"Bu savaş düşüncədə,
davranışda, beyinlərdə yeni mühit yaratdı" -
Müsahibə
QULU
MƏHƏRRƏMLİ: "SENTYABRIN 27-DƏN BAŞLANAN
HADİSƏLƏR PREZİDENT İLHAM ƏLİYEVİN
TİMSALINDA BİZƏ MÜHARİBƏ
ŞƏRAİTİNDƏ DÖVLƏT BAŞÇISININ
ROLU, DAVRANIŞI NECƏ OLMALIDIRSA, ONU GÖSTƏRDİ"
>
Qulu müəllimin doğulub boya-başa
çatdığı Zəngilanın işğaldan azad
olunması xəbəri isə, hörmətli ziyalımız
kimi hamımızı sevindirir, qürurlandırır.
Bu zəfər müjdəli günlərdə Qulu Məhərrəmli
ilə ölkəmizdəki hazırkı vəziyyətlə
bağlı həmsöhbət olduq.
***
- Qulu
müəllim, noyabrın 2-də sizin 66 yaşınız
tamam oldu, bu münasibətlə sizi ürəkdən təbrik
edir, cansağlığı arzu edirik. Sözsüz
ki, bu doğum gününüzə ən böyük hədiyyə
Zəngilan rayonunun düşmən tapdağından azad
olunması xəbəri idi. 27 illik həsrətinizə
son qoyuldu, doğma torpağınız Kovsakan adından xilas
olundu. Nə hisslər keçirirsiniz?
-
Çox təşəkkür edirəm. Mənə
elə gəlir ki, vətən hissi ən
aşağısı iki qatdır. Bunun birincisi,
sözün geniş mənasında yurd duyğusudur. İkincisi də,
bir az dar mənada götürsək, hər
kəsin doğulduğu bir məkan, kənd, şəhər
deməkdir. Əslində, bunlar bir-birindən
ayrı deyil, bədənin bir hissəsidir. O mənada,
bu gün mən təkcə Zəngilanın deyil,
Füzulinin, Cəbrayılın, Qubadlının, Hadrutun da
işğaldan azad olunmasına sevinirəm. Bu
hissi nə qədər sözlə təsvir eləməyə
çalışsam da, bütün çalarları ilə
ifadə etmək mümkün deyil. Ona
görə də bu vətən hissi bizi o qədər birləşdirib
ki, Ali Baş Komandan işğaldan azad olunan kəndləri
elan edəndə eyni anda bütün Azərbaycanda insanlar
yerindən qalxaraq əl çalır. Vətən
sevgisinin özü də iki səviyyədə üzə
çıxır. Biri kortəbiidir, emosianaldır, bir az doğmalıq hissi kimi özünü
büruzə verir. O biri isə, əlbəttə, dövlətin
simasında şüurlu münasibətdir. Bu
gün bu hisslərin qarışığını
keçiririk. Doğulduğun yerin-yurdun
işğaldan azad olunması, təbii ki, bu, bir duyğu
yaradır. Amma geniş mənada sənin vətənin
işğaldan azad olunur, sənin dövlətinin, millətinin,
xalqının heysiyyəti dirçəlir, nüfuzu
qalxır, dünyada sənə hörmət artır. Bax, bunları yaşamaq çox qürurludur. Adamın bu hisslərlə sanki ömrü
uzanır, əlavə enerji aldığı hiss olunur.
- Siz hər
iki Qarabağ savaşının şahidi olmuş
ziyalısız. Birinci Qarabağ
savaşından İkinci Qarabağ savaşına qədər
Azərbaycan böyük bir tarixi prosesdən keçdi. Sizcə, bugünkü zəfərlərin səbəbi
nədir?
- Birinci Qarabağ savaşı da sözün həqiqi mənasında
millətin sınaqdan keçdiyi bir dövr idi. Onun da özünün
çox böyük üstünlükləri var idi: milləti
ayağa qaldırmaq, vətən uğrunda savaşa
çıxmaq. Təsadüfi deyil ki, iyirmi minə
yaxın insan o müharibədə canını qurban verib.
O zaman Azərbaycan müstəqilliyə təzə qədəm
qoymuşdu, heç gözünü açmağa imkan
tapmamışdı, ordu formalaşdıra bilməmişdi.
Biz birdən-birə çox hazırlıqlı olan iki
düşmən qarşısındaydıq: Ermənistanın
və onun arxasında dayanan ölkənin. İndi
Azərbaycan inkişaf edib, kamil bir dövlətdir. Bütün sahələrdə institutlaşma gedir.
