İlk müsəlman
Respublikası: Azərbaycan
(Əvvəli 30 oktyabr
sayımızda)
(Fransız
dilindən tərcümə edən: Əsgər Əliyev,
filologiya elmləri namizədi)
Görkəmli
ictimai-siyasi xadim, Azərbaycan Demokratik Cümhuriyyətinin
qurucularından biri, Şərq dünyasında ilk müstəqil
Azərbaycan Demokratik Respublikasının ilk parlament sədri
Əlimərdan bəy Topçubaşovun rəhbərliyi
altında məşhur Versal sülh müqaviləsində
iştirak etmək üçün Fransaya gedən nümayəndə
heyətinin tərkibində dövrünün
tanınmış jurnalisti, "Azərbaycan" qəzetinin
baş redaktoru, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin
qardaşı Ceyhun Hacıbəyli də var idi. Azərbaycanda
bolşeviklərin 1920-ci il may
ayının 28-də hakimiyyətə gəlişi Fransaya
getmiş Azərbaycan nümayəndə heyətinin
bütün üzvləri kimi, C.Hacıbəylinin də
doğma vətənə qayıdış yolunu kəsmişdi.
Həyatının qalan hissəsini Fransada
keçirməyə məcbur olan Ceyhun bəy fransız dilini
mükəmməl bilməsi sayəsində bu ölkədə
də jurnalistlik fəaliyyətini davam etdirmişdi.
C.Hacıbəyli
ölkəmizin tarixi, azadlıq hərəkatı, Azərbaycanın
istilasından sonra orada baş verən hadisələr barədə
Parisdə nəşr edilən "Aziatik jurnalı"nda,
"İki dünya", "Müsəlman aləmi"
jurnallarında, habelə digər mətbu orqanlarda müntəzəm
yazılar dərc etdirmişdi.
Fədakar
azadlıq carçısı Ceyhun bəy Hacıbəylinin Azərbaycan
Demokratik Cümhuriyyətinin yaranması ilə bağlı Mərakeş
elmi missiyasının dəstəyi ilə 1906-cı ilin noyabr
ayında Parisdə nəşrə başlayan "Müsəlman
aləmi" jurnalının ("Revne du monde musulman")
1918-ci ildə çapdan çıxan 36-cı nömrəsində
"İlk müsəlman Respublikası - Azərbaycan" sərlövhəli
iri- həcmli məqaləsi dərc olunmuşdu.
Qeyd edim ki, C.Hacıbəylinin həyat və
yaradıcılığından bəhs edən tədqiqatçılar
bu məqalənin adını çəksələr də,
indiyədək onun nədən bəhs etməsi barədə
fikir söyləməyiblər. Məqalədəki
faktlar azərbaycanlı oxucuların əksəriyyətinə
məlum olsa da, ölkəmizin tarixi, orada baş verən hadisələr
barədə fransızlara ətraflı məlumat vermək,
onu tanıtmaq baxımından çox qiymətli əsər
hesab edilə bilər.
Həmin məqalənin tərcüməsini oxuculara təqdim
edirəm.
TƏRCÜMƏÇİDƏN
***
Ceyhun bəy
HACIBƏYLİ
İndi isə baş verən hadisələri ilbəil
nəzərdən keçirək. II Nikolay hakimiyyətdən əl
çəkdikdən və 1917-ci ilin mart ayında şahzadə
Lvov, bir qədər sonra isə M.Kerenskinin müvəqqəti
hakimiyyətinin formalaşmasından sonra Zaqafqaziya IV
Dumanın keçmiş üzvləri - müsəlman,
gürcü və erməni nümayəndələrindən
təşkil olunmuş, xüsusi Zaqafqaziya Komitəsi tərəfindən
idarə olunmağa başladı. Bu hökumət 1917-ci il oktyabr ayının 25-də Sankt-Peterburqda
müvəqqəti hökumət devrilənə qədər
mövcud oldu. Bolşeviklərin hakimiyyətə
gəlişi ilə Komitə öz fəaliyyətini
dayandırdı.
Bildiyimiz kimi, Rusiyada ümumi nizam-intizamın
pozulması, digər fəlakətli nəticələrin
başlanğıcı olan hadisələr mərkəzlə
keçmiş imperiyanın mahalları arasında əlaqələrin
kəsilməsinə səbəb oldu.
Qafqaz, xüsusilə Zaqafqaziya nəinki Peterburq və
Moskvadan, habelə Rusiyanın bütün digər
partiyalarından tamamilə ayrıldı. Qabiliyyətli
qüvvələri və öz təşəbbüskarlığı
sayəsində Zaqafqaziya millətləri güclü və
vahid, parlamentli, hüquqi və inzibati, habelə maliyyəli hakimiyyət
formalaşdırmaq üçün yenidən birləşdilər.
Beləlikə, Tiflisdə üç xalqın
(gürcülər, Azərbaycan türkləri və ermənilər)
nümayəndələrindən ibarət kabinet
yaradıldı. Bu kabinet ümumi hökumətin hakimiyyətini
tanıdı.
