"Mənim yazı
üslubumda
heç kəsə güzəşt yoxdur"
YAZIÇI ƏJDƏR OL BU YAXINLARDA İKİNCİ NƏŞRİ İŞIQ ÜZÜ GÖRƏN "LO" ROMANI BARƏDƏ GƏNC ƏDİBLƏRİN SUALLARINI CAVABLANDIRIB
Mövcud pandemiyayla əlaqədar karantin rejiminə uyğun olaraq, tədbirlər, görüşlər müəyyən vaxta qədər təxirə salınıb. Buna görə bir neçə
aydır ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) IV Gənc
Ədiblər Məktəbi də yazıçılarla
görüşlərini keçirə bilmir. Odur ki, heyət budəfəki görüşü
virtual şəkildə keçirtmək qərarına gəldi.
Belə ki, GƏM
iştirakçılarının istəyi ilə
yazıçı, şair, AYB Ədəbiyyat Fondunun direktoru
Əjdər Olun yeni işıq üzü görmüş
"Lo" romanı müzakirə edildi.
İştirakçılar
romanla bağlı onları maraqlandıran sualları
yazıçıya ünvanladılar. Yazıçı isə bütün suallara geniş və
əhatəli cavablar verdi. Həmin virtual
mükaliməni təqdim edirik:
- Əjdər müəllim,
Müharibə gedən bir məmləkətin portretini yaratmaq
və baş vermiş bütün ictimai-siyasi hadisələrin
fonunda təmkinli bir şəkildə hiss və
düşüncələrini, şahidi olduğu olayları əks
etdirmək bir yazıçı üçün nə qədər
çətindir? (Tahirə Nur)
-
Çox çətindir, lakin mümkündür. Əgər
yazıçı olaraq sən böyük hadisələrin
içərisindəsənsə, ətrafında baş verənləri
tərcümeyi-halından hesab edirsənsə, onların
tarixi mahiyyətini duyursansa, dərindən müşahidə
etdiklərini ilkin variantda yaddaşına və qeyd dəftərinə
köçürürsənsə, ədəbiləşməsini
(həm də əbədiləşməsini) vacib bilirsənsə,
həmçinin, canında təpər, od, sevgi varsa, işin
yarısı başa gəlmiş olur. Lakin təkcə
müşahidə, yaddaş, təxəyyül, bəşəri,
milli təəssübkeşlik hesabına tutarlı əsər
yazmaq müşkül məsələdir. Mütləq həmin dövrü sənədlərdən,
müasirlərin yazılı və şifahi xatirələrindən
daha dərindən öyrənməlisən.
İndi demək olar ki, doxsan faiz təxəyyül
hesabına tarixi roman yazanlar var. Belə faydasız işə
girişənlər məni təəccübləndirir. Təxəyyülün
genişliyi insanı kamilləşdirsə də, tarixi
kitabların təhrifləri kimi tarixlə bağlı ədəbi
uydurmalar da haçansa puça çıxır.
"Lo"
canlı romanı ötən əsrin səksəninci illərinin
sonu, doxsanıncı illərinin əvvəllərində
SSRİ fonunda Azərbaycanda baş verən demokratik xalq hərəkatından,dövlət
müstəqilliyi uğrunda milli mübarizədən və məkrli
məqsədlərlə dolu və vətənimizə
qarşı çoxplanlı, çoxepizodlu, mürəkkəb,
qarışıq, həyatımızı alt-üst edən, böyük çaxnaşmalar
törədən hadisələrdən bəhs edir. Nəinki mən, heç kəs, heç bir lider
(onlar tez-tez dəyişirdi, yaxud irəliləyib-geriləyirdilər.
Fiziki, mənəvi baxımdan tam sıradan çıxanlar da
vardı) bu beş illik prosesin heç də
həmişə mərkəzində olmayıb. Çünki hadisələrin coğrafiyası təkcə
Bakını, Yerevanı, Moskvanı deyil, bütün
dünyanı əhatə edirdi. Demək,
özün olmadığın yerlərdə cərəyan edən
hadisələri, müxtəlif nüfuzlu mərkəzlərdə
doğan ideyaları, təcavüz planlarını, silahlı
toqquşmaları, cəbhədəki vəziyyəti,
maraqlı tərəflərin son məqsədlərini öyrənmək
tələb olunurdu. Mən "Lo"nu
yaza-yaza mövzumla bağlı özümün bildiklərimdən
qat-qat artıq başqa mənbələrdən bəhrələnmişəm,
öyrəndiklərimi götür-qoy edib tutuşdurmuşam.
