Atalar niyə
kitab oxumalıdır?
UŞAQLARA ALDIĞINIZ KİTABLARA
XƏRC KİMİ YOX, SƏRMAYƏ KİMİ
BAXIN
Həmsöhbətimiz
Sərxan Rüstəmov uzun müddətdir kitablarla
bağlı maarifləndirici video materiallar hazırlayır.
Bu videolarında oğlu balaca Məhəmməd Əmin
ilə birlikdə kitablar oxuyur, yeniyetmələrlə,
valideynlərə kitablarla bağlı tövsiyələr
verir. Buna
görə də tanıyanlar cəmiyyəti maarifləndirməyə
çalışan Sərxanı "Kitab adam"
adlandırırlar. Bir müddətdir Sərxan
valideynləri kitab oxumağa sövq etmək üçün
"Övladın üçün oxu" layihəsini
başladıb, onları daha düzgün övlad yetişdirə
bilmək üçün mütaliəyə
çağırıb.
Sərxan Rüstəmovla söhbətimizi təqdim
edirik.
***
- Sərxan,
mən səni "Kitab adam" kimi
tanımışam. Düşünürəm
ki, səni belə tanıyan təkcə mən deyiləm.
Kitaba, mütaliəyə bu qədər sevgi səndə
necə formalaşıb?
- Təşəkkür
edirəm, bu adla anılmaq həqiqətən xoşdur.
Düzdür, dostlarım arasında da mənə bu adla xitab
edən bir neçə adam var. Amma bu
adın haqqını verdiyimə tam əmin deyiləm. Çünki ətrafımda məndən də
çox kitab oxuyan, kitab oxutmaq və maarifçilik
baxımından önəmli işlər görən insanlar
var. Kitaba sevgi isə yəqin ki, uşaqlıqdan mənə
aşılanan xüsusiyyətdir. Atamın
daima kitab oxuduğunu, oxuduğu bu kitabları, hətta
özündən əlavələr edərək bizə
danışdığını xatırlayıram. Nənəm, babam da kitab oxuyan adamlar idilər.
Rayondakı evimizdə hələ də böyük kitabxana var.
O kitabxanada müxtəlif dillərdə, kiril əlifbası
ilə yazılmış köhnə kitablar
çoxdur. İndi həmin kitabların
hamısı gözümün önünə gəlir.
Mənən məndə kitab sevgisini
formalaşdıran da elə böyüdüyüm evdəki həmin
kitabxana olub.
- Sən
həm də kitab oxuyan atasan. Bu, cəmiyyətimiz
üçün çox gözəl nümunədir. Oğlun sənin ona oxuduğun kitablarla
böyüyür. Onun təlim-tərbiyəsində
ən çox nələrə diqqət edirsən? Elə buradan yola çıxaraq, valideynlərə
uşaqlara kitab oxutmaq və onlara hansı səpkidə
kitablar oxumaq lazım olduğu haqqında da təcrübələrini
bölüşsən, yaxşı olar.
- Həyat
yoldaşımla biz uşaq dünyaya gəlməzdən əvvəl
də kitabları səsli oxuyurduq. Uşaq
dünyaya gələndən sonra isə müəyyən
kitablar oxuduqca bu işdə, yəni uşaq böyütmək
məsələsində nə qədər məlumatsız olduğumuzu
gördük. Beləcə, uşaq tərbiyəsi,
onun ruh düynasını anlamaq üçün uşaq
psixologiyası və pedaqogika ilə bağlı kitablar
oxumağa başladıq. Uşaqla
bağlı valideynlər ilk illərdə daha həssas olur,
sonralar isə o həssaslıq nisbətən itir. Çalışmaq lazımdır ki, uşağa
yersiz məhdudiyyətlər qoymayasan. Uşaqlar
olan evdə kitablar da olmalıdır. Uinston
Çörçillin belə bir deyimi var, "Uşaqları
tərbiyə edən evdəki kitabların cildləridir".
Valideynlərə təklif xarakterli onu deyə bilərəm
ki, uşaqlara aldıqları kitablara xərc kimi yox, sərmayə
olaraq baxsınlar. Onlara aldığımız qidalar yeyilir,
geyimlər köhnəlib gedir, amma kitablar ömür boyu
onların inkişafına təsir edir. Kitab
seçəndə isə daha çox uşaqların
dünyagörüşünü inkişaf etdirəcək və
onlarda kitaba sevgi oyadan vəsaitlər almaq daha məqsədəuyğundur.
