Bir ümid üçbucağını
Bermud üçbucağına çevirmiş riyanın
qalibi
Sözlər də diri varlıqlardır. Onların da rəngi,
dadı, ətri, mülayimi, sərti, nəfəsi təngiyəni,
əsəbisi, sakiti var.
Adicə bir söz o qədər güc
daşıyır ki, yeri düşəndə insanın
ovqatını anlar içində dəyişə, sevinəni
pərişan, qəmlini şad edə bilir, sözün
hökmüylə insana elə qüvvət də gəlir ki,
selləri ram etməyə, dağı aşmağa qadir olur.
Onillər
idi bu millətin "Qələbə" sözünə,
"Zəfər" kəlməsinə çox, lap çox
ehtiyacı vardı.
"Fəth
etdik", "Düşməni əzdik",
"Torpağımızı azad etdik" sözlərinin
insana verdiyi təpərin, inamın, cəsarətin həsrətini
çəkə-çəkə bir nəsil
böyüdü, daha yaşlı nəsilsə qocaldı, bir
çoxları ürəyi nisgilli, həsrətlə həyatdan
getdi.
Sadəcə
kağız üzərində yazılan, sadəcə dilə
gətirilən, fikirdən, ürəkdən keçən
quruca söz kimi deyil, "Qələbə"nin, "Zəfər"in,
"Fəth"in döyüş meydanlarından
sıyrılaraq Azərbaycan insanının könlündə
fırtınalar oyatması nə xoşbəxt duyğudur!
Bu duyğu olmasa, insan kökdən düşmüş
tar kimi olar, soluxmuş gülə bənzəyər,
qurumuş çaya oxşayar.
İndi bu millət yatağına sığmayan nəhr
kimi daşır, hər yurddaşın daxilində bir Vətən
qeyrəti vulkanı püskürməyə hazırdır.
Bu millət
bir neçə ongünün ərzində bunca bütövləşibsə,
bunca mütəşəkkilləşibsə, çox səbəblərin
sırasında ən əvvəldə dayananlardan birincisi məhz
o sehrli sözlərin gerçəyinin hər Vətən
övladının ürəyində pöhrə verməsi,
hər kəsin varlığına "Biz
güclüyük!", "Biz qadirik!" qətiyyətinin
hakim kəsilməsidir.
Prezident
İlham Əliyev bu günlər boyu hər dəfə millətinə
müraciət edəndə, hər dəfə dünyaya
üz tutaraq cəsarətlə həqiqətimizi bəyan edəndə,
hər dəfə sarsılmaz bir qətiyyətlə "qələbə
qazandıq" söyləyəndə, "azad etdik"
sorağını çatdıranda, yeni zəfərlərin
ümidini verəndə millətini içəridən
böyüdür, bu xalqın sabahlar boyu qat-qat əzmlə
daha yüksək zirvələrə doğru can atmasına
möhkəm özül yaradır.
Millət iftixar edir ki, yenilməz, mərd öndəri
var, millət qürur duyur ki, onu zəfərə qovuşduran
sərkərdəsi var.
Bunlar bir xalqı millətə çevirən, uca edən
təməl kərpicləridir.
Tarixin
bunca keşməkeşli, örtülü burulğanlarla
daşan qəliz bir dönəmində millətinə etdiyi həmin
yaxşılığa görə, xalqı təzədən
dirçəltdiyi üçün Azərbaycan insanı vaxt
gedişiylə, bu xidmətin misilsizliyi, müstəsnalığı
daha çox anlanıldıqca, Prezident İlham Əliyevə
daha çox da minnətdar olacaq.
XX
yüzilin başlanğıcında Azərbaycana istiqlal
bağışlamış, millətə müstəqil
dövlətə sahib olmağın məsudluğunu qismət
etmiş qurucu babalar öz ali xidmətlərinin
yetərincə sadə, fəqət son dərəcə dəqiq
qiymətini də nəsihətli bir dərs kimi bizə yadigar
qoydular.
Sovet
lideri İosif Stalin Məhəmməd Əmin Rəsulzadədən
kinayə ilə "Bu ilyarımlıq hakimiyyətiniz
dövründə xalqa nə verə bildiniz?" soruşanda
o, daxili məmnunluq və qətiyyətlə zərbülməsəl
siqlətli cavabı dilə gətirmişdi: "Çox
şey verə bilmədik. Amma milli
azadlığın nə olduğunu başa saldıq. Azca da olsa milli istiqlalı dadızdırdıq.
