
həyat yolunu, ictimai-siyasi, ədəbi-pedaqoji fəaliyyətini,
işıqlandıran dəyərli monoqrafik əsərlər
nəşr etdirmişdir.
Onların sırasında Nəriman Nərimanovun
dramaturgiyası. (Bakı, Elm, 1971), Nəriman Nərimanov
(Bakı, İşıq, 1977), Nəriman Nərimanov (Bakı,
Yazıçı, 1982), Nəriman Nərimanov. Həyatı, mühiti, ədəbi
yaradıcılığı (Bakı, Elm, 2015), Nəriman Nərimanov.
Həyatı, mühiti, ədəbi-bədii
yaradıcılığı. (Bakı,
Nurlar, 2019), Nəriman Nərimanov. Kitab-albom
(Bakı, Nurlar, 2019), Bir şəhid ailənin tarixçəsi
(Bakı, Nurlar, 2019) kitabları geniş oxucu kütləsinə
təqdim olunmuşdur.
Yaxın günlərdə Teymur Əhmədovun "Nəriman
Nərimanov. Həyatı, mühiti, ədəbi-bədii
yaradıcılığı (Bakı, Nurlar, 2019)"
monoqrafik əsəri Dövlət Mükafatına təqdim
olunmuşdur. Ədəbiyyatşünas
alimin bu əsəri özünün genişəhatəli tədqiqi,
mükəmməlliyi ilə diqqəti cəlb edir. Burda ictimai xadimin həyat yolu, ədəbi mühiti,
inqilabi fəaliyyəti, əsərlərinin yaranma tarixi,
şəraiti və yaradıcılıq diapozonu sənədlər,
səhih mənbə-məxəzlər əsasında elmi-nəzəri-ədəbi
mövqedən işlənmişdir.
Böyük
şəxsiyyətin "Uşaqlıq və gənclik illəri"
maraq doğuran məlumat, hadisələrlə zəngindir. Bütün bunlarla tanışlıq oxucuda ilkin
olaraq belə bir fikir formalaşdırır ki, Nərimanın
kamil bir ziyalı kimi yetişməsinə onun mənsub
olduğu maarifpərvər nəslin, ailə mühitinin və
dövrün ciddi təhsil ocağı olan Qori Müəllimlər
Seminariyasında təhsil almasının təsiri
böyük olmuşdur. Eləcə də
rus və Qərb ədəbiyyatı ilə
tanışlığı, dünyaya bəsirət
gözü ilə baxması onun maarifçilik
görüşlərinin, inqilabi, ədəbi, ictimai-siyasi fəaliyyətinin
yaranmasında mühüm rol oynamışdır. Tədqiqatçı
gənc Nərimanın Qızılhacılı kəndində
ilk müəllimlik fəaliyyəti dövründə
doğma xalqını ətalət, avamlıq, səfalət
girdabından xilas etməkdən ötrü nə qədər
çətinliklərlə dolu bir həyat
yaşadığını açıb-göstərir, bu
yolda fədakarlığını obrazlı şəkildə
belə qiymətləndirir: "Nəriman burada zülmət
gecənin bağrını yaran şimşəyi
xatırladırdı. Onun ziyası qatı
qaranlığı parçalayır, qəflətdə
yatanları oyadırdı..."
Həyatının Bakı dövrünə qədəm
qoyan 21 yaşlı Nəriman xalqının nicat yolunu
yalnız məktəbdə gördüyündən bu yolda
ideoloji mübarizənin önündə gedirdi. Tədqiqatçı
bu yolu diqqətlə izlədiyindən onu "bacarıqlı
müəllim, görkəmli yazıçı, tərcüməçi,
alovlu publisist və istedadlı aktyor" kimi fəaliyyətinin
fonunda tədqiq etmişdir. T.Əhmədov yazır ki,
Bakının mədəni həyatında nurlu çıraq
olan Nəriman zülmət səltənətini
işıqlandırır, həmvətənlərini qəflətdən
ayıldır, onlarda ictimai mühitə qarşı tənqidi
münasibət oyatmağa çalışırdı... Bu fikirlərdən aydın olur ki, geniş erudisiyaya
malik olan gəncin qayəsi doğma xalqını maarifləndirmək
yolu ilə xoşbəxt həyata və azadlığa
qovuşdurmaq idi. Bu dövr N.Nərimanovun
ictimai həyatda həm də axtarışlar dövrü idi.
