Biz tək deyilik
Son günlər hər dəfə küçəyə
çıxdığımda bir çox yerlərdə Azərbaycanın
və Türkiyənin bayraqları ilə birgə
Pakistanın da bayrağının
asıldığını görürəm.
23 avqust
1997-ci il Pakistan. İslamabad
şəhəri.
Mən bu ölkədə Azərbaycan Respublikasının
ilk səfiriyəm. Elə bu gün gəlmişik. Hələ ki üç nəfərik. Mən - səfir, çox cavan yaşlarından
dünyasını dəyişmiş Elmar Əliyev - konsul və
bir də səfirliyin mətbuat məsələləri
üzrə atteşesi. Hələ ki ortada
nə səfirlik var, nə avtomobil, nə də digər
avadanlıqlar. Bu zaman kəsiyi səfirlik
həyatının ən üzüntülü, ən çətin,
ən ağır bir vaxtıdır. Quru
bir yerdə, tanımadığın bir ölkədə
dövlət səviyyəsində nəsə qurub-yaratmaq həm
olduqca məsuliyyətli və həm də çətin məsələdir.
Oteldə yerləşib, şam edib qərarlaşdıq
ki, elə səhər tezdən işə başlayaq. Amma hardan başlayaq? Nədən
başlayaq? Və necə başlayaq?
Diplomatik işdə hələ ki heç
birimiz o qədər də təcrübəli deyildik. Hər üçümüzün birinci diplomatik
xidməti idi. Doğrudur, mən səfir təyin olunana
qədər uzun müddət Xarici İşlər Nazirliyində
işləmişdim, ondan da əlavə, hələ Sovet
dönəmində başqa bir xətlə İranda,
Əfqanıstanda uzun müddət işləyib, Türkiyədə
diplomatik kurslarda təhsil almışdım. Amma o işlər
başqa, bu iş isə başqa. Bunlar fərqli-fərqli
məsələlərdir. Ən adi bir səhv... Allah göstərməsin. Hardan
başlamalı? Gözlər mənə
dikəlmişdi. Yol gəlib yorulmuşduq.
Hərəmiz öz otağımıza çəkilib
yatdıq.
24 avqust.
Telefon zənginə yuxudan ayıldım. Mən bu
ölkədə heç kimi tanımıram. Kim mənə
zəng edə bilər ki?.. Elə dəstəyi
götürüb - "Hello" demək istəyirdim ki, xəttin
o biri başından:
-
Günaydın, sayın böyük elçim - sözlərini
eşitdim. Təəccübləndim.
Aha... Məlum oldu ki, səhər tezdən ilk mənə
zəng edən Türkiyənin Pakistandakı səfiri Candan bəy
Azərdir. İndiyə kimi yadımdadır.
Dedi ki, sən gələn yollara qurban olum, ay qardaş. Nə yaxşı gəldin. Sənin
sədanı çoxdan eşidirdim.
Ay aman...
Qərib və sənə tanış
olmayan bir ölkədə tanımadığın bir adamdan
"qardaş" sözünü eşitmək nə
gözəl bir sözdür. Bir qədər
hal-əhvaldan sonra - "Arxanızca maşın göndərirəm,
gəlin səfirliyə, elə qəhvəaltını da
birlikdə edərik. Heç nədən
çəkinməyin. Siz maşın alana
qədər bizim səfirliyin maşını sizin
ixtiyarınızda olacaq" dedi. Sonra da, zarafatla əlavə
etdi: "Arxayın olun, maşında heç bir dinləyici
qurğu-filan yoxdur. Arxayınlıqla nə istəsəniz
danışa bilərsiniz". Gülüşdük.
