Böyük zəfər tezliklə bizim olacaq

 

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor

Azərbaycan cəmiyyətinin böyük qələbə ovqatında olduğu, rəşadətli ordumuzun işğal altındakı torpaqlarımızı addım-addım düşməndən təmizlədiyi bu tarixi günlərimizdə belə bir həqiqəti hər birimiz duyub hiss edə bilirik: zaman anlayışının məzmunu ona münasibətdən asılı şəkildə dəyişir.

 

Fərd olaraq bizim bu anlayış barədə təsəvvürlərimizlə dövlətin zamana münasibəti eyni deyil. Bizim üçün zaman bəzən bircə andır. Mümkün qədər tez gəlib yetişməsini arzuladığımız hər hansı əlamətdar məqamdır. Dövlət üçün isə zaman tarixdir. Rellaşdırılması bəzən onilliklərlə müddət tələb edən məqsədyönlü strategiyalardır. Qarşıya qoyulmuş milli hədəflərdir. Onların əldə edilməsi anından başlanan yeni bir mərhələdir. Yeni reallıqlar, yeni imkanlar dövrüdür.     

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri, sərkərdəliyi ilə əsgər və zabitlərimiz bu gün möhtəşəm tarix yazırlar. Cəbhə bölgəsində bir-birinin ardınca əldə olunan parlaq zəfərlər, işğal altındakı torpaqlarımızın üçrəngli bayrağımızın kölgəsində azadlığına qovuşması, Ordumuzun nümayiş etdirdiyi yüksək döyüş qüdrəti, təxminən 30 illik strateji hazırlığın, səbrin, təmkinin əsəridir. Ona görə bu zəfərlər bu qədər mükəmməldir, ardıcıldır, düşmənə vurulan zərbələr tutarlıdır.

 

Azərbaycan əsgəri hər yeni rayonumuzda dövlət bayrağımızı qaldırıb Ali Baş Komandana hərbi raport verərkən sevincdən gözlərimiz yaşarır. Sanki xoş bir röya kimi gördüyümüz bu mənzərəni ən kiçik nüanslarına qədər ruhumuza, qəlbimizə köçürmək istəyirik. Bu, böyük bir gözləntinin, uzun illər zülmətində əzab çəkdiyimiz kabusun işıqlı sonudur. 

 

Nizamı dəyişən tarix

 

Azərbaycan dövləti qarşısındakı ən böyük ümummilli problem olan Dağlıq Qarabağ problemini təxminən 30 illik hazırlıqdan sonra aradan qaldırır. Amma orasını da nəzərə alaq ki, həll etməkdə olduğumuz problemin özünün yaşı 200 ildən də o tərəfə gedir. 200 il ərzində ilk dəfədir ki, Azərbaycan erməni terrorçuları və Qafqazda erməni problemini yaratmış bədxahları qarşısında bu qədər güclü mövqeyə sahibdir, bizi haqq yolundan sapındırmağa çalışan şərin, ədalətsizliyin üzərinə bu qədər əzmlə yeriyərək haqqın nahaqq üzərində qələbəsinə nail olur.

 

Azərbaycan son 500 ildə ilk dəfədir ki, itirilmiş torpaqlarını, əlindən alınan haqqını geri qaytara bilir. Bunu duymaq, hiss etmək, izahı mümkünsüz bir duyğudur. Bu, Azərbaycanın öz tarixində gəlib çatdığı uca bir zirvədir.

 

Bununla bir daha görürük ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin milli dövlətçilik tarixinin ən qüdrətli mərhələsinə gəlib yüksəlməsi sadəcə söz deyil. Bu, hər birimizin gündəlik həyatımızda yaşadığımız reallıqdır. Azərbaycan Ordusunun işğalçı üzərində qazandığı zəfər də bu reallıqların ən mühümüdür.

 

Azərbaycan bu gün əsrlərin reallıqlarını dəyişir, tarixin axarına yeni nizam verir. Bəlkə heç özümüzün də fərqinə varmadığımız, amma gələcək nəsillərin keçmişə boylananda hər zaman böyük qürur və fəxarət hissi ilə öyünəcəkləri günlərin canlı şahidləriyik. Belə günləri öz xalqının şanlı tarixinə yalnız böyük şəxsiyyətlər yaza bilər. Azərbaycan xalqı bu tarixi uğurları ona görə əldə edə bilir ki, hazırda hər bir azərbaycanlının ətrafında sıx birləşdiyi, haqq mövqeyinə dəstək verdiyi, hər zəfər xəbərini intizarla gözlədiyi, hər kəlməsindən məmnunluq duyduğu cənab İlham Əliyevin şəxsində belə bir Liderə sahibdir.

