Gözəl və bədbəxt şəhərim...
Ermənilərin Şuşada keçirdiyi qondarma “andiçmə” mərasimi
mayın 8-də yazdığım
bu kiçik yazını yadıma saldı.
6
yaşında Ağdamda evdən gizli qaçasan, yay düşərgəsinin
uşaqlarına qoşulub
bir avtobusa minəsən. Onda hələ adını eşitmədiyin, üzünü
görmədiyin kənd
və şəhərlərin
içindən, dağların
qoynundan keçə-keçə
dünyanın ən hündür zirvəsinə
qalxasan…
Mənə hələ də
elə gəlir ki, o zirvədən yuxarıda yalnız Tanrı var, başqa heç kim və
heç nə.
Sonra o zirvədə
qulağına qaval səsi gələ. Çönüb görəsən ki, qoca bir kişidir.
Amma əlindəki
qavalda elə şövqlə, həvəslə
ifa edir, oxuyur ki, heç
deməzsən, yaşı
80-ni çoxdan keçib…
Başına adamlar toplaşıb,
maraqla dinləyirlər.
Sonra sovetin kağız pulundan, qəpiyindən uzadırlar. Alıb sifarişə uyğun nə gəldi oxuyur: muğam, təsnif, hətta Ciminin “Tansor disko”dakı mahnısını…
Sonra o qaval çalan kişiyə yaxın bir yerdə buz kimi su
içəsən… O dadda,
dişi qamaşdıran
o soyuqluqda suyu həmin gündən sonra bir də
heç vaxt və heç yerdə içməmişəm.
Nə Ağdamda, nə indi yaşadığım
Bakıda, nə səfər etdiyim Alp dağlarının ətəyindəki
Zalsburqda, nə Londonda, nə Romada, nə Madriddə, nə də olduğum heç bir ölkə və heç bir şəhərdə.
O sudan bir
də içəcəmmi
bilmirəm, ora gedə biləcəmmi, onu da bilmirəm.
Bildiyim bir şey var – Şuşa tək
coğrafi olaraq deyil, elə mənəvi olaraq da bizim üçün
həmişə zirvədə
olacaq.
Yenidən o zirvəyə getmək isə artıq bizim namus borcumuzdur.
Hələlik isə səndən
ucada olan tək varlığa əmanət ol, gözəl və bədbəxt şəhərim…
Aydın BAĞIROV
525-ci qəzet.- 2020.- 23 may.- S.11.