AZƏRBAYCAN
RADİOSUNUN 94 YAŞI TAMAM OLUR
Azərbaycanda
ilk radionun fəaliyyətə başlaması tarixi 1926-cı il noyabrın 6-na təsadüf edir. Lakin ölkədə radio quruculuğunun əsası
daha əvvəlki illərdən qoyulub. Tarixdən bəllidir
ki, şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq
Cümhuriyyəti öz fəaliyyəti dövründə
milli dövlətçilik naminə dünyanın ən
inkişaf etmiş dövlətləri ilə beynəlxalq əlaqələrə
önəm verərək xarici mühitdə siyasi və
iqtisadi nailiyyətlərdən bəhrələnməyə
üstünlük verib. Əsas məqsədi ilk olaraq öz
müstəqilliyi ilə bağlı dünyaya informasiya
ötürmək barədə texniki imkanlara sahib olmaq istəyi olub. Buna görə də o dövrdə radionun əvəzsiz
vasitə kimi gərəkliyini düşünən AXC
hökuməti 1918-ci ilin iyulunda Gəncədə radiostansiya təşkil
edir. Sentyabrda Qafqaz İslam Ordusunun Azərbaycana köməyə
gəlməsi, ölkənin daşnaklardan xilas edilməsi nəticəsində
paytaxtda rabitə məqsədiylə Gəncə
radiostansiyasından istifadə olunurdu.
Tükənməz
neft ehtiyatları ilə zəngin olan yurdumuza beynəlxalq aləmin
xüsusi marağı olduğundan Azərbaycanda gedən
siyasi proseslər, AXC ilə münasibətlərin qurulmasına edilən
cəhdlər, milli hökumətə yaxınlaşmaq istəyi və sair siyasi gedişlər
gözlənilən idi. Eynilə dünyada
tanınmaq, dövlətlər arasında yerini nizamlamaq
amalı yeni qurulan milli hökumətimizin qayəsini təşkil
edirdi.
AXC liderlərini Fransadakı Eyfel qülləsində
quraşdırılan radiostansiya cəlb etdiyindən ilk olaraq
bu ölkə ilə əlaqələr qurulur. 1919-cu ilin
oktyabrında Fransanın Ticarət və Sənaye Nazirliyinin
nümayəndələri Demokratik Respublikanın
qonağı olarkən gənc və yeni qurulmuş dövlətə
öz dostluq təklifini bildirəndə ilk olaraq Azərbaycan
tərəfi radiostansiya quruculuğunda yardıma ehtiyacı
olduqlarını bildirir. Nəticədə bu ölkədən
xeyli radiorabitə avadanlığının alınmasına
nail olunur və hətta fransalı mütəxəssislər
stansiyanın quruculuğunda da iştirak edirlər.
1919-cu ildə Gəncədə radiostansiya fəaliyyətə
başlayır. 1919-cu ilin noyabrında Azərbaycan parlamentinin sədri,
Paris Sülh danışıqlarında AXC nümayəndə
heyətinə başçılıq edən
Ə.M.Topçubaşov ilk dəfə Eyfel qülləsindəki
radiostansiyadan Gəncə radiostansiyasına birbaşa
xətlə Azərbaycan Respublikası Nazirlər
Şurasının sədrinə teleqram göndərir və
xalqımızı iqtisadi və mədəni aləmdə
baş verən bu əlamətdar hadisə münasibəti ilə
təbrik edir. Eyni zamanda, AXC Berndə
(İsveçrə) yerləşən Ümumdünya
Poçt İttifaqına üzv olmaq üçün ərizə
ilə müraciət edir.
Lakin Azərbaycanda
demokratik hökumətin devrilməsi, sovet hakimiyyətinin qalib
gəlməsi milli dövlətçiliyin süqutu ilə nəticələnir
və radio
quruculuğu istiqamətində gedən işləri də ləngitməli
olur...
Ölkəmizdə
ilk kütləvi radio yayımının əsası isə
1926-cı il noyabrın 6-dan
başlayıb... 94 ildə Azərbaycan Radiosu böyük inkişaf
yolu keçib. Dövrün səsi olub,
ictimai-siyasi aləmdə yaşanan bütün hadisələri
yaddaşlara həkk edib, xalqın qulaq sirdaşına
çevrilib. Kütləyə, dinləyiciyə
ictimai-siyasi aləmdə baş verən ən son hadisələri
ötürmək, informasiya ilə təmin etməklə bərabər, həm
də milli musiqinin, ədəbiyyatın, sənətin, milli-mənəvi
dəyərlərin təbliğində əvəzsiz xidmətlər
göstərib. Radionun müxtəlif illərdə toplanan səs
yazıları, səs yaddaşı Azərbaycan tarixinin qiymətli
sənəd arxividir, canlı xronikasıdır.
2020-ci ildə də Azərbaycan Radiosunun fəaliyyətini
daha təqdirə layiq hesab etmək olar. Belə ki, müasir
dövrdə radionun üzərinə bir qədər də məsuliyyətli
missiya düşdü. İlin əvvəlində
ölkəmizə koronavirus xəstəliyi ayaq açdı.
