"Xaricilərə çatdıracağıq ki, niyə Qarabağ Azərbaycandır" -

 

 

 

"QARABAĞ HAQQINDA İNGİLİSCƏ SƏNƏDLİ FİLMİMİZ XARİCİLƏR ÜÇÜN ZƏNGİN MƏLUMAT BAZASI OLACAQ"

 

Bu günlərdə dizayner, rəssam Rəsul Həsən özünün sosial şəbəkə hesabında Qarabağla bağlı ingilis dilində sənədli film çəkmək ideyasını paylaşdı və dördhissəli filmin büdcəsi üçün ianə kampaniyası başlatdı.

x

Onun bu mühüm addımı geniş ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı və dəstək gördü. Sözügedən təşəbbüs və kampaniya Rəsul Həsənin bu sahədə ilk işi deyil.

 

Azərbaycan Haqq Savaşına dəstək kimi apardığı informasiya müharibəsi və gördüyü işlər haqqında özü ilə həmsöhbət olduq.

 

***

 

- Rəsul bəy, ön cəbhədəki savaşla bərabər, arxa cəbhədə informasiya müharibəsi də gedir və siz bu müharibənin əsas iştirakçılarından birisiniz. Azərbaycanın bu gün apardığı informasiya savaşından razısınızmı?

 

- Bəli, ön cəbhəylə yanaşı, arxa cəhbədə də müharibə gedir. Məsələyə ümumən yanaşsaq, deyərdim ki, əslində, pis deyil. Amma bəzi boşluqlar görürük ki, bu, indidən yox, əslində, uzun illərdən qaynaqlanır. Xüsusən mənbə, resurs baxımından kasadlığımız var. Əcnəbilərin girib bu hadisələr, Qarabağ və onun tarixi haqqında məlumat ala biləcəyi resurslarımız çox azdır. Xarici ölkələrdə sözü keçə bilən jurnalistlərimiz çox azdır. Elələri olmalı idi ki, böyük xarici media qurumları ilə əlaqəsi olsun və onlara dolğun məlumatları ötürsün. Dünya foto banklarında olan fotolarımız çox azdır. Mənim tanıdığım cəmi iki fotoqraf var. Məncə, yetərli deyil. Həmçinin, video məsələsində də qıtlıq var. Keyfiyyətli videoların xarici mediaya ötürülməsinə xüsusi önəm verməliyik. Düşünürəm ki, bu cür irili-xırdalı boşluqlar var. Amma məncə, bu, bizə bir dərsdir və dərs olacaq ki, bu cür boşluqlar gələcək dövrlər üçün aradan qaldırılsın. Ən azından öz adıma deyə bilərəm ki, mən müşahidə etdikcə, çox dərs götürürəm.

 

- Sizcə, bu sahədə nəyi yanlış edirik?

 

- Yanlışlıqları, məncə, hazırda aradan qaldırmağa çalışırıq. Mən bu sahədəki boşluqları əsasən rəsmi qurumlarda görürəm. Çünki əslində, 30 il ərzində sırf informasiya müharibəsində qalib gəlmək üçün bir çox addımlar atılmalı idi. Amma bu addımlar atılmayıb. Məsələn, sosial şəbəkələrdə rəsmi şəkildə təsdiq olunmuş dövlət məmurlarının profilləri barmaqla sayılacaq qədərdir. Rəsmi qurumların belə profilləri təsdiq olunmayıb. İstərdim ki, bu məsələyə ciddi nəzarət olunsun.

 

- Qarabağla bağlı ingilis dilində sənədli film çəkmək ideyası necə yarandı?

 

- Əvvəla, onu deməliyəm ki, Qarabağın işğal olunduğu bu otuz ilə yaxın vaxt ərzində müəyyən qədər bu sahədə işlər görülsə də, digər ölkə vətəndaşlarının, dünyanın diqqətini cəlb edəcək, tarixi faktlara əsaslanan, özündə neytrallığı qoruyub-saxlayan, yəni bir xarici vətəndaşın baxanda ona "propaqanda məhsulu" olduğunu hiss etdirməyən, hər şeyi özündə cəmləyən filmimiz yox səviyyəsindədir. Bizdə də məhz bu cür sənədli film çəkmək ideyası yarandı. Bu da ən çox ondan irəli gəlirdi ki, məsələn, görürdüm, sosial mediada bir çox xarici istifadəçilər soruşurlar ki, nə üçün Qarabağ Azərbaycandır? Onlar bizim Qarabağa olan emosional bağlılığımızı başa düşmürlər. Elə bilirlər, müharibə sadəcə torpaq üzərində gedir. Amma burdakı dərin mədəni kökləri bilmirdilər. Eləcə də alman jurnalist bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə də təxminən bu sual verdi. Prezidentimiz də ona məsələni tutarlı şəkildə izah etdi. İdeya sırf burdan yarandı. Fikrimcə, Qarabağ haqqında ingiliscə sənədli filmimiz əcnəbilər üçün zəngin bir məlumat bazası olacaq. Yəni xaricilərə çatdırcağıq ki, niyə Qarabağ Azərbaycandır.