Tədqiqatçı onun Bakı mühitində
maarifçilik axtarışlarının mahiyyətini, bu sahədə
çalışmalarını, müvəffəqiyyətli
addımlarını tədqiq etmişdir. Yazıçının
ətrafda baş verən hadisələrə bəsirət
gözü ilə baxması, müşahidələri onun bədii
yaradıcılığında da öz əksini
tapmışdır. Bu illər ərzində N.Nərimanov
"Nadanlıq", "Dilin bəlası",
"Bahadır və Sona", "Nadir şah" əsərlərini
yazır, N.V.Qoqolun "Müfəttiş" əsərini tərcümə
edir, eyni zamanda, özünün müşahidəsi, biliyi,
pedaqoji təcrübəsi sayəsində 3 adda dərslik
yazır. Uşaqlarda danışıq dilini
inkişaf etdirmək, onlarda nitq vərdişi aşılamaq
üçün bu kitablarda o, hər iki dildə - Azərbaycan
və rus dillərində mətnlər, atalar sözləri,
hekayələr verməklə şagirdlərin biliyini
artırmağa çalışmışdır. T.Əhmədov diqqəti həmin dərsliklərə
yönəldir, onları nəzəri, metodoloji təhlilə
cəlb edir, N.Nərimanovun maarifçilik görüşlərinin
təməldaşı olan pedaqoji fəaliyyətini
işıqlandırır.
T.Əhmədovun araşdırmalarından bəlli olur
ki, təcrübəli pedaqoq xalqla yaxından ünsiyyət
qurmaq, onların dünyagörüşünü
artırmaqdan ötrü milli qiraətxana açmağın
zəruri olduğunu düşünür. Odur ki,
özünün təşəbbüs və səyləri nəticəsində
ilk milli qiraətxananın (Nəriman qiraətxanası)
açılması zamanı üçün böyük
hadisəyə çevrilir. O, fikirlərini mətbuatda dərc
etdirməklə maarifçi ziyalılara bir növ
çağırış edir, savadsızlığa
qarşı mübarizə yollarına aydınlıq gətirir.
Tədqiqatçı-alim N.Nərimanovu görkəmli
teatr xadimi kimi də xarakterizə edir. Bunun
üçün onun yaradıcılıq yolunda
apardığı elmi axtarışlar zamanı
topladığı xeyli sənədlər, məlumatlar əsasında
tədqiqatlarını təhlil müstəvisinə gətirir.
Tədqiqatçı qeyd edir ki, XIX əsrin 90-cı illərində
onun təşəbbüsü və rəhbərliyi ilə
yerli ziyalı gənclərdən ibarət aktyorlar truppası
yaradılmışdır. Haqverdiyev bu hadisəni,
ümumən Nərimanovun teatrla bağlı fəaliyyətini
yüksək qiymətləndirirdi. S.Qənizadə
də öz xatirələrində N.Nərimanovu
bacarıqlı həvəskar aktyor, səhnəni
böyük ehtirasla sevən teatr xadimi kimi səciyyələndirir,
onun baş rollarda məharətli
çıxışlarını təqdir edirdi. O zaman
N.Nərimanovun Qoqolun "Müfəttiş" komediyasını
tamaşaya qoyması cəmiyyətdə böyük maraqla, hərarətlə
qarşılanmış, bu barədə "Tərcüman",
"Kaspiy" qəzetlərində xeyli məlumat, rəylər
dərc olunmuşdur. Bu maraqlı məlumatları
ilk dəfə nərimanovşünas Teymur Əhmədov
klassik mətbuat səhifələrini zərrəbin dəqiqliyi
ilə araşdıraraq elmi-publisistik dilin tədqiq-təhlili
ilə təqdim etmişdir. Müəllif
öz təhlillərində bildirir ki, N.Nərimanova görə
teatrın başlıca vəzifəsi insanların diqqətini
ətrafda baş verən hadisələrə cəlb etmək,
özbaşınalığa, haqsızlığa və
zülmə qarşı onlarda nifrət hissi oyatmaqdır.
