Tarixçə
Jurnalist Müsəllim Həsənovun
Azərbaycan tarixinin ən müxtəlif dövrləri ilə
bağlı son illər qələmə aldığı tədqiqat
və araşdırmaları, tarixi sənədlər əsasında
yazdığı ssenarilərə çəkilmiş filmlər,
televiziya verilişləri istər oxucuların, istərsə
də tamaşaçıların diqqətini çəkən
ən yaddaqalan layihələrdəndir.
Bu materiallar həm də
tariximiz, ayrı-ayrı tarixi şəxsiyyətlərlə
bağlı bir çox qaranlıq məqamlara işıq
salınması baxımından zəruri və
lazımlıdır.
Müəllifin son vaxtlar
öz Feysbuk səhifəsində "Bilirdinizmi"
başlığı altında tarixin ən fərqli dönəmlərini
əks etdirən tarixçə tipli yığcam
paylaşmaları isə sosial şəbəkə istifadəçiləri
tərəfindən xüsusi maraqla izlənilir.
Bu diqqət və marağa
güvənərək həmin yazıları "525"in
oxucuları ilə də bölüşmək qərarına
gəldik. Niyyətimizi bildirəndə,
sağ olsun, jurnalist dostumuz istəyimizi geri çevirmədi və
razılaşdıq ki, bu yazılar vaxtaşırı qəzetimizdə
dərc olunsun.
Buyurun, oxuyun.
Xalq Cümhuriyyəti kömək
üçün Gürcüstana müraciət edir...
Bilirdinizmi ki, Azərbaycan Xalq
Cümhuriyyəti hökuməti 1920-ci il
aprelin 27-də kömək üçün Gürcüstan
hökumətinə müraciət edib?
Bundan üç gün sonra - aprelin
30-da Gürcüstanın baş naziri Noy Jordaniya Tiflisdə
çıxış edərkən deyib:
“Aprelin 27-də Azərbaycan hökuməti
bizə bolşevik qoşunlarının sərhəddə
çatması barədə xəbər verdi
və hərbi kömək istədi. Biz sual
verdik ki, Azərbaycan xalqı bolşeviklərlə mübarizə
aparmaq istəyirmi və əsas ağırlığı
öz üzərinə götürəcəkmi? Belə olan halda biz Azərbaycana kömək etməyə
borclu idik, təkcə müqavilə şərtinə görə
yox, həm siyasi, həm də mənəvi baxımdan
borcluyduq.
Gündüz saat 1-də məlumat aldıq ki,
bolşeviklər Xaçmaza girib, axşam saat 7-də onlar
artıq Sumqayıtda, Biləcəri yaxınlığında
idi. Yəni altı saat ərzində onlar yüz verst yol
keçmişdilər. Biz onda başa
düşdük ki, vəziyyət necədir.
Qonşularımız
çox gec başa düşüblər...”
P.S. Təbii
ki, o vaxt Gürcüstan Respublikası istəsə belə, Azərbaycan
Xalq Cümhuriyyətini işğaldan xilas edə bilməzdi. V.Leninə Bakı nefti lazım idi. Çox
lazım idi...
Tağıyev Neft
Akademiyasına necə yardım edib?
Bilirdinizmi ki, indi fəaliyyət
göstərən Azərbaycan Dövlət Neft
Akademiyasının formalaşmasında H.Z.Tağıyevin də
xidməti olub?
1903-cü ildə Bakıda fəaliyyət göstərən
texniki məktəbin statusunun artırılması, daha
doğrusu, bu məktəbin orta texniki məktəbə
çevrilməsi zərurəti yaranıb. Məktəbin
statusunu artırmaq üçün əvvəlcə
binanın genişləndirilməsi tələb edilib. Qərara alınıb ki, texniki məktəbin birmərtəbəli
binasının üstündə ikinci mərtəbə
inşa olunsun. Amma ikinci mərtəbənin
inşasına lazım olan 35 min rublu tapmaq müşkülə
çevrilib.
