Şuşa sizin üçün nədir?
Bu günlər Feysbukda dolanarkən iqtisadçı
alim Qubad İbadoğlunun belə bir statusuna rast
gəldim: "Şuşa
sizin üçün
nədirsə, şərhdə
yazın. Ən çox bəyənmə
alana muştuluq
məndən!"
Mən hələ
ilk cümləni oxuduğum
andan "Şuşa sənin üçün nədir?" sualını
özümə də
verdim və bu sualın nə dərəcədə
məsuliyyətli olduğunun
fərqinə vardım. Bu məsuliyyətin altına
girən minlərlə
şəxs statusa rəy yazmışdı.
Demək
olar ki, rəylərin hamısını
oxudum. Bu mənə sanki kitab oxuyurmuşam kimi bir təsir
bağışladı - bir
rəyi oxuyanda tələsirdim ki, digərini oxumağa keçim. Ən bəyəndiyim rəyləri
özüm üçün
də qeyd edirdim, necə ki, kitab oxuyanda
sevdiyin cümlələrin
altından xətt çəkirsən və
altından xətt çəkdiyin həmin cümlələrdə özünü
tapırsan. Mən
də bir şuşalı olaraq, aşağıdakı rəylərdə
özümü tapa bilmişdim:
- Açığı, bunadək
alçaq olan Milli qürurumuzu qaytaran yüksəklik. (Rüfət Səfərov)
- Məğlubiyyətimizin qisası,
Qürurumuzun doğuşu...
(Sirus Ahmedtürk)
- Sevinci ilə "əyilmiş qədd-qamətimizi
düzəldəcək" Vətənimin düşmüş
qaşıdır. (Sugra
Jafarova)
- Heç vaxt görmədiyim, hər işğal günündə
kövrəldiyim, Basqala
bənzətdiyim, kübarlar
məskəni! (Elvin Basqallı)
- Şuşa qəfəsə
salınmış, düşmənin
hər alçaqlığına
şahid olub çırpınan, qəfəsdə
susan və nəhayət, azadlığına
qovuşmuş bülbüldür.
(Cəbrayıl Vəliyev)
- Cıdır düzündə
Bayatı-Şirazı dinləyərək
Qarabağın havasını
ciyərlərimə çəkmək.
(Zafir Azadov)
- Türkiyə üçün
Çanaqqala nədirsə,
Şuşa da bizim üçün
odur. (Teymur Sarmuradi)
- Şuşa cümlənin
sonundakı nöqtədir.
(Rizvan Qənbərli)
- Çöldən gəlirsən
evə, ananı görmürsən. O otağa
baxırsan, yoxdur, bu otağa baxırsan,
yoxdur. Dözməyib evdəkilərdən soruşursan ki, anam hanı? Onlar da deyir, qonşuya
gedib, indi gələr. Qonşuda olduğunu
bilirsən və rahatlayıb səbirlə
gözləyirsən ki,
indi gələcək.
Aradan 30 dəqiqə keçməmiş
anan gəlir və sən ona elə sarılırsan
ki, sanki çoxdandır heç görməmisən. Şuşa
Azərbaycanın və
azərbaycanlıların 30 dəqiqəliyinə qonşuya
getmiş anasıdır!
(Nüşabə Məmmədova)
- Şuşa bu ölkədə yaşayan hər bir kəsin dini, irqi, milliyyətindən asılı olmayaraq ləyaqət məsələsidir. Şuşa erməni üçün şəhər, Azərbaycan üçün mədəniyyət incisi, itirilməsi həzm edilməyəcək vətən parçasıdır. (Nemət Orucov)
- Şuşa mənim üçün milli qürur və milli ləyaqət nümunəsi, mədəniyyətimizin beşiyi, vətənimizin hər bir diyarı kimi müqəddəs bir məkan və bütöv Azərbaycanın bərpası xəyalımızın ilk addımıdır. (Teymur Mirzəbəyli)
- Şuşa 28 ildir atamın yuxularında sayaqladığı gerçəyimizdir. (Anar Ağazadə)
- Şuşa bizim ruhumuzun şəhəridir. Onu azad edəndən sonra biz xalq olaraq yenidən doğulacağıq. Azərbaycan dünyanın ən gözəl ölkəsinə çevriləcək. (Şahin Əliyev)
El ROMAN
525-ci qəzet.- 2020.- 3 noyabr.- S.16.