Müəllif onun gənclik dövrü fəaliyyətini
tədqiq edərkən belə bir qənaətə də
malik olur ki, N.Nərimanov ilk gənclik illərindən
çoxcəhətli fəaliyyəti - metodist, müəllim,
ilk milli qiraətxananın banisi, yazıçı, rejissor,
aktyor kimi xalqın etimadını qazanmışdır. Onun bu sahələrin
hər birində peşəkar kimi yetişməsini bir tərəfdən
dövrün tələbi olduğunu, digər tərəfdən
isə gənc Nərimanın şəxsi keyfiyyətlərindən
irəli gələn ümdə cəhətlərin - vətəninə,
xalqına bəslədiyi tükənməz sevgisi ilə
bağlı olduğunu qeyd etmişdir. N.Nərimanov
dərk edirdi ki, ana dilində mətbuat olmasa,
ziyalıların xalqla sıx əlaqəsi yarana bilməz.
Onun "Təzə xəbərlər",
"Məktəb" adlı elmi-pedaqoji məzmunlu aylıq
jurnal dərc etdirmək məqsədilə Qafqaz senzura komitəsinə
dəfələrlə müraciət etməsini, bu xüsusda
yazdığı məktub-müraciətləri arxivlərdə
araşdırıb üzə çıxarmışdır.
Tədqiqatçı mövzu ilə
bağlı şəxsi fondlardan əldə etdiyi xatirə və
məktubları da tədqiqat materialı olaraq təhlilə cəlb
etməklə əsərin daha da oxunaqlı olmasını təmin
etmişdir.
T.Əhmədov N.Nərimanovun siyasi fəaliyyətini
inqilabi ideyaların beşiyi olan Odessada, Novosibirski İmperator
Universitetində, gizli tələbə dərnəklərində
izləyir.
Rusiyada yenicə başlayan inqilabın dalğaları, tətil,
nümayişlər Odessada təhsil alan
N.Nərimanovun həyatına öz təsirini göstərir.
Tədqiqatlardan aydın olur ki, zəhmətkeş
kütlələrin həyat tərzi, mübarizəsi ilə
yaxından tanışlıq N.Nərimanovun
dünyagörüşünə təsirsiz qalmır. Və o, ilk olaraq bir inqilabçı kimi bu hadisələrin
içində yetişir. Müəllif
onun əməli fəaliyyətini bütün istiqamətlərdən
işıqlandırır. Rusiyada təhsil alan tələbə N.Nərimanov Azərbaycanın
bir çox şəhərlərindən məktublar
aldığına görə Zaqafqaziyada baş verən hadisələrdən
də xəbərdar olurdu.
XX əsrin əvvəllərində "Neft və
milyonlar səltənətində" baş verən siyasi tətil
və nümayişlər Zaqafqaziya boyunca baş qaldıran
ümumxalq hərəkatına yeni vüsət gətirdiyindən
N.Nərimanov fəhlələri bu tətil və
nümayişlərə cəlb etməkdən ötrü
öz fəaliyyətini genişləndirirdi. Tədqiqatçı
N.Nərimanovun siyasi fəaliyyətinin əhatə etdiyi sahələrdə
onun daim neft mədənlərində, zavod və fabriklərdə
fəhlələrlə görüşünü, fəhlə
sinfinin haqq işi uğrunda mübarizəyə
hazırlanmasına çalışdığını da
çox dəyərli məlumatlara əsaslanaraq təhlil
etmiş, hadisələrə doğru mövqedən
yanaşmışdır. Nərimanovun
inqilabi mübarizəyə
çağırışını, İran milli hərəkatına
qardaşlıq köməyini, onun
"İctimaiyun-amiyun"un yaradıcısı kimi
"Nicat" maarif cəmiyyətində" fəaliyyətini
saralıb qat kəsmiş vərəqlərdən həssaslıqla
öyrənib araşdırmış, maraqlı, tarixi əhəmiyyətli
məlumatların müşayiəti ilə
işıqlandırmışdır. Qafqaz
müsəlman müəllimlərinin I qurultayının təsis
komissiyasına rəhbərlik edən N.Nərimanovun ictimai tələbləri
müzakirəyə çıxarması, bu böyük zəka
sahibinin xalqın maariflənməsi yolunda can fəda etdiyini,
ictimai şüurun oyanmasına təsirini
açıq-aydın göstərir.
