Şərəfli ömrün yetmişinci baharı

 

Yeni minilliyin, yeni əsrin bu ilk onilliklərində elmi, ədəbi, ictimai prosesin görkəmli mümayəndələrindən biri kimi, mətbuat aləmində şəkli, imzası, sözü, yaradıcılığı daha çox görünən alimlərimiz içərisində Nizami Məmmədov (Nizami Tağısoy) daha çox seçilir-filologiya elmləri doktoru, professordur.

Nizami Tağısoy 24 may 1950-ci ildə Ucar rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət etmiş, əsgəri borcunu ödədikdən sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olaraq, Rus dili və Ədəbiyatı fakültəsini fərqlənmə diplomu ilə başa vurub. 8 ilə qədər Ucar rayonunda rus dili və ədəbiyyatı müəllimi işləmiş, kənd məktəbində işləyə-işləyə təhsil aldığı institutun aspiranturasına ("rus sovet ədəbiyyatı" ixtisası üzrə) daxil olub. 1986-cı ildə "Səməd Vurğun pyeslərinin rus tərcümələri və səhnə təcəssümü" mövzusunda namizədik, 1992-ci ildə "XX əsr rus poeziyasının Azərbaycan dilinə tərcüməsi problemləri (1920-1950-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1994-cü ildən professordur.

Nizami müəllim 1984-cü ildən Bakı Slavyan Universitetində çalışır. "XX əsr rus ədəbiyyatı", "Türk xalqları ədəbiyyatı", "Azərbaycan ədəbiyyatı","Tərcümə nəzəriyyəsi" fənlərindən rus və Azərbaycan bölmələrində mühazirələr oxuyur, praktik məşğələlər aparır. Buraxılış işlərinə, magistr, fəlsəfə doktorluğu dissertasiyalarına rəhbərlik edir.

O, 1995-1997-ci illərdə Bakı Qızlar Universitetində "Azərbaycan dili və Ədəbiyyatı" kafedrasının müdiri, 1998-2010-ci illərdə Azərbaycan Beynəlxalq Universitetində "Azərbaycan dili və Ədəbiyyat" və "Rus dili və Ədəbiyyat" kafedralarının müdiri vəzifəsində işləyib.

Nizami müəllim 2010-ci ilin yanvarından həm də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Türk Xalqları Ədəbiyyatı şöbəsində baş elmi işçi kimi çalışır.

Professor Nizami Tağısoy pedaqoji işlə yanaşı, məhsuldar elmi yaradıcılıqla məşğul olan görkəmli alimlərimizdəndir. İndiyə qədər onun müxtəlif konfrans, simpozium və elmi məclislər (Bakı, Gəncə, Sumqayıt, Təbriz, Samsun, Moskva, Minsk, Daşkənd, Nökis, Kazan, Tbilisi, Volqoqrad, Ufa, Aşqabad, Çerkessk, Barnaul, Maxaçkala və s.), dərgilər, məcmuələr və qəzet səhifələrində 600-ə qədər müxtəlif məzmunlu məqaləsi çap olunmuşdur. Geniş elmi əlaqələrə malik olan alimdir. Elmi prioritetlərində tərcümə nəzəriyyəsi, ədəbi əlaqələr, komparativistika ilə yanaşı, türk xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası, epik təfəkkürü, ənənələri, folkloru, eposu, klassik və müasir ədəbiyyatı, ədəbiyyatşünaslığın aktual problemləri, müasir ədəbi proses və digər istiqamətlər əsas yer tutmaqdadır. Qaqauz, qazax, qaraqalpaq, qaraçay, qırğız, Kıbrıs türkləri, malkar, özbək, karaim, kumux, noğay, başqurd, xəzər və b. türk qövmləri və xalqları ilə bağlı çoxsaylı məqalələr və kitablar müəllifidir.