Qəhərlənmişdim. Tanımadğım
bir ölkədə, yad bir məmləkətdə, tənha
otel otağında (lap Nəcib Fazilin o məşhur şeirində
olduğu kimi, amma tam əksi) ilk eşitdiyim bu sözlərdən
kövrəlmişdim. Candan bəy Azər
türk diplomatdır (Daha doğrusu, idi. 2014-cü ildə
dünyasını dəyişmişdi. Allah
rəhmət eləsin. Əla kişi
idi). Əslən azərbaycanlı, atası
ordubadlı idi. İkinci Dünya müharibədən
bir neçə il əvvəl, 30-cu illərdə
repressiyadan ehtiyat edərək, sovet quruluşunun qanunlarına
dözməyib, Naxçıvandan çox böyük çətinliklərlə
Türkiyəyə qaçır. Adını,
soyadını orda dəyişir. Türkiyədə
bir türk qızı ilə evlənir, ailə qurur. Bu nikahdan Candan adlı bir oğulları olur. Uzun illər Vətən həsrəti ilə
yaşayan ailə başçısı "Azər"
adını soyad kimi götürür.
Candan bəy Azər böyük diplomat olub. Həqiqətən
böyük diplomat olub. Sözün hər
iki mənasında diplomat. Həm məcazi,
həm də müstəqim mənalarda. Uzun
müddət Çində, Brüsseldə, Vaşinqtonda,
Çikaqoda işləyib. Sonra Pakistana təyin
olunub. Mən bu adam haqqında hələ
Türkiyədə diplomatik kurslarda təhsil alarkən
eşitmişdim. Onu da eşitmişdim ki,
Türkiyə Xarici İşlər Nazirliyində əslən
azərbaycanlı olan üç nəfər diplomat səfir
işləyir. Tale elə gətirdi ki, mən
onların ikisi ilə işləməli oldum. Biri Candan bəy Azər, ikinci isə ... bu barədə
bir qədər sonra.
Dəstəyi yerinə qoyub, xəyalən bir qədər
dünənə, Türkiyədəki diplomatik kurslarda təhsil
aldığım vaxtlara qayıtmışdım ki, telefonum
ikinci dəfə zəng çaldı. Dəstəyi
qaldırıb elə "Günaydın" demək istəyirdim
ki, xəttin o biri başından:
- Good
morning mister embasodor (Sabahınız xeyir cənab səfir)
sözlərini eşitdim.
Bu dəfə zəng edən isə Pakistanın Xarici
İşlər naziri Gövhər Əyyubxan idi. Mən bu
adamın atası haqqında hələ uşaq ikən
eşitmişdim. Eşitmişdim ki, nazirin
atası Məhəmməd Əyyubxan vaxtilə Pakistanın
prezidenti olub. Hələ o vaxtlar onu da
eşitmişdim ki, Hindistanla Pakistan arasında Kəşmir
problemi var və tez-tez aralarında toqquşmalar olur.
İndi fikir verin. Pakistan kimi böyük bir dövlətin
Xarici İşlər naziri öz ölkəsinə yenicə
təyin olunmuş səfirə zəng edib və xoş gəldin
deyir. Yad bir ölkədə bundan
böyük arxayınçılıq hissini mən təsəvvür
etmirəm. Daha sonra, "Əgər
türk səfiri məni qabaqlamayıbsa, o zaman
günortaüstü sizə bir maşın göndərərəm.
Lazım olan, tələb olunan işlərinizə
başlaya bilərsiniz".
Mən güman etmirəm ki, belə bir münasibət
digər səfirlərə də olsun. Və mən
başa düşdüm. Hər şeyi
başa düşdüm. Başa
düşdüm ki, mənəvi dəstək olmaq, siyasi dəstək
olmaq hər bir dəstəkdən, hər bir köməkdən
alidir, üstündür. Bu, çox bir
gözəl hiss idi. Bu deyilən sözlərin tərcüməsi
bu idi: "Siz tək deyilsiniz", "Biz sizinləyik",
"Sizə hər zaman dəstəyik", "Arxayın
olun", "Biz qardaşıq".
Doğrudan da, arxalı olmaq, güclü olmaq - fərqi
yoxdur, ya maddi, ya mənəvi - çox böyük məsələdir. Arxan olmazsa,
gücün olmazsa, haqlı olduğunu sübut edə bilməzsən,
bu, çox çətindir. Gərək həm
də, arxan da hiss etsin ki, sən güclüsən, zəif
deyilsən və haqlısan. Belə məsələlər
ən çox özünü beynəlxalq təşkilətlarda
daha aydın, daha açıq, daha qabarıq göstərir.
