Yeni Afrika ədəbiyyatının
manifesti
Beynəlxalq Nobel Mükafatı əsasən
Amerika, Avropa ədəbiyyatı və qismən də Asiya qitələrində
yaşayıb-yaradan görkəmli elm xadimlərinə,
böyük kəşflərin müəlliflərinə
verilmişdir. Görkəmli Nigeriya yazıçısı və
dramaturqu Akinvande Vole Babatunde Şoyinka (1934) Afrika qitəsindən
Nobel mükafatına layiq görülmüş ilk
yazıçıdır. O, 1986-cı ildə "Nəhəng
mədəni və poetik perspektivləri olan teatr
yaradıcılığına görə" Ədəbiyyat
üzrə Nobel mükafatı almağa müvəffəq
olmuşdur.
Vole
Şoyinkanın Nobel mükafatına layiq görülməsi
nəinki Avropa cəmiyyətində, hətta
yazıçının təmsil olunduğu Afrika qitəsində
də birmənalı qarşılanmamışdır. Bir
çoxları belə düşünmüşdü ki,
Nigeriya yazıçısına bu nüfuzlu beynəlxalq
mükafatı verməklə Nobel Komitəsi öz
laureatlarının coğrafiyasını genişləndirmək
istəmiş, bu sıraya Afrikanı da daxil etmişdir. Burada
müəyyən gerçəklik ola da bilər.
Ümumdünya nüfuzu qazanmış Beynəlxalq Nobel
mükafatı laureatlarının sıralarına Afrika
yazıçısı Vole Şoyinkanın qoşulması
Nobel Komitəsinin özünün əhatə dairəsini,
üfüqlərini genişləndirməsi
baxımından əhəmiyyətli
addımdır. Bundan başqa, Vole Şoyinkanın uzun illər
öz ölkəsində mövcud iqtidarlarla mübarizə
apardığına görə və əsərlərində
Nigeriya dövlətinin yüksək səviyyəli rəsmilərini
açıq şəkildə tənqid etdiyi
üçün disident yazıçı kimi Nobel mükafatı laureatı
adını qazanması haqqında ehtimallar irəli sürənlər
də olmuşdur. Belə ki, Vole Şoyinka hələ XX əsrin
əllinci illərində Nigeriyada neft bumunun
yaşandığı dövrlərdə ölkənin neft gəlirlərindən
asılı olmasının uzun ömürlü
olmayacağını dövrün iqtidarının nəzərinə
çatdırmaqla siyasi iqtidarı ayıqlığa
çağırmışdır. Sonralar bu gerçəklik
etiraf olunsa da, zamanında qəbul edilməmişdir. Vole Şoyinka
XX əsrin altmışıncı illərində Nigeriyada
xalqla mövcud iqtidar arasında yaranmış
qarşıdurma zamanı siyasi fəallıq göstərərək
ölkəsində milli mənafelərə
üstünlük verən tayfalar arasında
tarazlığı saxlamağı bacaran və ən
başlıcası isə, xarici dövlətlərdən
asılı olmayan bir hakimiyyətin qurulması uğrunda
mübarizə aparmışdır. Bu məqsədlə o,
1965-ci ildə Nigeriyada dövlət başçısı
seçkiləri prosesində təşkil olunmuş
saxtakarlığa qarşı sərt çıxışlar
etmiş və hətta anonim şəkildə radio ilə
çıxış edərək seçkilərin nəticələrinin
saxta olduğunu xalqa çatdırmış və buna görə
həbs cəzası almışdır. Həmin dövrdə
Amerika və Avropa yazıçılarının hakimiyyətə
təzyiqləri sayəsində vətəndaş
yazıçı iki aydan sonra məhbəsdən azad
edilmişdir. Bundan sonra isə Vole Şoyinka 1967-ci ildə
Nigeriyada başlamış vətəndaş müharibəsi
zamanı milli qırğının qarşısını
almaq məqsədilə hakimiyyətə qarşı
üsyana başçılıq edən tayfa
başçısı Odjukvu ilə məxfi şəkildə
görüşərək danışıqlar aparmaqla əsl
yazıçı-vətəndaş missiyasını yerinə
yetirmişdir. Lakin hadisələrin sonrakı gedişi
zamanı 1967-ci ildə hakimiyyət qüvvələri onu həbs
cəzasına məhkum etmişdilər. O, 27 ay həbsxana cəzası
çəkdikdən sonra Nigeriyada elan olunmuş ümumi əfv
nəticəsində məhbəsdən azad olunmuşdur.
