“Anna Karenina”

 

Rus yazıçısı Lev Tolstoyun "Anna Karenina" əsəri ilk dəfə 1873-1877-ci illərdə bölümlər halında nəşr edilib.  Əsərdəki hadisələr XIX əsr Rusiyasında cərəyan edir.

Dostoyevski bu romanı oxuduqdan sonra Tolstoyu "sənət dünyasının allahı" adlandirib. Tolstoy özü də bu əsərini "mənim ilk həqiqi romanım" deyə xarakterizə edib.

 

Anna Karenina gözəlliyi və nəcibliyi ilə çoxlarını özünə valeh edən, rus aristokratiyasının sayılıb-seçilən qadınıdır. Yüksək vəzifəli dövlət məmuru Aleksey Aleksandroviç Karenin ilə evlidir. Sevgisiz və monoton bir evliliyi olan Anna xoşbəxtliyi oğlu Seryojada tapmaqdadır.  Annanın çox sevdiyi  bir qardaşı da var - Stepan Arkadiç. Bizim bu Stepan arvadını qızının murəbiyyəsi ilə aldadır. Arvadı məsələdən xəbər tutandan sonra isə üz tutur bacısı Annaya. Bacısı da qardaşının çağırışını cavabsız qoymayıb, ər-arvadı barışdırmaq üçün Peterburqdan Moskvaya yola düşür. Səfər həqiqətən də cütlüyün barışması ilə nəticələnir. Lakin bu səfərin yekun nəticəsini biz ancaq romanın sonunda görə bilirik.

Roman qardaşın xəyanəti ilə başlayıb, bacının xəyanəti ilə davam edir. Anna Moskvada olarkən Vronski adlı bir zabitlə tanış olur. Bu tanışlıq getdikcə alovlanan məhəbbətə çevrilir. Anna əvvəlcə bu məhəbbətdən qaçmaq istəsə də, özü ilə bacara bilməyib, ona məğlub olur. Beləcə,onların sevgi hekayəsi başlayır. Vronskinin Annanın arxasınca Peterburqa gəlməsi, addımbaşı onun qarşısına çıxması nə cəmiyyətin, nə də ərinin gözündən qaçır. İlk başlarda hər kəs bunun keçici bir həvəs olduğunu düşünür. Lakin Ananın hər şeyi ərinə etiraf etməsi bu münasibətin bəsit eşq macərası olmadığını göstərir. Əri bu etirafdan sarsılsa da, cəmiyyətdəki nüfuzunu düşünərək boşanmaqdan imtina edir. Arvadından isə bu münasibəti bitirməsini istəyir. Əgər bu münasibət davam etsə, oğlunu itirəcəyi barədə xəbərdarlıq edir. Anna isə həm ərini, həm də oğlunu ataraq Vronskidən doğulan qızını da götürüb onunla birlikdə İtaliyaya gedir. İtaliyada xoşbəxt günlər bir-birini əvəz edir. Anna bu xoşbəxtlik üçün oğlundan və təmiz adından, Vronski isə hərbi rütbəsindən imtina edir. Lakin etdikləri bütün fədakarlıqlar, Annanın özünün də dediyi kimi, "bağışlanmaz dərəcədə xoşbəxtəm" cümləsinin qarşısında aciz qalır. Həqiqətən də cəmiyyət bu xoşbəxtliyi onlara bağışlamır. Rusiyaya qayıtdıqdan sonra cəmiyyət  nəinki onu qəbul etmir, hətta onunla bir araya gəlmək utanc hesab olunur.

Tolstoy əsər boyu Annanı mühakimə edən cəmiyyətin  ikiüzlülüyünü də ortaya qoymaqdadır. Romanda ərini aldadan çox qadın olsa da, heç biri bunu etiraf edəcək qədər dürüst olmur. Annaya isə bu dürüstlüyü baha başa gəlir. Oğlunu itirmək təmiz adını itirməkdən daha çox incidir onu.