Tədqiqatçı
bu dövrdə N.Nərimanovun "Həyat",
"İrşad" qəzetlərində "Nər",
"Arı bəy" imzaları ilə yazdığı
felyeton və publisistik məqalələrdə
qaldırdığı məsələlərin ideya mahiyyətindən
bəhs edir. Göstərir ki, jurnalist bu qəzetlərdən
"qabaqcıl ideyaları yaymaq, xalqa həqiqəti başa
salmaq və onları inqilabi mübarizəyə hazırlamaq
üçün bir tribuna kimi istifadə edirdi". Məhz bu fikirləri
işıqlandırdığına görə də tərəqqipərvər
ziyalılar bu qəzetləri xalqın nicat, ümid yeri
sanırdılar.
Əsərdə N.Nərimanovun
"İnqilabçı həkim" kimi də xarakterizə
olunması böyük mütəfəkkirin bu sahədə də
xalqına xidmətinin bir çox istiqamətlərdən
açılmasını səciyyələndirir. Novorossiysk
İmperator Universitetinin Tibb fakültəsini bitirib Bakıya
qayıdan N.Nərimanovun həkim adının
qarşısına "inqilabçı" titulu da əlavə
olunur. O, xalqı müalicə etməklə
yanaşı, gizli inqilabi fəaliyyətlə də məşğul
olur. Həyatının bu səhifələri nə
qədər qaranlıq, məxfi olsa da, tədqiqatçı
dərin, həm də inadkar axtarışları sayəsində
ilk dəfə N.Nərimanovun birmənalı səslənməyən
fəaliyyətinə sənədlərin
işığında aydınlıq gətirməklə, təzadlı,
bir-birinə zidd olan fikirlərə son qoyur. Əldə
etdiyi sənədlərin varlığından vəcdə gələn
müəllif qənaətini maraqlı formada ifadə edir:
"Budur, axtarılan tapılmışdır. Bu tarixi həqiqətin
elçisi sanki, Prometeyin insanlara gətirdiyi od
parçasıdır. Elə bir od
parçsı ki, ürəklərə nur çiləmiş,
gözləri açmış, beyinlərdən ətalət
dumanını qovmuş, beləliklə, hamını zülmətlər
səltənətini tarmar etməyə, azad və məsud həyat
uğrunda mübarizəyə qaldırmışdır".
Və bu fəaliyyət sahəsi də müəllifin
tədqiqatlarına xas olan bir nizam, xronoloji
ardıcıllıqla təhlil olunur. T.Əhmədovun sənədlərə
istinadən aydınlaşdırır ki, N.Nərimanovun
İran inqilabına təkcə maddi və mənəvi
köməyin təşkilatçısı olaraq, dövri mətbuatda
etdiyi çıxışları ilə deyil, İrana
göndərdiyi "Qafqaz mücahidləri"nin
köməyi ilə hadisələrin gedişinə istiqamət
verməsi, milli azadlıq hərəkatının qələbəsinə
çalışması olmuşdur.