Doğma
yoruba dilində yazılıb, 1969-cu ildə çap
olunmuş "Məhbəs şeirləri" Vole
Şoyinkanı təkcə Nigeriyada yox, bütövlükdə
Afrika qitəsində tanıtmışdır. Bu şairlərdə
yalnız vətəni Nigeriyanın deyil, bütünlüklə
qara qitənin - Avropanın azadlıq idealları tərənnüm
olunmuşdur. O, qara mərmər kimi parıldayan Afrika
qolbağısına və ya "təmiz şokolada" bənzətdiyi
Qara qitənin insanlarının çətin həyatını
və mübarizəsini, kasıb insanların qürurunu və
ümidlərini yüksək vətəndaşlıq ruhu ilə
tərənnüm etmişdir. Vole Şoyinkanın "Telefon
danışığı" şeiri ona yuxarıdan
aşağı baxan qərbli qadına nəinki mərdliyi və
insanlığı, hətta dərisinin rəngi ilə də
fəxr edən qara zəncinin verdiyi sərt cavabda ifadə
olunan Afrika təəssübkeşinin bütöv mənəviyyatının
orijinal poetik ifadəsindən yoğrulmuşdur. Şairin
"Rekviyem", "Yadelli", "Saçının ilk
ağ telləri" şeirlərində də Qara qitə
insanının mənəvi dünyası Afrika fonunda rəsm
edilmişdir. Ona görə də Vole Şoyinkanın
şeirləri "Afrika qitəsinin səsi" kimi qiymətləndirilmişdir.
Bunun ardınca 1972-ci ildə Nyu-Yorkda və Londonda ingilis dilində
nəşr edilmiş "İnsan ölür" adlı həbsxana
xatirələri və onun əsasında yazdığı
eyniadlı dram əsəri Nigeriya yazıçısı Vole
Şoyinkanı Afrika qitəsində milli azadlıq hərəkatının
əsas carçılarından biri kimi məşhurlaşdırmışdır.
Əsərdə Qara qitə insanının həyatının
faciəli dramatizmi bütün gərginliyi ilə təsvir
olunmuşdur. Əsərdəki ictimai mühitə
qarşı sərt ehtiraslardan ehtiyat edən hakim rejimin təsiri
ilə Nigeriya Ali Məhkəməsi "İnsan
ölür" pyesinin tamaşasını qadağan edən
qərar çıxarmışdır. Lakin Vole
Şoyinkanın səyləri nəticəsində bir qədər
gec olsa da tamaşaya qoyulan bu əsər Afrikada milli mənəvi
oyanışa ciddi təsir göstərmişdir.
Bütün
bunlara görə 1986-cı ildə Nobel mükafatı alarkən
onun disident yazıçı kimi ictimai-siyasi fəaliyyətinin
xüsusi ilə nəzərə alındığını
iddia edənlər olmuşdur. Şübhəsiz ki, azadlıq
və müstəqillik carçısı olan vətəndaş yazıçı kimi Qərb dairələrində
tanınması Vole Şoyinkanın Nobel mükafatı
almasında əsas faktorlardan biri olmuşdu. Lakin məlum
olduğu kimi, Nobel Komitəsi ictimai-siyasi fəaliyyətinə
görə dünyada tanınmış liderləri bir qayda
olaraq Beynəlxalq Sülh mükafatı ilə təltif edir.
