Bu gün tanınmış
şair, istedadlı publisist Vaqif Bəhmənlinin 65
yaşı tamam olur.
Ömrünü şeirə, sənətə,
ədəbiyyata həsr edən Vaqif Bəhmənli ətrafında
baş verən ən müxtəlif proseslərə, təlatümlərə
baxmayaraq uzun illərdən bəri öz hücrəsinə
çəkilib şeirlərini, publisistik yazılarını
yazan, sözlə, sənətlə məşğul olan zəhmətkeş
qələm adamıdır.
Həmişə "525-ci qəzet"in də ən
fəal müəlliflərindən biri olmuş yubilyarın
şeirlərini oxuculara təqdim edir, ad günündə ona
sağlam ömür, yeni-yeni yaradıcılıq uğurları
arzulayırıq.
Bir saat
Bizim
babalardan hansı birisə
deyib,
öz
hökmü var hər bir saatın...
Uzun gecələri
açıb diricə,
gərək saatında çapasan atı!
Altmış
dəqiqədən altmış qat qısa
fürsətdi,
müddətdi,
andı 1 saat.
Çapığa
tənzifdi, müstərə əsa,
sinədən fışqıran qandı 1 saat!
1 saat -
dünyanın əvvəli,
sonu;
göz
qırpıb tarixi geri sayırsan...
Saat
axıntıdı,
baxır sən
onu
hansı
əqrəblərlə hesablayırsan.
Zamanı
qəlibə dolduran odur,
dövrana münasib fərqlənir zaman.
Ya
qalxıb Günəşdən qoparır odu,
buzlaq
qatlarına gah enir zaman.
Ənlik-kirşan
vaxtı, ya ayna vaxtı...
kimsə
adın cızır yar ağacına.
1 saat -
kiminsə sauna
vaxtı,
kimisə
çəkirlər
dar
ağacına...
Təki
ehsan aşı düşə
könlünə -
qıvraq
ol,
mağarda
aşdı 1 saat.
Qız məkri
oğlanın şüşə könlünə
çırpmağa hazırca daşdı 1 saat!
Ötür
üç-dörd mənzil bir saatda at,
Deşir
toğlu gözün quzğun dimdiyi.
Yırtıcı şir üçün nədir 1 saat? -
Ləzzətlə
sökülən ahu cəmdəyi...
Saat ədavətdi
- dartdın uzanır,
bilmirsən harandan tutacaq təpik.
Oğru 1
saata milyon qazanır,
doğru
- uzaqbaşı, 95 qəpik.
1 saat
içində itirir postu,
qızıl üyüdənin dəni kəsilir,
1 saat
içində 40 ilin dostu
qırxillik dostuna qənim kəsilir.
Saat əbədiyyət
yoludur bəlkə,
dünya
bir baladır pişik dişində.
Kainat
saatın quludur bəlkə,
Allah da
baş açmır saat işindən?..
2018
Ucalığa
çağırış
Çox
yüksək fikirdəyəm bil ki,
haqqında sənin;
Yüksəl,
qəhr olsun sitəm,
qalxmaq
haqqındı sənin!
Qoy olsun
yolun çətin, ucalıq ayrı daddı,
Yüksəl,
qoçaq millətim, yüksəl addımbaaddım!
At
lovğalıq yükünü, tarixi muzeyə qoş,
Dibdə
axtar kökünü, Güneyi Quzeyə qoş!
İnsaf
bölsün olanı halal-hümmət dən kimi,
Qov Göyündən yalanı köç azdıran
çən kimi.
Vəfa,
etibar əyən gülünlə yüksəl, xalqım,
Yalnız
doğrunu deyən dilinlə yüksəl, xalqım!
Gurla, hiddət
axını, dərdlər yıxan dağ boyda!
Lələtəpə
dağını böyüt Qarabağ boyda!
Xəlvətə
girənləri əz dırnaqda bit kimi,
Çöküntü verənləri at dibindən
xılt kimi.
Gəzməsin
dik sinəndə canavar, çaqqal, tula,
Qılınc
olsun hər bəndə, quyruqları kəs tulla!
Məkri,
kini yasaqla, şıllaq atmasın azlıq,
Tərəzini
düz saxla, qəhr olsun yerlibazlıq!
Mərd
adını başa çək, yenilməz haqqa yüksəl!