İnqilabi mübarizələrdə çətin,
ağır yollardan keçən N.Nərimanovun "Həştərxanda
sürgün illəri" də mətin
inqilabçının fəaliyyətində maraqla izlənilən
məqamların ifadəsinə söykənir. Tədqiqatçı
bu bölmədə bir çox hadisələrə
özünün səhih araşdırmaları ilə
aydınlıq gətirir. Elə təkcə
mövzuların adlarına diqqət edəndə müəllifin
onlarla, bəlkə də yüzlərlə sənədlərin
arasında uzun zaman araşdırmalara ömür sərf
etdiyini duymamaq mümkün deyil. Diqqət edək: Metex
qalasında; "Darül-ədəb" məktəbində
və "Şurayi-İslam" cəmiyyətində həkim;
Müsəlman teatr dərnəyinin və "Ağ
çiçək" mərasiminin təşkilatçısı;
qabaqcıl ideyalı tatar ictimai xadimləri ilə dostluq əlaqəsi;
İ.İ.Meçnikovla görüş; "Bürhani-tərəqqi"
və "Prikaspiyski Kray" qəzetlərində
çıxışları... Məkan, zaman, təbəddülatlar
dövrü, müxtəlif istiqamətlərdə fəaliyyət
proqramları N.Nərimanovun nə qədər gərgin, həm
də dolğun, mübariz bir həyat
yaşadığını göstərirsə, tədqiqatçının
da bu həyatın dolanbaclarında ciddi, məsuliyyətli
araşdırmalarından xəbər verir. Və nəticədə
N.Nərimanovun fəaliyyət tarixçəsinin bir parlaq
dövrü də gözümüzün
qarşısından keçib gedir...
1913-cü
il. N.Nərimanov yenidən
Bakıdadır. "Mübarizələr
qaynağında" həkim, inqilabçının
üç ildə (1913-1916) xalqına bir çox istiqamətdən
xidmətləri araşdırılır. Doktor Nəriman
xəstələrini evdə də təmənnasız
müalicə edir, dövri mətbuatda tibb elminə maraq oyatmaq
üçün məqalələrlə
çıxış edir, "xalq universiteti"ndə şəhər
əhalisinə elmi-kütləvi mövzularda mühazirələr
oxuyur, həmin vaxt yazdığı "Tibb və islam" kitabını yoxsul fəhlələrə
pulsuz paylayırdı. Eyni zamanda, bir sıra qəzetlərdə
tibbə dair elmi-kütləvi məqalələrlə
yanaşı, ədəbi-tənqidi, ictimai-siyasi, publisistik əsərlərlə
çıxış edir, yeni məcmuələr açmaq təşəbbüsündə
olur. Bu məqalələri
araşdırarkən, onun ideyasına bələd olan tədqiqatçı
göstərir ki, N.Nərimanova görə insan həyatın,
təbiətin sirlərinə bələd olmaq
üçün mübarizə aparmalı, yeni elmi fikirlər
irəli sürməli, ixtiralar etməlidir. Tədqiqatçı qeyd edir ki, həmin vaxtda N.Nərimanovun
rəhbərliyi altında təsis edilmiş "Tənqid gecələri"ndə
maarifçi ziyalıların, yazıçıların əsərləri
müzakirə olunurdu. Təbii ki, burda
keçirilən yığıncaqların məqsədi də
Azərbaycan ədəbiyyatında inqilabi demokratik meyllərin
artmasına, xəlqilik və realizm uğrunda mübarizəyə
müəyyən təsir göstərmək idi. T.Əhmədov bu istiqamətdə
apardığı tədqiqatlarında Azərbaycan musiqili
teatrının yarandığı ilk dövrlərdən onun
fəaliyyətini diqqətlə araşdırmış və
göstərmişdir ki, N.Nərimanov teatra qazanc mənbəyi
kimi baxanları ciddi tənqid etmiş, teatrın
inkaşafına çalışmışdır.
T.Əhmədov N.Nərimanovun "Hümmət" təşkilatında
və "Hümmət" qəzetinin fəaliyyətindəki
rolunu, mövqeyini də tədqiqata cəlb etmişdir. O qeyd edir ki, çar
mütləqiyyəti devrildikdən sonra N.Nərimanov gizli
inqilabi fəaliyyət şəraitindən çıxaraq
açıq mübarizəyə keçir, fəhlə və
kəndlilərə siyasi hadisələrin mahiyyətini başa
salırdı. Həmin vaxtda "Hümmət"
təşkilatının yaranması və onun siyasi fəaliyyətini
işıqlandırmaqdan ötrü təşkilatın
adını daşıyan qəzetin nəşr olunması
haqqında qərar verilir. Görkəmli
ictimai xadimin "Hümmət"in redaktoru kimi jurnalistik fəaliyyətini
tədqiq edən T.Əhmədov qəzetin məramını,
siyasi motivini, orda dərc olunmuş məqalələrin
ideya-mahiyyətini də tədqiqat obyekti olaraq təhlilə cəlb
edir. Bu tədqiq-təhlillərdən
aydın olur ki, həmin dövrdə qəzet kütlənin
gözünün açılmasında böyük rol
oynadı, xalqın etimadını doğrultdu. Müəllif haqlı olaraq bildirir ki, "Hümmət"
qəzeti N.Nərimanovu redaktor kimi səciyyələndirmək
üçün zəngin material verir.
