Makinski qardaşlarının Fransa həyatı

 

"FRANSA MÜQAVİMƏT HƏRƏKATININ İŞTİRAKÇILARI: MAKİNSKİ QARDAŞLARI" YAZISINA SÖZARDI

 

"525-ci qəzet"in builki 6 may tarixli sayında "Fransa Müqavimət hərəkatının iştirakçıları: Makinski qardaşları" başlıqlə yazım dərc olunmuşdu. Yazıda Makinskilər ailəsi haqqında qısa məlumat verilmiş, Makinski qardaşlarından Kiril (Kərim xan) və Aleksandrın (İsgəndər xan) Fransa Müqavimət hərəkatının sıralarında İkinci Dünya Müharibəsində faşizmə qarşı mübarizədə iştirakları barədə danışılmışdı. Məqalə dərc olunandan sonra görkəmli diplomat, ictimai xadim və azərbaycanlı emiqrantların tarixinin tədqiqatçısı Ramiz Abutalıbov qəzetin baş redaktoru hörmətli Rəşad Məcid vasitəsilə mənə müraciət edərək, Parisdə işlədiyi dövrdə burada Makinski qardaşları ilə görüşləri barədə məlumat verdi.

Sonradan elektron poçtla yazışmamızın nəticəsi olaraq, görkəmli diplomat Makinski qardaşlarının həyatının müəyyən epizodlarını əks etdirən yeni  informasiyanı və Fransadakı Azərbaycan emiqrantlarının tarixinə aid materiallardan müəyyən çıxarışları mənə təqdim etdi. Bütün bunlara görə ona dərin təşəkkürlərimi və ehtiramımı bildirirəm. 

 

İlk növbədə qeyd etmək lazımdır ki, təqdim olunan materiallar arasında  Huseyn xan Naxçıvanskinin qohumu, 1917-ci ildən Fransada yaşayan Paşa xan (Pavel) Makinskinin şəkli də var idi.

Paşa xan Makinski 1862-ci ildə İrəvanda doğulub. 1917-ci ildə Rusiyanı tərk edərək, əvvəl Varşavada, sonralar isə Parisdə yaşayıb. Uzun surən xəstəlikdən sonra 1934-cu ildə vəfat edib və Paris yaxınlığındakı "rus qəbiristanlığı" kimi tanınan Sent-Jenevyev De Bua məzarlığında dəfn olunub. Aradan uzun müddət keçməsi ilə əlaqədar onun qəbir daşının üstündəki qeydlər tamamilə pozulub, qəbirin üstündə isə yamyaşıl kolluq əmələ gəlib. Buna gorə də onun qəbrini ancaq Sent-Jenevyev De Bua məzarlığının ofisində saxlanılan müvafiq sxem əsasında tapmaq mümkündür...

Onun oğlanları - İskəndər (Aleksandr) xan və Kərim (Kiril) xan da həmin qəbiristanlıqda dəfn ediliblər. Maraqlıdır ki, Parisdə yaşamış Makinski qardaşlarının hər ikisi "Fəxri Legion" ordeni ilə təltif ediliblər. Təqdim olunmuş məlumatlardan aydın olur ki, Kərim xan Makinski ABŞ-da fəaliyyət göstərən Lev Tolstoy Fondunun Fransa bölməsinə rəhbərlik edib.

İskəndər xan 1988-ci ildə Parisdə vəfat edib. Onun Sent-Jenevyev De Bua qəbiristanlığındakı ot basmış qəbir daşının üzərindəki qeydi olduğu kimi təqdim edirik: "Şahzadə Aleksandr Makinski. 13.X.1900-24.IV.1988".

Paşa xanın 1910-cu ildə Peterburqda doğulan və 1991-ci ildə Parisdə dünyasını dəyişən ikinci oğlu Kərim xan (Kirill) Makinski də bu qəbiristanlıqda dəfn edilib.