Uşağa alınan kitabı ilk növbədə
valideyn özü gözdən keçirməlidir ki, o kitabda
uşağın düşüncələrinin
formalaşmasına mənfi təsir göstərə biləcək
hər hansı faktor, həmçinin, ailənin və
uşağın böyüdüyü cəmiyyətin duyğu
və düşüncəsinə yad məqamların
olub-olmadığına əmin olsun. Uşaqlar
üçün seçilən ilk kitabların isə əsasən
kiçik həcmli, yazıdan çox, şəkilli
olmasına üstünlük verilmək lazımdır.
-
Ümumiyyətlə, "kitab oxuyan ata"
anlayışı bizdə o qədər də
alışılmış bir hal deyil. Səncə,
atalar niyə kitab oxumalıdır?
- Təəssüf
ki, bizim cəmiyyətdə uşaq tərbiyəsində əsas
yük ananın üstünə düşür. Düşünürəm ki, bu işdə valideynlər
ortaq olmalı, ata da tərbiyə prosesində böyük rol
oynamalıdır. Analar atalara bu baxımdan
tez-tez xatırlatma etsələr, yaxşı olar. Mənə də yoldaşım daima xatırlatmalar
edir, uşaqla daha çox vaxt keçirməli olduğumu
deyir. Uşaq dünyaya gələndə
analara məzuniyyət verilir, məktəbdə valideyn
iclası olur, daha çox analar iştirak edir. Düşünürəm ki, atalar bu baxımdan
uşağın tərbiyəsi prosesində arxa planda
qalır. Əgər ata hərbçi
deyilsə, çox önəmli orqanlarda işləmirsə,
o da valideyn iclaslarında iştirak etməlidir. Yəni uşaq atanı yalnız cəza verən,
qadağalar qoyan biri kimi yox, hər zaman onun yanında olan biri
kimi görməlidir. Bu baxımdan, kitab
oxumaq da uşağa kitab oxutmağın ən gözəl
yoludur. Təkcə ananın kitab
oxumasıyla uşağı düzgün yetişdirmək
olmur. Bir evin içində uşaq
atasını da örnək alır. Bu
baxımdan ataların da kitab oxuması vacibdir.
- Öz
övladınla yanaşı, başqa uşaqlara da, cəmiyyətə
də faydalı olacaq videomateriallar hazırlayırsan, həm
də bu işdən heç bir gəlir əldə etmədən.
İş və uşağın tərbiyəsində
aktiv iştirak etməklə yanaşı, bir də bu sosial fəaliyyət
səni yormurmu?
- Biz
hamımız bir cəmiyyətdə yaşayırıq və
burada tək bir fərd olaraq xoşbəxt olmaq mümkün
deyil. Tək bir ailə olaraq insan çox
gözəl bir evdə yaşaya, yaxşı qidalana bilər.
Amma biz cəmiyyətə
qarışırıq, övladlarımız başqa ailələrin
uşaqları ilə ünsiyyətdə olur. Bunları düşünəndə istəyirsən
ki, bu cür bilgilərdən cəmiyyətdəki
bütün insanlar faydalansın. İnsan
bildiklərini bölüşməli, bunun paxılı
olmamalıdır. Mən də bu
baxımdan bildiklərimi başqaları ilə
bölüşməyə çalşıram. Yeni öyrəndiyim bir məlumatı da digər
valideynlərlə paylaşıram. Nəticə
etibarilə bu cəmiyyətdəki insanlardan bəziləri gələcəkdə
mənim övladımın müəllimi, dostu, qohumu, bəlkə
də, sevgilisi olacaq. Ona görə də mənim
gördüyüm iş həm də hansısa formada
övladıma kömək etməkdir. Ona
görə də mümkün qədər kitablarla bağlı
bu cür maarifləndirici videolar hazırlayıram. Onlara lazımlı kitabları tövsiyə edirəm,
hətta bəzi kitabları səsləndirməyə
çalışıram.
- Sən
çox kitab oxuyan adamsan və yəqin bilərsən: insana,
onun psixologiyasına, dəyərlərinə zərər verəcək
kitablar da ola bilərmi?
-
Əslində, bayaq da vurğuladığım kimi, o qədər
də çox kitab oxuyan adam olduğumu
düşünmürəm. Evə qonaq gələndə
kitab rəfindəki çoxlu kitabları görüb
soruşur ki, bunların hamısını oxumusan? Mən özüm də kiminsə evində bir rəf
dolusu kitab görəndə qeyri-ixtiyari bu sualı verirəm.
Əlbəttə, o qədər kitabın
hamısını oxumağa insan ömrü çatmaz.
Sadəcə olaraq, onların hamısı
gözünün önündə olur. Bu
qədər oxunası gözəl kitabların daima göz
önündə olması da insanı oxumağa təşviq
edir. Düşünürəm ki, insana zərər
verən kitablar onun oxumadığı kitablardır. Amma təbii ki, elə kitablar da var ki, vaxt itkisidir.