Xalq komissarı N.Nərimanov vətənin və
xalqın həyatında müstəsna əhəmiyyət kəsb
edən vəzifələrin öhdəsindən bacarıqla gəlmişdir. Belə ki,
Bakının dağılmış təsərrüfatını
qaydaya salmaqdan ötrü gecə-gündüz yorulmadan
çalışmışdır. Onun
öhdəsinə aldığı vəzifə olduqca məsuliyyətli
və geniş miqyaslı idi. Tədqiqatçı bu vəzifənin
əhatə dairəsini birər-birər
araşdırmış və göstərmişdir ki, "Nərimanovu
ticarət, şəhər nəqliyyatı, təchizat və ərzaq
məsələləri ilə yanaşı, xalq maarifi və
mətbuat məsələləri də ciddi məşğul
edirdi..." Bütün bunlarla yanaşı,
Xalq komissarının Bakının neft rayonlarında yeni məktəblər,
kurslar, kitabxanalar, fəhlə klublarının
açılmasına göstərdiyi qayğı xalqına əsl
sədaqət nümunəsi idi.
Əlbəttə, N.Nərimanov xalqda "Gələcəyə
böyük inam" yaradırdı. Ancaq inamı
doğrultmaq üçün bu mübariz insan böyük
çətinliklər, məhrumiyyətlərdən
keçmiş, bitib-tükənməyən ağrılar
yaşamışdır. Bütün
bunlara baxmayaraq, geniş ürəklə daim xalqına xidmətdə
olmuşdur. Gələcəyə böyük inamla gedən
"qoca Şərqin Nərimanı"nın Moskvaya
çağrılması, V.İ.Leninlə
görüşü, RSFSR Xalq Xarici İşlər
Komissarlığında işləməsi, Bakıda Müvəqqəti
Hərbi İnqilab Komitəsinə sədr seçilməsi,
Xalq Komissarları Sovetinin sədri kürsüsündə
olması, eləcə də Şərq xalqlarının I
qurultayı, Azərbaycan əyalətlərində tarixi
görüşlər... Və yenidən Moskvaya
dəvət olunaraq SSRİ Mərkəzi İcraiyyə Komitəsinin
sədri seçildiyi gündən Sovet siyasi kursuna inanan
böyük əqidə sahibinin fədakarcasına
çalışması bu cəfakeş, işıqlı
şəxsiyyətin öz taleyində Azərbaycanın
taleyini yaşadığının bariz göstəricisidir.
İctimai xadimin gördüyü işlərin diapazonunu bu tədqiqatların
işığında təsəvvür etmək belə,
insanda heyrət doğurur...
Görkəmli nərimanovşünas Teymur Əhmədovun bu monumental tədqiqat əsəri bizdə belə bir fikir yaradır ki, o, sanki Nərimanovun müasiri, silahdaşı, həmkarı kimi, onun bütün həyatını, fəaliyyətini özünün müşahidəsi, fəhmi ilə izləmiş, sonradan tədqiqat materialına çevirmişdir. Yazı boyunca bu monoqrafik əsər haqqında söylədiyimiz fikirlər müəllifin genişəhatəli, dərin məzmun və ideyaya söykənən tədqiqatının ehtiva etdiyi dəyərləri ifadəyə söykənir. Zənnimizcə, Teymur Əhmədovun haqqında bəhs etdiyimiz "Nəriman Nərimanov (Həyatı, ədəbi mühiti, yaradıcılığı") qeyd olunan dəyərli cəhətlərinə görə Dövlət Mükafatına layiqdir.
Şəfəq NASİR
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2020.- 22 may.- S.10-11.