Nigeriya yazıçısı Vole Şoyinka isə məlum
olduğu kimi, Ədəbiyyat üzrə Nobel mükafatına
layiq görülmüşdür. Fikrimizcə, Vole Şoyinkaya
Nobel mükafatı verilərkən həm onun Afrika qitəsi
miqyasında milli azadlıq hərəkatının əsas
simalarından biri olması, həm də orijinal ideya-sənətkarlıq
xüsusiyyətlərinə malik olan bədii
yaradıcılığı, ədəbiyyat və mədəniyyət
sahəsindəki yenilikçi mövqeyi nəzərə
alınmışdır.
Vole
Şoyinkanın bədii əsərləri Afrika qitəsində,
xüsusən də Nigeriyada azadlıq və vətənpərvərlik
ideyaları üstündə köklənmiş böyük
sənət əsərləri kimi qəbul olunur. O, əsl vətəndaş
yazıçı cəsarəti ilə Afrika despotizmini kəskin
tənqid edən, qitədə və o cümlədən, vətəni
Nigeriyada xalqın maraqlarını və ideallarını əks
etdirən yüksək vətəndaşlıq ruhuna malik
böyük sənət əsərlərinin müəllifidir.
Vole Şoyinka əsərlərində maddi sərvətlərin
ölkəsinin inkişafına və vətəndaşların
rifahının yaxşılaşdırılmasına xidmət
etməsini həyata keçirən bir hakimiyyətin
qurulması ideyasını qabarıq şəkildə nəzərə
çarpdırmışdır. O, həyatda da, ədəbiyyatda
da Afrika xalqlarına vətəndaş müharibələrinin
ölkənin deyil, başqa dövlətlərin maraqlarına
xidmət etdiyini çatdırmaq uğrunda mübarizə
aparmışdır. Bu mənada, Vole Şoyinkanın bədii
yaradıcılığı ilə ictimai-siyasi fəaliyyəti
bir-birini tamamlayır. Təsadüfi deyildir ki, o, 1986-cı ildə
Stokholmdakı Nobel nitqini ədəbiyyat məsələlərinə
deyil, Afrika qitəsinin milli azadlıq hərəkatının
simvolu olan Nelson Mandellaya həsr etmişdi.
Bununla belə,
Vole Şoyinkanın orijinal sənət nümunələri
olan dramaturgiyası və səhnə əsərlərinin
orijinal teatr həlli onun Ədəbiyyat üzrə Nobel
mükafatına layiq görülməsinə səbəb olan
əsas faktordur. Vole Şoyinka dram sənəti ilə maska
teatrının imkanlarını üzvü surətdə birləşdirməklə
orijinal səhnə əsərləri yaratmışdır.
Vole Şoyinkanın dram əsərlərində ritual rəqslər,
pontomim elementlər və maskalar əsas ideyanın ifadə
edilməsində, aktyorlarla tamaşaçı, səhnə və
salon arasında canlı əlaqənin qurulmasında əsas bədii
vasitələr kimi çıxış edir. Maska teatrı ənənələri
onun dramaturgiyasında həyati gerçəklikləri daha dərindən
və cəsarətlə ifadə etmək və xalqa
çatdırmaq üçün geniş meydan açır.
XX əsrin ortalarında Maska teatrı ilə dram sənətini
üzvü şəkildə uzlaşdırmaqla orijinal pyeslər
yazmaq və onları səhnəyə çıxarmaq nəinki
Afrika qitəsində, hətta Avropanın bir çox ölkələrində
tamamilə yeni hadisə idi. Vole Şoyinkanın Maska teatrı
səhnədə zahirən əyləncəli vasitələrlə
tamaşaçını özünə cəlb etməyə,
daha çox isə Afrika cəmiyyətindəki xalqın
gözünə pərdə çəkən çox
maskaların yırtılıb dağılmasına, ortadan
götürülməsinə uğurla xidmət etmişdir.