İtaliyada olduğu ilk vaxtlarda oğlu üçün darıxsa da, zamanla onsuzluga öyrəşə bilir. Ancaq heç vaxt qızını oğlu qədər sevə bilmir. Tolstoy bu məqamda "Ərini sevməyən qadın övladına daha böyük məhəbbətlə bağlanır" fikrini təsdiq edir sanki. Anna Vronskini tanımadığı vaxtlarda bütün sevgisini birinci ailəsindən olan oğluna verirdi. Bu sevginin ən gözəl təsvirini Annanın gizlincə oğlunu görməyə gəldiyi hissədə görürük. Bu hissə romanın ən gözəl hissələrindədir. Məhz romanın bu yerində oxucu Annanın əsl faciəsi ilə tanış olur. Lənətli məhəbbətə qurban verilmiş analıq məhəbbəti.

Oğlunu gördükdən və teatrda əxlaqsız qadın kimi təhqir olunduqdan sonra Anna hər şeyini itirdiyini anlayır. İndi onu həyata bağlayan yeganə bağ Vronskinin sevgisidir. Bu sevginin günü-gündən azalması onun həyatla olan yeganə bağını da qoparır. Anna bu sevginin doğulduğu qatar stansiyasında özünü öldürür.

Tolstoydan Anna Kareninanı niyə öldürdüyünü soruşanda "mən onu öldürmək istəmirdim, o, özü-özünü qatarın altına atdı" cavabını verir. Tolstoy bu cavabla demək istəyir ki, Annanın  tutduğu yol faciədən keçdiyi üçün onu heç nə xilas edə bilməzdi. Hətta Tolstoyun özü belə.

Romanı oxumamışdan öncə adam elə düşünür ki, roman yalnız bir zabitin evli qadınla eşq macərasından bəhs edir. Əslində isə bu eşq hekayəsi kitabın üçdə bir hissəsidir. Belə ki, əsərdəki Levin və Kitti xətti də paralel şəkildə sona qədər davam edir. Yazıçı sanki iki sevgi hekayəsini qarşılaşdırır. Ümumiyyətlə, Levin obrazı əsərdə mühüm yer tutur. Ümumiyyətlə, Levin xarakteri ilə Tolstoyun özünü təsvir etdiyi deyilir. Digər bir həyatdan götürülmüş obraz Levin qardaşı Nikoloydır. Tolstoyun da qardaşının adı Nikolay olmuş, o da Tolstoyun gözləri önündə vərəmdən ölmüşdü. Bəlkə də, əsərdə Nikolayın ölüm səhnəsinin təsviri buna görə bu qədər təsirlidir.

Bəs Anna? Anna kimin prototipi idi?

Yazıçı Kareninanın xarici görünüşünü, üz cizgilərini Aleksandr Puşkinin qızı Mariya Qartunqa bənzətmişdi. Öz dövrünün qadınları arasında cazibədarlığı və hazırcavablılığı ilə seçilən bu qadına Tolstoyun xüsusi rəğbəti var idi.

Karenina obrazının daha bir prototipi nakam məhəbbətə görə özünü qatarın altına atan Anna Piroqova adlı qadın hesab olunur. Henri Troyat "Tolstoyun tərcümeyi-halında" yazır: "Tolstoyun  qonşusu və eyni zamanda yaxın dostu olan Bibikov Anna Stepanovna Pirogova adlı bir qadınla birlikdə yaşayırdı. Bu hündür boylu, geniş üzlü qadın onun məşuqəsi idi. Bibikov ona çox əhəmiyyət vermirdi. Hətta başqası ilə evlənmək planları qurmuşdu. Bu planı öyrəndikdən sonra Anna yalnız bir neçə şeyi götürüb qaçır. Sonra özünü qatarın altına atması xəbəri gəlir. Ölməzdən əvvəl Bibikova göndərdiyi ismarıcda "qatilim sənsən" deyir".

Romanı bir cümlə ilə təsvir etməli olsam, bu cümlə romanın epiloqu olardı: "Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hər biri özünə görə bədbəxtdir".

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2020.- 23 may.- S.13.