Əfsanə
Esse
O, Amerika cazını elə ifa edirdi
ki, bir dəfə Tiflisdə qonaq olmuş "bluesin
kralı" "Bi Bi Kinq" onu dinlədikdən sonra zaldan
hündür səslə ona səslənir:
"Cənab Mustafazadə, mən
öz musiqimizi sizin kimi ifa etmək istəyirəm".
Bəli, o, hər kəsin sevimlisi,
gözəl gülüşlü insan, əfsanəvi
pianoçu Vaqif Mustafazadə idi.
Vaqif Əziz oğlu Mustafazadə - 16 mart 1940-cı ildə
Bakıda İçərişəhərdə tibbi xidmət
mayorunun ailəsində anadan olub. Erkən yaşda
atası vəfat etdikdən sonra anası Zivər xanım
Əliyeva ona həm ata, həm də ana olub.
Zivər xanım Əliyeva, Azərbaycan klassik musiqi məktəbinin
yaradıcısı olan dahi Üzeyir Hacıbəyovun ilk tələbələrindən
və muğamın ilk qadın ifaçılarından biri
olub. Zivər xanım muğamın bütün incəliklərini
mükəmməl bilən bir insan idi. Bəlkə də
elə buna görə
oğluna milli musiqini öz ana südüylə,
daha sonra ilk müəllimi olaraq sevdirmiş və Azərbaycan
musiqi dünyası üçün bir əfsanənin-Vaqif
Mustafazadənin yaradıcılığının təməlini
qurmuşdu. Vaqif hələ balaca ikən də fortepianonun dillərini
özünə ram etməyi bacarır və sevdiyi
mahnıları xüsusi improvizasiya ilə ifa etməyi
xoşlayırdı. Fenomenal yaddaşı var
idi. Musiqiləri beyninə həkk edirdi.
1957-ci ildə
Vaqif Mustafazadə Asəf Zeynallı adına
Bakı musiqi uçilişini (hazırkı Bakı Musiqi
Kolleci) bitirmişdir. Tələbəlik dövrlərində
universitetlərin keçirdiyi bir çox tələbə
yığıncaqlarında iştirak etmiş və belə
çıxışlarının birində (hazırkı Azərbaycan
Neft Akademiyasında) öz ilk həyat yoldaşı Nərminə
xanımla tanış olmuşdur. Bu nigahdan onların Lalə adında bir qızı
dünyaya gəlir. Həyata fərqli
baxışlarından, bəlkə də fərqli ixtisas
sahibi olmalarından dolayı bu ailə həyatı uzun
çəkmir və onlar ayrılır. Beləcə,
Lalə, demək olar ki, atasından uzaqda böyüyür,
atası və nənəsi ilə çox az
ünsiyyətdə olur.
İkinci
təhsilini gənc musiqiçi hazırkı Bakı Musiqi
Akademiyasına qəbul olaraq davam etdirmək istəyir, lakin hər
incəsənət adamı, xüsusən də qeyri-adi
istedadı olan bir insan kimi keçmiş SSRİ
dövrünün qoyduğu çərçivələrə
sığa bilmədiyi üçün elə birinci kursdan təhsilini
yarımçıq qoyur. Çünki həmin
dövrdə caz janrı birmənalı qəbul edilmirdi.
Elə ona görə də musiqiçi istədiyi
musiqini ifa edə bilmir və bəzən öz qeyri-standart ifa
tərzinə görə təzyiqlərə məruz
qalırdı.
Elə o ərəfədə Vaqif gürcü
musiqiçilərinin dəvətiylə Tiflisə
çıxıb gedir. Eyni dövr olmasına baxmayaraq, orada gənc
musiqiçi caz janrında istədiyi tərzdə sərbəst
ifa edə bilirdi. O, əsasən klassik caz, blues və
oynaq mahnılar ifaçısı idi. Burada o,
"Orero" vokal-instrumental ansamblının rəhbəri
olur. Burada ikinci həyat yoldaşı Elza xanımla tanış olur. Yəni Əzizənin
anası. Elza xanım da musiqiçi olur.