Bu, klassik teatrı və dramaturgiyanı forma və məzmun
etibarilə modernləşdirmək demək idi. Bu mənada
Vole Şoyinka Afrika ədəbiyyatında modernizm ədəbi
cərəyanının əsas yaradıcılarından
biridir. Atdığı novator addımlar Vole Şoyinkanı
Afrika qitəsində maska teatrının banisi kimi
tanıtmışdır.
Vole
Şoyinka Nigeriyanın Laqos şəhərində "Maska -
1960" adlı həvəskar teatr truppası yaratmış,
bu işi ildən-ilə daha da irəli aparmaqla Afrika mədəniyyətində
yeni bir istiqamətin inkişaf etdirilməsinə nail
olmuşdur. Vole Şoyinka dram əsəri
ilə maska teatrını üzvü surətdə əlaqələndirən
yeni tipli teatrın yaradıcısıdır. Dram əsərlərinin
səhnə həlli prosesində həm rejissor və tərtibatçı,
həm də bəzən baş rolların
ifaçısı kimi çıxış etməsi Vole
Şoyinkanın Afrikada yeni mədəni həyat uğrunda
mübarizə aparan fədakar bir ədəbiyyat və mədəniyyət
xadimi olduğunu nümayiş etdirir. Maska teatrı xüsusiyyətləri
ilə normal tamaşa elementlərini
dramaturji mətndə əks etdirməsi və bunu səhnədə
canlandıraraq orijinal tamaşalar yaratması təkcə
Afrika qitəsində deyil, ümumən dünya teatr və
dramaturgiyasında yeni ədəbi-mədəni hadisədir. Məhz
sənətdə və ədəbi-mədəni mühitdə
qazandığı bu novatorluq Vole Şoyinkanın Nobel
mükafatı qazanmasının real səbəbidir. Vole
Şoyinka bədii əsərlərində dramaturji
xüsusiyyətlərlə maska teatrı elementlərini məharətlə
sintez etmiş nadir sənətkarlardan
biridir. Vole Şoyinkanın səhnə əsərləri
Afrika qitəsində yeni tipli dramaturgiyanın manifesti, eyni
zamanda, dünya dram sənətinin bənzərsiz nümunələridir.
Vole Şoyinka özünün fəaliyyətində həm
yazıçı-dramaturq, həm də teatr təşkilatçısı
və aktyor-rejissor funksiyalarını birləşdirən
qeyri-adi ədəbiyyat və mədəniyyət xadimidir. Sənət
əsəri baxımından
yüksək ədəbi örnəklər olan Vole
Şoyinka dramaturgiyası ədəbiyyatda Afrika
xalqlarının azadlıq səsini, müstəqillik
arzularını qüvvətli şəkildə səsləndirən
qiymətli və təkrarsız yaradıcılıq hadisəsidir.
Görkəmli
dramaturq Vole Şoyinkanın "Meşələrin rəqsi",
"Ölüm və çar elçisi",
"Bataqlıq sakinləri", "Şir və mirvari",
"Kral Babu", "Uydurma" dramları, "Jeronika
qardaşın macəraları", "Konqo biçini"
komediyaları dəfələrlə Nigeriyada və digər
Afrika ölkələrində tamaşaya qoyulmuş, rəğbətlə
qarşılanmışdır. O, 1960-cı ildə
Nigeriyanın İbadan Universiteti nəzdindəki Rokfeller
Araşdırma Mərkəzinin dram əsərləri
müsabiqəsinin qaliblərindən biri olmuş, dramaturgiya və
teatr sahəsindəki xüsusi istedadını nümayiş
etdirmişdi. Vole Şoyinkanın radio-pyesləri vətəni
Nigeriyada və Afrikanın digər ölkələrində
yayılaraq, yazıçı kimi ona əsl şöhrət
qazandırmışdır. "Ölüm və çar
elçisi" pyesinin Amerikanın Çikaqo şəhərində
uğurla tamaşaya qoyulması Afrika Maska teatrına beynəlxalq
səviyyədə böyük şöhrət gətirmişdir.