"Lo"
son iki yüz ildə millətimizin ən böyük hadisəsi
haqqında yazılmış canlı romandır. Mən həmin tarixdə insanlarımızı
öz adı ilə olduğu kimi təsvir etmişəm.
Həmin dövrdə insanlar cəbhələrə,
dəstələrə, kəskin şəkildə
iqtidara-müxalifətə bölünmüşdü.
Mən əsərdə orta mövqe tutmuşam. Çünki
iqtidar yönündən də, müxalifət yönündən
də yazmaq çox sadə və asandır. Qarşı tərəfin fəaliyyətini inkar
edirsən, vəssəlam.
- Kitabın adı maraqlı gəldi.
Niyə məhz "LO"? Öncə ağlıma gələn
"yəqin Əjdər Ol təxəllüsünü tərsinə
yazıb" oldu. Bir az
araşdırdım, bu sualı müəllifə
başqaları da veribmiş. Cavab da "Kitab elə başdan
sonacan LOdur" olub (Esmira Günəş)
- Adətən
hər yazdığım əsərə axırda,
iş başa çatandan sonra ad qoymuşam. Çünki
doğulmamış uşağa ad verməyi tələskənlik
saymışam. Bilmək istəmişəm
ki, görək uşaq nə uşaqdır. "LO",
əsərin axırına yaxın ağlıma gəldi. Dərindən
düşünsək, millətimiz beş
il ərzində növbəti LOdan keçdi. Romanda
atanın dilindən deyilir ki, bu millətimiz üçün
son lo deyil.
Əsəri oxuyanlar bilir, "LO"da
saysız-hesabsız epizodlar var. Hətta keçidləri də
başlıqlara ayırmamışam, maraqlı hadisələr
vasitəsilə etmişəm. Bu epizodların
böyük əksəriyyəti dövrün
yaratdığı hadisələrdir. Hətta
bu gün də həmin dövrlə bağlı nə qədər
hadisələr baş verir. Biz hələ
uzun illər ötən əsrin doxsanıncı illərinin
hadisələrinin təsirində və aurasında
yaşayacağıq.
- Kitabda Fərəh
obrazı var. Tam sərbəst qadın obrazı. Həqiqətənmi həmin illərdə qadınlar
belə azad, sərbəst davranır, ürəklərindən
keçənləri açıq-aşkar ifadə edə bilirdi?
(E.G)
- Fərəh
o mənada sərbəst deyil, milli mentaliteti, ədəb
qaydalarını qoruyur, keçmiş sevgilisinin xatirəsindən
ayrıla bilmir, rast gəldiyi kişiləri qətlə
yetirilmiş əriylə müqayisə etməkdən
yorulmur, onu başqalarında axtarır. Hətta,
ona rəğbəti olan əsərin qəhrəmanını
bu hərəkətlərilə dəfələrlə
peşman edir. Ancaq Fərəh cəsarətlidir.
Dəyişən dövr, rejimin
yumşalması, "demokratikləşməsi"
hamını cəsarətləndirmişdi. Qaraniyyət adamlar isə ayaqlanırdılar. Fərəh əsərdə o dövr gənclərinin
ümumiləşmiş obrazlarından biridir. Sevmək, xoşbəxt olmaq, özünü
böyük arzulara həsr etmək istəyən gənclər
"xəyal qırıqlığına"
uğradılar. Heç biri
uşaqlıqda, yeniyetməlikdə xəyallarında
qurduqları gələcəyə gəlib
çıxmadı. Gənclikləri
onları qan-qada ilə, ölümlərlə, ayrılıqlarla,
çətinliklərlə qarşıladı. Ərini, atasını, yeni nişanlısını
faciəli şəkildə itirən, özü Qanlı
Yanvarda güllə yarasından şikəst olan Fərəhin
mütləq "dili açılmalı idi".
- Necə ola bilər ki,
şüalandığı üçün xəstəxanada
yatan Qara sağlamlığına qovuşur, mitinqlərdə
iştirak edir, Qarabağda döyüşlərdə
olduğu halda səhhətində problem yaranmır, ancaq əsərin
sonunda xəstəliyi yenidən baş qaldırır və
şüalanmanın təsiri olduğu deyilir? (E.G)
-
Görünür, oxucunun diqqətindən yayınıb. Qara iki yerdə xəstəliyindən gileylənir,
bir səhər mətbəxdə öyüyür və
"Çernobilin zibilidir" deyir. Üstündən
otuz ildən artıq vaxt keçib, bu gün də Azərbaycanda
minlərlə Çernobil iştirakçısı və əlili
qeydiyyatdadır. Onlardan işləyəni
də var, işləməyəni də. Amma
hamısı dərmanla yaşayır. Qarabağda
nə qədər Çernobil iştirakçısı
könüllü vuruşub, qəhrəmanlıq göstərib.