 

Xalqı milli hədəflərinə yetirən Lider

 

Milli dövlətçilik tariximizdə böyük şəxsiyyətlər, dövlət qurucularımız çox olub. Onların hər birinə rəğbətimiz sonsuzdur. Çünki hər biri bugünkü Azərbaycan dövlətinin mövcudluğunda, indiki inkişaf səviyyəsinə gəlib çatmasında birbaşa, yaxud dolayı şəkildə əhəmiyyətli rol oynayıb. Bununla belə, tarixi şəraiti, hər dövrün öz şərt və reallıqlarını nəzərə alaraq düşünürəm ki, Azərbaycan tarixində xalqın milli enerjisini bu şəkildə bir araya gətirməyi bacarması, cəmiyyətdə vəhdətə nail olması və xalqı öz milli hədəflərinə çatdırmaq bacarığı ilə Ümummilli lider adını halal haqqına çevirmiş iki şəxsiyyətimiz var. Onlardan biri Ulu öndər Heydər Əliyevdir. O şəxsiyyət ki, əsrlərin o üzündən 1969-cu ilə qədər yol gələn, milli şüurda yaşanan dövlətçilik irsini ən çətin şərtlər altında belə zərrə-zərrə reallıqlara çevirdi. Bu irsə sahib çıxdı, onu öləziməyə qoymadı, milli düşüncələri qorudu. Azərbaycanın gələcək istiqlalı üçün yolları hamarladı, rəvanlaşdırdı. Müstəqilliyimizin ilk illərinin təlatümlü vədələrində isə xalqın çağırışı ilə yenidən dövlətçilik sükanı arxasına keçdi. Xilaskar missiyasını şərəflə yerinə yetirərək xalqı, dövləti aydın inkişaf yoluna çıxardı. Formalaşdırdığı möhkəm təməllər üzərində müstəqilliyimizin daimiliyini, əbədiliyini, dönməzliyini təmin etdi.

 

Fikrimcə, Azərbaycan Ordusunun parlaq qələbələrinə doğru yol, əsgər və zabitlərimizin böyük zəfər yürüşü, əslində, 1994-cü ilin atəşkəs müqaviləsi ilə başlanmışdı. Heydər Əliyev hər zaman olduğu kimi o məqamda da bu məsələyə böyük strateq baxışı ilə yanaşırdı. Dağlıq Qarabağ münaqişəsini və onun mümkün həlli yollarını bir neçə günün içində deyil, onilliklərin hüdudundan görə bilirdi. Bu münaqişənin qısamüddətli qərarlarla deyil, uzunmüddətli zaman içində görülməli olan işlərlə həllini tapacağının fərqində idi. Mövcud reallıqların təhlili zamanı bu böyük dövlət adamının uzaqgörənliyinə, otuz il sonranın reallıqlarını iti fəhmi ilə hiss edə bilmə qabiliyyətinə heyrətlənməyə bilmirsən. 1994-cü ildə bizim cəbhə bölgəsində hərbi əməliyyatları dayandırmağımız labüd idi. Çünki 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində belə bir münaqişəyə hazırlıqsız cəlb edilmişdik. Yaxın-uzaq tariximiz erməni daşnaklarının bizə qarşı terror əməlləri ilə “zəngin” olsa da, ermənilər hətta sovet dövründə Azərbaycandan ərazilər qoparmaqdan ötrü hər cür fitnə-fəsadlara əl atsalar da, onların mənfur əməllərinin belə bir miqyas alacağını münaqişə alovlanana qədər heç birimiz təsəvvür etməzdik.

 

Heydər Əliyev olsaydı... 

 

Bu, keçmişi analiz etməyi bacaran ümumun qənaətidir və mən də  həmişə belə bir fikirdə olmuşam ki, əgər ermənilər 1987-ci ildə Azərbaycana qarşı ərazi iddialarını açıq şəkildə bildirməyə başlayanda, daşnakların şeytan yuvasına çevrilmiş Xankəndidə, İrəvanda kütləvi aksiyalara başlayanda, xaricdəki havadarlarının əli ilə dünyada səslərini qaldıranda Azərbaycan rəhbərliyində milli hisslərdən uzaq şəxslər yox, məhz Heydər Əliyev olsaydı, yaxud Ulu öndər keçmiş SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini və Sov.İKP MK-nın Büro üzvü kimi yüksək vəzifələrində qalsaydı, məsələ geniş miqyas almadan ən uyğun həll tapacaqdı. Ermənilər də, onların havadarları da Ümummilli liderin qətiyyətindən çəkinəcəkdilər. Əfsuslar ki, bu ərəfədə Heydər Əliyev məqsədli şəkildə fəal siyasi proseslərdən uzaqlaşdırılmış, meydan boş qalmışdı. Ermənilərin Azərbaycana qarşı açıq ərazi iddialarına Ümummilli liderin istefasından cəmi bir neçə gün sonra başlamaları fikirlərimizin nə qədər həqiqət olduğunu göstərir. Azərbaycan dövlətinin və xalqının taleyi isə o dövrdə belə ümummilli məsələlərdə qətiyyət göstərməkdən məhrum, ancaq mərkəzin fərmayişlərini gözləyən  səriştəsiz şəxslərin ümidində qalmışdı.