Baxın, işğaldan azad olunan torpaqlar barədə
Prezident dərhal sərəncam imzalayır, komendantlıq təyin
olunur, infrastrukturun yaradılması
planlaşdırılır. Yəni bunlar
hamısı onu göstərir ki, bir dövlət mexanizmi
işləyir, sistem vahid bir mərkəzdən idarə olunur
və bunun arxasında da Azərbaycan xalqının iradəsi,
onun dövlət başçısı dayanır. Bu gün Azərbaycanın çox döyüşkən,
kamil ordusu var. Ən başlıcası, bu gün xalqın və
cəmiyyətin birliyi var. Siyasi əqidəsindən, sosial
statusundan asılı olmayaraq hamı yumruq kimi düşmənin
üzərinə yeriyir. Bu birlik bizi
çox qürurlandırır. Əks-hücum
tədbirləri başlanan gündən cəmiyyət
özü dəyişib. Bu savaş
düşüncədə, davranışda, beyinlərdə
yeni bir mühit yaradıb. Mənə elə
gəlir ki, Birinci Qarabağ savaşında bunlar yox idi. Cəmiyyətin içində parçalanma,
müxtəlif siyasi baxışlar var idi. Bu gün
hamını birləşdirən bir dəyər var. O da milli
düşüncə, ölkənin ərazi
bütövlüyü və Qarabağdır..
Hamı bu gün dərk edir ki, Vətən
uğrunda ölüm həyatın davamıdır. Zəfərimizin də, qalibiyyətimizin də səbəbi
budur. İnşallah, biz digər əraziləri
də işğaldan azad etdikdən sonra bu barədə daha
geniş və ürəklə danışa biləcəyik.
- Cəbhədə
qızğın döyüşlər getdiyi bu günlər
proseslərin peşəkar səviyyədə
işıqlandırılıb-işıqlandırılmamasından
söz düşəndə tez-tez jurnalistlərimizi səriştəsizlikdə
günahlandırırlar. Siz necə
düşünürsüz, KİV-də əks olunan
Qarabağ mövzusu ürəkaçan səviyyədədirmi?
- Bəzən
insan bəzi nöqsanlara bilərəkdən göz yumur. Amma mətbuatda oxuyuram ki, bizim jurnalistləri səriştəsizlikdə
günahlandırırlar. İndi peşə
marağı tələb edir ki, biz müdafiə olunaq. Yəni deyək ki, yox, belə deyil, hər şey
yüksəkdir. Əlbəttə, hər
şey yüksək səviyyədə olsaydı, çox
ürəklə danışmaq mümkün olardı. Hesab edirəm ki, bizim jurnalistikamızın müəyyən
problemləri var. Məsələn, cəbhə bölgəsində
hadisə baş verəndə insanlar düşünür ki,
niyə bunu Türkiyə televiziyaları birbaşa
yayımlayır, amma Azərbaycan televiziyaları çevik
deyil. Əlbəttə,
reportyorlarımızın hamısının peşəkarlıq
səviyyəsi eyni deyil. Bu o deməkdir ki,
gələcəkdə jurnalistika fakültələrində
ekstremal şərait üçün yeni kadrlar
hazırlanmalıdır. Necə ki, bu
gün biz idman jurnalistləri, mədəniyyətdən, siyasətdən,
iqtisadiyyatdan yazan jurnalistlər hazırlayırıq, eləcə
də, müharibə şəraitini işıqlandıra bilən
ixtisaslı kadrlar hazırlamalıyıq. Sabah
başqa bir qaynar nöqtədə hansısa bir hadisə
olanda reportyor ora gedib hadisəni işıqlandıra bilsin.
Bizim jurnalistikamızın yaddaşında bu
ekstremal reportyorluq var. Vaxtilə Çeçenistanda
müharibə gedəndə Qərb ölkələri
üçün hadisəni, əsasən, Azərbaycan
jurnalistləri işıqlandırırdılar. Məncə, o ənənəni bərpa etmək
olar. Əlbəttə, arzulanandır ki,
bizim televiziyaların, medianın səviyyəsi yüksək
olsun. Amma obyektiv səbəblərdən,
o cümlədən, uzun illər Azərbaycanda informasiya siyasətini
aparan insanların yarıtmazlığı, qeyri-peşəkarlığı
nəticəsində bizim mətbuatımız lazım olan səviyyədə
dayana bilmir, cəmiyyətə lazımlı xidməti
göstərməyi bacarmır. Yəqin
ki, gələcəkdə bu məsələlər həll
olunacaq.
- Bəzi
xarici jurnalistlər müsahibələr zamanı Prezident
İlham Əliyevə qərəzli suallar ünvanlayırlar.
Və Prezident çox tutarlı, faktlara əsaslanan
cavabları ilə hər şeyi aydınlaşdırır.
Qarşı tərəf isə bütün
çıxışları zamanı əsas məsələdən
yayınaraq ayrı yönlərə istiqamətlənir.
Həm də, bunlar jurnalistikanın yüksək
səviyyədə inkişaf etdiyi deyilən Avropa, Qərb
KİV-inin təmsilçiləri tərəfindən edilir.
Bu barədə nə deyə bilərsiz?