Eyni zamanda, "İnsan öldü" adlı həbsxana
xatirələrinin Nyu-Yorkda və Londonda kitab halında
çap olunması Vole Şoyinkanın bədii
yaradıcılıq sahəsində qazandığı ən
mühüm nailiyyətlərdəndir.
Müasir
Afrika ədəbiyyatının liderlərindən biri olan Vole
Şoyinka Qara Qitədə geniş yayılmış
"Neqrofillik" hərəkatına qarşı
çıxaraq, müasirləri olan yazıçıları
birtərəfli təəssübkeşlik burulğanından
çıxmağa, hadisə və proseslərə panafrikaçılıq
mövqeyindən deyil, dünyada gedən proseslərin
işığında nəzər salmağa
çağırır. O, dünyada qərbyönlü Afrika
yazıçısı kimi qəbul edilir. XX əsrin əllinci
illərinin ortalarında bir müddət London teatrında
çalışması, Avropa teatrı ənənələrini,
dram nəzəriyyəsini öyrənməsi onun dramaturgiya
sahəsində orijinal yol seçməsinə kömək
etmişdir. Nigeriyadakı İbadan Dram Məktəbinin rəhbəri
olduğu illərdə Vole Şoyinka Qərb teatr ənənələri
ilə mifologiya, ritual rəqslər, əyləncəli
xüsusiyyətlər üzərində qurulmuş Afrika Maska
teatrını sintez etmək üçün ciddi eksperimentlər
aparmış, orijinal yol seçərək mühüm
yaradıcılıq nailiyyətləri qazanmışdır.
Onun Maska teatrı prinsipləri əsasında
hazırlanmış "Jeronika qardaşın macəraları"
tamaşası ilə İbadan teatrı fərqli üsluba
malik sənət ocağı kimi tanınmışdır.
Çoxcəhətli
yaradıcılıq fəaliyyətinə malik olan Vole
Şoyinka dramaturgiya və şeirlə yanaşı, həm də
bədii nəsr sahəsində də mühüm uğurlara
imza atmışdır. Hələ 1965-ci ildə yazıb nəşr
etdirdiyi "Şərhçilər" romanı Vole
Şoyinkanın bədii nəsr istiqamətində də
istedad nümayiş etdirdiyini göstərir. Vole Şoyinka
Afrika qitəsində intellektual bədii nəsrin görkəmli
yaradıcısı hesab olunur. Onun nəsr əsərlərində
tarixlə müasir dövr vəhdətdə təsvir edilir.
O, nəsr əsərlərində yaxın və uzaq
keçmişi müasirlik meyarları ilə şərh etməklə
oxucuda Zaman və Məkan haqqında bütöv, ümumiləşdirilmiş
təsəvvürlər yaratmağa nail ola bilir. Vole
Şoyinkanın nəsrində epik təsvirdəki lirizm əlamətləri
yazıçının fərdi bədii üslubunun təzahürü
kimi çıxış edir. Zamanın və məkanın
realist təsvirləri və intellektual dərki, obrazların fərdi
cizgilərinin dəqiq ifadə olunması və xüsusilə
ideyalılıq Vole Şoyinka nəsrinin özünəməxsusluğunu
müəyyən edir. Vole Şoyinkanın dram qəhrəmanları
kimi, nəsr əsərlərindəki obrazlar da fərqli
görkəmə malik olmaqla bərabər, həm də
konkret ideyanın daşıyıcısıdırlar.
Ümumiyyətlə, Vole Şoyinkanın
yaradıcılığında, xüsusən də "Şərhçilər"
romanında fərdin həyatda və cəmiyyətdə rolu
və təsiri məsələsi qabarıq ifadə
olunmuşdur. "Şərhçilər"
romanının Afrika ölkələri ilə yanaşı,
Avropa dillərinə də tərcümə olunması Qara
Qitənin görkəmli yazıçısının
dünya şöhrəti qazandığını
nümayiş etdirir.