Yüz illik əsarət dərsi ilə iki illik
hakimiyyət qovğası bizi özümüzə
tanıtdı".
Prezident İlham Əliyev çəkisi, mənası
etibarilə eyni şərəfli vəzifəni yerinə
yetirdi.
Bu millətə
"qələbə" sözünün şirinliyini
dadızdırdı, başa saldı ki, bizim
qarşımızda ən aşılmaz dağlar
düzülsə də, onları fəth etməyə qadirik,
anlatdı ki, bizim damarlarımızda 30 illik əsarət,
işğal zillətini bir ay içərisindəki zəfər
yürüşləri ilə sındıracaq qüdrət
QANı axmaqdadır və bir daha millətin
böyüklüyünü özünə tanıtdı!
Amma bu yol
son dərəcə çətin, sıldırımlı bir
yol idi və Azərbaycana rəhbərlik etdiyi 17 ilin hər günündə
Prezident İlham Əliyev həmin müqəddəs məqsədinə
doğru irəliləyib, bu amalına yetişmək
üçün addım-addım iş görüb, tədbirlər
töküb.
Bu zəfərli günlərə gəlib
çatmaqçün güclü ordu yaratmaq, qabil əsgər
yetişdirmək, ən müasir silahlara yiyələnmək,
bunları edə bilməkçünsə iqtisadi cəhətdən
güclənmək, dünyadakı nüfuzu durmadan
artırmaq, haqq işimizin hüquqi bünövrəsini
ardıcıllıqla yaradıb möhkəmləndirmək gərək
idi.
Lakin hətta bütün bunların hamısı olsa idi
belə, onların umulan bəhrəni verə bilməsinə
qarşı duracaq aşılması mümkünsüz kimi
görünən maneəni adlamaq lazım idi.
Prezident
İlham Əliyevin ən böyük QƏLƏBƏsi
qarşımızda Çin deyil, cin səddi kimi 27 il dikələn həmin müdhiş
barını, həmin ÜÇQAT zirehli siyasət
barikadasını
yarmasıdır!
İllər
boyu Azərbaycan insanı, yalnız
qaçqınımız-köçkünümüz yox,
böyüklü-kiçikli hamımız, Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatının -
ATƏT-in Qarabağ düyününü çözmək,
Ermənistan-Azərbaycan münaqişəsinin həll etmək
məqsədilə yaradılmış Minsk qrupuna bir ümid
yeri kimi baxmışıq.
Əvvəlcə Minsk Konfransı adı ilə 1992-ci
ildə yaradılsa da, 1994-cü ildə həmsədrlik
institutu təsis edildi, bu quruma münaqişənin həlli
yolunda çalışmaqçün xüsusi mandat verildi və
1997-ci ilin lap başlanğıcından - yanvarın 1-dən
həmsədrlik 3 böyük dövlətin əlində cəmləşdi.
Və əslində
bunca mötəbər, zahirən hər çətin beynəlxalq
məsələni həll etməyə qadir təsiri
bağışlayan ABŞ, Rusiya, Fransa
üçlüyünün tezliklə qanayan yaraya əncam qılacağına
xalqın da, dövlətin də ümidləri böyük
idi.
Başladılar gəlməyə-getməyə,
müzakirələr aparmağa, tərəfləri
görüşdürməyə, sənədlər
hazırlamağa.
Hər təzə görüşə təzə
ümidlərlə baxdıq və illər bir-birini əvəz
edib onillərə çevrildi. İş o yerə
çatdı ki, bunca mühüm səlahiyyətlər
verilmiş, bunca böyük dövlətləri təmsil edən
həmin quruma bəslənən ümidlər tədricən
söndü və ona bir məsxərə ünvanı kimi
baxılmağa başlandı.
Di gəl, məsxərə yeri deyildi, bu gedişat
asta-asta bir tragikomediyaya döndü. ATƏT-in Minsk qrupunun
komediyalılığı onda idi və ondadır ki, bu təsisat
həmsədrlərin bitməz və nəticəsiz turist səfərləri
qurumu kimi bədnam şöhrət qazandı, tragediyası isə
onda idi və ondadır ki, həmsədr nəhənglərin
özlərinin məsələyə əncam çəkməmələri
cəhənnəm, bütün prosesi iflic vəziyyətinə
salıb yerində saymaq oyunu halına gətirdilər.
Nə sülh, nə müharibə, hər şey donub
qalmış, havadan asılı vəziyyətdə. Rəsmi beynəlxalq
sənədlərdə ərazilər Azərbaycanın, amma
reallıqda Ermənistanın nəzarətində. Məqsəd nə idi? - Onilləri elə bu
minvalla yola vermək, insanları bu gerçəkliyə
alışdırmaq, haçansa zamanı yetəndə də
Azərbaycanı mövcud vəziyyətlə
barışmağa sövq etmək.
