Paşinyana mesaj:Problemin həllinin
açarı Moskvada, Parisdə, Cenevrədə yox,
Bakıdadır
Sosial
şəbəkədə yazılanlar
Elçin
Alıoğlu, jurnalist:
- Bu qoca
qadını yəqin tanıdınız. Xocavənd
rayonunun 85 yaşlı sakini Yevgeniya Babayandır. Oktyabrın 16-da onu əsgərlərimiz
görmüş, maşına oturtmuş, Bakıya
yollamışdılar. Bakıda da bu qoca
qadına şəfqətlə yanaşdılar, hospitala yerləşdirdilər,
qayğısını çəkdilər.
Nə də olsa, qocadır, ahıldır.
Sonra da İrəvana təhvil verdik.
Və
Yevgeniya Babayan da bu gün deyib:
"Zirzəmidən çıxanda gördüm 10 əsgərdir. Məni zorla,
vuraraq maşına oturtdular. Bakıya apardılar,
orada üç polis idarəsində oldum. Hər yerdə mənimlə it kimi davrandılar.
Su istədim, yarım fincan çay verdilər,
masaya bir tikə qənd atdılar. İçmədim,
dedim ki, it deyiləm, insanam.
Məni məcbur etdilər ki, videokameraya baş nazir
Nikol Paşinyanın pis olduğunu deyim.
Vərəqdə olanları oxudum. Polis idarələrindən
birində gördüm ki, iki erməni kişini döyərək
öldürdülər".
Gecədir, gecdir.
Amma deyilənləri araşdırmaq üçün
dövlət qurumları ilə, qoca Yevgeniya ilə təmasda
olmuş adamlarla danışdım.
Erməni qarı yalan danışır.
Sərt, təhqiramiz heç nə yazmaq istəmirəm. Yenə deyirəm
- qocadır, ahıldır.
Amma Yevgeniyanın 85 yaşı olsa da, o, ermənidir.
Ömrünün qürub çağında həyasızcasına
yalan danışır.
Çünki öyrəşib, gözlərini
açandan belə yaşayıb, belə
düşünüb.
Yevgeniyanın davranışı hamımıza dərs
olmalıdır.
Erməniyə əsla, amma əsla inanmaq olmaz.
Bu etnosa, bu millətə inanmaq ən böyük, ən
acı səhvimiz olardı.
Şahin
Cəfərli, siyasi şərhçi:
- Azərbaycan
və Ermənistan beynəlxalq hüquqa uyğun savaşmaq
barədə razılığa gəliblər. Cenevrə
görüşünün əsas nəticəsi budur. Belə görünür ki, biz strateji xarakterli qələbə
əldə etmədən dayanmaq istəmirik. Bu, Şuşa zəfəri və ya Laçın
dəhlizinin nəzarətə götürülməsi ola bilər.
İşğalçı isə onun onurğasını
qıracaq və müharibəni faktiki olaraq bitirəcək bu
tip məğlubiyyətə yol verməməyə,
savaşın mövqe döyüşləri xarakteri alaraq
uzanmasına çalışır. Məhz belə
olan halda, o, masaya məğlub tərəf kimi deyil, nisbətən
bərabər səviyyəli tərəf kimi otura biləcəyini
hesablayır.
Azər
Qasımlı, siyasətçi:
- Cenevrədə Azərbaycan və Ermənistan xarici
işlər nazirlərinin Minsk qrupu həmsədrlərilə
görüşləri başa çatdı. Atəşkəs
imzalanmadı (çağırış edildi). Lakin tərəflər mülki obyektləri hədəf
almayacaqlarına dair anlaşdılar.
Nəticə:
-
Türkiyənin masada olmadığı
danışıqların artıq perspektivi bulanıqdır.
-
Fundamental olmayan və nəzarət mexanizmi mövcud olmayan istənilən
anlaşmanın pozulma ehtimalı olduqca yüksəkdir.
Bir sözlə, Cenevrə görüşü nəticəsiz
bitdi.
Yaşasın
Azərbaycan Ordusu!
Rövşən
İbrahimov, politoloq:
- Azərbaycan
dövlətdir - institutlaşıb, sistemləşib.
Baxın, azad edilən torpaqlarda həmən komendaturalar
yaradılıb, infrastruktur qurulur: yol, işıq, qaz, rabitə.