Professor Nizami Tağısoyun tədqiqatları, nəzəri fikir və mülahizələri Azərbaycan-rus, Azərbaycan-özbək, Azərbaycan-qaqauz, Azərbaycan-qazax, Azərbaycan-qaraqalpaq, Azərbaycan-qaraçay kimi yaxın və qohum xalqlarla ədəbi əldaqələri öyrənmək sahəsində böyük qiymətə malikdir. Müasir ədəbiyyatşünaslığın aktual problemləri, o cümlədən A.Blok, S.Yesenin, K.Simonov, V.Luqovskoy, A.Adalis, P.Antokolski, A.Tvardovski, S.Vasilyev yadadıcılığı ilə bağlı mühüm araşdırmaları Azərbaycan ədəbi-nəzəri fikrini zənginləşdirir. Azərbaycan ədəbiyyatının S.Vurğun, Mir Cəlal, İ.Əfəndiyev, S.Əhmədli, Anar, F.Qoca, Elçin, A.Rəhimov, E.Hüseynbəyli, R.Rəvan, Ə.Əhməd, K.Kürqıraxlı, M.Dəmirçioğlu, V.Bəhmənli, A.Həsənli, F.Babanlı, Ş.Ağayar, Ə.Xələfli, Y.Nəğməkar, qaraqalpaq yazıçılarından T.Kaipbergenov, İ.Yusupov, qaraçay ədəbiyyatı nümayəndələrindən İ.Xubiyev, H.Bayramukova, qırğız ədəbiyyatından Ç.Aytmatov, tatar ədəbiyyatından Q.Tukay, qaqauz ədəbiyyatından M.Çakır, Q.Qaydarji və başqalarının yaradıcılığı ilə bağlı fikir və mülahizələri Azərbaycan ədəbi tənqidinin, türkoloji fikrin orijinal nümunələrindən hesab olunur.

Son dövrlərdə nəşr etdirdiyi kitablarına nəzər saldıqda aydın olur ki, Nizami müəllim, hər şeydən əvvəl, orijinal və az öyrənilmiş bir sahəyə - tərcümə nəzəriyyəsi problemlərinə dair ardıcıl fikir söyləyən, bu sahədəki boşluğu öz qiymətli əsərləri ilə doldurmağa çalışan görkəmli alimdir. Bu cəhətdən onun rus dilində nəşr etdiyi "Poetik tərcümə" (2001) kitabı xüsusi çəkiyə malikdir. Bu kitabda o, 20-ci illərdən 80-ci illərə qədərki böyük bir yolun ədəbiyyatını nəzərdən keçirib, A.Blok, D.Bedni, V.Bryusov, V.Mayakovski, N.Asayev, S.Yesenin, V.Lüqovskoy, A.Jarov, S.Marşak, A.Bezımenski, A.Barto, P.Antokroski, M.Aliger, E.Dolmatovski, A.Tvardovski, Y.Vinokurov, Y.Yevtuşenko, S.Krisanov, M.Matusovski, L.Oşanin, R.Rojdestvenski və onlarca digər görkəmli rus şairinin əsərlərinin dilimizə tərcüməsi məsələlərinin tədqiqi ilə məşğul olub. Tərcümə nəzəriyyəsini yaxşı bilən, bu sahədə qiymətli əsər müəllifi olan N.Məmmədov bu dövrün tərcümə sənətində milli keyfiyyətin, hər bir şairin fərdi üslübunun, səciyyəvi ifadə tərzinin, əsərlərin forma və məzmun xüsusiyyətlərinin saxlanıldığına, tərcümələrin orijinala uyğunluğuna xüsusi diqqət yetirərək Azərbaycan dilinə poetik tərcümə müəlliflərinin uğurlu cəhətləri ilə yanaşı, nöqsanlarını da üzə çıxarıb. O, rus ədəbiyyatından poetik tərcümə məsələlərinə 20-ci illərin materiallarından başlayıb, A.Fövzi, M.Rəfili, M.Rahim, A.Faruk, R.Rza, S.Rüstəm, M.Rzaquluzadə kimi sənətkarlarımızın ilkin tərcümələrini xronoloji ardıcıllıqla araşdırmaqla, əslində, iki iş görmüş, Azərbaycan poetik tərcümə sənətinin ədəbi-mədəni keyfiyyətləri ilə yanaşı, tərcümə sənəti tarixinin müəyyən mərhələsini də tədqiq etməli olmuşdu.

Böyük xalq şairi Səməd Vurğunun dram əsərlərinin rus dilinə tərcümə xüsusiyyətləri, şairin tərcüməçilərlə əlaqə və yazışmaları, məktublaşmaları ilk dəfə ətraflı şəkildə Nizaminin "Səməd Vurğun dramaturgiyası rus dilində" əsərində dərindən öyrənilərək oxuculara çatdırılıb.