Böyük
alman mütəfəkkiri İohann Volfqanq Getenin
yaxşı və pis münsifliyin mahiyyətini dəqiq
müəyyən edən müdrik fikri var. Söyləyib ki,
cəza verməyi bacarmayan hakim əvvəl-axır cinayətkarın
şərikinə çevrilir.
Kainatın
sonsuzluğunda bapbalaca olan bu dünyanın içərisində
ən böyüklərdən, ən güclülərdən,
ən sözükeçərlərdən olan 3 dövlət
30 ilə çatan bir müddətdə onlara rəsmi
münsiflik ixtiyarı verildiyi halda etməli olduqlarını
qanun çərçivəsində etmirlərsə, bir
ölkəni o biri ölkənin işğalına
alışdıraraq nəhayətdə "qismət"lə
barışmağa yönəldirlərsə, göz
qarşısında olan cinayəti sanki sonsuza qədər
uzatmağı qəsd edirlərsə, onlar elə həmin məkrin
ortağına çevrilmirlərmi?
Xatırlayıram,1993-cü ilin 28 iyulunu. Heydər
Əliyev Azərbaycan Ali Sovetinin Sədri yenicə
seçilmişdi və o zamanAvropada Təhlükəsizlik və
Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Minsk
Konfransının sədri olan Mario Rafaelli ilə
görüşü olmalı idi. İndiki
Milli Məclis binasına Heydər Əliyevin
tapşırığı ilə çoxlu jurnalist dəvət
edilmişdi. Qonaq görüşə
gecikirdi. Həm də bu gecikmə dəqiqələr
yox, saatlar çəkdi. Axşam
saatları idi, jurnalistlər hamısı yorulmuşdu və rəsmi
qonağın belə yubanmağı hər kəsdə
narazılıq yaratmış, Mario Rafaelliyə kəskin
suallar verməyə kökləmişdi. Bu
ovqatı, təbii ki, tükü tükdən seçən
Heydər Əliyev də hiss etmişdi və nəhayət ki,
gəlib çıxan qonağı yarızarafat-yarıciddi
xeyli divara sıxışdırdı. Mətbuat
nümayəndələri də həmin ritmi dərhal tutub sərt
suallar yağdırdılar. Ancaq diplomat
yayğın cavablarla sivişib bu sualların altından birtəhər
çıxdı və o görüşdən yaranan
ağır təəssürat son dərəcə narahat məsələyə
qeyri-ciddi münasibətin varlığı idi.
Sonra illərcə
"Amerikanın səsi" radiosunun müxbiri kimi Prezidentin
bu qəbil bütün görüşlərini izlədiyimdən
unudulmaz Heydər Əliyevin Minsk qrupunun həmsədrləri
ilə çox sərt danışıqlarının, ən
tikanlı tənqidlərinin şahidi olmuşam, ondan sonra da
eyni tərzdə Prezident İlham Əliyevin.
Zaman keçdi, çox şeylər dəyişdi, amma
başlanğıcdakı süst yanaşma üslubu dəyişmədi
ki, dəyişmədi. Bir mürgüdöymə Minsk qrupunun həmsədrlik
institutuna həmişə xas oldu.
3 onilliyə sığışan müddətdə
ATƏT-in Minsk qrupu bizə ümidlərimizi azacıq da olsa
doğuracaq heç bir töhfə vermədi. Ermənilərəsə hər
halda məhz bu süründürməçiliyin
faydasını əməlli-başlı hiss etdirdi. Həm də bütün başqa
üstünlüklərdən savayı, həmsədrlər
Ermənistana perspektiv üçün
üstüörtülü bu ümidi də vermiş oldular
ki, uzana-uzana, donmuş qala-qala, sükunətdə ola-ola bu
münaqişə mahiyyətcə sizin, yəni ermənilərin
xeyrinə həll olunur.
Və görünür ki, məhz Minsk qrupunun həmsədrləri
sarıdan arxayın olduqlarından getdikcə onların
ayaqları daha da möhkəm yer aldı, sözün
birbaşa mənasında, azğınlaşdılar,
harınladılar.
Bilavasitə müşahidəmdən belə qənaətə
gəlirəm ki, 2013-cü ildən sonra həmsədrlər
institutunun onların nəfinə olmayacaq hər hansı qəti
addım atacağına ermənilərdə əminlik
yarandı.