1966-1967-ci illərdə Vaqif Tallində keçirilən
caz festivallarında Gürcüstanı təmsil edir və hər
iki səfərində qran pri əldə edir. Məhz o vaxt
Vaqif ilk dəfə dünya səviyyəsində
çıxış edib, XX əsrin məşhur
musiqiçiləri tərəfindən kəşf edilir.
Vaqifin ilk dəfə ifasını eşidən
"Amerikanın səsi" adlı radioda caz
proqramının aparıcısı, musiqişünas Uillis
Konover Vaqifi dünyanın ən yaxşı
pianoçularından biri adlandırır. Onun ifasını Vaşinqton Caz-klubunun prezidenti
Çet Bekker də yüksək qiymətləndirir.
Vaqif Mustafazadə 1969-cu ildə caz və muğamı
sintez edərək Azərbaycan milli cazının əsasını
qoyur. Məhz
həmin il o, Tiflisdən Azərbaycana
qayıdır.
O
dövrdə Azərbaycanın Mədəniyyət naziri Rauf
Hacıyev idi. O, Vaqif Mustafazadənin beynəlxalq müsabiqələrdə
və caz festivallarında Gürcüstanı yox, məhz Azərbaycanı
təmsil etməsini istəyirdi. Elə həmin
ildəcə "Bakı Caz-69" caz festivalında həmvətənləri
öz sevimli pianoçusunu dinləyə bildi.
1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə
festival keçirilir. Şərtlərə görə, əsərin
müəllifi, ifaçısı və ölkəsinin
adı gizli saxlanılmalı idi. Lakin
festival başa çatdıqdan sonra yüzlərlə naməlum
iştirakçının içərisindən "Azərbaycan!
Vaqif Mustafazadə!" sözləri
eşidilir. Bəstəkar-musiqiçi isə
Monako caz festivalında "Ağ royal" mükafatına
layiq görülür. Lakin təəssüf
ki, ömür vəfa etmədiyi üçün bu qalibiyyətindən
xəbərsiz qalır.
Vaqif Mustafazadə həmçinin, bir çox
ansamblların yaradıcısı idi. Onlardan birincisi
Gürcüstanda Dövlət Filarmoniyasının nəzdindəki
"Qafqaz" caz-trio idi. Bakıda isə
1970-1971-ci illərdə Azərbaycan Dövlət Teleradio
bazasında "Leyli", "Sevil" vokal-instrumental
ansamblları, 1977-ci ildə isə "Muğam"
ansamblının yaradıcısı idi.
Vaqif çox qürurlu insan idi. O, öz ehtiyacını, məsələn,
maddi sıxıntısını heç kəsə bildirməzdi.
Eyni zamanda da, çox mehriban, qonaqpərvər,
gözəl yumor hissi olan insan idi. Musiqiçilər
həmişə onun anasının evində
toplaşırdılar. Zivər xanım
qonaqları hər zaman öz məşhur qutablarına, ləziz
çay süfrəsinə qonaq edirdi. Bu
qutabların dadına baxmamış Vaqif heç bir
musiqiçiyə getməyə icazə vermirdi.
Bütün yaradıcı insanlar kimi Vaqif də gözəllik
vurğunu idi.
Vaqif ruhunda incə ruhlu əsrarəngiz havalı
yaradıcı naturayla, lazım olduqda dostun müdafiəsi
üçün davaya girişəcək, öz xanımını müdafiə
edə biləcək gücə malik sərt kişi
naturası vəhdət təşkil edirdi.
Musiqiçinin hər iki qızı atasının yolunu
davam etdirir. Böyük qızı Lalə Mustafazadə 1991-ci
ildə Bakı Dövlət konservatoriyasını bitirdikdən
sonra Fransada Beynəlxalq klassik pianoçularının
müsabiqəsində qran pri əldə edir. Bu gün Lalə Parisdə yaşayır və elə
oradaca öz yaradıcılıq fəaliyyətini davam
etdirir.
Kiçik qızı Əzizə Mustafazadə isə
dünya üzrə məşhur caz ifaçısı,
pianoçu və bəstəkardır. Hətta
ingilis kraliçası onu "cazın şəhzadəsi"
adlandırmışdır.