Çoxsaylı
müraciətlər nəticəsiz qalandan sonra, 1903-cü
ilin oktyabrında H.Z.Tağıyev texniki məktəbin
direktoru M.Mixaylevskiyə məktub göndərərək,
ikinci mərtəbənin tikilməsi üçün
lazım olan 35 min rublu ödəməyə hazır
olduğunu bildirib.
Tağıyev yazıb ki, mən bu pulu ona görə
vermirəm ki, Bakı texniki məktəbinin fəxri qəyyumuyam. Mən bu pulu
o ümidlə verirəm ki, tezliklə bu məktəb
politexnikuma çevriləcək (poltexnikum - çoxsaylı
texniki ixtisaslar üzrə kadr hazırlayan məktəb).
O politexnikuma ki, bizim Bakıda çox böyük ehtiyac var...
Bakı orta texniki məktəbi 1918-ci ildə politexnikuma
çevrilir.
1920-ci ildə onun bazasında Bakı Politexnik
İnstitutu yaradılır.
Sonralar "AZİ" kimi tanınan həmin təhsil
müəssisəsi indi Azərbaycan Dövlət Neft
Akademiyası kimi fəaliyyət göstərir.
P.S. Təkcə
1909-cu ildə Tağıyev Rusiya imperiyasında məscid
tikintisinə 18.500, tədris-tərbiyə müəssisələri
tikintisinə isə 77.000 rubl xərcləyib...
Türkmənçay müqaviləsi
gecə imzalanıb...
Bilirdinizmi ki, Azərbaycanı ikiyə
bölən məlum və məşhur Türkmənçay
müqaviləsi gecə yarı, yəni saat 24:00-da
imzalanıb?
Rusiya-İran
müharibələrinin başa çatmasını rəsmi
təsdiq edən Türkmənçay müqaviləsi 1828-ci il fevralın 9-dan 10-na keçən gecə
saat 24.00-da imzalanıb.
Niyə gecə yarı?
Məlum olduğu kimi, sənədi İran tərəfindən
dövlət başçısı Fətəli şahın
oğlu Abbas Mirzə imzalayıb. Abbas Mirzənin münəccimləri
müəyyən edib ki, səmadakı ulduzlardan gələn
sədaya görə, şahzadənin uğur saatı gecə
yarıya təsadüf edir...
Məğlubiyyət müqaviləsini imzalayan şahzadə
üçün münəccimlər hansı uğuru nəzərdə
tuturmuş, indi demək çətindir. Amma məlum və
məşhur Türkmənçay müqaviləsinin məhz
gecə yarı imzalandığı təsdiq edilmiş
faktdır.
Sənədə
birinci Rusiyanın Qafqazdakı qoşunlarının ali baş komandanı, general İvan
Paskeviç, ondan sonra isə Abbas Mirzə qol çəkib.
Bu
münasibətlə rus toplarından 101 yaylım atəş
açılıb...
Xəzər qurudulsun! Stalinin belə
bir fikri də olub...
Bilirdinizmi ki, müharibədən
sonra İ.Stalin neft çıxarılması naminə Xəzər
dənizinin qurudulması barədə göstəriş verib?
Stalin
SSRİ Daxili İşlər Nazirliyinin Hidroloji Qurğular
Tikinitisi... İdarəsinin rəisi S.Juku yanına
çağıraraq tapşırıq verir: Xəzər dənizini
necə və hansı müddətdə qurutmaq barədə
təklif və hesablamalar hazırlansın!
S.Juk ehtiyatla bunun mümkün olmayacağını dilə
gətirsə də, dərhal hesablama aparmağa hazır
olduğunu bildirir.
Bu
söhbətdə iştirak edən A.Mikoyan yavaşca "Xəzər
qurudulsa, biz xarici ölkələrə valyuta ilə
satdığımız kürüdən məhrum
olarıq", - deyir.
Stalin:
"Sən alverçi kimi danışırsan, bizə neft
lazımdır!"
Sonra
Stalin bu planın detallarını da açıqlayır:
Volqa çayını Qazaxıstan çöllərinə
yönəltmək, Kür çayının
qarşısına bənd çəkmək, Xəzərə
tökülən o biri çaylar barədə də fikirləşmək
lazımdır ki, Xəzərə axmasınlar.