Haradan
yarandı, niyə və necə yarandı sualına hələ
ki yalnız hadisələr zəncirini izləyərək, erməniliyin
dayaqlarını göz önünə gətirərək məntiqlə
düşünən hər kəsin ağlına gələ
biləcək ehtimallarla şərti cavab vermək olar, lakin
günü çatacaq çox mübhəmlər aydına
çıxacaq, üzə duran, ifşa edən şahidlər
də tapılacaq.
2013-cü
ili isə ona görə ayrıca qeyd edirəm ki, yeni əsr
başlanandan, Avropa Şurasına üzvlüyümüzün
əvvəllərindən etibarən Parlament Assambleyasında
Ermənistanın Azərbaycana qarşı təcavüzü,
Dağlıq Qarabağ məsələsi ilə əlaqədar
mütəmadi sənədlər hazırlayır,
çıxışlar edir, qətnamələr qəbul
etdirirdik. Avropa Şurası Parlament Assambleyası (AŞPA) qarşısında
Azərbaycan və Ermənistanın həqiqi üzvlüyə
qəbul edilərkən əsas öhdəliklərindən
biri də elə bu məsələnin diplomatik vasitələrlə
həlli problemi idi,
2005-ci ilin yanvarında Assambleyada Ermənistanı
işğalçı kimi ittiham edən mühüm bir qətnamənin
qəbuluna da nail olmuşduq. Yəni bu
nüfuzlu təşkilat Ermənistana təsir göstərmək,
sanksiyalar tətbiq etmək hüququ və imkanları
olduğundan bizimçün çox əhəmiyyətli idi.
Lakin məhz 2013-cü ildən etibarən Ermənistan
nümayəndələri hər dəfə israr etdilər və
Avropa Şurası Nazirlər Komitəsinə yönələn
yazılı və şifahi suallarımıza verilən
cavablarda da vurğulanmağa başladı ki, bu problemlə
ATƏT-in Minsk qrupu məşğul olmalıdır və
olur, onların bununla bağlı xüsusi mandatı var. Beləliklə,
faktiki olaraq gerçəklikdə heç bir irəliləyiş
əlaməti daşıyan fəaliyyəti olmayan ATƏT-in
Minsk qrupu ilə pərdələnərək Avropa
Şurasının da təsirgöstərmə imkanları məhdudlaşdırıldı.
Çox çək-çevir etmədən də
yaranan ilk güman bu idi ki, Ermənistanın ATƏT sarıdan
beli bağlıdır, o səmtdən özlərinə hər
hansı narahatlıq gözləmirlər.
2020-ci
ilin savaş gedən sentyabr-oktyabr günlərinin Azərbaycanın
xeyrinə işləyən vacib bir cəhəti də ondan
ibarət oldu ki, dünya mətbuatının diqqəti
bölgəyə yönəldi və xoşbəxtliyimizdən
bu dövrdə sözümüzü ən yüksək səviyyədə
deyə, dünyanı həqiqətlərimizə inandıra,
düşmənin əsl simasını və
saxtakarlığını ifşa edə, ATƏT-in Minsk qrupu
həmsədrlik institutunun iç üzünü silsilə
müsahibələrində bitdə-bitdə aça bilən
İlham Əliyev kimi yalnız güclü, mətin, iradəli
dövlət başçımız deyil, həm də onun
şəxsində bunca misilsiz diplomatik qüdrəti, natiqlik
istedadı, incə polemika məharəti ilə verdiyi
müsahibələrin hamısında hər dəfə yeni təsirli
qələbə qazanan parlaq Mərkəz Hücumçumuz
oldu.
Kadr
arxasında, həmsədr ölkələrin - ABŞ, Fransa,
Rusiyanın rəhbərliyi ilə birbaşa təmasları və
müzakirələrində qaldırdığı suallar
öz yerində, amma bütün dünyaya açıq olan
reytinqli telekanalların, informasiya agentliklərinin vasitəsilə ötkəmliklə, qətiyyətlə,
nizamlı ardıcıllıqla, heç nəyi ört-basdır
etmədən söylədikləri yetərincə gərgin
olan vəziyyəti xeyrimizə kökündən dəyişdi.