 

Oktyabrın 26-da Ordumuzun növbəti parlaq zəfəri münasibətilə Azərbaycan xalqına müraciəti zamanı Azərbaycan Respublikasının Prezidenti xalqımız və dövlətimiz üçün o taleyüklü illərə düzgün tarixi qiymət verdi: “Moskvada anti-Azərbaycan rəhbərliyinin mövcudluğundan istifadə etdilər və separatizm meyilləri baş qaldırdı. Ondan əvvəl nə etdilər? Onlar ondan əvvəl hazırlıq işləri görürdü və əsas hazırlıq işlərinin hədəfində Heydər Əliyev dayanmışdı. Çünki yaxşı başa düşürdülər ki, Heydər Əliyevin varlığı, sovet rəhbərliyində onun böyük nüfuza malik olması onların planlarını alt-üst edirdi. Ona görə Ermənistandan, digər yerlərdən, əfsuslar olsun ki, milli satqınlar Azərbaycandan Moskvaya kütləvi surətdə anonim məktublar göndərirdilər. Qəsdən şər-böhtan kampaniyası aparılırdı ki, Heydər Əliyev amili aradan qaldırılsın. Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra 2 həftə keçməmiş baş qaldıran erməni separatçılar məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın, Ermənistana verilsin və bizim xalqımızın bəlaları o gündən başladı. Ondan sonra Dağlıq Qarabağda qanunsuz xüsusi idarəetmə komitəsi yaradıldı, qatı ermənipərəst bir insan ora rəhbər təyin edildi və faktiki olaraq Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün zəmin yaradıldı. O vaxtkı Azərbaycan rəhbərliyi əfsuslar ki, sadəcə olaraq, bütün bu təhlükəli hadisələrə tamaşa edirdi. Səs qaldıra bilmədi, cəsarət göstərmədi, sadəcə olaraq, başını salıb aşağı Moskvadan nə deyirdilər onu da edirdi. Çünki o vaxt Azərbaycana rəhbərlik edən adamlarda bir qram Azərbaycan qanı yox idi. Azərbaycanlı sayılsalar da, bir qram milli ruh yox idi, kosmopolit insanlar idi, heç Azərbaycan dilində düz-əməlli danışa bilmirdilər”.

 

Gerçəkləşən arzular 

 

1993-cü ildə, müstəqilliyin ilk illərində yaranmış gərgin böhrandan, xaosdan cana doymuş xalqın çağırışlarına səs verərək siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ölkə rəhbərliyinə gələn zaman Azərbaycan cəbhə bölgəsində çox mövqeləri əldən vermişdi. Ölkə bu gün məğlubiyyətin acılarını dadan, gözlənilməz zərbələrdən xaosa, qarışıqlığa düçar olmuş Ermənistanın üzləşdiyi durumu yaşayırdı. Milli həmrəylik göstərərək düşməni yerində oturtmalı olan siyasilərin hakimiyyət uğrunda aramsız davaları, nizami ordunun olmaması, silahlı müxalif qüvvələr arasındakı daxili çəkişmələr, başıpozuqluq, hərki-hərkilik o zaman işğalçıların yolunu açır, yaşayış məntəqələrimizin bir-birinin ardınca işğal altına  düşməsinə səbəb olurdu.

 

Birinci Qarabağ müharibəsi zamanı bu vətənin igid övladlarının canları-qanları bahasına qoruduqları strateji yüksəkliklərin, şəhər, qəsəbə və kəndlərin hansısa təsadüfi bir şəxsin, naşı siyasət adamının şəxsi ambisiyası üzündən düşmənə təslim edildiyini, xəyanətin qurbanı olduğunu düşünəndə qəzəbindən sarsılırsan.

 

Amma bu gün Azərbaycan cəmiyyətində misilsiz bir həmrəylik var. Bu Vətənin hər bir övladı Ali Baş Komandan cənab İlham Əliyevin, Ordumuzun ətrafında sıx birləşib. Hamı nəyin bahasına olursa-olsun düşmənin diz çökdürülməsini, işğalçının, son günlərin məşhur ifadəsi ilə qeyd etsək, “iti qovan kimi” torpaqlarımızdan qovulmasını, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını istəyir.

 

Azərbaycan Ordusunun bu gün işğalçıya qarşı apardığı əks-hücum əməliyyatları cəmiyyətdən gələn sosial sifarişdir, insanların 30 illik arzusudur. Bu gün əldə etdiyimiz zəfərlər Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəldikdən sonra cəmiyyətdə nail olduğu milli həmrəyliyin, həyata keçirdiyi demokratik, hüquqi dövlət quruculuğu işinin, ordu quruculuğuna göstərdiyi diqqətin nəticəsidir. Heydər Əliyev 1994-cü ildə cəbhə bölgəsində atəşkəsi məqsədəuyğun saymaqla, həm münaqişənin sülh yolu ilə həlli imkanlarını dəyərləndirmək, həm də Azərbaycanı böyük qələbəyə hazırlamaqdan ötrü vaxt qazanmaq istədi. Və böyük dövlət adamı buna nail oldu. Azərbaycanı bütün müstəvilərdə - həm hərbi, həm diplomatik, həm sosial-iqtisadi müstəvidə böyük qələbələrə aparacaq istiqamətləri  müəyyənləşdirdi və dövlətin, xalqın taleyini əmin əllərə etibar etdi.  