Vaqif
öz işində peşəkar olması ilə
yanaşı, həm də çox məsuliyyətli insan idi.
Ölümündən bir neçə gün
öncə o, Moskvada "Zareçye" Mədəniyyət
sarayında konsert verirdi. Moskvadan Daşkəndə
uçanda isə artıq açıq infarkt
keçiribmiş. Orada səhnəyə
çıxanda halı çox pis idi. Konserti yarıda
saxlamağı məsləhət görsələr də:
"Yox, mən ikinci hissəni tamamlamalıyam", deyə
etiraz etmiş və elə infarkt vəziyyətində
ifasını bitirmişdi. Pərdə arxasına keçdikdən
sonra onu xəstəxanaya çatdırsalar da, səhər
saat altıda Vaqif Mustafazadə, yaddaşında hələ vərəqə
həkk etmədiyi sehirli notlarıyla, qəlbində
bölüşə bilmədiyi sözlərilə, həyata
keçirə bilmədiyi arzularıyla 39 yaşında
gözlərini əbədi yumur.
Bu acı
xəbərdən sonra "Caz vaxtı" verilişinin
aparıcısı Uillis Konover "Amerikanın səsi"
radiosunda bütünlüklə bir saatlıq verilişini
Vaqif Mustafazadənin xatirəsinə həsr edir.
Onun ölümündən sonra anası Zivər
xanım onunla bağlı bütün rəsmləri,
afişaları, şəxsi əşyalarını
toplayır və 1989-cu ildə o dövrdə Azərbaycanın
Mədəniyyət naziri Polad Bülbüloğlunun təşəbbüsü
ilə Vaqif Mustafazadənin ev-muzeyini yaradır. Bu memorial
muzeyin yaradılması övladının acısını
yaşayan ana üçün tək təsəlli olur. Zivər xanım muzeyin direktoru təyin olunur.
1997-ci ildə Zivər xanım dünyasını dəyişir. Lakin
ölümündən bir neçə ay öncə Moskvadan
yaradıcı fəaliyyəti ilə məşğul olan
qardaşı qızını çağırır və
qız nəvələri ölkədən kənarda
yaşadıqları üçün muzeyi Afaq xanıma həvalə
edir. Elə həmin ildə Afaq xanım, caz
musiqiçilərinə dəstək olmaq üçün
Vaqif Mustafazadə adına Mədəniyyət
xeyriyyəçilik fondu yaradır. Vaqifin xatirə
gecələri təşkil olunur, diskləri buraxılır.
Sözsüz ki, Bakıda musiqiyə caz janrı hələ
30-cu illərdə gətirilmişdi. Saksafonçu Pərviz Rüstəmbəyov,
daha sonra caz orkestinə rəhbərlik edən Rafiq Babayev,
Vaqif Sadıqov, Tofiq Quliyev və Niyazi. Lakin Vaqif Mustafazadə
də öz növbəsində xüsusi texnikası və virtual
ifasıyla caza bambaşqa bir cərəyan gətirmişdi.
Vaqif Mustafazadə həmçinin, bir çox simfonik
kamera musiqilərinin, fortepiano pyeslərinin müəllifidir.
O,
çox gözəl gülüşü olan, uşaq kimi məsum,
lakin çox müdrik bir insan idi. İnanılmaz
pozitiv enerjisi var idi. O, zala daxil olub, royalın
arxasında əyləşəndə elə ilk notlardan
tamaşaçısını heyran edirdi.
Öz orijinal kompazisiyalarına, zəngin şərq
koloritinə, impravizasiyalarına, caz və muğam ritmlərinin
sintezinə, eləcə də zəngin daxili dünyasına
görə Vaqif Mustafazadə hələ
sağlığında ikən əfsanəyə
çevrilmişdi.
Ömrünü çox erkən tamamlamasına
baxmayaraq, Vaqif yaradıcılığı bu gün də nəinki
Azərbaycanda, hətta onun hüdudlarından kənarda da
yaşayır və sevilir.
Fidan MALİK
525-ci qəzet.-
2020.- 23 may.- S.24.