Beynəlxalq aləm:
ziddiyyətlər,
münaqişələr, müharibələr
(Əvvəli ötən şənbə
saylarımızda)
Soyuq müharibə dövründə Sovetlər
barədə çəkilən filmlərdə sovet hərbçiləri,
adi adamları zəif ağıla, yaralanmış xarakterə
malik olanlar kimi təsvir edilirdi. Bir qayda olaraq SSRİ vətəndaşları,
sovet həyat tərzi karikatura xarakteri daşıyırdı.
İkinci Dünya müharibəsi dövründə
filmlər əsl təbliğat məqsədini
güdürdü. Göbbels təbliğat üçün
xronikadan çox geniş istifadə edirdi, amerikan
kinoxronikası heç də almanlarınkından geri qalmırdı.
Beləliklə, Hollivud Birləşmiş
Ştatların milli təhlükəsizlik maraqlarına bir hərbçi
qaydasında, əsl propoqanda maşını kimi xidmət
edirdi.
Görkəmli sosial psixoloq Filipp Zimbardo qeyd edirdi ki,
qorxu, dövlətin öz xalqını manipulyasiyaya məruz
qoymaq üçün malik olduğu ən yaxşı
psixoloji silahdır. Onlardan istifadə edildikdə vətəndaşların
öz fundamental azadlıqlarını, dövlətin təhlükəsizlik
vədləri ilə könüllü qaydada dəyişmək
naminə qurban verdiklərini görmək olar.
ABŞ-ın bu sahədəki fəaliyyəti həmin arsenala
yiyələnmək istəyən dövlətlər
üçün də nümunə ola bilər.
Həm də məlumdur ki, amerikanlar təbliğatla məşğul
olanda praktiki fəaliyyəti nəzərdən
qaçırmırlar. Amerikanlar siyasi məsələlərdə
yüksək praqmatizmləri ilə seçilirlər. Birləşmiş Ştatlardakı bir sıra guya
filantrop təşkilatları hesab edilənlər digər
ölkələrdə əsasən siyasi diversiya ilə məşğul
olurlar. Amerikan milyarderi Corc Soros təkcə
birja fırıldaqları ilə məşğul olmur, bu fəaliyyəti
ona ağılasığmayan gəlir gətirir, həm də
rəngli inqilabların qalxmasına, dövlət
quruluşlarının dəyişilməsinə xeyli kapital xərcləyir
və bəzi ölkələrdə onun səyi hətta
uğur qazanır. Ona görə də Soros
özünün Açıq Cəmiyyət təşkilatları
vasitəsilə çox şeyə nail ola
bilir və onu son 25 il ərzində çox sayda inqilabların
və dövlət çevrilişlərinin arxitektoru və
icraçısı hesab edirlər.
Məğlubların humanist qisası
Qaliblər işğal etdikləri ölkələrdə
öz inzibati quruluşlarını, mümkün qədər
həyat tərzlərini tətbiq etməyə
çalışır, oradakı xalqlara, əhaliyə özlərinin
üstün olduqlarını təlqin etməyə cəhd
edirlər. Əlbəttə, bu dəyişikliklərin baş
verməsində üstünlük qaliblər tərəfində
olur, əzilən, istismar edilən xalqın müqavimət
qüvvəsi də zəiflədiyindən, onlar bu prosesin
passiv iştirakçılarına çevrilirlər.