İnfeksiyadan qurtulmaq, xəstəliyin geniş yayılmasının
qarşısını almaq, minimum itkilərlə xilas olmaq
üçün əhalinin maarifləndirilməsi, kütlənin
dolğun şəkildə məlumatlandırılmasından
ötrü ictimai-siyasi proqramların demək olar əksər
mövzusu bu istiqamətə yönəldi. Ölkə
başçısının virusla mübarizədə
qabaqlayıcı tədbirlər görməsi, Nazirlər
Kabineti yanında Operativ Qərargahın bütün qərar
və tövsiyələri efirdən yüksək səviyyədə
təbliğ olundu. Nəzərə alsaq ki, kollektiv əməyin
təşkili zamanı tələb olunan riayətlərə əməl
edilməsi, qarşılıqlı ünsiyyətin ara məsafəsi
ilə tənzimlənməsi, iş yerlərində əməkdaşların
tək-tək fəaliyyətinə üstünlük verilməsi,
növbəli şəraitdə minimum sayda insanların
çalışması kimi hallara baxmayaraq, fasiləsiz
yayımlanan efirin səs palitrasına heç bir mənfi təsirini
sezdirmədi. Bütün kollektiv tələb
olunan qaydalar çərçivəsində tam şəkildə
səfəbər olunaraq Ana Televiziyanın yaradıcı heyəti
ilə birlikdə koronavirusa qarşı mübarizədə
öz həmrəylini nümayiş etdirdi. Əməkdaşlarımız xəstəliyin
qorxulu olduğunu, infeksiyanın qadın, uşaq, qoca, ahıl
tanımadığını var gücü ilə sübut
etməyə çalışdı. Radioda canlı
bağlantılar, həkimlərlə, dinləyicilərlə telefon söhbətləri
yaradıldı. Koronavirus xəstəxanaları
ilə mütəmadi əlaqələr saxlanıldı, modul
tipli xəstəxanalarda müaliəcə olunan yüngül xəstələrin
infeksiyanı harada tutması, necə yoluxması ilə
bağlı suallara cavablar alındı. Əhalinin
diqqətli olması, xəstəliklə mabarizə
üçün gecə-gündüz tövsiyələr
verildi. Cəmiyyətimizin sağlam
olması, virusdan qorunma yolları, yoluxmanın
qarşısını almaq üçün əhalinin
doğru-dürüst bilgilərə sahib olması
üçün gərəkli olan hər nə varsa ictimaiyyətə
ünvanlandı.
Bu mənada radionun
"Xəbərlər" redaksiyasının əməkdaşlarının
hər saatda efirə təqdim etdikləri
buraxılışları xüsusi ilə qeyd etmək
lazımdır. Xəbər redaktorları tələblər əsnasında
fərdi qaydada çalışaraq ən vacib olayları dinləyicilərə
təqdim edərkən professional peşə vərdişi,
auditoriyaya operativ ötürülməsi, dünyada, eləcə də
ölkədəki ən son hadisələrin
çatdırılması üçün bütün səy
və bacarığını nümayiş etdirdi.
Bəli
ictimai-siyasi aləmdə baş verən hadisələrin gərginliyi,
"Evdə qal" çağırışı, iş
yerlərinin bağlanması, cansıxıcı situasiyalar,
pessimist xəbərlər, koronadan ölüm
hallarının hər gün, hər saatda artan rəqəmləri,
nəticədə iqtisadiyyatın geriləməsi, maddi
sıxıntılar, gəlirlərin azalması və s.
müşahidələr insanlarda təbii ki, ruh
düşkünlüyünə səbəb olan amillərdir.
Bütün bunlar da
düşünüldüyündən əhalinin
ovqatını yüksəltmək yaradıcı mühitin həssas
mövzulara incə yanaşmasını tələb edir.
Bu mənada radioda söhbətlər təşkil
olunarkən bu nüansa ciddi fikir verilir. Və musiqili
verilişlər, həyatın özəl və gözəlliyi,
insan ruhunu oxşaya biləcək, sanki "dünyanı
gözəllik xilas edəcək" kimi məşhur ədəbi
deyimə uyğun mövzuların şaxələndirilməsi,
psixoloji amil hər zaman nəzərə alınır ki, təhlükəli
infeksiyanın ölüm kabusu insanların şüurunu zədələyib,
ruhuna hakim kəsilməsin. Bu bəladan qurtulmaq
üçün insan övladı özündə güc
tapsın və yaşamağın gözəl olduğunun fərqinə
varsın, düzgün
çıxış yolu üçün
ayıq-sayıq olsun, qarşılıqlı ünsiyyət
zamanı tələb olunan qaydalara ciddi riayət etməklə
həm özünü, ailəsini, həm də ətrafdakıları,
bütün cəmiyyəti qorumuş olsun. Əsas
mahiyyətini anlasın ki, koronadan qorunmaq vətəndaşlıq
mövqeyi nümayiş etdirmək deməkdir.