Qobustan
qayasıtək izini saxla, yüksəl!
Damarında
axsın qan; milləti qan tanıdır,
Ucaya
ucalıqdan baxmağın zamanıdır!
Millət
dönsün qoşuna, dərsini alsın yağı,
Hər
ürəyin başına sanc üçrəngli
bayrağı!
Ucalıq
can gərdişi, ulu tanrı səsidir,
Yüksəliş
namus işi, qeyrət məsələsidir!
2018
Sən böyü
(Oxşama Səfərə xitabən)
Bir gün nəvəm Səfər məni
yüngülvari süzüb dedi:
- Baba, yadındadı, mənim boyum sənin
burandan idi ey... dizindən.
İndi başım çiyninə
çatır, bir azdan
boyum ötər səni...
- Hə, oğlum, axı sən ilbəil
böyüyürsən...
Səfər "boytutuşdurma mərasimini"
belə yekunlaşdırdı:
- Düzdü, mən ilbəil
böyüyürəm,
amma baba, öz aramızdı,
heç sən də bekar qalmırsan haa,
ilbəil balacalaşırsan!
Xıxıb xırda-xırda
qurdalanıram
Xidmətlərim xırda, xeyirim
xırda.
Xırdadan xırdaya
xırdalanıram,
Xırda qum dənəsi
ollam axırda.
V.Bəhmənli
"Yeriyərkən dediyim şeirlər"dən
Mən
böyüyə bilmədim,
xırdadan-xırda qaldım.
Çəkdim
öküz zəhməti,
yenə...
axırda
qaldım.
Yollar
çıxdı yolacan,
bilmədim harda qaldım.
Üstünü
çayır tutan
yosma
cığırda qaldım.
Şeytan
çaldı toyumu,
cin
oturdu vayıma,
doğrultmadım soyumu -
ota, yala
calandım,
Fələk
sıxdı suyumu
Birovuc
qaxac oldum,
tumca
balacalandım.
Talandı
dağ sərvətim
içimdə qorxunc dərə.
Qarabağın
töhməti
başımı soxdu yerə...
Səfər,
sən məni heç san -
baban yer
ilə yeksan!
Payı
dürtmə, boğmadı -
kim
qaldırar yetimi?!
Qəssab
qardaş doğradı,
qonşu
yedi ətimi!
Səfər,
böyüməz qərib -
nə qədər
ki, dərbədər,
o
taylı, bu taylıyıq.
Damarımı
elə ip,
sümüklərimi qıyıq-
yurdu
yurduna cala,
böyü, sən böyü, bala!
Yanına
qaçsın uzaq,
vaxtın
hər işə çatsın,
Çiynin
Aya, ulduza
başın Günəşə çatsın.
Did dərdi
yolma-yolma,
ehtiyac
pul-pul olsun.
Sən nəfsinə
qul olma,
nəfsin
sənə qul olsun.
Div
dövran qucağında
zor sənətdi
fil olmaq...
Yatma fil
qulağında,
ayırd
et tükü tükdən.
Gərdişdən
qafil olma,
gəlişdən qafil olma,
gedişdən qafil olma,
Tənbəl
şah sarayında
açılmaz qıfıl olma.
Mən
böyüyə bilmədim -
böyü, Səfər, sən böyü,
Ömür
sürmə utancaq,
gün
keçirmə xəlvəti;
Yer nədi,
tərpət Göyü,
böyü, Səfərim, böyü,
düşmən çəpərim, böyü...
2017
Avtoportret
Quşdili
səslədi barı üstündən
bir
oğlan bir qızı anadilvari;
Qardaş-bacılarım...
və mən
o səsdən
göz
açdıq dünyaya doqquz gülvari.
... doluşduq məhləyə,
addımımızdan
yurdun
dörd bir yanı oldu yolvari.
Günah
iş tutanda, abırımızdan
qızardı üzümüz dəmir pulvari.
İtdi
ilim-ilim İttifaq atam,
Anam
ağı dedi acı dilvari.
Tanrının
palçıqdan yapdığı adam
əllərdə həfkənib soldu gilvari.
Qatarlar
ağlımı başımdan aldı;
görüm Allah kəssin güllü bulvari.
Bakı
dirigözlü qəfəsə saldı
şahlıq gəzən kəsi - qara qulvari.
Dəvə
yükü dartdım quzu çiynimdə,
deşdi
dabanımı tikan;
kolvari.