Qaliblər silah gücünə bu üstünlüyə,
öz qaydalarını diktə etməyə nail olmuşlar. Lakin həyat
öz mürəkkəbliyinə görə bütün
sferalarda qalibin göstərişlərinin yerinə yetirilməsini
çətinləşdirir, bəzi sahələrdə isə
onların tətbiqi elə bir səmərəyə sahib
olmadığından, təsiri də sıfıra bərabər
olur. Qaliblər heç də məğlub
xalqların həyat tərzini dəyişdirə bilmir və
çox məhdud dairələrdə bunu edə bilir. Aleksandr Makedoniyalı Persiyanı işğal etdikdən
sonra məğlub xalqla münasibətləri qaydaya qoymaq,
birliyə nail olmaq məqsədilə özü
persiyalıların geyimindəki və
davranışındakı bəzi elementləri, qaydaları qəbul
etdi. İşğal etdiyi ölkə əhalisi
ilə sıx ittifaqı əldə etmək üçün
qarşılıqlı nikahlardan istifadə etmək
üsuluna əl atdı. Hindistandan
qayıtdıqdan sonra Persiyada 10 min silahdaşının və
əsgərinin yerli qızlarla evlənmələrinin möhtəşəm
toyunu təşkil etdi. Özü əvvəllər
Baktriya zadəganının qızına evləndiyi halda, bu mərasimdə
də Persiya çarı III Daranın qızı ilə
nikaha girdi. O, Persiya inzibati quruluşunda ciddi dəyişikliklər
etmədi, mövcud satrapiyaları saxlamaqla, onları azacıq
təkmilləşdirdi. Misirdə isə əyaləti
idarə etmək üçün inzibati orqanların rəhbərliyini
qaliblər və məğlubların iştirakı ilə
böldü. Hətta Böyük Aleksandr
kimi dahi də bir çox məsələlərdə məğlub
olan xalqlara güzəştə gedirdi.
Lakin onun qələbələrindən sonra yunan dili və
mədəniyyəti işğal edilmiş areallarda
yayılmağa başladı və Ellinizm dünyası
meydana gəldi. Ellinizm Asiyanın böyük bir ərazisində
və Şimali Afrikada yeni mədəniyyətin və həyat
tərzinin bir sıra təzə elementlərinin meydana gəlməsinə
şərait yaratdı.
Ancaq Yaxın Şərqdəki və Misirdəki
sivilizasiya yunan sivilizasiyasından qədim və zəngin idi. Mesopotamiyada ən
qədim şəhərlər mövcud olmuş, sonralar
meydana gələnlər də şəhərsalma praktikasına
böyük töhfələr vermişdi. Babil şəhəri öz planlaşmasına və
gözəlliyinə görə özünə rəqib
tanımırdı.
Tarixin atası Heredot Babil şəhəri haqqında
yazır ki, şəhər geniş düzənlikdə yerləşmişdir,
su ilə dolu xəndəklə əhatə olunmaqla
düzbucaqlını əmələ gətirir. Babil çox
hündür və enli divarlara malikdir. Onun
içərisindən Fərat çayı keçir, şəhər
üç və dördmərtəbəli binalardan ibarətdir,
onlar düz küçələrdə
sıralanmışdır. Bu küçələr
çayın uzunu boyu yerləşir və ya onu kəsməklə
başqa sahilə keçir. Şəhərin
ortasında daşdan tikilmiş körpü vardır, onun
döşənək salınan üstü ilə babillilər
çayı keçirlər, gecələr isə döşənək
yığışdırılır ki, adamlar veyillənməsinlər
və bir-birlərini soymasınlar. Bütün
Babilistanı kanallar kəsirdi, onların ən
böyüyündə gəmilər üzürdü. Babildəki İştar qapısını bəzəyən
heyvan rəsmləri, füsunkar mozaika min illər keçdikdən
sənra da öz cazibədarlığını itirmir.
Çox
güman ki, böyük ingilis mütəfəkkiri Tomas Mor özünün "Utopiya" əsərində
təsvir etdiyi əfsanəvi şəhərin cizgilərində
Babilə məxsus olan elementlərdən istifadə
etmişdi. Fərat çayının hər
iki sahilində yerləşən bu şəhər onu ilk dəfə
görən əcnəbiləri valeh edirdi. Yaxud Krit adasındakı Knossos sarayında olan
freskalar özünün realizmi ilə, gənc qızın təsvirində
müasir Paris qadınının prototipini yaratması ilə
seçilsə də, Misirdəki qədim sənət
nümunələri rəssamlıq məharətinə
görə onlardan heç də geri qalmır. Nefertitinin kiçik heykəli, papirus
qamışlığında quşları təsvir edən
divar rəsmləri, ecazkar ördək rəsmi və ya
Tutanxamonun qızından və yarı qiymətli daşlardan
olan ölüm maskası, Abu Simbeldəki faraon II Ramsesdən
yadigar qalmış arxitektura abidələri və heykəllər
Misirdəki təsviri sənətin çatdığı
böyük ucalıqdan xəbər verir. Persopolis
də öz arxitektura abidələri ilə məşhur idi.