- Bəli,
suallar bəzən çox qərəzli, sərt
görünür, hətta etik həddi aşır. Məsələn, mən "Fox News"
televiziyasının müxbirinin suallarını o mənada həm
aqressiv, həm də qərəzli hesab edirəm. Amma önəmli sual deyil, önəmli ona verilən
cavabdır. Ölkə Prezidenti İlham
Əliyev bu müxbirlərin hamısının suallarına o
qədər məntiqli, düşünülmüş,
arqumentləşdirilmiş cavablar verir ki, bu, Azəraycanın
çevrəsində yaradılan yalan informasiya dumanını
dağıdıb keçib. Baxın Rusiya, Türkiyə,
Fransa, İtaliya, Yaponiya, Amerika televiziyalarında ard-arda
neçə-neçə müsahibələr efirə getdi. Jurnalistlərin suallarına verilən bu cavablar hər
biri böyük bir dərsdir. Məncə, bu cavablar həm
diplomatik düşüncə qabiliyyətinin ifadəsidir, həm
də siyasi prosesləri gözəl bilmək deməkdir. Sentyabrın 27-dən başlanan hadisələr
İlham Əliyevin timsalında bizə müharibə şəraitində
dövlət başçısının rolu,
davranışı necə olmalıdırsa, onu göstərdi.
Bu, real faktdır ki, ölkədə bir
çox şey dəyişib. O cümlədən, biz
ölkə Prezidentini tamamilə yeni ampluada gördük və
sevindik ki, nə yaxşı ki, bu şəraitdə siyasi
prosesləri bilən, yüksək diplomatik məharətə
malik və Qərbdən gələn təzyiqlərə
duruş gətirə bilən bir dövlət
başçımız var. Bunu tək mən demirəm, bunu hətta
vaxtilə prezidenti tənqid edən, daxili siyasətindən
narazı qalan insanlar da açıq şəkildə etiraf
edirlər. Mənim dostlarımın arasında
həm hakimiyyəti dəstəkləyən, həm əks cəbhədən
olan, həm də bəzi məsələlərdə neytral
qalan, amma bu gün özünü prezidentin yanında hiss edən
insanlar var. Bu, cəmiyyətdə dönüş
anıdır. Bu, ictimai düşüncənin
yeni bir səviyyəsidir ki, bizim üçün indiki halda qənimət
sayılır. Amma mən sualların bu
şəkildə qoyulmasından çox rəncidə olmuram.
Bir var ki, sən hansısa məsələni
ört-basdır edəsən, malalayasan, sonra səs başqa
yerdən gəlsin. Bir də var ki, sən
bu sualları verirsən və Prezident də bunu
cavablandırır. Məsələn, BBC-nin müxbirinin "Çətin
sual" verilişində, görün jurnalist Paşinyanı
nə günə saldı. Məlum oldu ki, nə
tarixi biliyi, nə də beynəlxalq hüquqa
bağlılığı var. Biz Prezident İlham Əliyevlə
onu bir tərəziyə qoya bilmərik. Ona
görə də, jurnalistin kəskin sual verməsinin bir mənada
da xeyiri ondan ibarətdir ki, Prezidentimiz faktlarla, arqumentlərlə
onu cavablandırır və dünyaya özünün
haqlı olduğunu sübut edir.
- Dediyiniz
kimi, Qarabağ müharibəsi şüurlarda yeni atmosfer
yaratdı. Müharibədən sonra bu haqda nəsə
yazmaq fikriniz varmı?
- Mən
hesab edirəm ki, təkcə əli qələm tutan jurnalistlər,
mənim kimi qələm adamları deyil, ümumiyyətlə,
elmi qavrayışı, tədqiqat qabiliyyəti olan insanlar bu
müharibə dövründə Azərbaycan xalqının
yüz illərə bərabər keçdiyi sınaq
anını, mənəvi bütövləşməni qələmə
almalıdır. Bunun elmi-fəlsəfi tərəfləri
aydınlaşdırılmalıdır. Bizim
alimlərimiz bu millətin sınaqlardan keçərək
möhkəmlənməsi üçün ruhi
oyaqlığından, dirçəlişindən irəli gələn
xüsusiyyətləri ciddi şəkildə təhlil etməlidirlər.
Bizim qələm sahiblərimiz bu proseslərin bədii
təcəssümünü yaratmalıdır. Mən döyüşən əsgərlərimizə,
onların valideynlərinə, cəbhəyə yola salma
anlarına, şəhidlərin həyat hekayələrinə
baxıram. Hərəsi bir romandır.
İndi yaranmış ruhu davam etdirmək
üçün də bu əsərlər önəmli rol
oynaya bilər. Mən isə Qarabağ
savaşı başlayandan daima mətbuatda yazmışam,
radiolarda çıxışlarım olub. Onları kitab şəklində çap etdirmək istəyirdim.
Amma indi bu proseslərə baxanda insanın beyninə
tamamilə yeni fikirlər gəlir. Ona görə də,
əlbəttə, bədii, sənədli, publisistik bir
kitabın olacağına ümidim var. Sonda qeyd etmək istəyirəm
ki, bu gün bizim müharibədə zəfərimizi şərtləndirən
bu millətin böyüklüyü, tarixən
qazandığı dəyərlər, bu gün nail olduğu
birlik, bizim qürur mənbəyimiz olan millətin vahid bədənə
çevrilməsi çox önəmlidir və biz bu kefiyyətləri
gələcəyimiz üçün yaşatmalı, gələcək
nəsillərə bu şəkildə ötürməliyik.
Nadir RZALI
525-ci qəzet.- 2020.- 4 noyabS.17.