İlk müsəlman Respublikası: Azərbaycan

 

 (Fransız dilindən tərcümə edən: Əsgər Əliyev, filologiya elmləri namizədi)

 

Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri, Şərq dünyasında ilk müstəqil Azərbaycan Demokratik Respublikasının ilk parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında məşhur Versal sülh müqaviləsində iştirak etmək üçün Fransaya gedən nümayəndə heyətinin tərkibində dövrünün tanınmış jurnalisti, "Azərbaycan" qəzetinin baş redaktoru, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyli də var idi. Azərbaycanda bolşeviklərin 1920-ci il may ayının 28-də hakimiyyətə gəlişi Fransaya getmiş Azərbaycan nümayəndə heyətinin bütün üzvləri kimi, C.Hacıbəylinin də doğma vətənə qayıdış yolunu kəsmişdi. Həyatının qalan hissəsini Fransada keçirməyə məcbur olan Ceyhun bəy fransız dilini mükəmməl bilməsi sayəsində bu ölkədə də jurnalistlik fəaliyyətini davam etdirmişdi.

 

C.Hacıbəyli ölkəmizin tarixi, azadlıq hərəkatı, Azərbaycanın istilasından sonra orada baş verən hadisələr barədə Parisdə nəşr edilən "Aziatik jurnalı"nda, "İki dünya", "Müsəlman aləmi" jurnallarında, habelə digər mətbu orqanlarda müntəzəm yazılar dərc etdirmişdi.

 

Fədakar azadlıq carçısı Ceyhun bəy Hacıbəylinin Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması ilə bağlı Mərakeş elmi missiyasının dəstəyi ilə 1906-cı ilin noyabr ayında Parisdə nəşrə başlayan "Müsəlman aləmi" jurnalının ("Revne du monde musulman") 1918-ci ildə çapdan çıxan 36-cı nömrəsində "İlk müsəlman Respublikası - Azərbaycan" sərlövhəli iri- həcmli məqaləsi dərc olunmuşdu.

 

Qeyd edim ki, C.Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən tədqiqatçılar bu məqalənin adını çəksələr də, indiyədək onun nədən bəhs etməsi barədə fikir söyləməyiblər. Məqalədəki faktlar azərbaycanlı oxucuların əksəriyyətinə məlum olsa da, ölkəmizin tarixi, orada baş verən hadisələr barədə fransızlara ətraflı məlumat vermək, onu tanıtmaq baxımından çox qiymətli əsər hesab edilə bilər.

 

Həmin məqalənin tərcüməsini oxuculara təqdim edirəm.

 

TƏRCÜMƏÇİDƏN

 

***

 

Ceyhun bəy HACIBƏYLİ

 

(Əvvəli 3 noyabr sayımızda)

 

Bakıda mart ayının 18-22-dəki qanlı hadisələrin nəticələri yalnız 12 mindən artıq insanın itirilməsi kifayətlənmədi. Mühüm sosial əhəmiyyətli binaların, o cümlədən, bütün siyasi partiya komitə və bürolarının habelə rus dilində çıxan "Kaspi" və türk dilində işıq üzü görən "Açıq söz" qəzet redaksiyalarının yerləşdikləri Müsəlman Xeyriyyə Cəmiyyətinin binası (İsmailiyyə) yandırılaraq yerlə-yeksan oldu. Gözə görünən bütün siyasi partiya rəhbərləri həbs olundular və qazamata salındılar. Yalnız İranda, Gəncədə və Dağıstanda olan partiya üzvləri bu tutatutdan yayına bildilər. Partiya üzvlərinin bir çox ailələri ilə birlikdə Bakı ətrafındakı kəndlərdə sığınacaq tapdılar.

 

