Virtual reportaj
Döyüşlər başlayandan bəri səhər yuxudan ayılıb özümə
gələn kimi Feysbukda virtual dostlarımın
gecədən qalma boyat postlarını və cəbhədəki vəziyyət barədə
operativ məlumatlarını
oxumaq adətə çevrilib.
"Gecəgözlü - özündən şeirli
addır!" - Qismət
Rüstəmovun kənd
boyda qələbə
sevincli bu paylaşımı virtual reportajımızın
epiqrafı olsun.
"Çoxları deyir ki, erməni lobbisi çox güclüdür, hər yerə əlləri girir və s. Bunlar hamısı uydurulmuş "mif"dir. Necə ki, "Ohonyan səddi" "mif"i yaratmışdılar. Şanlı Ordumuz 30 il tikilən o "səddi" bir neçə günə yarıb keçdi!" - Qəzetdəki səhifəmə qənaət etmək üçün hüquqşünas Aslan İsmayılovun bu postunun davamını təhrif etmədən qısa şəkildə izah edirəm: Aslan bəy yazır ki, biz indi daha çox təşkilatlanmalı və maliyyə imkanlarımızı doğru istiqamətə yönəltməliyik. Ardınca xaricdə yaşayan imkanlı həmvətənlərimizə səslənir ki, əllərindən gələni edib erməni lobbisinin bir mif olduğunu sübut etsinlər. Aslan İsmayılovun informasiya və təhlil bunkerinə çevrilmiş səhifəsi maraqla izlədiyim profillərdən biridir. Posta "möhtəşəm" reaksiyası atıb, digər paylaşımlara keçirəm.
"Xocalı rayonundakı Sığnax kəndində düşmənin böyük silah-sursat və hərbi texnika anbarı vardı. Vardı..." - Elçin Alıoğlunun bu ironik statusuna müəllifini unutduğum bir şairin misralarını təhrif etməklə rəy yazıram:
"Sizdə də bir anbar vardı,
HAROP aldı, PUA apardı..."
"Qarabağın dırnaqarası
prezidenti Arayik Harutyunyanın da içində olduğu konvoy Azərbaycan Hava Qüvvələri tərəfindən vurulduğu
haqda xəbərlər
gəlir..." - Hədiyyə
üçün İbrahim
Nəbioğlunun bu xəbərinin rəsmi təsdiqlənməsini gözləyən
müəlliməm Vəfa
Aslan rəy yazıb: "İbrahim bəy, onun ölüm xəbərini
ilk yazan adama hədiyyə söz vermişdim ürəyimdə".
Bildiriş gəldi. Elçin Alıoğlunun bayaqkı
paylaşımına yazdığım
rəyə gülüş
smaylı atıblar.
Hazırda Almaniyada yaşayan
filosof Ağalar Qut Alov Eyvazova
ilə birgə Qarabağ həqiqətlərindən
bəhs edən bir məqalə yazdıqları haqda post paylaşıb: "Mətnə
19-cu əsrə aid bir
neçə xəritə
də əlavə etdik. Bu xəritələri
çəkənlər biz yox, almanlar, fransızlar, ruslar və başqalarıdır
ki, xəritə özü də bir sənəddir" - Məqaləni Feysbukun qeydlər bölümünə
sabitləyirəm, reportajı
bitirən kimi oxuyacağam.
"Qanun" nəşriyyatının
rəhbəri Şahbaz
Xuduoğlu yaralı əsgərlərimizə kitab
apardığı barədə
post paylaşıb: "Gedəndə
könülsüz idim,
yaralı insanlara kitab təklifi, bəlkə, artıq görünər deyə.
Amma söhbətlər, fikir mübadiləsindən sonra
başa düşdüm
ki, kitab gətirmək çox düzgün bir hərəkətdir.
Şərəfli tariximizin qəhrəman əsgərlərinə eşq
olsun!" - Məncə, yaralı əsgərlərimizə
tarixi, daha çox Qarabağ həqiqətləri ilə
bağlı kitablar paylansa, daha yaxşı olar, deyə düşünürəm.
Budur, Şahbaz bəyin növbəti paylaşımı
da Qarabağ tarixindən bəhs edən kitabla bağlıdır. Naşir videoda
Qarabağla bağlı
10 əsəri bir kitabda birləşdirdiyini
deyir. "Nəşrə görə
təşəkkürlər!" - rəy yazıram.
Azad Əliyev cüzi qaraltılar sezilən bir şəkil paylaşıb yazır: "Xankəndidir. Bütün gecə şəhərdə elektrik enerjisi olmayıb. Zülmət, hava həyəcanı sisteminin səsi şəhərdə qalan bir ovuc ermənini dəli edib. Onlar ancaq bir şeyi təkrarlayırlar: "Azərbaycan Ordusu lap yaxındadır. Bizə xəyanət ediblər. Bizim əsgərlər onların qarşısını kəsə bilmirlər".
90-cı illəri xatırlayın. Bəli, biz lap yaxındayıq. Evimizə qayıdırıq!" - Məncə, bu, nadir qaranlıqlardandır ki, insanların içində ümid işığı yandırır.
"Müdrik - humanist deyildir. Lao Tzı" - filosof
Müşfiq Şükürovdan
lakonik və mesajverici status.
"Bu gün Avropanın
reallıqda işləməyən
söz azadlığı,
insan haqları, demokratiya kimi qoloqrafik dəyərlərindənsə,
Türkiyənin, Pakistanın
kişilik və sədaqət anlayışı
milyon dəfə əfzəldir. Və Şərqin bu
dəyərləri Qərbin
dəyərsizləşməsi fonunda artıq dünyanı dəyişə
biləcək gücə
çevrilir" - Vüsal
Məmmədovun bu statusu Qərbin siyasi bostanına atılmış daşdır.
Daşın üzərinə "ürək şəkli çəkib" davam edirəm.
Ruslan Xəlil Arayik Haruntunyanın açıqlamasını paylaşıb: "Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir" - Virtual reportajımızın bu hissəsində elə virtual bir haşiyəyə çıxmaq istəyirəm - "Google map"da Şuşanı axtarıram. Düzdür, bu xəbər Azərbaycan Müdafiə Nazirliyi tərəfindən təsdiqlənməyib, amma yenə də baxmaq istəyirəm. 5 kilometr nədir ki? Təxminən,"İçərişəhər" metrosundan "Elmlər Akademiyası"na qədər. Xəritədə baxanda millimetrlər qalıbmış kimi görünür...
Rəhman
MİRZƏLİZADƏ
525-ci qəzet.- 2020.- 3 noyabr.- S.16.