Göynədi
zəhmətin duzu çiynimdə
xıxdım öküz kimi, çökdüm kəlvari.
Mindilər
atvari, hürdüm itvari,
Millət harda görüb məntək idbari?
Boyat əppək
yedim təzə ətvari,
Gözümə
ağ endi bəyaz tülvari.
Bir
gün də səs gəldi:
- Sən ey bəxtikəm,
qurtul əzablardan,
yıxıl öl bari,
...
İndi məzarlıqda dombaq təpəyəm,
altım
sümükvari, üstüm külvari...
2018
Didərgin
Böyük
Bəhmənliyə tanrı yar olsun -
hara
baxırdı ki... mindim qatara?
Mənə
yol açanın yolu qaralsın,
niyə,
"get", dedilər...
gedirəm hara?
Niyə,
"get", dedilər? -
çayır
olardım,
şehlə sevişərdim bitdiyim yerdə.
Sübh nədi,
qüruba xeyir
olardım -
el-obam itəydi
itdiyim yerdə!
Kaş
ki, qapımızın olaydım iti-
küt
gedən varlığım təndirə qalsın.
Bulvarı,
dərnəyi,
unversteti,
yazdığım nə varsa, andıra qalsın!
Təndir
qucaq açır tələsiyəndə,
Fələk,
bu ağacı yaş qırdın axı!..
Göbəyim
anamdan xırtt... kəsiləndə
qopmaq
istəmirdim;
qışqırdım
axı...
Qışqırdım
axı mən...
niyə kar oldu,
niyə
fəryadıma yetmədi yurdum?
Cənnət
xülyalarım səbəbkar oldu -
cənnəti itirib, cəhənnəm qurdum.
Yuvamdan
ayrılıb düşdüm oyuna
şəhər "cıdırında" gahgir at kimi.
On manat
yazdırıb sünnət toyuna
gəzərdim kəndimdə mesanat kimi!
Darı dənləməzdi
nadan başından
sarısı soluxan ağ dimdiklərim.
Təzə-tər
qalardım... məktəb yaşında...
nə mən
qocalardım,
nə sevdiklərim.
İtə
də yaraşmaz,
günahdı,
billəm,
yurddan
iraq düşmək bir qab yal üçün.
Haqqı
var qınasın satqını millət,
haqqı
var üzümə Araz tüpürsün!
Toya,
çal-çağıra çoxdan yadam, heç...
ölü yerinə də getmədim çox vaxt.
Bir
gün köç edəndə orda, atam heç,
Məni
anam belə tanımayacaq!
2019
Dilək
Sındırma
boynumu, qaş
ımı
çatma,
lütf
elə adınca bir əməl tutum.
Allah,
qurban olum, başımı qatma,
elə
eləmə ki, səni unudum.
İzninlə
keçmişəm yolu qolboyun,
indi də
sən mənim boynuma qol sal.
Elə
bir hünərə yol aç,
qol qoyum -
sən
yerdən göyəcən məndən
razı qal!
İkimiz
bir yerdə bəsirət gözü -
bir olsaq
yol çönməz darlığa tərəf.
Varlıqdan
aldığım zərbəyə dözdüm,
yoxluqdan
ucaldım varlığa tərəf.
Bilmirəm
gözündə azam, yoxsa çox;
tam
yaşıl olmadım,
həm də
solmadım.
Sayəndə...
dostumun
say-hesabı yox,
nədən sənə layiq bir dost olmadım?
O, sənin
əlində nədir ki? -
heç nə,
niyə
yaratmadın günahsız məni?
Qəvvas
tək daldırıb günah içinə
indi də
qoyursan pənahsız məni.
Yaxşı
da dostumdu, pis də dostumdu;
Rəbbin bundan layiq seçimi yoxdu.
Sənə
göz açandan seçimi pusdum -
İlahi
seçimin biçimi yoxdu!..
İlahi,
qoymadın qarmaqlar atım -
qarmağa keçəni çəkim dişimə.
Qoymadın
oğluma qala yaradım,
qızlarım getmədi həkim işinə.
Aldım
beca yerə o pak iyini,
kəsdi
pak yolumu iylənmiş ətlər.
Ağzımda
qurutdum tüpürcəyimi -
sudan
quru çıxdı şeytansifətlər.