Misirdəki piramidalar isə onları
yaradanların yüksək mühəndis biliyinə və
ustalığa malik olduğunu nümayiş etdirirdi.
Ona görə də qalib xalqlar işğal etdikləri ərazilərdəki
əhaliyə tuzemlər kimi yanaşmamalıdır, onun mədəniyyətinə
nüfuz etməyi bacarmalıdır. Çünki mədəniyyət
heç də silahla, döyüşlərdə əldə
edilən qələbəyə tabe olmur, öz mənşəyinin
ənənələrini və onları yaşatmaq cəhdlərini
yaddan çıxarmamaqla, davam etmələrinə nail olur.
Məğlub olan xalqlar öz qaliblərindən
qisas almağı bacarır. Özü də
bunu silah gücünə deyil, humanist bir yolla, öz mədəniyyətinin
üstünlüyü hesabına, onun qalib tərəfindən
qəbul edilməsi nəticəsində əldə edir.
Məğlub xalqların mədəni
üstünlüyünün dinc qaydadakı qələbəsini
çox sayda tarixi nümunələrlə təsdiq etmək
olar.
Düşmənçilik edən xalqlar da bir-birinin mədəni
səviyyələrinə yaxşı bələd
olduqlarından, onlardan biri öz rəqibinin mədəni cəhətdən
daha yüksəkdə dayandığını etiraf etmək
məcburiyyətində qalır. Bibliyadan məlum
olduğu kimi, yəhudilər filistimlilərlə
barışmaz düşmənçilik edirdilər. Böyük fiziki gücə malik olan yəhudi Samson
eşşək çənəsi ilə filistimliləri məhv
edirdi. Onun vurulduğu filistimli qız Dalila
öz adamlarının təhriki ilə Samsonun qeyri-adi
gücünün səbəbininin onun saçları
olduğunu öyrəndikdən sonra, bu güc mənbəyini
məhv emək üçün yatan vaxt onun başını
qırxdı və əfsanəvi güc Samsonu tərk etdi.
Bu vaxt filistimlilər onu əsir
götürüb, iri binanın sütununa sarıdılar.
Saçı uzandıqca gücü bərpa
olunan Samson sütunu yerindən çıxardı, özü
məhv olsa da, uçmuş binanın daşlarının
altında qalan çox sayda filistimlinin məhvinə səbəb
oldu. Yaxud gənc, bədəncə zəif
olan çoban David sapand daşının köməyi ilə
filistimlilərin pəhləvanı, iri bədənli
Qoliafı öldürdü və öz həmvətənlilərini
ölümcül təhlükədən xilas etdi. Sonralar David İsrail-İudeya dövlətinin
çarı oldu. B.e.ə. VI əsrdə
Babilistandan çıxarılan filistimlilər tarixdən də
yoxa çıxdılar. Müasir yəhudilər
İsrailin Aşdod şəhərində filistimlilər
muzeyi yaratmışlar. Muzeyin yaradılmasını əsaslandırmaq
üçün isə binanın divarında
yazılmışdır ki, "Çünki həmin vaxt
filistimlilər yəhudilərdən daha yüksək mədəniyyətin
daşıyıcıları idilər". İbrətamiz
bir nümunədir, müasr yəhudilər b.e.ə. X, IX əsrlərdə
öz əcdadlarının rəqibləri olan filistimlilərdən
mədəni cəhətdən geridə
qaldıqlarını etiraf etməklə, özlərinə həqiqət
tərəfdarları kimi əlavə hörmət
qazanırlar.
Filistimlilər b.e.ə. XII əsrdən Aralıq dənizinin
cənubi-şərq sahilində yaşayan xalq idi, "dəniz
xalqları" adlananlardan biri idi. Onların iudeylərlə
müharibələri Bibliyanın hekayətlərini bəzəyir.
Onları b.e.ə. VIII əsrdə Assuriya əsarətə
götürmüşdü. "Fələstin"
sözü onların adından meydana gəlmişdi.