 

- Əsas hansı sahələri əhatə etmək fikrindəsiniz?

 

- Düşünürəm ki, bu sahədə müharibə mövzusuna əvvəl də, indi də çox müraciət olunub. Amma bizim əsas əhatə etmək və geniş auditoriyaya təqdim etmək istədiyimiz mədəni məsələlər, qeyd etdiyim kimi, həmin o tarixi, mədəni köklərdir.

 

Mən və ətrafımda olan yaradıcı insanlarla belə bir missiyanı öz üzərimizə götürmüşük. Dörd hissəli, hər biri 25-30 dəqiqə olan sənədli film seriyası planlaşdırırıq: Qarabağın tarixi, mədəniyyət və incəsənəti, təbiəti və heyvanları, tanınmış ailələri və şəxsiyyətləri. Filmin adı da məhz sualın özü kimidir - "Why Karabakh is Azerbaijan". Əminəm ki, bir çox məqamları dünyaya keyfiyyətli və geniş şəkildə çatdıra biləcəyik. Həm video, həm animasiyalardan ibarət müasir qısa sənədli filmlər seriyası ərsəyə gətirmək niyyətindəyik.

 

- Beynəlxalq auditoriyaya müraciət edən bu filmlərdə əsasən hansı mənbələrdən istifadə edəcəksiniz?

 

- Hazırda biz məhz mənbə axtarışıyla məşğuluq. Mümkün, əlimiz yetən hər yerdən məlumatlar, faktlar toplamağa çalışırıq. Bura muzeylər, fondlar, şəxsi kolleksiyalar, hansısa arxivlərdir ki, biz onlara müraciət edirik. İndiki vəziyyətdə xarici qurumlara müraciət etmək, ordakı mənbələrdən istifadə etmək bir az çətindir, amma biz yenə də cəhdlər edirik. Nə əldə edəcəyiksə, hamısından yüksək səviyyədə istifadə olunacaq.

 

- Bu haqda ictimaiyyətə müraciət etdiniz. Reaksiya və dəstək necə oldu?

 

- Film işimizə və müraciətimizə auditoriyanın münasibəti yox yaxşıdır. Hətta mənim gözləmədiyimdən daha yaxşı reaksiya gördük. Bunun üçün ianə kampaniyası da başlamışdıq. İnsanlar həm maddi, həm də mənəvi baxımdan çox dəstək olurlar, ianələr bağışlayırlar. Səhv etmirəmsə, kampaniyaya yeni başlamağımıza baxmayaraq, artıq iki min manata yaxın pul yığılıb. Bizim əsas hədəfimiz on min manatdır. Çünki ilkin hesablarımıza görə, dörd sənədli filmi bu büdcəylə ərsəyə gətirə bilərik. Özəl şirkətlərdən də dəstək çıxanlar oldu.

 

- Maddi baxımdan çətinlik olduğunu qeyd etmişdiniz. Dövlətə bu haqda müraciət etməyi düşünürsünüzmü?

 

- Mən özüm heç bir dövlət qurumuna müraciət eləməmişdim. Amma bu elanımdan sonra Mədəniyyət Nazirliyindən mənimlə əlaqə saxladılar. Bu günlərdə nazirlik əməkdaşlarıyla da görüşdüm və onlar da bu filmi dəstəkləyəcəklərini dedilər. Əlbəttə, ilkin müzakirələr gedir və düşünürəm ki, növbəti həftədə bütün məsələləri, o cümlədən, özəl şirkətlərin və dövlət qurumlarının bu işdə iştirakını tam yerinə qoyacağıq. Böyük ehtimalla, biz bu ayın ortasından etibarən, artıq filmin reallaşdırılmasına başlayacağıq. Çünki indiki mərhələdə sırf tədqiqat işiylə məşğuluq, materialları yığırıq. Yəqin ki, bu ayın ortasından çəkilişlərə başlayacağıq.