İki həftə
vaxt verilir...
İki həftədən
sonra S.Juk Stalinə məruzə edir: Volqanı Qazaxıstan
çöllərinə yönəltmək üçün
4-5 il vaxt və 10 milyard rubl
lazımdır. Ural çayının da
qarşısını almaq olar, amma hara yönəltmək
lazım gələcəyi bilinmir. Kürün
qabağına bənd çəkmək çox baha başa
gəlir...
S.Jukun son
sözləri belə olur: "Bütün bu işləri
görməyə vəsait ayrılsa, Xəzər dənizini
yalnız 16-17 ilə qurutmaq olar..."
Stalin bir
qədər fikrə gedir və... deyir:
-
Aydındır... Dəyməz!
Bu material 1954-cü ildə SSRİ DTK-nin sədri təyin
edilmiş İ.Serovun kitab-gündəliyi əsasında
hazırlanıb.
Reyqan Qarabağ
münaqişəsindən necə xəbər tutub?
Bilirdinizmi ki, 1988-ci ilin fevralında o
vaxtkı Stepanakertdə ermənilərin mitinqləri
başlananda bu barədə ilk xəbər tutan dünya liderlərindən
biri ABŞ prezidenti olub?
Amerikanın
40-cı prezidenti R.Reyqanın 2007-ci ildə nəşr edilən
gündəliyində ("The Reagan Diaries") belə bir qeyd
var:
"Cümə günü. 26 fevral 1988.
... sovetlər və ermənilər arasında
narahatlıq yaşanır. Ermənilər
müstəqillik istəyir".
Xatırladaq
ki, 1988-ci il fevralın 20-də DQMV Xalq
Deputatları Sovetinin sessiyasında vilayətin Ermənistan
SSR-ə birləşdirilməsi haqqında qərar qəbul
edilmiş və bundan sonra mitinqlər
başlanmışdı.
Bir halda
ki, söhbət Reyqanın məşhur gündəliyindən
düşdü, bunu da deyim qurtaraq:
"... Bazar ertəsi, 26 oktyabr 1987.
... Konqresin rəhbərliyi ilə büdcə məsələsi
barədə söhbətim oldu.
Erməni kilsəsinin keşişi ilə qısa
görüş keçirdim. Ağ evə qayıdıb beş xarici televiziya jurnalistinə müsahibə
verdim".
Maraqlıdır:
"Erməni kilsəsinin keşişi ilə qısa
görüş keçirdim"...
Təəssüf ki, prezident o görüşdə nədən
söhbət getdiyini, keşişin xahişinin nə
olduğunu gündəliyinə daxil etməyib.
Kim bilir, bəlkə erməni keşiş Qarabağ
"problemi" barədə Amerika liderinə ilk dəfə
onda məlumat verib?
Deyə bilmərəm.
Amma onu
deyə bilərəm ki, həmin 1987-ci ilin sonları, 1988-ci
ilin əvvəllərində Amerika prezidenti ilə
görüşmək imkanına malik nəinki din xadimimiz və
ya diplomatımız, hətta amerikalı iş adamımız
belə olmayıb.
Ona
görə də Amerika Birləşmiş
Ştatlarının sonrakı prezidentləri də Qarabağ
probleminin əsl mahiyyətini ya anlamaq istəməyiblər,
ya da sadəcə anlaya "bilməyiblər"...
Lindleyi Bakıdan
qovurlardı. Tağıyev mane olmasa...
Bilirdinizmi ki, Şollar su kəməri
layihəsinin mühəndisi Uilyam Lindleyi 1902-ci ildə
Bakıdan qovmaq istəyiblər? Tağıyev
mane olub...
XX əsrin əvvəllərində Bakını
içməli su ilə təmin etmək üçün
tanınmış ingilis mühəndisi U.Lindley Bakıya dəvət
olunur. Ona Kür və ya Samur çayından şəhərə
su çəkmək üçün layihə hazırlamaq
tapşırılır. Lakin mühəndis
araşdırmalardan sonra təklif edir ki, Kür və Samurun
suyu çirkli olacaq, gəlin suyu Şollar bulaqlarından
çəkək.