Rusiyanın
"İnterfax" agentliyinə müsahibəsində
Prezident İlham Əliyev o günə qədər bir
neçə dəfə ATƏT-in Minsk qrupuna verdiyi sırf mənfi
xasiyyətnaməni yenidən ifadə edirdi, ilk növbədə
bunları həmsədr ölkənin auditoriyasına, həm
də bütün dünyaya ötürürdü: "Minsk
qrupu özünü doğrultmadı. Özü də əgər
Minsk qrupunun həmsədrləri hansısa başqa ölkələr
olsaydı, bunu hələ onunla izah etmək olardı ki, o
ölkələrin dünyada kifayət qədər təsir
qüvvəsi yoxdur, hətta BMT Təhlükəsizlik
Şurasının onların özlərinin qəbul etdikləri
qətnamələrini reallaşdırmaq üçün
kifayət qədər nüfuzu yoxdur. Lakin Minsk
qrupunun həmsədrləri BMT Təhlükəsizlik
Şurasının üç daimi üzvü, üç
nüvə dövləti olduğu halda onların Ermənistana
təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə,
çoxlu suallar doğurur".
Oxşar
haqlı və əsaslı ittihamı Prezident İlham
Əliyev elə həmin ərəfədə kameralar
qarşısında digər həmsədr ölkələrin
- ABŞ-ın da, Fransanın da jurnalist təmsilçilərinə
eyni çılpaqlıq və sərtliklə söyləmişdi,
ən əvvəl həmsədr olduğu üçün bitərəf
mövqe tutmalı Fransa dövlət
başçısının aşkarca erməniçi
mövqeyində dayanmasını, münsiflikdən vəkilliyə
keçməsini, Azərbaycana yolverilməz təzyiq təşəbbüslərini
ən cod ifadələrlə qınamış, saxta ittihamlara
qarşı danılması çətin olan ittihamlar irəli
sürmüşdü.
Hərçənd
məşhur Taleyran "Diplomata dil düşündüklərini
ifadə etməkçün deyil, fikrindəkiləri gizlətməkdən
ötrü verilib" söyləyib, ancaq anı gələndə
susmamaq, cürət taparaq gerçəkləri
hamınınkılaşdırmaq, həm də bunu
ağılla, səriştə ilə edə bilmək səninlə
döş-döşə gələn çox qüvvələri
yerində oturda, özünü yığışdırmağa vadar edə bilir.
Məhz belə bir qədər riskli, amma dəqiq
hesablanmış gedişləri ilə Prezident İlham
Əliyev namümkünü mümkünə çevirə,
yolunun üstündəki xeyli bədheybət barıları kənarlaşdıra
bildi.
Aydın məsələdir ki, lap əvvəldən Azərbaycan
tək Ermənistanla yox, dünya erməniliyi və onlara
havadar qüvvələrlə qarşı-qarşıya idi.
Ermənistanda 2 milyona yaxın əhali vardı. Son dövrlərdə
baş götürüb bu səfalət məskənindən
çıxıb gedənlərin, ölkədə get-gedə
dərinləşən böhranlardan canını
qurtaranların üstünə indiki müharibədəki
ölənləri də artırsaq, həmin miqdar bir qədər
də azaldı. Sətəlcəmli təfəkkürlə
dövləti batinindən dağıdaraq yaxın zamanda tam
çöküş və iflasa gətirib
çıxarmasalar, Ermənistan bir müstəqil, ya müstəqiləbənzər
ölkə kimi qalmaqda davam etsə, indiki davada cavan nəsil
arasındakı iri sayda itkiləri nəzərə almaqla gələcəkdə
onlarda əhali lap tükənəcək.
Amma "bəh-bəh"lə çox illər öncə
sülh yaratmaq kimi nəcib niyyətlə təsis edilmiş
ATƏT-in Minsk qrupunun 3 həmsədr ölkəsində ermənilərin
sayı Ermənistandakından iki dəfə çoxdur. Rusiyada 2
milyon, Amerikada milyon yarım, Fransada yarım milyon. Doğrudur, bu rəqəmlər o nəhəng
ölkələrin ümumi əhali sayı içərisində
cüzi göstəricidir, bəs nəyə görə onlar
belə qızğın erməni təəssübkeşi
olublar?
Təbii, erməni lobbisinin uzun əllərinin girə
bildiyi nöqtələr ziyadədir və ona görə də
hər künc-bucaqda erməniyə qahmardurma mütləq
şəkildə var.
Ancaq bu üçlükdəkilə elə dünya
gücləridir ki, iradə göstərsələr, onlara nə
bir diaspora təsir edər, nə də hansısa başqa
qüvvə.
Bunu etmirlərsə, demək, işin içində iş
var, demək, bundan da başqa məqsədlərlə,
hansısa təzyiq vasitəsi kimi istifadə etmək niyyətindədirlər.