Kərim xan milliyyətcə rus qadınla ailə qurub, onun Mişel adlı oğlu  olub. Mişel Belcika əsilzadələrindən olan bir xanımla ailə qurub və bu izdivacdan Nadejda, Pyer və Pavel adlı ovladları doğulub. Hazırda onlar Parisdə yaşayırlar. Qeyd edək ki, Fransada yaşayan Makinskilər xristianlığa etiqad ediblər, xristian kimi də dəfn olunublar...

Hazırda Moskvada yaşayan Ramiz Abutalıbovun sözlərinə görə, onun Makinski qardaşları ilə ilk görüşü ötən əsrin yetmişinci illərinin əvvəllərində, o, ailəsi birlikdə Parisdə işləməyə gələndə olmuşdur. O zaman Sovet diplomatlarına qadağan olunmasına baxmayaraq, bir dəfə o, qəzet köşklərinin birindən emiqrant qəzeti olan "Russkaya mısl" qəzeti almışdı. Orada Tatyana Hüseynova - Martınovanın (qızlıq soyadı şahzadə Naxçıvanlı) ölümünün 40-cı günü münasibəti ilə anım tədbirinin olacağı barədə elan yerləşdirilmişdi. O, həyat yoldaşı ilə birlikdə kilsəyə getməyi qərara aldı və onlar burada Aleksandr və Kiril Makinskilər və Kirilin oğlu Mişellə tanış oldular. Görüş zamanı söhbət əsasən Aleksadr Pavloviçlə olmuşdur. Müəyyən müddət sonra onlar təsadüfən, bu dəfə Türkiyə Səfirliyində keçirilən qəbulda görüşdülər, lakin dostluq münasibətləri alınmadı. Hər iki qardaş çox ehtiyatlı tərpənirdi, zaman belə tələb edirdi.  Çox illər sonra görkəmli diplomat Mişel Makinskini tapdı, onun evində qonaq oldu. Bundan sonra onunla görüşləri olmadı.

Deyilənlərə əlavə etmək lazımdır ki, diplomatın təşəbbüsü ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tapşırığı əsasında Tatyana xanım - şahzadə Naxçıvanlının Nitsadakı qəbri bərpa edilmişdir.

Qeyd olunanlar Fransa Müqavimət hərəkatında fəal iştirak etmiş Makinski qardaşları haqqında çox cüzi məlumatlardır. Düşünürəm ki, onların tərcümeyi-hallarının, antifaşist hərəkatındakı rollarının, Fransanın ictimai-siyasi həyatında iştiraklarının hərtərəfli araşdırılması və öyrənilməsinin davam  etdirilməsi  vacibdır.

Yekun olaraq qeyd etmək lazımdır ki, Azərbaycan əsilli insanların Fransa Müqavimət hərəkatında iştirakı Azərbaycan tarixinin ən şərəfli və unudulmaz səhifələrindən biridir. Fransanın nasistlər tərəfindən işğalının ən ağır dövrlərində Kiril və Aleksandr Makinski qardaşları və bir çox digər həmvətənlərimiz faşizmə qarşı mübarizəyə qalxmışdılar.

Fransanın azadlığı uğrunda döyüşən Azərbaycan hərbçilərinə minnətdarlıq nişanəsi olaraq burada onların şərəfinə abidə ucaldılmışdır.

Buna görə də hesab edirik ki, İkinci Dünya müharibəsinin başa çatmasının 75-ci ildönümünün bayram edildiyi bu ildə həmin müharibədə Avropa antifaşist Müqavimət hərəkatının sıralarında şərəflə vuruşmuş bütün Azərbaycan əsilli insanların qəhrəmalığına həsr olunan abidənin ucaldılması barədə düşünməyə dəyər.

Həmvətənlərimiz gizli antifaşist təşkilatları yaratmış, əsirlərin əsirlikdən qaçmalarına yaxından köməklik göstərmiş, yerli partizan dəstələrinə qoşulmuş, diversiyalar törətmiş, Hitler Almaniyasına işləyən sənaye müəssisələrində sabotajlar təşkil etmiş, hər kəsin həyatı, azadlığı və sülh naminə şərəflə vuruşmuşlar.

 

Rövşən AĞAYEV

 

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 

525-ci qəzet.- 2020.- 23 may.- S.18.