Vole
Şoyinka "Şərhçilər" romanında Qərb
təhsili almış Nigeriya gəncliyinin Afrikadadkı
çətin və məşəqqətli taleyini dərindən
və əsaslı şəkildə əks etdirmiş, Qara
qitədə və Nigeriya cəmiyyətində ciddi islahatlara
ehtiyac olduğunu göstərmişdir. Vole Şoyinkanın
"Şərhçilər" romanı mövzusu və
ideyası etibarilə Azərbaycan ədəbiyyatında Marağalı
Zeynalabdinin "İbrahim bəyin səyahətnaməsi",
Məmməd Səid Ordubadinin "Rzaqulu xan Firəngməab"
romanları ilə səsləşir. Çoxcəhətli
yaradıcılığa malik olan Vole Şoyinka Afrika qitəsinin
Məmməd Səid Ordubadisi təəssüratı
yaradır.
Novator
yazıçı və dramaturq olan Vole Şoyinka Afrika qitəsində
"non fikşin" janrının
yaradıcısıdır. Bu, keçmişlə
müasirliyin çoxaspektli təhlili əsasında konkret
ideyanın təsdiq məqamını inandırıcı
şəkildə təqdim etməyə xidmət göstərən
bədii təsvir üsuludur. "Non fikşin" üslubunda
yazılmış bədii əsərlərində Vole
Şoyinka tarixi keçmişə və
yaşadığı dövrə münasibətdə fəal
surətdə müəllif mövqeyini meydana qoymaqla zamanla
dialoqa girir. Bu isə yazıçıdan bədii istedada malik
olmaqla bərabər, həm də geniş elmi
dünyagörüşünə malik olmağı tələb
edir. Londonda ali təhsil almış, İngiltərə
universitetlərində mühazirələr oxumuş Vole
Şoyinkanın simasında yüksək bədii istedadla
intellektuallıq üzvi surətdə birləşir.
İntellektual baxışla bədii istedadın vəhdəti
Vole Şoyinkanın "non fikşin" üslubunda orijinal
dram və nəsr əsərləri yaratmasını
mümkün etmişdir. Görkəmli ingilis alimi professor
Biodun Ceyixo özünün 2004-cü ildə nəşr
etdirdiyi "Vole Şoyinka:
Politika. Poetika , Postkolonializm" adlı monoqrafiyasında əsərlərində
böyük idealları və dərin ictimai məzmunu
novatorluqla təsvir etdiyinə və
yaradıcılığı ilə mübarizəsi bir-birini
tamamladığına görə bu qara dərili qüdrətli
yazıçını "Afrika ədəbiyyatının
titanı"
adlandırmışdır.
Vole
Şoyinka hələ gənclik illərindən etibarən
pedaqoji fəaliyyətlə də məşğul
olmuşdur. İngiltərənin Lids Universitetindən məzun
olan Vole Şoyinka müxtəlif illərdə Nigeriyadakı
İbadan və İse universitetlərində dram sənətindən,
ingilis dili və ədəbiyyatından dərs demişdir. O,
bir müəllim kimi Afrikada yeni nəsil ziyalıların
yetişib formalaşmasına böyük əmək sərf
etmişdir. Vole Şoyinka Afrika qitəsinin gələcəyini
elmin, təhsilin, ədəbiyyatın və mədəniyyətin
inkişaf etdirilməsində görür, bu böyük amala
şərəflə xidmət göstərmək yolunu davam
etdirir. O, ictimai-ədəbi fəaliyyətlə
maarifçilik işini vəhdətdə aparmaqla cəmiyyəti
inkişaf etdirmək baxımından daha çox uğur
qazanmağın mümkünlüyünü
özünün atdığı addımlarla isbat edir.