Artıq
lap çoxdan hər kəsə aydındır ki, onların
bu məsələni həll etmək həvəsi yoxdur. Belə bir məram olsaydı, haçandan bəri ən
zəruri addımlar da atılardı, uzun illər davam edən
yorucu danışıqlar nəticəsində ortaya
qoyulmuş alababat şərtlərə belə əməl
etməyən Ermənistana qarşı cəza tədbirləri
də görülərdi. Bu edilməyibsə,
elə Gete deyəndir ki, var. Onlar cinayətkarın şərikinə
çevriliblər.
Ən azı məntiqin anlatdığı gerçək
budur. Dərinə gedilərsə, hələ nə qədər
başqa astarı üzə çevirən sübutlar da
tapılar.
ABŞ nə böyüklükdə, Ermənistan nə
cılızlıqda. Amma mənzərəyə fikir verin.
ABŞ
Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi
Robert Çarlz O`Brayen Azərbaycanın tam qələbəni
əldə etməyin
astanasında olduğu, Ermənistanın nəfəsinin
tıncıxdığı əsnada ABŞ-ın işə
qarışmasına, birbaşa yox, əl altından
müdaxiləsinə səsləyir.
Bu həmin
Brayendir ki, oktyabrın 25-də bəyan edirdi: "Ermənistan
atəşkəsi qəbul edib, Azərbaycan yox". Bu həmin
Brayendir ki, Ermənistanın baş naziri ilə telefon
danışığından sonra öz
"Twitter"hesabında yazırdı ki, hücum əməliyyatlarının
ağırlığından erməni xalqı daha çox əziyyət
çəkib.
Halbuki hücumu edən elə Ermənistanın
özü olub.
Və uduzmaqda olan, eyni zamanda atəşkəsi pozmaqdan
da usanmayan Ermənistana nicat üçün cəhd, bizim qələbəli
irəliləyişlərimizə pəl vurmaq məqsədilə
"Bu münaqişənin müharibə yolu ilə həlli
yoxdur" deyirdi. Bu həmin Brayendir ki, öz "Twitter"səhifəsində
guya Türkiyənin Azərbaycana yardım etməsinə
işarəylə "Azərbaycan üçüncü
aktorların məsələyə qarışmasından
çəkinməlidir" yazırdı.
İndi başqa hava çalır, "Minsk qrupu çərçivəsində
danışıqlara qayıtmaq gərəkdir" söyləyir.
Onu narahat edən nədir? Deyir ki, Azərbaycan bir sıra
strateji şəhərləri tutaraq irəliləyib, ordu yeni ərazilər qazanmaqda davam
edir, neft gəlirləri hesabına müasir silahlar əldə
edib, ordu Türkiyənin köməyi ilə yaxşı təlim
keçib və belə görünür ki, Azərbaycanın
hücum əməliyyatlarını dayandırmaq niyyəti
yoxdur.
"Biz
neytral vasitəçi ola bilərik"
deyir. Əcəb neytrallıqdır.
Eynən arxada qalan 27 ildə Minsk qrupu çərçivəsindəki
neytrallıq sayaq.
O,
münaqişə bölgəsinə Danimarka, Finlandiya, Norveç
və İsveçdən ibarət Skandinav sülhməramlı
silahlı qüvvələrini gətirməyi fərz edir.
Hər halda bunları hələ ki ermənilərdən
səs almaq naminə seçki təbliğatı qismindən
olan çağırışlar sayaq. Düşünürəm,
Ağ Ev sarıdan belə erməniçi yanaşmaların
ömrü noyabrın 4-də, seçki gününün ertəsi
də bitəcək. Amma istənilən
halda bu növbəti dəfə həmsədr ölkənin
hansı ədalətin sahibi olmasını, tərəflərə
necə fərqli münasibət bəsləməsini gün
işığına çıxaran daha bir əşyayi-dəlildir.