 

“Mən ona özüm qədər inanıram”

 

2003-cü ilin Prezident seçkisi ərəfəsində xalqımıza müraciəti zamanı Azərbaycan seçicisinin də qəlbindəki ən layiqli namizədi nəzərdə tutaraq “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək" deyərkən Heydər Əliyevin qeyd etdiyi ən böyük taleyüklü məsələ, təbii ki, Dağlıq Qarabağ problemi idi. Bu baxımdan cənab İlham Əliyev bu gün Ordumuzun qələbələri ilə Ulu öndərin ən böyük arzusunu yerinə yetirir. Onun başa çatdırmağa həyatdan möhlət tapmadığı işləri reallaşdırır.

 

Xarici məsələlər üzrə dövlət müşaviri kimi uzun illər Ulu öndərlə birgə çalışmış mərhum Vəfa Quluzadə xatırlayırdı ki, ATƏT-in Minsk Qrupunun o zamankı həmsədrlərindən biri ilə görüşündə Heydər Əliyev həmsədrin hansısa mənasız mühakiməsinə etiraz olaraq əlini masaya vurub və deyib: “Elə bilirsiniz, Azərbaycan həmişə belə gücsüz olacaq?..”

 

Bu günlər Ulu öndərin gözlədiyi o böyük günlərdir. Hər kəsin Azərbaycanın gücünü etiraf etmək məcburiyyətində qaldığı, dostlarımızın şad olduğu, düşmənlərimizin qəm dəryasına batdığı zamanlardır. Əminik ki, indi ən çox Heydər Əliyevin ruhu şaddır.

 

Azərbaycan əsgəri bu gün xalqın zəfər salnaməsini yazır. İşğaldan azad edilən hər bir yaşayış məntəqəsinin, hər qələbə müjdəsinin arxasında illərin zəhməti var. Azərbaycan dövləti, cəmiyyətimiz, Ordumuz bu gücə, qüdrətə dövlət rəhbərimizin fədakar əməyi, dərin zəkası, qətiyyətli addımları sayəsində yetişib. 

 

Yeni tarix, yeni reallıqlar

 

Bütün bunlar Azərbaycanın innovasiyalara, həyatın hər sahəsində yeniliklərə açıqlığından, dəyişikliklərə hazırlığından, yeni reallıqlara, elmi-texniki həllərə çevik uyğunlaşma bacarığından irəli gəlir. Bu, Azərbaycanın dövlət rəhbəri cənab İlham Əliyevin özünün malik olduğu və cəmiyyətə, xalqın hər bir nümayəndəsinə də təlqin etdiyi bacarıqdır. Azərbaycan Prezidenti dövrün ən mütərəqqi texnologiyalarını, özünü doğrultmuş təcrübələrini ölkəmizə gətirir. Onun  hakimiyyətinin ilk günlərindən imzaladığı tarixi sənədlərin məzmununa, məramına diqqət edək. Atdığı addımların niyyətlərinə baxaq. Bunların hər biri ölkədə dayanıqlı inkişaf mühitinin formalaşmasına, Azərbaycanın bütün sahələr üzrə, təhsilindən səhiyyəsinə, mədəniyyətindən ordusuna qədər dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilməsinə hesablanmış qərarlardır. Ola bilər ki, bu qərarlardan hansısa hələ öz məqsədinə tam çatmayıb, hələ icra prosesindədir, yaxud olsun ki, bəzi qərarlar cəmiyyət tərəfindən lazımi səviyyədə dəyərləndirilməyib, amma bunlar var, onların reallığa çevrilməsi üçün siyasi iradə ortadadır və dövlətimiz qarşıya qoyduğu məqsədlərə addım-addım nail olur.

 

Mətbuat orqanlarını nəzərdən keçiririk, sosial mediada paylaşılan rəyləri mümkün qədər izləməyə çalışırıq. Bir qism insanlar Azərbaycan Prezidentinin illər əvvəl verdiyi qərarları, həyata keçirdiyi tədbirləri xatırlayırlar və özləri də etiraf edirlər ki, o qərarlar verilərkən, o layihələr reallaşdırılarkən bunun mahiyyətini düzgün anlamayıblar. Məsələn, Azərbaycanın kosmosda peyklərə sahib olması, müasir müdafiə sənayesi komplekslərinin yaradılması kimi tədbirləri dövlət büdcəsi üçün əlavə məsrəf sanıblar. Amma indi müharibə şəraitində bütün bunların düşmən üzərində nə qədər böyük üstünlük qazandırdığını, Ordumuzun zəfərlərinə vəsilə olduğunu görüb yanlışlarını anlayırlar. Güclü dövlət də elə budur. Ən gözlənilməz şəraitlərə, ən gözlənilməz vəziyyətlərə ən yüksək səviyyədə hazır olmağı bacarmaqdır. Azərbaycan Prezidenti ölkəmizi yeni reallıqlar dövrünə belə bir hazırlıqla yetirdi. Bu haqq savaşında ölkəmizin qalibiyyəti üçün bütün şərtləri təmin etdi. Aradan keçən zamanın qətiyyən boşuna sərf olunmadığını sübuta yetirdi. Vətənin köksündə sağalmaz yara kimi əsrlərdir, qövr edən erməni millətçiliyi yarasının birdəfəlik kəsilib atılması üçün bütün lazımi işlərin görüldüyünü, təkcə Azərbaycanın deyil, ümumilikdə Cənubi  Qafqazın təhlükəsizliyi üçün möhkəm bünövrənin formalaşdırıldığını nümayiş etdirdi. Bu müddətdə görülən sanballı işlər nəticəsində hazırda terrorçu Ermənistan suda boğulan saman çöpündən yapışdığı kimi hara əl atırsa, əlləri boşa çıxır. İndiyə qədər güvəndiyi bütün yerlərdən ümidi kəsilib getdikcə daha zəlil günə düşür. 