Məlum
olduğu kimi, Vole Şoyinkadan sonra daha iki Afrika
yazıçısı, hər ikisi Cənubi Afrikadan olan Nadin
Qordiner 1991-ci ildə, Con Maksvell Kutzel isə 2003-cü ildə
Nobel mükafatı laureatı olmuşlar. Nadin Qardiner Afrika qitəsindən
olan ilk qadın Nobelçi kimi dünyada böyük maraq
doğurmuşdur. "Öz bənzərsiz eposu ilə bəşəriyyətə
böyük xeyir verdiyinə görə" Nobel
mükafatına layiq görülmüş Nadin xanımın
əsərlərində ümumiyyətlə qitənin yox, əsasən,
Cənubi Afrikanın relyefi və problemləri öz əksini
tapmışdır. O, "İtirilmiş burjua aləmçiyi",
"Mühafizəçi", "Təbiətin
qoynunda", "Yanımda kimsə yoxdur" romanlarında fərdin
tənhalığı, təcridolunma, hətta tərki-dünyalıqla
bağlı ciddi sosial-mənəvi hadisələri
böyük sənətkarlıqla təsvir edilmişdir. Con
Maksvel Kutzee isə "özgə yad insanların üzləşdikləri
saysız-hesabsız çətinlikləri heyrətamiz
müxtəlifliklərlə əks etdirdiyinə görə"
Nobel Komitəsi tərəfindən fərqləndirilmişdir.
Onun əsərlərində Afrikanın müəyyən
cizgiləri təsvir edilsə də, əsas
yaradıcılıq istiqaməti mücərrəd ictimai-mənəvi
mühitdə, zamanın fövqündə, bəzən hətta
şərti məkanda insan talelərinin dərinliklərini böyük
istedadla kəşf etməkdən ibarətdir. Rahiblər kimi
qapalı həyat keçirən və uzun illər Amerika
universitetlərində dərs deyən Cənubi Afrikalı
yazıçı hazırda Avstraliyada yaşayıb,
elmi-pedaqoji fəaliyyətini davam etdirir. Vole Şoyinkanın
isə həyatı, mübarizəsi, bədii
yaradıcılığı və idealları
bütövlükdə Afrika qitəsinin dünəni, bu
günü və gələcəyi ilə üzvü surətdə
bağlıdır. O, həm də qaradərili Afrika
yazıçısı kimi də Qara Qitəni bütün bənzərlikləri
ilə simvolizə edir.
Əsərləri
ilə dünyada tanınan Afrika yazıçısının
tərcümeyi-halında Azərbaycanla bağlı səhifələr
də vardır. O, 2016-cı ildə Bakı şəhərində
keçirilmiş Beynəlxalq Humanitar Forumda iştirak və
çıxış etmiş, Afrika qitəsində gedən
ictimai-mədəni proseslər və ədəbiyyat hadisələri
haqqında maraqlı söhbətlər aparmışdır.
Azərbaycana səfəri çərçivəsində
Nobel mükafatı laureatı Vole Şoyinka 28 sentyabr
2016-cı il tarixdə Milli Elmlər Akademiyasının Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunun kollektivi
ilə görüşmüş, elm adamlarına
yaradıcılıq yolu və ədəbiyyata dair
baxışları barədə məlumat vermişdir.
Görüş-yığıncağda çıxış
edərək Qara Qitədən gəlmiş qonağın
yalnız mənsub olduğu Afrika qitəsində deyil, ingilis
dilində yaranan müasir dünya ədəbiyyatının
inkişafında özünəməxsus yeri olduğunu
bildirmişdim.