Bu ittifaq, həmçinin hakimiyyətin 132 nəfərlik
üzvi olan bir Məclisi - Zaqafqaziya Seymini
reallaşdırdı və onun
yığıncaqlarını təşkil etməyə
başladı.
Bu şura aşağıdakılardan təşkil
olunmuşdu.
1.
Bütün Rusiyanı əhatə edən Assambliyaya səs
çoxluğu ilə seçilmiş hər üç millətin
nümayəndələrindən;
2.
Çoxu eyni
siyasi partiyalardan olub üç dəfə
seçilən ilk deputatlardan ibarət idi.
Qafqazın vahid seymi müxtəlif millətin hər
birini təmsil edən üç üzvün sədrliyi ilə
idarə olunurdu. Zaqafqaziyanın bütün əhalisi,
ekstremist və şovinistlərdən uzaq, bu səlahiyyətli
təşkilatın hakimiyyətini tanıdı.
Lakin Seymin daxildə fəaliyyətini, xariclə əlaqələrini
təşkil etmək üçün zəruri qüvvələr
çatışmırdı. Millətçi
partiyaların hiyləgərliyi nəticəsində bu
qüvvələr arasında fikir ayrılığına, hər
üç millət arasında bir-birinə səmimiyyətdən
uzaq hərəkətlərə səbəb olurdu. Parlamentdə müsəlmanlar, gürcülər və
ermənilər ölkənin taleyi ilə məşğul
olduqları vaxt İrəvandakı hökumətin tərkibindəki
Daşnaqsütyun partiyasından olan ermənilərin təhriki
ilə 200 azərbaycanlı kəndi yerlə-yeksan edildi, əhalisi
qətlə yetirildi. Seym bu
qırğınların qarşısını almaqda aciz idi.
***
Bakı bolşevikləri millətçi partiyaların
antoqonizmi tərəfindən
azğınlaşdırılmış rus bolşevizmin bir
qolu idi.
Bakı bolşevikləri eyni fikirli fəhlələrdən,
digər işçilərdən, əsgərlərdən və
rus dənizçilərindən ibarət idi. Hadisələrin
başında S.Şaumyan adlı erməni dururdu. Oktyabr ayına qədər bu hərəkat o qədər
də mühüm əhəmiyyət daşımırdı;
bəzən bələdiyyə şurasının kiçik
bolşevik qrupu müsəlmanların, ermənilərin, sosial
demokratların çoxluq təşkil etdikləri bələdiyyə
şurasına, burjuaziyaya və müvəqqəti hakimiyyətə
hücum edirdilər. Oktyabrdan etibarən
Leninin və yaxın adamlarının hakimiyyətə gəlişi
ilə Bakı bolşevikləri cəbhədən qayıdan
hərbçiləri öz tərəflərinə çəkmək
məqsədilə bütün güclərini işə
saldılar. Artıq bu vaxt Qafqaz və
İran cəbhəsindəki rus ordusunda nizam-intizam tamamilə
pozulmuşdu. Cəbhədən qayıdan əsgərlər
Bakı və Tiflis bolşevikləri tərəfindən ələ
keçirilərək istifadə olunurdular.
Eyni zamanda, əsgərlərin özləri ilə
aparmaq istədikləri silah və qiymətli qənimətləri
əllərindən zorla alınırdı. Beləliklə, az bir vaxtda Bakı bolşevikləri çoxlu
sayda mühüm silahlar - tüfənglər,
saysız-hesabsız güllələr, pulemyotlar, toplar,
aeroplanlar, zirehli maşınlar və sairələr əldə
etməyə müvəffəq oldular.
1917-ci ilin sonuna yaxın ermənilər və
gürcülər kimi Zaqafqaziya müsəlmanları rus hakim
dairələri tərəfindən buraxılmış piyada
qoşundan silahlar və hərbi ləvazimat aldılar. Bundan
başqa, azərbaycanlılardan ibarət süvari dəstəsi
var idi. Bu dəstə "Dikiya
diviziya" ("Vəhşi diviziya") adı altında
müharibədə iştirak etmişdi. Bu
alayların köməkliyi ilə müsəlmanlar Yelizavetpol
və Bakı kimi əsas şəhərlərində öz
ordusunu təşkil etməyə başladı.
Gürcüstan və Ermənistan ayrılıqda hər
biri rus ordusundan ayrılan bütün silahlı əsgərlərdən
və zabitlərdən müharibə təcrübəsinə
uyğun təşkil edilmiş milli ordu yarada bildilər. Müsəlmanların
hərbi sahədə ilk addımları bolşeviklər tərəfindən
düşmənçiliklə qarşılandı. Bu arada bolşeviklər xeyli möhkəmləndilər.
Bolşeviklər açıq şəkildə
öz hakimiyyətini bütün Qafqazda, ilk növbədə
onların nəzərində xüsusi qüvvə kimi cəbhədən
qayıdan böyük sayda hərbçilərin və on minlərlə
fəhlənin toplaşdığı Bakı regionundan
başlamaqla gücləndirməyə səy göstərirdilər.