 

İşğalçı ölkənin labüd məğlubiyyəti 

 

Hərbi əməliyyatların gedişində diqqətimi çəkən simvolik bir məqam var. Terroru dövlət siyasətinə, mülki əhalinin kütləvi qətliamını ordusunun döyüş taktikasına çevirmiş işğalçı Ermənistanın yeni rəhbərləri də öz xələflərinin cinayətkar xislətlərinə sadiqdirlər. 1992-ci ilin 26 fevral gecəsi Xocalıda yüzlərlə azərbaycanlının soyqırımı ilə ümumən bəşəriyyətə qarşı törətdikləri qətlıamı yenə davam etdirirlər. Hərbi münaqişələrin aparılması ilə bağlı qəbul edilmiş bütün beynəlxalq normaları, o cümlədən Cenevrə konvensiyasının tələblərini kobud şəkildə pozaraq yeni beynəlxalq cinayətlər törədirlər. Şəhər və kəndlərimizdəki mülki əhalini, Azərbaycanın mülki sənaye obyektlərini raket atəşinə tuturlar. Hətta beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan istifadə edirlər. İndiyə qədər aralarında uşaqların, yaşlı insanların, qadınların da olduğu 90-dan çox dinc vətəndaşımız erməni vəhşiliyinin, Ermənistanın terrorçu rəhbərliyinin törətdiyi vəhşiliklərin qurbanı olub. Cəbhə bölgəsindəki acı məğlubiyyətləri ilə barışmayan işğalçı ölkənin başbilənləri Azərbaycanın regional əhəmiyyətli infrastruktur obyektlərinə, ölkəmizin təşəbbüskarı olduğu qlobal enerji-kommunikasiya xətlərinə də xətər yetirməyə çalışırlar. 

 

Qeyd etdiyim simvolik məqam isə bundan ibarətdir ki, Ermənistanın Azərbaycan ərazisinə atdığı ballistik raketlərin bir qismi Ordumuzun malik olduğu müasir müdafiə sistemlərinin köməyi ilə havadaca zərərsizləşdirilir, şükürlər ki, hədəfə çatıb yeni qətliamlara, bəşəri cinayətlərə, böyük dağıntılara səbəb ola bilmir. Ermənistan rəhbərləri eyni durumla beynəlxalq arenada da üzləşirlər. Əsrlərlə erməni lobbisinin gücü ilə dünyaya üfürdükləri yalanlar, Azərbaycan və ümumən Türk dünyası ətrafında qurduqları hörümçək toru artıq onilliklər əvvəl olduğu qədər effekt vermir, dərhal zərərsizləşdirilib özlərinə qarşı çevrilir, havadarlıqlarına güvəndiklərinin bu dəfə başqa tərzini görüb əlləri ətəklərindən uzun duruma düşürlər.

 

Böyük diplomatik səriştəyə, əsl lider zəkasına, beynəlxalq siyasi arenada yüksək nüfuza malik Azərbaycan Prezidenti cənab İlham Əliyev müasir dünyamızın, regionun geopolitik şəraitinə uyğun elə bir mükəmməl kombinasiya qurub ki, Ermənistan rəhbərləri hansı tərəfə üz tutsalar, labüd məğlubiyyətdən qaça bilmirlər. 

 

“Qarabağ Azərbaycandır!”

 

Aradan ötən onilliklər ərzində işğalçı ölkənin rəhbərlərinə də, onların təcavüzkar mövqeyini dəstəkləyən Ermənistan cəmiyyətinə də elə gəlirdi ki, zaman keçdikcə Azərbaycan itirilmiş torpaqlarını unudacaq. İşğal reallıqları ilə barışacaq. Ona görə də mövcud status-kvonu mümkün qədər uzatmağa çalışırdılar. Mənfur erməni xisləti isə yenə öz işində idi. Ermənistanın yeni rəhbərliyi mövcud durumdan, dəstəyi ilə hakimiyyətə yiyələndiyi xarici dairələrin qrant və siyasi köməyindən o qədər eyforiyaya qapılmışdı ki, ölkənin müdafiə naziri ABŞ-da “yeni ərazilər uğrunda yeni müharibə”dən dəm vururdu. Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan rəhbərliyi ilə ilk görüşlərində verdiyi bütün vədləri unudub namərdcəsinə xalqımızın heysiyyətı ilə oynamağa başlamışdı. Milli düşüncəmizdə qudsallıq simvollarımızdan olan Şuşaya gedib özü kimi daşnak xislətli sərsəmlərlə sərxoş vəziyyətdə rəqs edirdi. Siyasətə gəldiyi küçələrin ab-havası ilə beynəlxalq toplantılarda “Qarabağ Ermənistandır, nöqtə” deyəcək qədər tərbiyəsizliyə özündə cəsarət tapa bilirdi. Danışıqların Azərbaycanla  Dağlıq Qarabağdakı cinayətkar hərbi-xunta rejimi arasında aparılmalı olması barədə həyasızlıqları ilə illərdən bəri aparılan danışıqlar prosesini, hazırlanan həll prinsiplərini pozurdu.  Və ona da, ətrafındakı faşist düşüncəli məmurlarına da elə gəlirdi ki, Azərbaycanın münaqişənin itki vermədən sülh yolu ilə həlli üçün göstərdiyi səbr, təmkin, danışıqlar yoluna sadiqliyi vəziyyətlə barışması anlamına gəlir.

