“525-ci qəzet”in redaksiyasına

 

Əzizim, Rəşad bəy!

Bilmirəm, təsadüfmü, ya Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyimi səbəb oldu,  ədibin əsərlərini vərəqlədim və "Ayın şahidliyi" adlı gözəl bir hekayəsini oxudum. Bu koronavirus öncəsi dünyada baş verən haqsızlıqlar, görünməmiş qəddarlıqlar, demokratiya, humanizm, mədəniyyət maskalarını birdəfəlik çıxarıb əsl simasını göstərən, siyasəti biznes qaydaları ilə idarə edən qüdrətli sivil dövlətlərin əsl simasını göstərməsi, bəşəriyyətə diş ağardıb qənim kəsilməsi... və birdən KORONOVİRUSUN əlində dəryaz günahlı-günahsız insanları ot kimi biçməsi göz önümdə canlandı. Bəlkə bu həmin dövlətlərin viran qoyduğu evindən-eşiyindən, isti yuvasından, doğma vətənindən didərgin düşmüş insanların ah-naləsinin cavabı, cəzasıdır?

Bir insanının burnu qanayanda əvəzinə yüzlərlə müsəlmanı qanına qəltan eləyən həmin ölkələrin bədəlidir bu virus. Birmənalı cavab vermək çətindir, amma böyük ədibimizin bu hekayəsi yazıldığı yüz ildən sonra, bu günümüzün reallığında  o qədər aktual səslənir ki, onun  böyük oxucu auditoriyası olan doğma "525"də  işıq üzü görməsini istədim. Həqiqətən, bu hüdudsuz göyün altında baş verənlərin hamısına,  Əbdürrəhim bəy demiş, Ay şahiddir.

Səksən yeddi  il bundan əvvəl haqq dünyasına qovuşmuş böyük ədibimizin ruhu şad olsun!

 

Əli ƏMİRLİ

 

525-ci qəzet.- 2020.- 23 may.- S.23.