Lakin ən mühüm məsələ Bakı regionunda bolşeviklərin hakimiyyətinin qəti şəkildə mütəşəkkül tapması oldu. İstila etdikləri bütün mədəni ocaqları bir-birinin ardınca dağıtmağa başladılar, yeraltı sərvətlərin, evlərin, şəhər və parkların ictimailəşdirildiyini elan etdilər, yerli banklarda hesablara qoyulan bütün pulların Sovetlər Respublikasının mülkiyyəti olduğunu bildirdilər. Yalnız evlər, maşınlar, atlar, yük heyvanları, avtomobillər müsadirə edilmirdi, həmçinin insanlar hərbidə xidmət etməyə, respublikanın xeyrinə işləməyə məcbur edilirdilər. Müxtəsər, kommunist ideyalar dağıtmağa sövq edir və beləliklə də barbar  üsullarla möhkəmlənirdi. Bu ideyaların tətbiqi özgələrin hüququna və xüsusi mülkiyyətin hörmətlə yanaşmaq tərbiyəsi almış müsəlmanlar üçün xüsusilə ağır idi. Onlar bolşevik prinsiplərinin bütün kobudluqlarını hiss etməli, hər cür məhrumiyyətə və əzab-əziyyətə dözməli idilər. Belə yanaşma yalnız burjuaziya və maarifçi sinfə deyil, həmçinin hətta maraqları guya bolşeviklər tərəfindən müdafiə olunan xalqa şamil edilmişdi; təchizat məsələsində "özlərinki" ilə burjuaziya tərəfdarları hesab etdikləri müsəlmanlar arasında həmişə fərq qoyulurdu.

 

***

 

Zaqafqaziya Seymi bu dəhşətli faciə qarşısında tamamilə aciz qaldı. Əməliyyat bazası məqsədilə Bakını ələ keçirən daşnak bolşeviklərə hakimiyyətlərini qurmaq üçün bütün istiqamətlərdə hərəkətə keçdilər. Beləliklə, Quba, Şamaxı kimi şəhərlər yandırıldı və qarət olundu, əhalisi qırğına məruz qaldı, hətta Dağıstan işğal olundu. Bu quldurların yolu üzərindəki bütün kəndlər də eyni vəhşiliyə məruz qaldı. Terrorçular hətta Tiflis və Gəncəni (Yelizavetpol) işğal etmək, Seymi buraxmağı və bolşevik dövləti adında vahid bir ölkə yaratmaq istədiklərini bildirdilər.

 

Həqiqətən, gənc və aciz Zaqafqaziya Seymi bir tərəfdən daşnak- bolşeviklərin hədə-qorxusu, digər tərəfdən isə Qars, Batumi və Ərdahanı işğal edən Osmanlı ordusu ilə üz-üzə qalmışdı. Brest-Litovsk müqaviləsinin təsirlərindən çıxış edən gürcülər türklərin qorxusundan xilas olmaq üçün almanlarla danışıqlar aparmağa məcbur oldular və müstəqilliklərini bəyan etdilər. Ermənilərin seymi də müstəqilliklərini elan etmək üçün türklərlə əlaqə yaratmağa başladılar. Beləliklə, Zaqafqaziya Seymi dağıldı, əsas siyasi vəziyyəti ağılla təhlil edən Azərbaycan Milli Şurası 1918-ci il may ayının 28-də Gəncədə Azərbaycan müstəqilliyini elan etdi və Fətəli xan Xoyskini Nazirlər Şurasının sədri təyin edərək ona qanunvericilik və icraedici səlahiyyətlər verərək kabineti formalaşdırmağa həvalə etdi. Eyni zamanda, Milli Şura bu müvəqqəti kabinetə ümumi seçici hüququ tərəfindən təyin olunan Məclisi müəssisəni altı ay ərzində çağırmağı və bu məclisə külli-ixtiyar verməyi tapşırdı. Həmin vaxt aşağıdakı nazirliklər formalaşdırıldı: daxili, xarici işlər, hərbi, maliyyə, yollar və kommunikasiyalar, ədliyyə, xalq maarifi, poçt və teleqraf, kənd təsərrüfatı, mülki və dövlət nəzarəti.

 

***

 

Müvəqqəti hökumət formalaşan kimi Respublika Nazirlər Şurasının sədri Konstantinapol vasitəsilə Konstantinapola, Londona, Parisə, Romaya, Berlinə, Vyanaya, Moskvaya, Vaşinqtona, Sofiyaya, Yaponiyaya, Buxarestə, Madridə, Haaqaya, Stokholma, Tehrana, Kopenhagenə və Kiyevə aşağıdakı məzmunda teleqram göndərdi:

 

Xarici İşlər Naziri. Gürcüstan Sessiyası tərəfindən Zaqafqaziya Federativ Respublikası parçalandığının elan edildiyi üçün, Azərbaycan Milli Şurası mayın 28-də Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan müstəqilliyini elan etmiş və Azərbaycan Respublikasının əsasını qoymuşdur. Deyilənləri nəzərə alaraq, zati-alilərdən hökumətinizə bu barədə məlumat verməyinizi xahiş edirəm. Hökumətin müvəqqəti yeri Yelizavetpol olacaq. 30 may 1918-ci il, Azərbaycan Respublikasının Nazirlər Kabinətinin sədri Xoyski. Tamlıqla Nazirlər Kabinətinin sədri Fətəli xan Xoyski.