 

Onların gözləri o qədər tutulmuşdu və uydurduqları miflərə özləri də inanmışdılar. Hətta şanlı Azərbaycan Ordusunun 2016-cı ilin aprelindəki dördgünlük müharibə zamanı düşmənə verdiyi dərsləri də sanki unutmuşdular. Ordumuzun Lələtəpə, Günnüt zəfərləri yaddan çıxmışdı. Fərqində deyildilər ki, sülh danışıqları bir səmərə verməzsə, münaqişənin hərbi yolla həll ediləcəyi barədə Azərbaycandan verilən bəyanatların reallığa çevrilməsi, Azərbaycan əsgərinin işğal altındakı torpaqlarımıza doğru zəfər yürüşünə başlaması an məsələsidir.

 

Azərbaycan xalqı həyasızlığı, faşist xisləti sərhəd tanımayan düşmənə qarşı səbrin sonsuz olmadığını göstərdi. Tərbiyəsiz davranışları, qeyri-korrekt bəyanatları ilə sülh danışıqlarını pozan Ermənistan rəhbərliyini əməllərinə peşman etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ermənistan rəhbərliyinin məlum sərsəmləmələrinə cavab olaraq səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” bəyanatı xalqımızın, ordumuzun möhtəşəm zəfər marşının ilk cümləsinə, o andan başlanan yeni tariximizin ilk səhifəsinə çevrildi. İşğalçı ölkənin hərbçilərinin illərdən bəridir, cəbhə xəttində köstəbək kimi qazıq-qazıq edib möhkəmlətdikləri istehkamları dağıdıb status-kvonu dəyişdi. Ermənistanı da, təcavüzkar ölkənin havadarlarını da yeni vəziyyət qarşısına qoydu.  

 

Ədalət uğrunda

 

Danışıqlar prosesi isə bu gün də aktualdır. Azərbaycan Respublikası Prezidentinin bəyan etdiyi kimi, işğalçı Ermənistan məğlubiyyəti ilə barışıb torpaqlarımızdan “rədd olub getsə”, Ordumuz hərbi əməliyyatları dayandıra və məsələ yenidən diplomatik müstəviyə qaytarıla bilər. Yeni reallığın ortaya qoyduğu əsas fərqli vəziyyət isə ondan ibarətdir ki, indi şərtləri Azərbaycan diqtə edir. İndiyə qədər masada haqlı olan tərəf Azərbaycan idi. Amma əfsuslar olsun ki, illərdir, haqlı mövqeyimizə lazımi qədər dəstək verilmirdi. Bu günsə Azərbaycan hərb meydanında da, danışıqlar masasında da həm haqlı, həm də güclüdür. Görünür, haqlı mövqeyin etirafı üçün güc də bəzən qaçılmazdır.

 

Azərbaycanın apardığı bu dava haqq davasıdır. Həm beynəlxalq hüquq normaları, həm tarixi-mənəvi əsaslar Azərbaycanı bu davada haqlı edir. Ordumuz ölkəmizin ərazi bütövlüyünü qoruyur, işğalçıları torpaqlarımızdan qovub çıxarır. Eyni zamanda Azərbaycan öz əzəli-əbədi torpaqlarında ədaləti bərpa edir.

 

İşğal nəticəsində 30 ilə yaxındır ki, doğma torpaqlarından didərgin salınıb Azərbaycanın müxtəlif bölgələrinə səpələnmiş, böyük çətinliklər içində əzab çəkmiş, ömrünün ən gözəl illərini itirmiş insanların pozulmuş haqlarını bərpa edir. Əslində beynəlxalq təşkilatların görməli olduğu, BMT kimi ali qurumların qətnamələrinin icrasına görə məsuliyyət daşıyan təşkilatların üzərinə düşən, amma onların bu illər ərzində icrası istiqamətində ciddi bir addım atmadıqları vəzifələri yerinə yetirir.

 

Hərbi əməliyyatların gedişində yerli və xarici kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələri, bu müsahibələrdə qoyulan suallara cavabları, mühakimələri ilə sözün əsl mənasında ustad dərsi keçən Azərbaycan Prezidenti bu günlərdə Almaniyanın ARD televiziya kanalına müsahibəsi zamanı jurnalistin “-Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?” sualına belə cavab verdi:

 

“-Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”.

