Amerikalı və tənək dolması
2009-cu ilin
sentyabr ayı idi. Bakalavr təhsilini
başa vurandan sonra magistratura təhsili üçün
Mançester Universitetinə
gəlmişdim. Yeni
ölkə, ilk dəfə
ayaq basdığım
şəhər, müxtəlif
dünyagörüşlü insanlar, fərqli mədəniyyətlər, hələ
üstəlik, film və
kitablarda görməyə
adət etdiyim qədim qotik üslubundakı universitet
binasında oxuyacağımı
düşünmək hədsiz
həyəcanverici idi.
Elə ilk dərs
gününün axşamı
universitetə yaxın
barların birində qrup yoldaşları ilə tanışlıq məclisi təşkil edildi. Qrupumuzda 120 nəfərə yaxın tələbə olsa da, məclisə
təxminən 40-50 nəfər
gəlmişdi. Barda bizdən
başqa müştərilər
də olduğundan çox izdihamlı ortam idi. Bu qələbəlik çöldəki alatoranlığın
yavaş-yavaş qeybə
çəkilən az-maz
işığını içəri
keçməyə qoymurdu.
Basırıq və zil, enerjili musiqi
adamda qəribə təəssürat yaradırdı
- elə bil, sürətli metro qatarı ilə yol gedirdin.
Mənim kimi, o biri tələbələr
də ilk günün
həyəcanını yaşayırdılar. Hamı, əlində
içki bardağı,
kiçik dəstələr
qurub dayanmışdı.
Sağdan-soldan yağan
sualların biri beş qəpik
idi: "Adın nədir?", "Hardansan?",
"Bakalavrı harada
oxumusan?", "Harda
qalacaqsan?" və sairə və ilaxır. Deyəsən, spirt də öz
təsirini göstərmişdi,
adam anket
doldururmuş kimi sualları sırayla döşüyüb gedirdi.
Yarım saat sonra növbəti dəfə üz-üzə
gəldiyin adam
səni ilk dəfə
görürmüş kimi
salamlaşıb, yenə
eyni sualları verirdi...
Bəzən də kimsə səhvən, bizə aid olmayan başqa bir dəstənin içinə soxulur, eyni qaydada insanları
sorğu-suala tutmağa
başlayırdı. Ətrafdakılar
təəccüblənirdi ki, bu adam kimdir, bu nə suallardır
verir? Axı, 40-50 nəfər az
deyildi, adamın yadında adam qalardı? Ölkə, şəhər, insan adları beyində qarışqa kimi qaynayırdı və yad insan
sifətləri sürətlə
doğmalaşırdı.
Bu həngamədə mənim söhbətləşdiyim
dəstəyə ağbəniz,
sarı saçlı
bir oğlan yaxınlaşıb yanımda
dayandı. Tanış olmağa başladıq.
Adı Ceyms idi. ABŞ-dan gəlmişdi.
Qrup yoldaşım olacaqdı.
Səsinin tonu elə idi ki, elə
ilk saniyələrdən özümü
Hollivud filminə baxırmış kimi hiss
etdim. Azərbaycandan
gəldiyimi eşidəndə
görkəmini pozmadan
ölkəmiz haqqında
bəzi şeylər bildiyini dedi. Bunu eşidəndə sevinən
kimi oldum, heç olmasa artıq bəzilərilə
təcrübə etdiyim
coğrafi izahatlara ehtiyac qalmırdı.
Onsuz da bu səs-küylü
və qaranlıq mühitdə Xəzəri-Qara
dənizi, İranı-Rusiyanı
təsvir edən əl hərəkətlərim
çox yöndəmsiz
görünürdü.
Azərbaycan haqqında haradan
məlumatlı olduğunu
soruşdum:
- "Əli və
Nino" əsərini oxumuşam. Bilirəm
ki, Azərbaycan
SSRİ-dən ayrılıb,
90-cı illərin əvvəllərində
müstəqil olmusunuz
- dedi. Xoş təəccüb məni bürüdü.
Üzümün dəyişən
ifadəsini görüb,
əlavə etdi, - Rəhim Qazıyevi də tanıyıram.
Karıxdım. Elə bildim,
spirtin təsirindəndir
- bu axşam beyin o qədər məlumat alıb ki, yəqin artıq həzm edə bilmir. Sonra fikirləşdim ki, çox güman, Ceymsin Amerika tələffüzündən, ya
bəlkə də, ləhcəsindən dolayı
səhv eşitmişəm.
Təkrarlamasını xahiş etdim.
Çaşqınlığımı sezib, izah etdi ki, Qarabağ
münaqişəsinə aid hansısa kitab oxuyub. Sonra siyasət aləmində
məşhur olan başqa insanların da adını çəkdi və
90-cı illərin əvvəllərinə
aid bəzi siyasi hadisələri xatırlatdı.
Amerikalının bu marağına
heyrətləndim (indi
adını xatırlamadığım
hansısa şimal-qərbi
ştatdan idi: axı, Ceyms, biz hara, sən hara?). Nə əcəb bu
mövzular haqqında
oxuduğunu soruşdum.
Dedi ki, kitab oxumağı çox sevir. Gürcüstan, Orta Asiya ölkələri haqqında
da oxuyub. Ədəbi əsərləri də sevir. O zaman düşündüm, bir
halda ki oxşar maraqlarımız
da var, bu
oğlanla mənimki alınar, yoldaşlığımız
yaxşı tutar...