Bu
dövrdə mərkəzi Rusiyada olduğu kimi Zaqafqaziyada da
anarxiya hökmranlıq edirdi: cəbhədən qayıdan əsgərlər
bolşevik təbliğat sayəsində heç bir hakim dairəni
tanımırdılar, əsgərlərlə yerli camaat
arasında qarşıdurma getdikcə artırdı, dəniz
yolları fəaliyyətini dayandırmışdı, ərzaq
ilə təchiz edilmə güclü şəkildə hiss
olunmağa başlamışdı.
Kiçik bir qrup müsəlman hərbçisi ümumi
razılığa əsasən Bakıdan Lənkərana
onlarla tüfəng aparmaq istərkən, bolşeviklər
silahların onlara verilməsini tələb etmişlər; əsgərlər
bolşeviklərin tələblərini rədd edərkən,
həmin andaca bolşeviklər silah aparmaq istəyən əsgərləri
pulemyot atəşinə tutmuşlar. Nəticədə toqquşma baş
verdi, hər iki tərəfdən ölən
və yaralanan oldu. Bu hadisə xoş rəftarlı
müsəlmanlara qarşı bolşeviklərin düşmənçiliyini
bir daha sübut etdi. Müsəlmanlar bundan
narahat olmağa başladı və ciddi şəkildə həyəcanlandılar.
Təzə Pir məscidinin qarşısında
izdihamlı mitinq keçirildi. Orada
bolşeviklərin aldıqları tüfənglərin
qaytarılması tələb olundu. Bolşeviklər
tüfəngləri qaytarmağı rədd etdilər. Şəhərdə atmosfer çox tez dəyişdi,
həmin gün axşama yaxın (17mart, 1918) hərbi gəmilər
toplarla müsəlman məhəllələrini atəşə
tutdular, hətta məscidlər belə istisna olmadı. Beləliklə, Bakıda dəhşətli vətəndaş
müharibəsi başladı və tezliklə bu müharibə
müsəlmanlara qarşı çevrildi. Dörd gün (18-22 mart, 1918) davam edən qanlı
döyüşlərdə minlərlə müsəlman qətlə
yetirildi, evləri qarət edildi və vəhşicəsinə
yandırıldı, yerlə-yeksan edildi. Bütün
bunlar Kerenski hakimiyyəti süquta uğradıqdan sonra
Bakı müsəlmanlarının bir o qədər də
maraq göstərmədikləri bolşeviklərin hakimiyyətə
sahib olmaları üçün törədilmişdi.
***
Lakin Bakının bu epizodunda bir faktor qəti rol
oynadı.
Şəhərin müsəlman əhalisi üçün məhvedici
nəticələr baş verdi. Bu faktor həmçinin şəhərdəki ermənilərə
səfərbər olmaq üçün göydəndüşmə
bəhanə oldu. Başqa yerlərdə
olduğu kimi, Bakıda da ermənilər öz millətçi
partiyalarının (Daşnaksütyun) ətrafında
qruplaşmağa başladılar. Erməni Milli
Şurasında təmsil olunan Daşnaksütyun və digər
erməni partiyaların nümayəndələri 18-22 mart
hadisələrindən bir qədər əvvəl hər iki
qonşusu ilə siyasi və milli əlaqələrini nizama
salmaq məqsədilə Zaqafqaziya Müsəlman Mərkəzi
Komitəsinin nümayəndələri ilə danışıqlar
aparmışdılar. Buna baxmayaraq, bolşeviklərə
çevrilən bütün Daşnaksütyun, habelə
mötədil mili-demokrat partiyasının rəhbərliyi
altında qərb cəbhəsindən qayıdan 8 min erməni
əsgəri Zaqafqaziya dəmir yollarında hərəkətin
dayanması səbəbindən öz yerlərində
qalmışdılar.
Müəyyən bir vaxt keçdikdən sonra həmin bu əsgərlər hakimiyyətə can atan bolşeviklər tərəfindən başlanan vətəndaş müharibəsində, eyni zamanda Bakıdakı erməni əhalisini qorumaq adı altında müsəlmanlara qarşı döyüşlərdə iştirak etdilər. Məgər bu hakimiyyətə can atan bolşeviklərin tərəfini saxlamaq arzusu deyildimi? Məgər bu ərzaq çatışmazlığını və əlaqələrin dayandırılmasını bəhanə gətirərək yerli əhalidən qisas almaq deyildimi? Ermənilərin müsəlman əhalisinə qarşı törətdikləri dörd günlük qətliamda 12 mindən artıq azərbaycanlı qətlə yetrildi. Onların əksəriyyəti günahsız qadınlar, qocalar və uşaqlar idi. Gələcək tarixçilər bir gün bu həqiqəti üzə çıxaracaqlar, lakin hazırda biz təsdiq edə bilərik ki, Bakı qətliamı "Daşnaksütyun" partiyasının liderləri üçün tarixdə silinməz iz qalacaqdır. Rus rejiminin müdaxiləsi zamanı vəhşiləşmiş daşnak-bolşeviklərin qiyamı vaxtında qarşısı alınmasaydı, bu faciə müsəlmanların məhv edilməsi ilə nəticələnə bilərdi.
(Ardı var)
Əliyev
Əsgər
525-ci qəzet.- 2020.- 3 noyabr.- S.14.