Zaman çox dəyərlidir və bir kitab
insana lazımlı bilgi qazandırmırsa, ona vaxt
ayırmağa dəymir. Bu baxımdan,
kitab seçəndə zərgər dəqiqliyi ilə
davranmaq lazımdır. Sənə nəsə
verəcək, yeni bilgilər öyrənə biləcəyin
kitabları seçib oxumaq daha məqsədəuyğundur.
Yəqin ki, orta və yuxarı nəsilə mənsub
insanlar artıq öz zövqlərini
formalaşdırıblar. Mən bu söhbətimizi
oxuyan gənclərə məsləhət bilərdim ki,
öz ixtisaslarına uyğun, yaxın mövzularda kitablar
oxumağa çalışsınlar. Təbii
ki, bədii ədəbiyyat da oxumaq lazımdır. Bununla
yanaşı, gənclər öz ixtisaslarına uyğun, həmin
sahədə çalışmaları olan alimlərin,
yazıçıların əsərlərini, avtobioqrafik əsərləri
oxusunlar, həm də həmin tanınmış, mentor
sayıla biləcək insanların tövsiyə etdiyi
kitabları və onların oxuduqları kitabları əldə
edib oxumağa çalışsınlar.
- Bu gün qloballaşan dünyada xalqların
öz varlıqlarını qoruyub saxlaya bilməsi
üçün gənc nəsillərdə milli mənlik
şüurunun düzgün formalaşdırılması vacib
məsələlərdən biridir. Bu baxımdan, millilik deyəndə
səndə hansı fikir yaranır? Millilik adı altında
uşaqlara, gənclərə təbliğ olunmalı və
olunması yanlış olan şeylər nələrdir?
- Çox sevdiyim bir deyim var:
"İnsan öz tarixini bilməzsə, onun
coğrafiyasının sərhədlərini başqaları
müəyyənləşdirər". İnsan öz doğulduğu vətənin,
torpağın tarixini bilməyəndə onu qoruya da bilmir,
torpağının sərhədlərini də
başqaları müəyyənləşdirir. Çox təəssüf ki, biz müəyyən qədər
bağışlayan və keçmişi unudan xalq
olduğumuz üçün tarix boyu bundan əziyyət
çəkmişik, torpaqlarımız başqa dövlətlər
tərəfindən zəbt edilib. Şükürlər olsun
ki, son bir aydan çoxdur Azərbaycan xalqı artıq öz ərazi
bütövlüyünü bərpa etmək
üçün mübarizə aparır.
İnsanın milli mənlik şüurunun
düzgün formalaşması, öz xalqına,
torpağına bağlı olması üçün onun
daxilən vicdanlı olması, ədalət hissinə sahib
olması vacibdir. Məhz bu xüsusiyyətlərin uşaq
yaşlarından formalaşmasında xüsusilə valideynlərin
rolu böyükdür. Burda da mütaliənin önəmli
olduğunu görürük. Çünki bədii ədəbiyyatın,
mütaliənin bizə qazandırdığı ən dəyərli
şey empatiya hissi, ədalət, vicdan, mərhəmət kimi
duyğulardır. Bu hissləri olan insan həm
öz torpağını, xalqını sevəcək, həm
də qonşu ölkələrin torpağına hörmət
edəcək. Öz vətəninə, vətəndaşlarına
hörmət edən insan tutduğu vəzifədə
rüşvət almayacaq, başqalarına haqsızlıq
etməyəcək. Milli mənlik deyəndə mən bir
insanın başqalarına, vətəninə qarşı
vicdanlı, mərhəmətli, ədalətli olmasını
nəzərdə tuturam. Əgər insanda bu müsbət
xarakterlər varsa, onda millilik də, vətənpərvərlik
də olacaq.
Təbliğ olunması yanlış olan cəhətləri
isə mütəxəssislər müəyyənləşdirməlidir.
Çünki valideyn uşağı vətənpərvər
tərbiyə etmək istəyərkən onun
psixologiyasını poza, ziyan verə də bilər. Bu məsələlərdə uşaq psixoloqundan məsləhət
almaq daha məqsədəuyğundur. Çünki
uşaqların yaş dövrü elədir ki, onlara müəyyən
yaş həddinə qədər öldürməkdən,
nifrətdən bəhs etmək olmaz. Bəzi şeylər
var ki, onları uşağa daha uyğun formada
anlatmağın yollarını tapmaq lazımdır.
Natəvan
ABDULLAYEVA
525-ci qəzet.- 2020.- 5 noyabr.- S.-13