Bədii
Tərcümə Mərkəzinin əməkdaşı,
tanınmış yazıçı Nəriman Əbdürrəhmanlı
Nobel mükafatı laureatı Vole Şoyinkanın "Şərhçilər"
romanını Azərbaycan dilinə tərcümə
etmişdir. Romandan bir parça ilk dəfə olaraq 2012-ci ildə
Bakıda "Qanun" nəşriyyatında nəşr
edilmiş "Ədəbi Nobel Antologiyası"nda oxuculara
çatdırılmışdır. "Ədəbi Nobel
Antologiyası"nda, eyni zamanda, həm də Vole
Şoyinkanın həyatı və
yaradıcılığı haqqında qısa bioqrafik məlumat
verilmişdir. Nəriman Əbdürrəhmanlı "Təfsirçilər"
adı ilə tərcümə etdiyi romanın orijinal
xüusiyyətlərini, əsərdə Afrika qitəsinin
özünəməxsus koloritini qoruyub saxlamışdır.
Romandan təqdim etdiyimiz kiçik parçadan Vole
Şoyinkanın liro-epik nəsr üslubunun özünəməxsusluğunu
və müstəqilliyi uğrunda mübarizə
apardığı Qara Qitənin fərqli, bənzərsiz
görkəmi haqqında dərin yazıçı
müşahidələrinin həyatiliyini aydın surətdə
görmək mümkündür: "Hər şey olduğu
kimidi... Torpaq rəngli dirəklər də, onların üzərindəki
bozluq da, ştimal divarların bəyazlığı da,
yüzlərlə yuvaya oxşayan saman damlar da... Kənd sərt
kölgələrdə və
burum-burum qalxan buxarda mürgüləyirdi. ...Qayıqdan
irigövdəli, yazıçı bir kişi
düşdü. O, işıldayırdı. Elə bil, bayaq
yediyi yemək bədənini yağlamışdı...
Avarçılar avarlardan yapışdılar. Amma Eqbo onları dayandırdı. Yad adam
zamanları - bir-birinə bağlayırdı. Eqbo nəhənglərin
dizləri üstündə oturmuş cırtdanları
gördü… Sonra sevinc dolu
gülüş olan tufan nəriltisi
qopdu... O addımlarını yetərincə möhkəm
basırdı... bununla belə, Eqbo bilirdi ki, cırtdanlar onun bələdçiləridir,
lakin başçıların əlləri onların boynuna
toxunub, yolu öyrənir".
Nobel
mükafatı laureatı Vole Şoyinkanın ölkəmizə
səfəri, Bakı Humanitar Forumda, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutundakı
çıxışları və "Şərhçilər"
romanının dilimizə tərcümə edilməsi Azərbaycan-Afrika
ədəbi əlaqələrinin yaddaqalan səhifələridir.
Afrika qitəsinin görkəmli yazıçısı ilə
keçirilmiş görüşlər və onun əsərinin
oxuculara çatdırılması Azərbaycanda müstəqil
dövlətçiliyin yaratdığı imkanlardan biridir.
Ümumiyyətlə, Azərbaycan-Afrika ədəbi əlaqələri
yeni bir istiqamət kimi ölkəmiz və xalqımız
üçün müasir dünya ədəbiyyatını
bütün reallıqları ilə təsəvvür etmək
baxımından əhəmiyyətlidir.
Nobel
mükafatı laureatı, görkəmli Nigeriya
yazıçısı Vole Şoyinkanın əsərləri
müasir Afrika ədəbiyyatının manifestidir. Bu
mübariz vətəndaş yazıçının əsərləri
Afrikanın aslılılıqdan xilas olmasına, müstəqiliyini
daha da möhkəmləndirməsinə doğru keşməkeşli
inkişaf yollarına işıq salır. Yüksək vətəndaşlıq
ruhunu və müstəqillik ideallarını əks etdirən
əsərləri ilə o, eyni zamanda, geniş mənada
milli-mənəvi özünüdərk yollarında
çarpışan başqa xalqların da inkişafına
xidmət göstərir və dünya ədəbiyyatını
bəşəri və ümummilli ideyalarla zənginləşdirməkdə
davam edir.
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının Birinci
vitse-prezidenti, Milli Məclisin
deputatı, akademik
16 aprel 2020-ci il
Şüvəlan
525-ci qəzet.- 2020.- 23 may.- S.14-15.