Müharibə hələ bitməyib. Diqqət etmisinizsə, alınan qənimətin həmən
inventarizasiyası gedir, tutulan maşınlara plomb vurulur.
Azad olunan yerlərdə bayraqlar yüksəldilir,
panolara isə Azərbaycan bayrağının xüsusi
hazırlanmış yapışqanlı rəsimi
yapışdırılır. İndi qərara
alınıb ki, Azərbaycana dəyən ziyan hesablansın və
işğal ərazilərdə qanunsuz xarici şirkətlər
izlənsin. Dövlət belə işləyər.
Ermənistanın şansı var?
Qulu Məhərrəmli,
telejurnalist:
- Azərbaycan
və Ermənistan xarici işlər nazirlərinin Minsk qrupu həmsədrləri
ilə Cenevrədə uzun sürən gərgin
görüşlərinin ƏSAS nəticəsi:
-
Heç bir sənəd imzalanmadı, nəticə
olmadı!
-
İndiki şəraitdə problemin siyasi həlli yoxdur!
Əsas qənaət:
Diplomatlar arada görüşüb-danışmalı, ORDU isə
öz işini görməlidir!
Əlavə
təfərrüatlar: Atəşkəs imzalanmadı, sadəcə,
buna çağırış edildi; rahat işləməsi
üçün tərəflər Qırmızı
Xaça şərait yaratmaq və mülki obyektləri hədəf
almamaq barədə anlaşıblar.
Cenevrə
danışıqları onu da göstərdi ki:
- Azərbaycanın
siyasi təzyiqlərə müqaviməti xeyli artıb və
indi daha dirənişlidir.
- Ermənistan
təkcə hərbdə yox, diplomatiya sahəsində də
çətin vəziyyətdədir.
- ABŞ Qarabağ problemi ilə məşğul
olmağa həvəsli deyil, təklifləri spontandır.
- Ciddi və
əsaslı nəzarət mexanizmi olmayan istənilən
anlaşma pozulacaq.
-
Münaqişəni həll edə biləcək tərəflər
yalnız Rusiya və Türkiyə ola bilər.
- Azərbaycan
hərbi əməliyyatları davam etdirməli və sürətləndirməlidir!
Esmira
Qasımova, jurnalist:
- İki dəqiqə əvvəl Rusiyanın Azərbaycandakı
səfirliyinin qarşısından Azərbaycan, Rusiya və
Türkiyənin bayraqları ilə bəzədilmiş
avtomobil karvanı yürüşə başladı. Qabaqlarında
da müşayiətedici yol polisi maşını ilə.
P.S. Siz
lağ edin, deyəsən, həqiqətən də kəndlərdən
birinə Putinabad adı qoyacağıq. Dövlətin
işlərinə qarışmaq istəmirəm. Bir bildiyi var. Vaxtilə elə Azərbaycanın
Gürcüstandakı kilsələri pulsuz qazla təmin etməsinə
də qarşı çıxırdıq. Zaman göstərdi ki, haqsız olmuşuq. Həmçinin, 2016-cı ildə İranla Xudafərin
su qovşağı ilə bağlı iki sazişə
görə də hökumətə deyilməyən
qalmadı. Amma məhz bu günümüz
üçün imiş. Əjdaha
qardaş özü bilir her şeyi.
Arif
Hacılı, Müsavat Partiyasının başqanı:
- Ermənistanın
dövlət rəhbəri hərbi dəstək,
döyüş əməliyyatlarının
dayandırılması üçün növbəti dəfə
Rusiya prezidentinə müraciət edib və rədd cavabı
alıb. Paşinyan hərbi əməliyyatların
dayandırılması üçün Vladimir Putinə yox,
İlham Əliyevə müraciət etməlidir. Atəşkəsin şərtləri elan olunub.
İndi bu vəziyyətdən ən düzgün
çıxış yolu Azərbaycan tərəfinin bu şərtlərinə
əməl etmək, silahlı birləşmələri
işğal edilmiş ərazilərdən
çıxartmaqdır.
Paşinyana
mesajım: Müharibənin taleyi həll olunub və nəticənin
necə olacağı hər kəsə bəllidir. Bundan sonra müqavimətin davam etdirilməsi bu nəticəni
dəyişdirməyəcək.