 

- "Qarabağ və ətraf bölgələrin xəritəsi"ni hazırlamısınız. Bir az bu haqda danışın.

 

 

 

- Bu ondan qaynaqlandı ki, insanlar bu cür xəritəyə istinad etmək üçün axtarsalar da, təəssüf ki, yox idi. Düşündüm ki, belə bir xəritəyə ehtiyac var və bir neçə gün ərzində bunu hazırladım. Təbii ki, mən bu sahədə peşəkar deyiləm, amma müəyyən qədər bacardığımı ortaya qoydum, köhnə və yeni xəritələrdən istifadə edərək belə bir xəritə yaratdım. Bir çox insan bundan istifadə elədi və edirlər. Xüsusən, tədqiqatçılar, bir neçə universitetin müəllimləri mənə yazdılar ki, belə bir resursa ehtiyac var idi. Çalışacağam ki, öz adıma boşluqlar olduğunu düşündüyüm sahələrdə müəyyən layihələr həyata keçirim.

 

- Sosial şəbəkədə rənglədiyiniz rəsmləri də paylaşırsınız. Rəsm rəngləmək sənətinə də vaqifsiz, yoxda həvəskar şəkildə icra edirsiz?

 

- Şəkil rəngləməyi əslində, çoxdan edirəm. Təxminən iki ilə yaxındır ki, bununla məşğulam. Amma son vaxtlar sırf Qarabağa aid şəkillər üzərində işləyirəm. Tvitterdə daha çox yayıram ki, daha çox xarici vətəndaşlara çatsın. İstəyirəm onlar bu cür tarixi şəkilləri görüb anlasınlar ki, Qarabağ Azərbaycan üçün niyə önəmlidir. Xurşidbanu Natəvanın, Mehmandarovların ailəsinə aid şəkilləri, eyni zamanda, Əhməd bəy Ağaoğlunun şəklini rəngləmişəm. Bu sahədə müxtəlif seriyalar var. Bundan sonra da bu proses davam edəcək. Məncə, bu sahədə də görəcəyimiz işlər çoxdur. Şəkil rəngləmək mənimçün informasiya ötürməyin bir yoludur.

 

- Bu müharibədən öncə Qarabağla bağlı hansısa işləriniz, layihələriniz olmuşdumu?

 

- Bəli, az olsa da, müəyyən qədər işlərim olub. Amma düşünürəm ki, bu gündən sonra bu cür işlərin, layihələrin sayı daha da artacaq. Biz çalışacağıq ki, müharibə bitəndən sonra da belə dünyada Qarabağın Azərbaycana aid olmasıya bağlı faktları çox qabardaq, bu haqda kitabların, fotoların, sənədli filmlərin sayını artıracağıq. Bunları etməliyik ki, dünya mediası tərəfindən pozitiv imic qazanaq. Çünki heç kimə sirr deyil ki, bizi hazırda dünya mediasında çox qaralayırlar, hər cür çirkinliyi üzərimizə atmaq istəyirlər. Xüsusən, ermənilər bu sahədə çox çalışır. Biz də istəyirik ki, bu məsələlərin hamısından üzüağ çıxaq, informasiya müharibəsində də qalib olaq, dünyaya keyfiyyətli və tutarlı işlər təqdim edək.

 

- İnformasiya müharibəsində sosial şəbəkələrin önəmini nədə görürsünüz?

 

- Əlbəttə, sosial şəbəkələrin bu mənada önəmi çox böyükdür. Azərbaycanda da bir çox böyük sosial şəbəkə qruplarının adminləri çox aktivdirlər, önəmi işlər görürlər. Məsələn, onlardan biri "Amerikansayağı Bakı" səhifəsi və onun admini Sadiq bəydir. Bu sırada bir çox insanın adını çəkə bilərik ki, sağ olsunlar, bizə qarşı olan neçə-neçə haqsızığın qarşısını alıblar. Eyni zamanda, bu dönəmdə bir çox dövlət məmurlarımız Tvitterin önəmini anladılar və ondan aktiv istifadə etməyə başladılar. Onlar ordan da informasiya müharibəsi aparırlar. Mənə elə gəlir ki, insanlar bundan sonra sosial şəbəkənin önəmini və ciddiliyini başa düşəcək, təkcə yerli auditoriyaya yox, eləcə də xarici auditoriyaya yönəlik işlərə can atacaqlar.

 

Şahanə Müşfiq

525-ci qəzet.- 2020.- 7 noyabr.-S.11