Bu Yerin
üstündə,
Göyün altında
bilmirəm sənə dost, yoxsa düşmənəm.
Bəlkə
sən ovçusan,
haqq
sapandından
şeytana atılan axır daş mənəm?
2019
Yadında qalmaz
Göydə,
tanrıdan da çox uca idin -
yuxarı,
aşağı...
yadında qalmaz.
Mən səni
sevəndə balaca idin,
gözümün işığı... yadında qalmaz!
Atlaz
Göylər idi əynimə düşən,
Yoldu lələyimi
beynimə düşən...
Qara
saçlarımın çiynimə düşən
bulud
yaraşığı...
yadında qalmaz.
Evciyimiz
vardı... acmışdı çağa,
sinəmi
kişitək verdim qabağa!
Hiddətlə
əlimi vurub qırağa
rədd
etdin qaşığı...
yadında qalmaz.
Bəlkə
mən yaşdadı oyuncaq balan,
Onu kim oynadır,
kimdir əlçalan?
Ömür
talanında didərgin qalan
O məhlə
uşağı yadında qalmaz!
2018
İki gözəl, tək qoca
Yolumda
parlayır gördüm iki ləl,
yol nədi,
tutmur heç, Yer ikisini.
Yaxamı
didəndə içimdəki əl
anladım,
quluyam hər
ikisinin...
Sərfədi fələyin de, hansı türü? -
neçə günah varsa, dövran süpürür...
Şair,
dadı daddan seçməkdən ötrü
əl
at, gilənarın dər
ikisini!
Bevaxt
sevdalardı hər zaman diri,
Ayrı nəyə yarar həsrətin piri?
Qismətim
olmasa bu cütün biri -
dedim,
vursun azar, çər ikisini!
Yazın çarası gül, qış əlacı nə? -
Payız
ruzi verməz çölün acına...
Baxıb
gülüşəndə bəyaz saçıma,
gördüm, bürmələyir qar ikisini!
Cüt
gözəl, tək qoca... işi çətində,
nöqtəcə yalan yox hekayətimdə...
Mən
yerə quyulandım xəcalətimdən,
Gördüm
ki, aparır tər ikisini!
2020
Sayıqlama
Qəfil
hicrə tutuşmaq
şansı hər
vaxt diridir;
ayrılıq arxı axır alnımın tər yerindən.
Güllü
baxça içində qızdı,
yoxsa pəridi?-
Gözünü
çəkmir, baxır...
uçuq çəpər
yerindən.
Bir anda
tutulur dil,
uçalanır
əl-ayaq,
Taleyim
çoxdan yatıb,
o qızın
baxtı oyaq.
Dayanmır
damarda qan,
axıb gedir
selsayaq;
Mən
vuruldum deyəsən, canın betər yerindən!
Şükür
hökmünə tanrı, axırım əvvəl kimi;
qismət
olsa çəkərəm bu qəhri də kəl kimi.
Çiynimdə
tilsimli yük... Allah qoyan əl kimi -
cənnət qoxusu gəlir ruhumun hər yerindən.
Vaxtın
əyləncəsidir doğuluşlar, ölüşlər,
Qismətə
düşür hərdən soluxmayan gül işlər;
açılır, çiçəkləyir, pıqqıldayır
gülüşlər
batmış qədim kəhrizin
dərin kədər
yerindən.
Həyata
can verənə bircə çöp qıymır həyat,
Ciddiyə
qurşananın son qazancı... zarafat!
Bu dolu
arabanı necə çəksin gahgir at?-
axı
görür ki, çıxıb çürük təkər
yerindən.
...
Qız baxır, mən baxıram...
nazik işin
yoğunu
dəyirmanda dən kimi xırdalanır, ovulur,
Yalan
sözdü deyirlər,
insan oğlu
doğulub
alatoran
bətndən,
axşamın
şər yerindən.
O çəpəri,
o qızı sirli bəxşiş bilirəm,
ölən eşqin yoluna gülən qarğış bilirəm,
Ona
vurulmaq günah;
çünki
yaxşı bilirəm
Qocalar kökdən qopur, cavanlar tər yerindən.
Bəlkə
rədd olub gedim, çıxartma
yım
ağını;
amma necə
gizlədim sinəmdə qız dağını?
Çəpərdən
baxıb gülür, çıxardır
cızdağımı;
canımı arı sancır dilin şəkər yerindən.