N.Tağısoy müəllim təkcə tərcümə probleminin nəzəri və praktik əsaslarının tədqiqi ilə məşğul olmur, həm də görkəmli türkoloq alim kimi geniş fəaliyyət göstərir. Ədəbi tənqidlə, ədəbiyyatşünaslıq məsələləri ilə, eyni zamanda, geniş şəkildə hazırkı ədəbi proseslə məşğul olur. Türk xalqlarının tarixini, folklor və ədəbiyyatını Azərbaycan və rus oxucularına tanıtmaqda onun böyük xidməti vardır. Qədim xəzərlərin, hetlərin, qaqauzların folklorunun tədqiqi əsasında onların kök, mənşə birliyi qənaətinə gəlmişdir. Onun yaxın vaxtlarda nəşr etdirdiyi "Qaraqalpaq ədəbiyyatı" kitabı müəllifin çoxillik zəhmətinin nəticəsidir. Bu kitab bizi türk soydaşlarımızdan qaraqalpaqların tarixi, etnik tərkibi, mədəniyyəti, ədəbiyyatı ilə çox geniş şəkildə tanış edir. Bu kitabdan qaraqalpaqların "Qırx qız", "Şəryar" dastanları, nağılları, adətləri, inancları, xalq mahnıları, musiqisi, klassik poeziyası, baksıları, akınları, qaraqalpaq dramaturgiyası, XX əsrin A.Musayev, A.Dabılov, S.Majitov, A.Beqimov, İ.Yusupov, T.Kabulov kimi qaraqalpaq sənət adamları haqqında kifayət qədər məlumat almaq mümkündür. Bunlar göstərir ki, Nizami Məmmədovun rus və türk xalqları ilə Azərbaycan xalqının ədəbi əlaqələri sahəsində xidmətləri böyükdür. Bizim çoxumuzun yaradıcılığından fərqli olaraq, Nizami Məmmədov öz yaradıcılığı ilə türk xalqlarını daha çox birləşdirə bilmişdir. "Qazax ədəbiyyatı" (1993), "Qaraqalpaq ədəbiyyatı" (rus dilində, 2007), "Qaraçay ədəbiyyatı" (2016) kimi kitabları da bunu sübut edir.

Onun zəngin yaradıcılığında "XX əsr rus poeziyası Azərbaycan tərcümələrində" (1992), "Səməd Vurğun dramaturgiyası rus dilində" (1999) "Poetik tərcümə, (rus dilində, 2001), "Nəsrin axarı: zaman və məkan konteksti" (2008), "Etnos və epos: keçmişdən bu günə" (2010), "Meyxanənin poetikası" (2011), "Elçinin "Baş" romanı struktur-funksional təhlil müstəvisində" (2017) kimi ədəbiyyatın çox müxtəlif sahələrinə həsr olunmuş qiymətli kitablar mühüm yer tutur.

Bundan başqa Nizami Tağısoy "Muxtar Auezovun yaradıcılığı: ənənədən novatorluğa" (1916), "Nəsiminin dini-fəlsəfi təlimində Haqqın və insanın dərki" (2020) (Azərbaycan və rus dillərində) və başqa qiymətli kitabların, bir sıra tərcümə əsərlərinin, lüğətlərin müəllifi kimi də tanın maqdadır.

Nizami Tağısoy elmi yaradıcılıqla yanaşı, bədii yaradıcılıqla da məşğuldur. "Axtaracaqsan məni" (2000), "Bəlkə dünya öz yolunu çaşıbdı" (2004), "Moy Azerbaydjan" (rus dilində, 2018) adlı şeir və poemalardan ibarət kitabları çap olunub. Onun bədii yaradıcllığı poetik zövqündən xəbər verməkdədir. Bu cəhət alimin tərcümə sənətinin uğurlarında da mühüm rol oynaya bilib.

Nizami Məmmədov təkcə öz əsərləri ilə deyil, zəngin elmi biliyi, təcrübəsi ilə də gənc və gələcək nəslin yetişməsində fəal iştirak edir, öz mühazirə və seminarları ilə gəncliyi bəşərin mədəni irsi ilə tanış etmək sahəsində xüsusi xidmət göstərir. AMEA-nın Folklor İnstitutunda İxtisaslaşmış Müdaflə Şurasının üzvü olub. Ali Attestasiya Komissiyası ekspert şurasının üzvüdür.

Nizami Tağısoy haqqında "XX əsr Azərbaycan alimləri və maarifçiləri" kitabında məlumat verilmiş, o, "Qızıl qələm" və "Xalqın nüfuzlu ziyalısı", AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "İlin alimi" mükafatlarına layiq görülmüşdür. Azərbaycan-Qazaxıstan ədəbi-mədəni əlaqələrinin inkişafında göstərdiyi xidmətlərə görə Əl-Fərabi adına Almatı Dövlət Universitetinin "Əl-Fərabi" gümüş medalına layiq görülmüşdür. Azərbaycanın Əməkdar müəllimidir.

İndi Nizami Tağısoy öz yaradıcılığının ən dəyərli dövrlərindən birini yaşayır. Ömrünün müdrik çağındadır. Bu 70 illik yubiley günlərində hörmətli Nizami müəllimə can sağlığı, ədəbiyyayımızı zənginləşdirən yeni qiymətli əsərlər yaratmaq yolunda uğurlar arzulayırıq.

 

Qəzənfər KAZIMOV

Filologiya elmləri doktoru, Əməkdar elm xadimi

 

525-ci qəzet.- 2020.- 22 may.- S.12.