İlin əvəvlində koronaya qalib gəlməyi
düşünürdüksə, ilin sonuna yaxın,
sentyabrın ayının 27-dən isə Vətən müharibəsində
illərlə gözlədiyimiz həsrətə son qoymaq
amalı ilə arxa cəbhədə, informasiya müharibəsində
döyüşmək, zəfər çalmaq əzmi ilə
mübarizəyə başladıq. Qızıl hərflərlə,
öz qanları, canları ilə tarix yazan
oğullarımızın qəhrəmanlıqlarından
öyünə-öyünə sevincli xəbərləri
auditoriyaya çatdırmaqdan qürur duyduq. Ali Baş
Komandanın xalqın ürəyindən xəbər verən
tarixi çıxışları, müzəffər, rəşadətli
ordumuzun addım-addım irəliləməsi və əldə
olunan zəfərin, uğurlu xəbərin anındaca efirdən
səsləndiriməsi, bunlardan da gözəl hansı hisslər
ola bilər ki?
2020-ci il Azərbaycan Radiosunun kollektivi hər iki cəbhədə
əzmlə çalışdı. Əsrin ən
dəhşətli xəstəliyi olan koronavirusa və
dünyanın ən riyakar, təhlükəli milləti
sayılan, çörəyi dizinin üstündə olan ermənilərə
qarşı mübarizədə milli birlik nümayiş
olundu. 30 ilə yaxın həsrətində
olduğumuz torpaqlarımızın azad edilməsi
üçün Ali Baş Komandan, Prezident İlham Əliyevin
qətiyyətli addımı millətin qürurunu
özünə qaytardı. Bu gün Ulu öndər Heydər
Əliyevin müstəqil ölkəmizi, millətimizi əmanət
etdiyi layiqli varisi, onun siyasi məktəbinin yetirməsi,
böyük siyasi xadim İlham Əliyevin qazandığı
siyasi uğurları ilə müasir Azərbaycanın
şanlı tarixi yazılır.
Ermənilər yurdumuzdan qovulur. Vətən müharibəsində böyük qələbəmizə
sayılı günlər qalıb.
Düşmənlə mübarizədə qardaş
Türkiyənin mənəvi dəstəyi bizə, əsgərimizə
haqq mübarizəmizdə daha da güc verir.
Bu ilin
fevral ayında Bakıda Azərbaycan və Türkiyənin
dövlət başçılarının iştirakı ilə
keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının növbəti iclasında Azərbaycan
Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti
ilə Türkiyə Radio və Televiziya Qurumu arasında əməkdaşlığa
dair yeni protokol imzalandı. "Azərbaycan Radiosu" ilə "Türkiyənin
səsi" radiosu ortaq yayımlara başladı. "Durna teli" proqramı iki qardaş ölkənin
səsini birləşdirdi, ortaq dəyərləri, dili və
düşüncə birliyini gücləndirdi. İki
ölkə haqqında doğru və müntəzəm xəbərlər
paylaşmaq, dil və düşüncə birliyini artırmaq
məqsədi ilə yayımlanan "Durna teli" proqramı
hər həftənin cümə günü Bakı vaxtı
ilə 12:00-da yayımlanır.
Bu gün Azərbaycan Radiosunda da vətənpərvərlik
əhval-ruhiyyəsi yaşanır. Yüzlərlə hərbi
vətənpərvərlik marşları səslənir və
başdan-başa qələbəyə köklənən
radiodan eşidilən hər səsdən sevinc
yaşantısı duyulur. İşğaldan azad
edilmiş yurd yerlərimiz haqqında geniş məlumatlar Azərbaycan
Radiosunun səs palitrasına daha gözəl rənglər bəxş
edir...
100 il əvvəl Eyfel
qülləsindən vurulan o teleqram bugünkü gündə
yaddaşlarımızı silkələyir, ruhlar oyanıb Azərbaycanımızın
səmasında dolaşır. Şəhidlərimizin
ruhları şad olur, canını elinə, obasına fəda
edən oğulların məzarı nura boyanır...
94
yaşında yenə "Danışır Bakı",
özü də bu dəfə daha rəvan dillə, xalqın ürəyindən
xəbər verən xoş xəbərlərlə elobanı
sevindirir.
- Bir
sözlə, bayramın bayramlara qarışdığı
bir vaxtda, böyük qələbənin astanasında fürsətdən
istifadə edib, bütün radio işçilərini, efir
dostlarımızı, milyonlarla dinləyicilərimizi,
yaxından-uzaqdan bizə qulaq asan hər bir azərbaycanlını
6 noyabr - Radio günü münasibəti ilə təbrik edirəm. "Biz birlikdə
güclüyük" və hər zaman da güclü həmrəy
olaq ki, qoy həmişə efirimiz Azərbaycanımızın
uğurlarından danışsın.
Məhyəddinqızı Şəlalə
525-ci qəzet.-
2020.- 5 noyabr.- S.11.