Elə
belə-belə sualoyadıcımətləbləri nəzərə
alaraq Prezident İlham Əliyev oktyabrın 28-də həmin
"İnterfax"a müsahibəsində əslində
çəkicə çox ağır olan bir uğurumuzu - nəhəng
üçlüyü, nəhayət ki, silah-sursat verməkdən
tutmuş açıq siyasi dəstəyə qədər tərəfkeş
mövqedən çəkindirməyə müvəffəq
olduğunu bəyan edirdi: "Həmsədr ölkələrdə
çox strukturlaşdırılmış və fəal erməni
icmalarının mövcud olmasına biz həmişə
anlaşıqlı münasibət bəsləmişik. Amerikada da, Fransada da, Rusiyada da. Biz
hətta bu vəziyyəti təhlil edəndə onların qərarların
qəbuluna daha çox harada təsir etmək imkanını
müəyyənləşdirməkdə çətinlik
çəkirik. Buna görə biz həmin
amili həmişə nəzərə almışıq və
indi də nəzərə alırıq. Birinci
mərhələdə, hərbi toqquşmaların ilk günlərində
bəzi sapmalar bizdə bitərəfliyə şübhə
oyadırdı, indi isə, düşünürəm ki,
bütün bunlar qaydaya düşüb. Həmsədr
ölkələrin ali rəhbərliyi ilə
mənim əlaqələrim, habelə, əminəm, - Azərbaycanın
aldığı beynəlxalq dəstək indi
gördüyümüz bitərəfliyə gətirib
çıxarıb".
Prezident İlham Əliyevin həmsədr ölkələr
tərəfindən bitərəfliyin qaydaya düşməsi
barədə təvazö ilə dediyi bu sadə sözlər
əslində Azərbaycan üçün taleyüklü bir
mərhələdə, qeyri-bərabər mübarizədə
qazanılmış elə nailiyyətdir ki, belə siyasi
şücaət bir dövlət rəhbərinin bütöv
ömrünü bəzəməyə yetər.
Oktyabrın
son günündə Prezident İlham Əliyevin Almaniyanın
ARD televiziya kanalına müsahibəsində yetərincə
ibrətli məqam var. Jurnalistin "Qarabağ
sizinçün niyə bu qədər önəmlidir?"
sualına cavabında dövlət başçımız
"Ən əvvəl ora Vətəndir, bizim
torpağımızdır, bu, milli qürur məsələsidir"
deyir və sözünü onunla tamamlayır ki, biz bu
mübarizəmizlə həm də "...ədaləti bərpa
edirik və biz BMT Təhlükəsizlik Şurasının 27
il ərzində kağız üzərində qalan qətnamələrini
icra edirik", yəni bu ali qurumun düşmüş
hörmətini qaldırırıq.
Təbii, çox keçməyəcək, dünyanın çox belə təşkilatlarının ayağı, nəhayət ki, işğaldan azad olunmuş ərazilərimizə dəyəcək və onda şahid olacaqlar ki, Ermənistan insana yaraşmaz hansı qəddarlıqla torpaqlara necə dağ çəkib.
Gəlib görəcəklər ki, ermənilər yalnız işğal etdikləri torpaqlarımızın üstünü xarabalıqlara çevirməyiblər. Onlara köhnədən xas olan göstəbək xisləti ilə torpağın altını da eşim-eşim ediblər. Arxada qalan 30 ilə yaxın müddətdə zəbt olunmuş torpaqlarda onların əsas quruculuq işləri elə siçovulsayaq saysız lağımlar atmaq imiş. Kilometrlərlə uzunluğu olan şübhəli (və vaxtı yetişəndə bir ucunun hara gedib çıxması, təyinatı bütün yönləriylə ciddi araşdırılmalı) tunellər quraşdırıblar, kahalar qazıblar, istehkamlar tikiblər.
Çünki nə qədər ağılsız, ölçü hissini itirmiş olsalar da, hər halda dərk edirmişlər ki, bu yerlərdə müvəqqətidirlər, geci-tezi var, qisas saatı yetişəcək, buralardan rədd olub gedəcəklər və yerin altında eşələnməkləri də onunçünmiş ki, günlərin birində göydən başlarına od ələnəndə siçan kimi həmin deşiklərə təpilsinlər.
Rəhmətlik Maqsud İbrahimbəyov ermənilərin yerin üstündən çox torpağın altında özlərini daha rahat hiss etmələri haqqında özünə xas yandırıcı istehza ilə deyirdi ki, dünyanın bütün xalqlarından fərqli olaraq, ermənilər torpağın üstündə deyil, yerin altında törəyib artırlar. Belə olmasaydı, onların guya haçansa soyqırımına uğradılmış ölülərinin sayı ildən-ilə belə sürətlə çoxalardımı?
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qalibiyyətlərinin arxasında dayanan başlıca səbəblərdən biri də odur ki, dövlətimiz əvvəl-axır başlanması labüd olan savaşa erməni məkrinin hər üzünü ayrıntıları ilə hesablayaraq, həm siyasi, həm də hərbi istiqamətin hər çalarını nəzərə alaraq hazırlaşıb.