 

İlk günlərdən hökumətin vəziyyəti çox çətin idi: Bakını ələ keçirmiş daşnak-bolşeviklər Bakının ətraf qəsəbələrini və digər rayonlarını işğal etmək, Gəncəni ələ keçirmək, Tiflisə tərəf irəliləmək Azərbaycan, Gürcüstan və Ermənistan hökumətlərini devirmək, Qafqazı bütünlüklə Rusiyanın sovet Respublikası ərazisinə çevirmək üçün yollar axtarırdılar. Lenin tərəfindən "Qafqazın ali komissarı" təyin edilmiş Şaumyan bolşeviklərin rəhbəri vəzifəsində qalmaqdaydı. Digər tərəfdən özünü Antanta dostu hesab edən və osmanlı ordusunun qarşısından qaçan, Naxçıvan və Zəngəzur qəzalarını işğal edən, türklərlə döyüşdə müvəffəqiyyətsizliyinin əvəzini çıxmaq məqsədilə Azərbaycanın silahsız əhalisini qıran "general" Andranik Sovet hakimiyyətini tanıdığını, "Qafqazın Ali Komissarı"nın əmrlərini yerinə yetirməyə hazır olduğunu bəyan etmişdir. O, Qarabağın mühüm strateji əhəmiyyəti daşıyan Olaş (Eulach) tərəf irəliləyən daşnak-bolşeviklərin qüvvələri ilə birləşmək üçün Şuşa istiqamətində diversiya edirdi. Petrovskdan (Dağıstan) Müsüsliyə (Gəncədən 200 kilometrdən bir qədər az) qədər bütün dəmir yolu qızıl ordunun əlində idi. Bu zəncirvari xətlər arasında iki şəhər (Şamaxı və Quba) və yüzlərlə müsəlman kəndləri dağıdıldı və yandırıldı, əhalisi qırğına məruz qaldı, sağ qalanlar qaçmaqla canlarını qurtardılar. Bakının cənubuna yaxın, Xəzərin sahilində bolşevik flotu Salyan və Lənkəran şəhərlərini bombaladı və ələ keçirdi. Muğan çölündə bolşevik malakanlar (mühacir ruslar) top atəşi ilə 50 müsəlman kəndini yerlə-yeksan etdilər. Bolşevik liderləri və tərəfdarları bu qırğını "vətəndaş müharibəsi" adlandırırdılar: həqiqətdə, bu siniflərə fərq qoymadan müsəlmanların qırğınından başqa bir şey deyildir. Bütün halda, "sosial müharibə"dən daha çox əzab çəkənlər proletarlar idilər.

 

Bədbəxtlikdən Azərbaycan dövlətinin nizami ordusu yox idi. "Vəhşi diviziya"nın tatarlardan ibarət alayının sağ qalanlarından ibarət yüzdən artıq könüllüsü daşnak-bolşeviklərin çoxlu  sayda silahlı dəstələrinə qarşı lazımi səviyyədə müqavimət göstərə bilmirdi. Şübhəsiz, Azərbaycanın xilas olması üçün mübarizə bərabər səviyyədə deyildi.

 

***

 

Belə ümidsiz vəziyyətdə bir çıxış yolu tapmayan Azərbaycan bolşeviklərə qarşı mübarizədə Azərbaycan sərhədi yaxınlığındakı osmanlı türklərinə müraciət etməyə məcbur oldular. Bir neçə iqtisadi imtiyazlar əvəzinə, tamamilə yeni dövlətin müstəqilliyini qorumaqla bağlı xüsusi müqavilədən sonra Osmanlı komandanı Azərbaycan hökumətinə canlı qüvvə ilə yanaşı azərbaycanlı döyüşçülərə pulemyotlar və zəruri texnika verilməsinə razılıq verdi. Onların köməyi sayəsində azərbaycanlı könüllülər müəyyən vaxtda qızıl ordu ilə vuruşda üstünlüyü ələ aldı, onları Bakıya tərəf sıxışdırdı və 1918-ci il sentyabrın 25-də bolşeviklərin hakimiyyətinə son qoyuldu.

 

Beləliklə, dinə və irqə fərq qoymayan Azərbaycan əhalisi daşnak-bolşeviklərin dəhşətlərindən xilas oldu.

 

(Ardı var)

 

 

Hacıbəyli Ceyhun

525-ci qəzet.- 2020.- 6 noyabr.- S.13.