Yəhudilərin mədəni cəhətdən
filistimlilərdən geri qalmasına gəldikdə,
başlanğıcda bu xalq köçəri həyat tərzi
sürürdü. Abrahamın (əvvəllər o, Abram
adlanırdı) başçılığı altında
nomad tayfaları Qərbi İordaniyanın cənubuna doğru
hərəkət etdilər. Burada allah
Yaxve ona xoşbəxtlik diyarı olan Xanaanı (Kənanı)
verdi. B.e.ə. 1012-ci ildə Fələstindəki
bu ərazidə Saul İsrail çarı oldu. O,
filistimlilərin basqınına qarşı 12 yəhudi
tayfasını birləşdirdi. 1004-cü ildə
Saul həlak olanda oğlu və varisi David İsrailin
çarı oldu, İsrail- İudeya dövlətinin banisinə
çevrildi. O, filistimliləri əzdi, Yerusəlimi
tutub, öz xalqının siyasi və dini mərkəzini ora
keçirdi.
David öldükdə isə Virsaviyadan olan haramzadə
oğlu Solomon b.e.ə. 965-ci ildə İsrail-Uudeya
çarlığının hökmdarı oldu. Onun
ölümündən sonra yəhudi dövləti bir-birilə
rəqabət aparan iki yerə - paytaxtı Samariya olan İsrailə
və baş şəhəri Yerusəlim olan İudeya
dövlətlərinə parçalandı. İsrail ərazisi əvvəlcə Assuriyanın,
sonra isə Misirin nəzarəti altına keçdi. Yeni Babilistan çarı Nabuhadasonnor b.e.ə. 587-ci
ildə Yerusəlimi tutdu, müqəddəs məbəd və
saray yandırıldı. Əhali
Babilistana qovuldu, tarixdə bu Babilistan əsirliyi adlanır.
Göründüyü kimi, yəhudilər əsrlər
boyu faciəvi sınaqlara məruz qalmışlar.
Bu gün Qərb ərəb ölkələrinə
yuxarıdan aşağı baxır, diktatorlara qarşı
mübarizə adı altında nisbətən abad iri ölkələr
xarabazara çevrilir, insan qanı çaylarının
axmasına şərait yaradılır. Bizim eranın
IX-XII əsrlərində isə ərəb Şərqi mədəniyyət,
savad və elmi biliklərə sahib olmaq cəhətindən
Avropadan xeyli irəlidə idi, lakin bu həqiqət çox
vaxt ört-basdır edilir. Qədim yunanlardan
qalmış fəlsəfi irs də
avropalılara məhz İspaniyadakı Kordoba ərəb xilafətinin
köməyi ilə ötürülmüşdü.
Məğlubların qaliblərdən mədəni cəhətdən
qisas almağına gəldikdə, bunu məğlub yunanlarla
qalib romalıların mədəni mübadiləsində
görmək olar. Bizim eradan əvvəl II əsrdə,
146-cı ildə Roma Yunanıstanı işğal etməyə
başladı və Ellinizmi, onun mədəniyyətini
dünyaya yayan bir ölkə yadellinin əsarətinə
düşdü. Romalılar yunan mədəniyyətinin
özlərininkindən daha qədim və daha zəngin
olduğunu görüb, onun bir sıra elementlərini qəbul
etməyə, incəsənətdə və arxitekturada
yunanları təqlid etməyə başladılar. Onlar anlayırdılar ki, Romanın əsasını
qoyan Romulun özü də əfsanəyə görə
Troyadan qaçmış yunan Eneyin nəslindəndir və
yunanlar finikiyalılardan götürdükləri əlifbanı
və yazını Romaya, Avropaya yaymışdılar.
Yunanlar özləri üçün əlifba düzəltdilər
və bu, bütün qədim yunan dünyasına
yayıldı.
Qərb versiyasında latın əlifbası
yarandı. Yunan missioneri Müqəddəs Kirill
tərəfindən IX əsrdə icad edilən, ruslar və bəzi
slavyan xalqları tərəfindən indiyədək istifadə
edilən Kirill əlifbası da yunan əlifbasından
yararlanmışdı.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2020.- 23 may.- S.22.