 

Azərbaycan hərbçiləri bu gün öz torpaqlarımızda dövlətimizin ərazi bütövlüyünü qoruyurlar. Bütün dövrlərdə bu dövlətin də, vətəndaşın da, əsgərin də ən ali vəzifəsi olub. Ermənistanın əsgər və zabitləri isə Azərbaycan torpaqlarında işğalçı kimi canlarını tapşırırlar. İşğalçı ölkənin siyasi-hərbi rəhbərləri mənəviyyatdan, ümumbəşəri dəyərlərdən, əxlaqdan o qədər uzaq düşüblər ki, hətta öz ölülərinə belə yiyə durmurlar. Azərbaycan tərəfi yenə də mərdanə davranaraq, döyüş meydanındakı düşmən cəsədlərini özü toplayıb işğalçı ölkəyə göndərmək məcburiyyətində qalır. Bununla xalqımızın malik olduğu dəyərləri, comərdliyi, yüksək əxlaqı bir daha bütün dünyaya nümayiş etdirir. Erməni hərbçiləri yaşayış məntəqələrini qoyub qaçarkən ayağı yer tutmayan yaşlı, xəstə erməniləri özləri ilə aparmağı artıq yük bilirlər. Yaralılarını döyüş meydanlarında buraxıb qaçırlar. Onlara da Azərbaycan sahib çıxır, müharibənin beynəlxalq qayda-qanunlarına uyğun olaraq qarınlarını doyurur, müalicələrinə kömək göstərir, düşmən də olsalar, bizə nifrət ruhuna da köklənsələr, yenə həyatda qalmaları üçün köməyini əsirgəmir. Əslində, bunun özü Ermənistan cəmiyyətinə bir görk olmalıdır. Öz yaşlısına, xəstəsinə, yaralısına sahib çıxa bilməyən işğalçı dövlət onları da həmişə bəd ayaqda qoyub gedəcək. Vətəndaşlarını mənasız iddialarına görə qırğına verəcək.

 

Ermənistan cəmiyyəti tarixi seçim qarşısında

 

Ona görə də bu gün Ermənistan cəmiyyəti də tarixi seçim qarşısındadır. Baş verənlərin məsuliyyəti təcavüzkar ölkənin rəhbərliyi qədər həm də onların üzərinə düşür. Sıravi ermənilər, Azərbaycan torpaqlarında labüd ölümə göndərilənlərin valideynləri, yaxınları öz hakimiyyətlərinə etiraz etməlidirlər. Bu münaqişənin, Azərbaycana qarşı ərazi iddialarının onlara əsla gərək olmadığını nəhayət ki, anlamalıdırlar. Mənasız yerə insan itkilərinin qarşısını almalıdırlar. Ermənistan onsuz da son onilliklərdə ciddi demoqrafik böhran yaşayır. İşğalçı mövqeyi ilə özünü dünyadan təcrid etmiş, özünə qapanmış, bütün regional layihələrdən kənarda qalmış ölkədə sosial-iqtisadi durum getdikcə pisləşdiyindən əhali Ermənistanı sürətlə tərk edir. Müharibədə yaşadıqları insan itkiləri onları daha böyük problemlərlə üz-üzə qoyacaq. Son onilliklərdə Ermənistanın öz ərazilərindəki yaşayış məntəqələri sürətlə boşalır. Bu halda Ermənistan cəmiyyəti, nəhayət  vicdanı ilə qarşı-qarşıya dayanıb, başqa ölkənin ərazilərində nə gəzdiyini özünə sual etməlidir. Beynəlxalq normalara görə cinayət sayılan qanunsuz məskunlaşdırma siyasətinin, oğru kimi Azərbaycanın o torpaqlardakı təbii sərvətlərini xarici şirkətlərlə talan etməsinin bir gün başa çatdırılacağını anlamalıdır.

 

Rəşadətli ordumuzun düşməndən təmizlədiyi yaşayış məntəqələrimizdən tez-tez videolar yayılır. 27-28 il əvvəl hər cür şəraitə malik müasir, abad, səliqəsi ilə göz oxşayan bütöv şəhərlərdən, qəsəbələrdən, kəndlərdən indi ancaq xarabalıqlar qalıb. Ermənilər nəyi mümkündürsə, söküb daşıyıblar. Daşı-daş üstündə qoymayıblar. O torpaqlarda 1993-cü ildən bəri sanki həyat dayanıb, hər yan tar-mar, viranədir. Bu mənzərəni görən Ermənistan cəmiyyəti görəsən düşünürmü ki, yeganə missiyası ancaq dağıdıcılıqdan ibarət olan, abad məkanları xarabazara çevirən, inkişafı sükunətə, abadlığı xarabalığa dəyişən bir dövlət öz vətəndaşına, dünyaya, bəşəriyyətə nə verə bilər? Keçmişi vərəqləyək: işi işğalçılıqdan, qarşısına çıxan hər şeyi yerlə-yeksan etməkdən ibarət olan ucsuz-bucaqsız imperiyalardan bu günümüzə  qalıb?! Lənətlənmiş tarixdən başqa heç nə. Bəşər mədəniyyəti sülh üçün çalışan, torpağa silah deyil, toxum əkən, onun bərəkətindən faydalanan, dağıdıcılıqla yox, quruculuqla məşğul olan toplumların, liderlərin şah əsəridir.

