"Gələcəkdə
köhnə filmləri
də rəngləməyi
düşünürəm"
NURLAN
ƏHMƏDOV: "İLK DƏFƏ
RƏNGLƏDİYİM FOTO MİLLİ QƏHRƏMAN
ALLAHVERDİ BAĞIROVUN FOTOSU OLUB"
" Rubrikamızın budəfəki
qonağı "Rənglənmiş
şəkillər" səhifəsinin
admini, həvəskar rəssam Nurlan Əhmədovdur.
Sosial şəbəkələrdə
şəxsi simasından
daha çox ərsəyə gətirdiyi
işlərilə tanınmağı
bacaran N.Əhmədov
tarixi şəxsiyyətlərə
aid ağ-qara fotoların
rənglənməsi ilə
məşğul olur. Son vaxtlar isə sosial mediada daha çox Milli Qəhrəman Çingiz Mustafayevin bir neçə fotosunu rəngləməsi
ilə yadda qalıb.
Söhbətə başlayanda əvvəlcə
ondan belə bir səhifə açmaq ideyasının
haradan gəlməsibarədə
soruşduq. Nurlan hər şeyin
uşaqlıq illərindən
başladığını, hələ balaca yaşlarında ailə fotolarını bərpa edərkən bu işə həvəsləndiyini
bildirdi.
Qalanını onun öz dilindən eşidək...
***
- Köhnə filmlərimizdən
olan kadrları, məşhur şəxsiyyətlərin
fotolarını həvəskar
kimi rəngləməyə
başladım, bunları
arabir öz şəxsi sosial media hesablarımda da paylaşırdım.
Sonradan niyə səhifə açmayım deyə, fikirləşdim və əl işlərimin daha çox insana çatması üçün bu səhifəni yaratdım.
- Sosial şəbəkələr bugünkü
fəaliyyətinizdə hansı
yeri tutur?
- Sosial şəbəkələr
fəaliyyətimin bütün
hissəsini tutmasa da, böyük hissəsini əhatə edir. Sosial mediadan istifadə etmək yararlıdır və hər kəs bu platformalardan
özünə sərfəli
şəkildə istifadə
etməlidir.
- Yəqin bu işlə
həvəskar şəkildə
məşğul olursunuz.
Bəs rəsmi qazanc yeriniz varmı?
- Bu işə həvəskar olaraq başlamışam,
hazırda özümü
bacardığım qədər
inkişaf etdirirəm.
Şəxsi şəkillərin
rənglənməsi, səhifədə
reklam və s. üsullarla qazanc əldə edirəm. Bundan başqa, fotomontajdan da qazanc əldə edirəm, rəsmi gəlirim də var.
- İşinizin texnikasından
danışardınız bir
az. Hansı prosedurlardan istifadə olunur?
- Əvvəlcə rənglənəcək
şəklin maksimum keyfiyyətdə olan və rənglənməyə
uyğun forması tapılır. Əgər rənglənməyə uyğun deyilsə, müxtəlif xüsusi proqramlar vasitəsilə şəkilin keyfiyyəti
artırılır və
rənglənməyə hazırlanır.
Bundan sonra rəng seçimi edilir. Bunu müxtəlif mənbələrdən
araşdırmaqla, bəzən
də şəkilə
uyğun gələn rəngi özüm seçməklə edirəm.
Sonra isə şəkil xüsusi proqramlar vasitəsilə hissə-hissə
rənglənməyə başlanılır.
Rənglənmə tam bitdikdən sonra,
şəkilin rəng,
işıq və digər göstəriciləri
uyğun səviyyəyə
çatdırılır. Kiçik düzəlişlər edilir
və tam hazır vəziyyətə gətirilir.
- İlk rənglədiyiniz şəkil hansı idi?
- Həvəskar olaraq rəngləməyə köhnə
ailə şəkillərindən
başlamışam. Amma ilk dəfə
tam olaraq rənglədiyim
şəkil Milli Qəhrəman Allahverdi Bağırovun şəkli
olub.
- Rənglənəcək fotoları
necə seçirsiniz,
haradan əldə edirsiniz?
- Rənglənəcək fotoları
müxtəlif fotoqrafların
internetdəki arxivlərindən,
internet üzərindən tanınmış
şəxslərin şəkillərini
axtarmaqla və ya sosial mediada
qarşıma çıxan
şəkillərdən seçirəm.
- Diqqət etmişəm, daha çox Milli Qəhrəman Çingiz Mustafayevin şəkillərini rəngləmisiniz.
Bunun xüsusi bir səbəbi varmı?
- Bəli, səhifədə
Milli Qəhrəmanlarımız
Çingiz Mustafayev, Allahverdi Bağırov və Albert Aqarunovun şəkilləri daha çoxdur. Buna səbəb
onlara həm özümün, həm də izləyicilərin sevgisidir. Səhifənin mesaj bölməsinə
də daha çox qəhrəmanlarımızın
şəklinin rənglənməsi
və bərpa edilməsi barədə istəklər gəlir.
Mən də sevərək əlimdən gələn
qədərini edirəm.
- Şəkilləri rəngləyirsiniz,
bəs filmləri də rənglənməyi
bacarırsınız?
- Filmlərdən olan şəkilləri rəngləyirəm,
səhifəmdə bir
neçə filmlərdən
rənglənmiş şəkillər
var. Bütöv filmi,
hansısa epizodu və ya ümumiyyətlə,
hansısa köhnə
ağ-qara videonu rəngləmək bildiyim
qədər uzun və əziyyətli prosesdir. Belə işləri insanlar
komanda halında müəyyən vaxt ərzində həyata keçirirlər. Ola bilər ki, gələcəkdə hansısa
filmin rənglənməsində
iştirak edim. Amma hələ ki belə bir təcrübəm
yoxdur.
- Mütaliə etməklə
aranız necədir?
- Vaxtım olan qədər müxtəlif
tarixi kitabları oxuyuram, lazım gəldikdə bəzi məlumatları da əldə
etmək üçün
kitablardan istifadə edirəm. Bundan başqa, daha çox tarixi, maraqlı və texnologiya
sahəsinə aid məqalələri
oxumağı sevirəm.
- Gələcəklə bağlı
hansı planlarınız
var?
- Hazırda İnformasiya texnologiyaları sahəsində
təhsil alıram, gələcəkdə rəsmlə
bağlı təhsil
almağı da planlaşdırıram.
Rəssamlıq müəyyən qədər əlimdən
gəlsə də, bunu inkişaf etdirməyə ehtiyacım
var. Bundan başqa, fəaliyyətimi genişləndirib
gələcəkdə müxtəlif
köhnə filmlərin
rənglənməsi barədə
də düşünürəm.
Günel ABBAS
525-ci qəzet- 2020.- 4 noyabr.- S.-25