Daş
altdan...
bir daş
üstdən...
didik palazı
büküm;
Bilirəm,
qismət deyil mənə vüsalın mülkü...
Qocaya meh
də yükdü,
duz
yüküdü qız yükü -
mən
heç, tərpədə bilməz onu divlər yerindən.
Guya
düzgün bəndəyəm,
düz gedirdim
yolumu...
niyə
sındırdın, Allah qanadımı, qolumu?
O
uçuq çəpər varmı?
görən o
qız olubmu? -
mənə bu şeir qaldı sözün əzbər yerindən...
2019
Sevgi şərtləri
Yar
bağına girər olsan, ayrı ədan olmalıdır,
Çağırsa, hay verər olsan, sükut nida
olmalıdır.
Diqqət
eylə çal-çəpərə,
kol
dibində yüz heyvərə...
Onlar iti tikan dərən, səndə buta
olmalıdır.
Addımını
ahəstə bas, ürəyini pərdədən as,
hicrin
odu yorub bir az; yar yuxuda olmalıdır.
Dünən
səni çox hərləyib,
zülm
atını yəhərləyib...
Nə
yaxşı ki, zəhərləyib...
canda
qida olmalıdır.
Qan
qalmayıb bənizində,
ürəyin qəm dənizində,
Üzür suyun gen üzündə; balıq suda
olmalıdır.
Əgər
olsa ordu veyil,
şahənşahın yurdu veyil...
Könül ovu halva deyil; qan və qada olmalıdır.
Oyunları
qoşa zərlik; həyat yerdi bir nəfərlik,
Ayrılıqla bitir birlik, sonda vida olmalıdır.
Dözüm
hanı sevən kəsdə,
nədən qalıb Vaqif xəstə?
Hər mətləbin başı üstdə sirri-xuda
olmalıdır.
2018
Güzgü önündə
Yenə
qoca canla aşıb həddimi,
dalğıc ayna suya tullanan sayaq
özümü götürüb atdım aynaya,
Şax
tutub çiynimi, atıb addımı,
şükür, sağ-salamat çatdım aynaya!
Elə
ki, üzümü tutdum aynaya,
elə
ki, özümü tutdum aynaya,
qaranlıq içimi, aydın çölümü,
qanımda körpəmi, gorda ölümü,
qızartdax
gözümü tutdum aynaya,
bax onda
dişimlə sıxdım dilimi,
diş
qıran sözümü tutdum aynaya...
O kimdi
aynada, məndan söz sorur? -
yaşasın yaradan, var olsun xudam!
Yaxşı
ki, həyat var, aynalar durur,
yaxşı ki, aynada görünür adam!
Həyatım
aynadı, aynada mənəm,
ona baxan
düşər, özgəsi düşməz.
Bu
qaşım, bu
gözüm, bu da ki, çənəm;
yoxluğa varlığın şəvgəsi düşməz.
Olsun bir az tutqun, bir qədər çənli,
varlıqdı güzgünün yaddaş
təməli.
Güzgüdəki
adam -
Vaqif Bəhmənli;
güzgüdən baxırsa, o var deməli...
2017
Susqun
Nahaq tərpətməyin
kül olmuş közü,
şeir
istəməyin məndən,
nəbadə!
Saçım
xəzəl oldu,
soldu gül
üzüm,
daha
bülbül vaxtım qaldı geridə.
Şeirimi
kirimiş yazdım dan vaxtı -
endim mütləq sükut dərəcəsinə.
Elə
bil ən dərin yarğana baxdım,
batdım
dar dərənin dərin səsinə...
Belə
sınananın çıxarmı səsi -
Kükrək
tufanlarda dinc sonluq
olur.
Coşqun
aşiqliyin son nəticəsi,
adətən,
pəjmürdə
susqunluq olur.
Mənim
şeirlərim şeir deyil ki,
durum əzbər
deyim,
onlar romandı.
Onlar kəlmə-kəlmə
anladır ilki,
dil
dönmür deməyə bəzən son andı.
İlğımı
dirildir gözümdəki nəm,
əflakı tərpədir çəkdiyim hər ah.
Şeirimi
ucadan, əzbər söyləsəm,
cəzamı xalq verər, ya da ki, Allah!
Vaqif BƏHMƏNLİ
2018
525-ci qəzet.- 2020.- 23 may.- S.20-21.