 

Azərbaycan dağıdıcılıq yox, quruculuq yolundadır. Bizi düşməndən fərqləndirən də elə budur. Biz o torpaqları susuzluqdan cadar-cadar, barsız-əkinsiz, insan əlinin tumarına həsrət, viranə  durumda saxlamaq üçün azad etmirik. Biz o torpaqları yenidən həyata qaytarmaq, dünyanın abad bir parçasına, gülüstanlığa çevirmək üçün düşmənin zəhərli nəfəsindən təmizləyirik.

 

Ordumuzun torpaqlarımızı azad etməsinə paralel olaraq bu ərazilərdə normal həyatın bərpası məqsədilə addımlar atılır. Dövlət rəhbərimiz “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərman imzalayıb. Burada həmin ərazilərdə yerinə yetirilməli olan ilkin işlər müəyyənləşib. Güman ki, yaxın vaxtlardan etibarən o torpaqlarda genişmiqyaslı inkişaf proqramlarının icrası başlanacaq. Zamanın dayandığı, həyatın sükunətə qərq olduğu yurd yerlərimizə yenidən insanların gülüşü qayıdacaq, zəhmətkeş insanlarımızın səsi-sədası eşidiləcək, oralarda yeni bir tarix, yeni bir həyat başlanacaq.    

 

Aydın gələcəyə doğru

 

Bu gün Azərbaycan cəmiyyətində çox böyük həmrəylik var. Bu, zəmanəsinin ən parlaq Liderlərindən olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında əldə olunmuş həmrəylikdir. Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ictimai obrazı, Vətənə, vətəndaşlarımıza sevgisi, qurub-yaratmaq əzmi bu həmrəyliyi daha da gücləndirir. Böyük Qələbəmizdən sonra da biz bu vəhdəti qoruyacağıq. Qələbə bizi daha da bütünləşdirəcək, tariximizdə yeni bir səhifə açacaq. Biz o şəhərlərimizi, kəndlərimizi, qəsəbələrimizi əvvəlkindən də gözəl şəkildə bərpa edəcəyik. Çünki onların hər daşında sevgimiz gül açacaq, illərlə çəkən həsrətimizin bitdiyi təkrarsız anlar əks olunacaq.

 

Bizim işğalçı  Ermənistandan bir əsas fərqimiz də budur ki, biz o ərazilərin yeni həyatında, yeni tarixində təkcə azərbaycanlıları deyil, milli mənsubiyyətindən, dilindən, dini inancından asılı olmayaraq Azərbaycanın dövlətçilik atributlarına sayğı göstərən, ölkəmizin vətəndaşı kimi öz məsuliyyətini dərk edən bütün millətlərin nümayəndələrini, o cümlədən erməni əsilli vətəndaşlarımızı da görə bilirik. Bu, dövlətimizin böyüklüyü, bəşəri dəyərlərə sadiqliyidir. Etiraf edək, illərlə bizə zimistan çəkdirmiş, mənasız iddiaları üzündən lay divar övladlarımızın ölümünə bais olmuş, minlərlə mülki vətəndaşımızın, günahsız körpələrimizin fidan ömrünə son qoymuş xalqın nümayəndələri ilə yanaşı yaşamağın müəyyən sıxıntıları, psixoloji əzabları da olacaq. Amma biz erməniləri əsrlərdir yoluxduqları xəstə təfəkkürdən, faşizm mərəzindən xilas etmək üçün buna da qatlaşacağıq. Yaralarımızı sarıyıb yeni bir həyata başlayacaq, sülhə, inkişafa nail olmağa çalışacağıq. Erməni vətəndaşlarımızı və onların timsalında ümumən regionumuzu, dünyamızı xəstə millətçilik təfəkküründən xilas etmək yenə də bizə düşər. Azərbaycan təşəbbüskarı olduğu və əsas icraçılarından biri kimi yerinə yetirdiyi qlobal layihələrlə bu gün regionda sülhün, davamlı inkişafın əsas qarantıdır. Bu layihələr bölgənin geopolitik mənzərəsini dəyişir, yeni reallıqlar müəyyənləşdirir. Azərbaycan dövləti bu reallıqları təhdid edən təhlükələrin aradan qaldırılması, Cənubi Qafqazın dünyanın ən rahat, inkişaf dolu, insanların mehribanlıq və hüzur içində yaşadığı cənnət bir məkana çevrilməsindən ötrü üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək.

 

Bu, əsrlərdən üzübəri əcdadlarımızın qiymətli mirası kimi yol gələn mültikultural dəyərlərimizin, tolerantlıq ənənələrimizin, humanizmimizin verdiyi əminlikdir. Milli həmrəyliyimizdən gələn gücdür. Azərbaycan Prezidentinin gələcəyə strateji baxışının yaratdığı aydınlıqdır.

 

Yolun hər zaman aydın olsun, Vətən!

 

Qarabağ Azərbaycandır!

 

525-ci qəzet.- 2020.- 7 noyabr.- S.14,15,23.