Bir gün sonra dərslər başladı və anidən məşğuliyyətlər
sürətlə çoxaldı. Tələbələrə
hər semestr üçün fərqli
dərsləri seçmək
imkanı verildi və xeyli ortaq
maraqlarımız olduğunu
düşündüyüm Ceyms ilə mən ayrı-ayrı mövzuları seçdik.
Nəticədə universitetdə çox
rastlaşmadıq. Onun qaldığı
yataqxana mən qalan yataqxanadan uzaqda yerləşirdi.
Futbolla maraqlanmaması aramızdakı
uçurumu bir qədər də dərinləşdirmişdi. Üz-üzə gəldiyimiz nadir hallarda isə söhbətimiz uzun çəkmirdi. Sakit
adam idi,
çoxdanışan deyildi.
Deyəsən, müxtəlif xalqlara
marağının olmasına
rəğmən, xarakterində
şimal insanına xas soyuqluq vardı.
Bir gün yataqxanada bir neçə əcnəbi
dostumla tənək dolması bişirməyə
qərar verdik. Hələ Rusiyada
bakalavr təhsili aldığım zamanlardan
yarpaq dolmasını hazırlamağı öyrənmişdim.
O vaxt valideynlərim Bakıdan mənə qatarla tənək göndərirdi, qalan işi isə yataqxana mətbəxində
özüm həll edirdim. Əlbəttə, yemək bişirmək
ilk dəfədən asan
olmur. Məsələn, birinci dəfə
bişirəndə ətə
duz vurmağı unutmuşdum. İkinci dəfə
isə sobanın üstündəki qazana baxmaq yadımdan çıxmışdı deyə,
xeyli müddət sonra qazanın qapağını qaldıranda
görmüşdüm ki,
su o qədər azalıb, qazanın üst tərəfindəki
tənəklər quruyub
daşa dönüb, altı isə yanıb. Amma atalar üçdən
deyib, mən də üçüncü
dəfədən sonra
bir daha dolma məsələsində
axsamadım.
Bu təcrübəni Britaniyada da nümayiş etdirmək lazım idi. Həm də
milli mətbəxin reklamı olacaqdı, axı. Düşündüm ki, bu, Ceyms üçün cəlbedici təcrübə
olar. Telefonla əlaqə saxladım,
çağırdım, gəldi.
Birlikdə söhbətləşərək,
zarafatlaşaraq 5-6 nəfərlik
dolma bükdük və yedik. Xoşuna gəlmişdi. Birinci dəfə
idi ki, xörəyə
qatıq əlavə edərək yemişdi.
Əvvəl bir az tərəddüd
eləmişdi. Amma təkrar-təkrar
israr etdim ki, qatıqla tənəyin suyu öpüşəndə ortaya
mükəmməl bir
dad çıxır. Dediyinə görə, hədsiz çox bəyənmişdi.
Bu, onun üçün
qeyri-adi və unudulmaz bir təcrübə
olmuşdu.
O gündən Ceyms yenə itib batdı. Universitetdə üz-üzə gələndə sadəcə,
salam-əleyklə kifayətlənirdik.
Artıq mənim fərqli dost çevrəm
yaranmışdı...
Qrupumuzda ispaniyalı bir qız vardı, ondan heç xoşum gəlmirdi. Ciddi, tələbkar
və nöqsan axtaran xasiyyətindən dolayı yaşlı orta məktəb direktorumuzu xatırladırdı.
Direktorumuz olan o qadın
kimin qolunda saat görürdüsə,
yumruğu ilə parçalayırdı. Az qala, oğlanların əynindəki
cinsi dəhlizin ortasında dartıb çıxarırdı ki,
məktəbə ancaq
klassik şalvarda gəlmək lazımdır.
Bu qızın da sanki elə
xasiyyəti vardı.
Adamayovuşan deyildi. Amma necə
oldusa, bir gün bu qızın
Ceymsi tovladığını
eşitdik. Bir-birinə vurulmuşdular.
Qızın atası İspaniyanın bir aqrar bölgəsində
üzümçülüklə məşğul idi. Üzüm və
tənəyin şəkli
olan loqolu şirkəti vardı.
Universiteti bitirdikdən sonra
Ceyms qızla birlikdə İspaniyaya köçdü. Qızın
atası ikisinə də şirkətdə vəzifə verdi.
Tezliklə evləndilər də.
Ondan sonra Feysbukda ara-sıra Ceymsin şəkillərini görürdüm.
Şirəyə bulaşmış önlükdə üzüm
dolu yeşiklər daşıyırdı, parıldayan
gözləri ilə amerikalılara xas bəmbəyaz dişlərini
ağardırdı. Bəzən də
üzüm cərgələri
arasındakı traktorun
üstündə oturub,
əzəmətlə üfüqə
baxırdı.
Bu şəkilləri görəndə
öz-özümə fikirləşirəm:
görəsən, Ceyms
niyə İspaniyadakı
bu kənd yerinə getdi, traktora niyə dırmaşdı, üzümçülüklə
niyə məşğul
olmaq istədi? Səbəb,
doğrudan da, o dilbilməz qaba ispan qızına məhəbbət idimi?
Yoxsa yataqxana otağında büküb yediyimiz o yarpaq dolmasının, qatıqla öpüşən
tənək suyunun əvəzedilməz dadı
damağından getməmişdi?
Səməd SƏFƏROV
525-ci qəzet.- 2020.- 23 may.- S.19.