Məgər onda hər vuruşan əsgər
tam sağlam idi? Nə qədər
canını dişinə tutub qeyrətlə düşmənin
qabağına çıxanlar vardı. O dövrün vətənpərvərlik
anlayışı, dünyagörüşü, psixologiyası
başqa idi. Qara da onlardan biri. Özünü fəda etməyə hazır idi.
- "LO" romanının
gələcək nəsillər üçün ən
böyük faydasını nədə
görürsünüz? (Cavid Bədəlov)
-
"LO"nu dərindən oxu, özün görəcəksən!
- Bu romanda qəhrəmanın
timsalında sakit, vəziyyəti daha təmkinli həll etməyə
meylli olan bir adam görürük. Qardaşı Qara isə məsələnin həllinə
radikal yanaşır. Bu obrazların
hansı bizim nicatımızdır? Bu qəhrəmanlara
həyat verən yazıçı üçün
hansının həyata baxışı daha
düzgündür? (Aytac Sahəd)
- Aytac
xanım, hər ikisinin. Qara əsgər kimi
düşünür. O, hücuma keçmək
üçün komanda gözləyən neçə minlərdən
biridir. Əsərin qəhrəmanı isə
qarşıdurmada əlverişli mövqe, düzgün idarəetmə,
strategiya və taktika axtarışındadır. Hər ikisinin məramı vətənpərvərliyə
və zora qarşı çıxmağa söykənir.
Lakin, hər ikisinin əzmi, vuruşu
haqsızlıq üzərində qələbə
üçün yetərli deyil. Heç
biri axıra qədər geri çəkilmir, mübarizənin
növbəti mərhələsinə keçmək istəyirlər.
Onda Azərbaycan gəncliyinin döyüş
ruhu çox yüksək idi. Məncə
elə indi də döyüş ruhumuzu kökləmək
çox vaxt aparmaz.
- Nəyə görə "LO"
romanının internetdə pdf və ya audio formatı yoxdur?
(Amin Namazlı)
- Olacaq!
- Gənclərə nə məsləhət
görürsünüz, gözəl əsər yazmaq
üçün nələr zəruridir? (A.N.)
- Bu
sualın minbir cavabı ola bilər. Məsələn, şedevr yazmaq eşqinə
düşmək dünyanın ən gözəl
qızını axtarmaq kimi bir şeydir. Başqa cavab da
vermək olar: Ən dəqiqini mən də bilmirəm.
- "LO" romanının həyatdakı
personajlarından əsəri oxuyan, fikir bildirən varmı? Xüsusən,
özlərinin olduğu hissələrlə bağlı necə
reaksiya göstərirlər? (Şahanə Müşfiq)
- Rəssam
dostlarımdan biri deyirdi: "Adamları portretdə bir az
gözəlləşdirəndə kefləri durulur. Onları olduğu kimi təsvir edəndə, portreti
tərəddüdlə qarşılayırlar. Axı heç kəs öz
yaradılışından tam razı deyil. Niyə qanlarını qaraldım? Qoy çəkdiklərimin burunlarının
donqarını düzəldim, gözlərini iriləşdirim,
qırışlarını götürüm,
saçlarını gurlaşdırım, xoşbəxt
olsunlar."LO"nun iştirakçılarından
heç kəs yazılanlara etiraz etməyib, ancaq təsvirin
azlığına irad bildiriblər, mənə adi gələn,
onlar üçün vacib olan ştrixlərin
"unudulmasından" gileyləniblər.