Bu təklif mübahisə yaradır. Duma üzvləri
Lindleylə əlaqələrin kəsilməsini təklif
edirlər.
Bu vaxt
qlasnı H.Z.Tağıyev söz alır:
- Camaat,
siz özünüzə yaxşılıq eləmək istəmirsiniz?
Bu kişi daha təmiz su çəkmək
istəyir, pis eləmir ki? Mən Lindleyin
inadkarlığına təəccüb edirəm. Mən onun yerinə olsaydım, çoxdan bu işi
atıb çıxıb gedərdim.
Lindley
Hacıya cavab verir:
- Mən
ingilis buldoquyam (ingilis iti - M.H.). Buldoq dişini
bir yerə batıranda onu buraxmır. Mən
Bakıdan belə yapışmışam. Mən bu zalda
oturan adamlar
üçün işləmirəm. Mən
yoxsul bakılılara su vermək istəyirəm, özü də
təmiz su vermək istəyirəm. Bu işi başa
çatdırmamış heç yana gedən
deyiləm...
Lindley
getmir və 1917-ci ilin əvvəllərində Şollar suyu
Bakıya çatır...
Stalin oğlunun əsir düşməsindən necə
xəbər tutub?
Bilirdinizmi ki, 1941-ci ilin iyulunda Stalinin
oğlunun almanlara əsir düşməsi barədə məlumatı
sovet rəhbərinə ilk dəfə SİTA-nın direktoru
çatdırıb?
İosif
Stalinin oğlu Yakov Cuqaşvili 1941-ci il iyulun 16-da Vitebsk
yaxınlığında almanlara əsir düşür. Onun
iki gün sonra kağıza köçürülən
dindirilmə protokolu belə başlayır:
-
Adınızı bilmək istərdik?
- Yakov.
- Bəs
familiyanız?
-
Cuqaşvili.
- Siz Xalq Komissarları Soveti sədrinin qohumusunuz?
- Mən
onun böyük oğluyam...
Həmin gün alman zabitləri Stalinin oğluna təxminən
150 sual veriblər.
Bu
dindirilmədən bir gün sonra - 1941-ci il
iyulun 19-da SİTA-nın direktoru Y.Xavinson G.Malenkova qısa bir
məktub yazır: "Qavas-OFİ agentliyinin Stalinin oğlu
barədə yaydığı xəbəri məlumat
üçün sizə göndərirəm".
Məlumat
özü də qısa idi: "Qavas-OFİ agentliyi
Budapeştdən xəbər verir ki, Stalinin oğlu, quru
qoşunlarının leytenantı almanlar tərəfindən əsir
götürülmüşdür".
Sonralar
dünyaca məşhurlaşan "Frans-Press" agentliyi onda
hələ "Qavas-OFİ" adlanırdı...
G.Malenkov bu xəbəri Stalinə necə, hansı şəraitdə
çatdırıb? Stalinin ilk reaksiyası necə olub?
Bu suallara cavab vermək mümkün deyil.
Sənədin üstündə heç bir dərkanar
qoyulmayıb.
Sadəcə "20.VII" yazılıb. Çox güman ki, bu,
Stalinin katibi Poskrebışevin qeydidir və Stalinin sənədlə
məhz iyulun 20-də tanış
olduğuna işarədir.
Berlin
radiosu Stalinin oğlunun əsir götürülməsi barədə
xəbəri iyulun 22-də, gündüz saat 12:30-da səsləndirir.
Və həmin informasiyanın mətni elə həmin gün
sovet rəhbərinin stolunun üstünə qoyulur...
P.S.
Yakovun dindirilmə protokolunda onun qısa bioqrafiyası da
verilib: 1908-ci il martın 18-də Bakı
şəhərində doğulub...
Müsəllim HƏSƏNOV
525-ci qəzet.-
2020.- 23 may.- S.9.