Hərbi, siyasi və milli mənafelər
baxımından əhəmiyyətsiz olan bu müqavimətin
davam etdirilməsi nəticəsində çoxsaylı insan tələfatına
və iqtisadi potensialın məhv edilməsinə görə
tarixi məsuliyyət Ermənistanın indiki hərbi-siyasi rəhbərliyinin
üzərində qalacaq.
Problemin həllinin
açarı Moskvada, Parisdə, Cenevrədə deyil... Bakıdadır.
Sabir
Rüstəmxanlı, milli məclisin deputatı:
-Gürcüstandan, əzizlərimiz yaşayan doğma
Qaraçöp mahalından Azərbaycanın şanlı
ordusuna yardım gətirən maşın karvanını
görəndə gözüm doldu. Məni millətin birliyi və
gücünü görmək qədər xoşbəxt edən
və təsirləndirən başqa bir şey yoxdur! Eşq
olsun Gürcüstan türklərinə, eşq olsun
Qaraçöplü qardaşlarımıza!
Zəlimxan
Məmmədli, "Borçalı" Cəmiyyətinin sədri:
- Bakıdakı Rus icması Azərbaycan, Türkiyə,
Rusiya bayraqları altında ordumuza dəstək aksiyası
keçiriblər. Səhv etmirəmsə, icma tərəfindən
son 30 ildə ilk dəstək aksiyasıdır. Təqdir edirəm. Bunu
TÜRK-SLAVYAN əməkdaşlığına ilk addım
hesab etmək olar. Güman ki, Rus icması
bu addımı özbaşına atmır. Erməni kartı işlənmiş, yararsız,
istismara yaramayan məhsula çevrilib. Rusiya
Türkiyə arasında əməkdaşlıq gələcəkdə
Bakı mərkəzli böyük birliyə də çevrilə
bilər. Bunun üçün Rusiya
isğalçılıq siyasətindən imtina etməli, bərabər
əsaslı, qarşılıqlı faydalı əməkdaşlığa
önəm verməlidir.
Vilayət
Quliyev, filologiya elmləri doktoru:
-
Paşikin son bir aydakı sayıqlamaları arasında
"remedial secession" (xilas naminə ayrılma)
çağırışı çox tez-tez səslənir.
Görünür bu beynəlxalq termini təzə
öyrənib. İstəyi budur ki,
dünya birliyi Azərbaycan dövlətinə qarşı
qiyam qaldıran, işğalçılıq və etnik təmizləmə
siyasəti yürüdən erməni
separatçılarını xilas etmək üçün
onları Dağlıq Qarabağ adlı bir qoruqda ayrıca
saxlayıb bəsləsin. Eybi yox, bizim qəhrəman
ordu da "remedial union" (xilas naminə birləşmə)
formulu təklif edir -yəni buyursunlar, Azərbaycanın tarixi
torpaqlarını tərk edib heç bir dəyəri olmayan
vücudlarını haqlı cəzadan qurtarmaq
üçün gedib "Ana Ermənistana" birləşsinlər.
Üstəlik də şüarları əvvəldən
elə "Miatsum" - yəni "Birləşmə"
idi.
İntiqam
Valehoğlu, jurnalist:
- Bu,
Xoşqədəm Hidayətqızını linç etmək
yox, məşhur ad, sima üzərindən etnik zəmində
düşmənçilik yaratmaq cəhdidir. Bu
cəhd hələ 20-25 gün əvvəl də var idi, amma
bacarmadılar. Səhərdən həmin
videonu 5 dəfə ələk-vələk eləmişəm,
talış sözü yoxdur. Əksinə
milli birlikdən bəhs edilir. Bunu təşkil
edən adamlar çox yaxşı bilirlər ki, Azərbaycanda
talışla ləzginin, kürdlə tatın, avarla rusun,
türkün (azərbaycanlının) hüquqları bərabərdir.
Həmişə belə olub və olacaq. Çox xahiş edirəm, küyə getməyin.
Bu günlərdə birliyə daha çox ehtiyacımız
var. Qısası, dava Xoşqədəm davası deyil,
ayıq olun!
P.S. Kimsə tərəf tutduğumu düşünürsə, arxiv yazılarımı oxuya bilər. X.Hidayətqızını ən çox tənqid edənlərdən biri olmuşam və ehtiyac olarsa, yenə tənqid edəcəyəm. Amma indiki halda bu, bir tələdir, tələyə düşməyək!
525-ci
qəzet.- 2020.- 3 noyabr.- S.13.