Bir çox həlledici döyüşlər geridə qalarkən, bir aylıq hərbi əməliyyatlardan sonra təhlil və müşahidələr əsasında artıq müəyyən qənaətlərə gəlmək mümkünləşərkən Prezident İlham Əliyev oktyabrın 28-də "İnterfax" agentliyinə müsahibəsinədə bəzi təfərrüatları açırdı: "Sanki hansısa gəmiricilərdir. Onlar orada hər yeri qazıblar. Aralarında yollar olan, uzunluğu kilometrlərlə ölçülən tunellər var. Siçovul yuvalarına oxşayır. Səs eşidən kimi oraya girirlər. Hər bir artilleriya topunun "siçovul yuvası" var. Buna görə müasir texnika olmasa, bunları məhv etmək çox çətin olardı və bu, çox böyük insan tələfatına gətirib çıxarardı!"
... Dinc əhalinin başına bombalar yağdırmağa vərdiş etmiş ermənilər öz quduz şakərlərinə uyğun olaraq indi də Şuşanın meşələrini oda qalayıblar. Anlayırlar ki, artıq kirli caynaqları bu gözəl yurdlardan qopmaq üzrədir, axırıncı zəhərlərini tökürlər, vura biləcəkləri son ziyanı törədirlər. O məsum ağacları yandırmaq ermənilərin körpələrimizi, uşaqlarımızı, məktəblilərimizi öldürməsinə bərabər və bağışlanması mümkünsüz cinayətlərdir. 1988-ci ildə onların Topxanada ağaclara çaldıqları baltaların əks-sədası bugünədək eşidilməkdədir və aralıqdakı onillər boyu nə qədər faciələr yaşandı. Bu gün ermənilərin düçar olduqları elə həmin ağacların ahıdır ki, onları tutub. İndi yandırılan meşələrin alovu bütün gələcək boyu onları qarsacaq, bu kösəvə dönən ağacların tüstüsü çox uzaq sabahlarda da çox gözləri göynədəcək.
Tarixin məhkəməsi səbirli, lakin vədəsi yetişəndə verdiyi hökmlərində həmişə güzəştsiz, amansızdır.
Köhnə minildən təzə minilə keçməməli olan, yüzminlərlə insanın bədbəxtliyinə bais olan bu müsibətlərin bunca uzanmasına rəvac vermiş, münsif olmalıykən daim tərəzinin bir gözünü əymiş cavabdehlərdən də haqq-hesabın sorulacağı saat, inşallah ki, yetişəcək!
Tarixin dronları həmişə çox üstdən baxıb çox dəqiq görür və nişan aldığı hədəfi nə əfv edir, nə də layiq olduğu cəzanı verməmiş buraxır.
İllər illərin üstünə qalaqlandıqca Üçbaşlı əjdahanın ixtiyarı və inhisarında daha da pırtlaşıqlaşaraq açılmazlaşan məkr kələfinin Qordi düyününü qırmaq Prezident İlham Əliyevə nəsib oldu.
Cəbhədəki partlayışlardan, atəş gurultularından fərqli olaraq, səssiz, çox zaman görünməz gedən bu savaşda zəfər çalmadan müharibədəki uğurlar da baş tutmaz, uzaqbaşı yarı yolda qalardı.
Bu bir zəka, iradə döyüşü idi ki, qarşıdakı nəhəng gücləri ram etmək, tərəf tutmamaq həddinədək gətirib çıxarmağa nail olmaq elə yaylım atəşləri altında Şuşanı azad etməyə, Laçını, Kəlbəcəri yağıdan təmizləməyə bərabərdi.
Milyonlarla insan yüzillər uzunluqlu 30 ilə yaxın müddət boyunca öhdəsinə ali hakimlik məsuliyyətini götürmüş üç nəhəngə BİR ÜMİD üçbucağı kimi baxsa da, haqq-ədaləti, insafı, həqiqətləri udan çıxılmaz BERMUD üçbucağına çevrilmiş riyakarlıqlarla qarşılaşdı.
Elə bir xəyal qırıqlığı yarandı ki, sanki şərin haçansa yeniləcəyinə daha inam da qalmamışdı.
Prezident İlham Əliyev bunu bacardı, Riyaya Qalib gəldi!
Görünməz cəbhədə zəfər çaldığından müharibə meydanında da Fatehə döndü, MÜZƏFFƏR oldu!
Əlbəttə ki, Qarabağ Azərbaycandır! Bizimkidir, belə olub, belə var, əbədiyyət boyu da belə qalacaq!
31 oktyabr, 2020
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2020.- 3 noyabr.- S.6-7;10.