Yeri gəlmişkən,
bir məsələni deyim, çox təəssüf ki,
iştirakçı və şahidlərdən, işin
içində olanlardan, o dövr haqqında Marqaret Tetçerin, Ronald
Reyqanın, Henri Kissincerin, Zbiqnev Bzejinskinin, Corc Sorosun, Fransua
Mitteranın, onun köməkçisi Attalinin, Helmut Kolun,
Mixayil Qorbaçov, Boris Yeltsin başda olmaqla az qala
Rusiyanın bütün dövlət xadimlərinin və siyasətçilərinin
memuarlarını və şərhlərlə dolu xatirələrini
oxusam da, bizimkilərdən yalnız bir neçə nəfərin
(R.Ağayev, Z.Əlizadə, Ə.Orucov, Ə.Tahirzadə)
kitabına rast gəldim. Həmin kitablar da
yarımçıqdır, hadisələri tam əhatə
etmir. Yaxşı olardı ki, nə qədər
gec deyil, o dövrdə hərəkatı və dövləti
idarə edənlər, siyasətçilər, hərbi məsələlərə
baxanlar və başqaları bütün bildikləri ictimai məzmunlu
hadisələri səmimi şəkildə etiraf edən
memuarlar yazsınlar. Bu, dövlətçilik
və mənəviyyat tariximiz üçün böyük
tövhə olardı. Mən hər dəfə
əsərimin qəhrəmanımın
öldüyünü eşidəndə, dəfninə
yollananda bir memuar kitabının yasına gedirəm sanki.
- Əsərin
çapından sonra, "LO" haqqında düşünərkən,
yadınıza düşən, "gərək bunu da
yazaydım" dediyiniz, ya da əksinə "kaş bunu
yazmazdım" dediyiniz hadisələr, epizodlar olubmu? (Ş.M)
- Əsər çap
olunmamışdan əvvəl altı redaktorumdan əlavə
onu iyirmiyə qədər adama xahiş edib oxutdurdum. Onların
arasında müxtəlif nəsillərdən olan tənqidçilər,
yazıçılar və şairlərlə yanaşı,
hadisələrin fəal iştirakçıları, hərbçilər,
siyasətçilər, dövlət xadimləri də
vardı. İlkin reaksiyaları öyrənmək
istəyirdim. Çox faydası oldu, bəzi
məqamları dəqiqləşdirdim. Mətləb
üstünəgəlməyə gecikməmək
üçün,yaxud uzunçuluq
olmasın deyə uşaqlığımla bağlı
üç epizodu mətndən çıxartdım. Yaddan çıxardıb yazmadıqlarımı isə
yəqin ki, haçansa başqa kitabda oxucularla
bölüşəcəyəm.
- Nəyinsə və ya kiminsə xətrinə
həqiqəti təhrif etdiyiniz olubmu? "LO" romanı və
bunun kimi digər
real hadisələrə söykənən əsərlərinizdə?
(Ş.M.)
- Yazdıqlarımda yalnış ola bilər, amma yalan olmaz. Bəzən
eyni hadisənin müxtəlif variantlarını eşidirik.
Mənim yazı üslubumda heç kəsə
güzəşt yoxdur. Amma ədəbi qəhrəmanlarımın
hamısına hörmətlə, sevgi ilə yanaşıram.
Qərəzdən söhbət gedə bilməz.
- Sizcə, bu əsərə daha
çox kimlər maraq göstərəcək, o dövrün
şahidi olan nəsil, yoxsa həmin dövrdən sonra
doğulan nəsil? (Ş.M.)
- Hələlik
kitabsatanlar daha çox maraq göstərir. İlk
nəşrdən ("Qanun"-2019) üç ay sonra ikinci
nəşr ("Qanun"-2020) çap edilib.
- Əsərin son səhifələrində
belə bir yer var: Fərəh əsəri nəql edənə
"sən üç adamın ömrünə cavabdehsən
(onun üç sevdiyinə)" deyir. Siz də həqiqətən belə hiss edirsinizmi, ya da
ondan sonrakı otuz ilə yaxın bir zamanda bunu hiss etdinizmi,
yoxsa sadəcə romantik qız yanaşması kimi qəbul
etdiniz? (Ş.M.)
- Romanda əsəri
nəql edən Fərəhə deyir: "Evlənməmişdən
qabaq da məndə atalıq hissi güclü idi". Elmi
araşdırmalara görə,bəşəriyyət
tarixində hər birimizin yaranmasında üç milyon adam
iştirak edib. Deməli, hər kəs nəinki
üç adamın, hətta üç milyonun məsuliyyətini
daşımalıdır. Amma çox təəssüf,
milyonlarla adamlar var ki, öz məsuliyyətindən də
boyun qaçırır.
- Beş
illik yaşadıqlarınızı səkkiz ilə
yazmısınız. Yaşamaq yazmaqdan
asandır? (Ş.M.)
- Asana, çətinə baxmayaq. Yaşamaq gözəl prosesdir. Yazmaq
da həzzin bir növüdür.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2020.- 23 may.- S.12.