Mən Pakistanda təklik hiss etmədim, qətiyyən. Həm Pakistan dövləti, həm də Türkiyə
səfirliyi səfirliyimiz qurulub ayaq üstə durana kimi bizə
mənəvi dəstək oldular.
***
Türkiyə səfirliyinə gələrkən, elə
dəhlizdəcə ilk gözlərimə dəyən Türkiyənin
böyük şairi Yəhya Kamal Bayatlının şəkli
oldu. Onda bildim ki, Türkiyənin Pakistandakı ilk səfiri
1948-ci ildə Yəhya Kamal Bayatlı olub. Səfirliklərdə
belə bir adət var. Özündən əvvəlki
bütün səfirlərin şəkillərini divardan
asmalısan. Axı, bu, böyük bir
tarixdir.
Candan bəy Azərin otağında oturub elə yenicə
qəhvəaltı edib söhbət edirdik ki, qapı
açıldı. Şimali Kipr Türk Respublikasının
Pakistandakı səfiri Erol bəy içəri daxil oldu.
Candan bəy onu da dəvət etmişdi ki, mənimlə tanış etsin. Çoxdan bir-birimizi
tanıyırmış kimi, qucaqlaşdıq. Hal-əhval tutduq. Candan bəyin elə ilk
sözü bu oldu: "Bir millətin qardaş bir ölkədə
üç böyük elçisi olmaz. Bu,
mümkün deyil. Üçümüzdən
birimiz bu ölkədə böyük elçi
olmalıyıq". Gülüşdük.
Erol bəy Pakistanda səfir kimi çoxdan
işləyirdi. Eyni təklifi o da mənə etdi: "Hər
nə lazım olursa, mən hazır. Hər bir
məsələdə sizlərə
yardımçıyıq".
***
Bir müddət ötdü. Candan bəy Azərin
Pakistandakı diplomatik xidməti başa çatdı. Polşaya təyin edildi. Çox
kədərlə Candan bəydən ayrıldıq. O, mənə
diplomatiya sahəsində çox məsələləri izah
etmişdi, öyrətmişdi, bildiklərini əsirgəmirdi.
Biz Hava Limanında onunla ayrılarkən
heç birimiz bilmirdik ki, bu, bizim axırıncı
görüşümüzdü. Bir-birimizə
söz verdik ki, gələcəkdə ya Bakıda, ya da
Ankarada tez-tez görüşək. Lap elə
bəlkə, məzuniyyət götürüb Polşaya da gəldim.
Və belə də bir-birimizdən
ayrıldıq.
Çox təəccüblüdür, Candan bəyin
yerinə təyin olunan diplomat da əslən azərbaycanlı,
Qərbi Azərbaycandan olan Bozqurd Aran idi. Biz zamanlar Almaniyada
"Azadlıq" radiosunda çalışan Əli
Aranın nəslindən idi. O, gələn günün
səhəri, erkən otelə zəng etdim. Dəstəyi
götürən kimi heç qoymadım ağzını
açıb, bir kəlmə söz desin. Bilirdim
ki, "Hello" deyəcək. Ona görə
də, dərhal, vaxtilə Candan bəy Azərin mənə
dediklərini indi də mən ona deyirdim.
-
Günaydın, sayın böyük elçim. Siz
gələn yollara qurban olum. Nə
yaxşı siz gəldiz. Ardınızca
maşın göndərirəm, gəlin bizim səfirliyə,
birlikdə qəhvəaltı edək.
***
19 sentyabr
2000-ci il. İsveçrə.
Cenevrə şəhəri.
Mən,
indi də burada Azərbaycanın Birləşmiş Millətlər
Təşkilatı Avropa bölməsində səfir, səlahiyyətli
nümayəndəyəm. Vaxtilə Birləşmiş
Millətlər Təşkilatı Millətlər Cəmiyyəti
adlandırılan vaxt bu vəzifədə Əlimərdan bəy
Topçubaşov işləyirdi. İndi
onun bu vəzifəsini mən davam etdirirəm.
İki saatdan artıqdır ki, mübahisə gedirdi. Mən buna
mübahisə də deməzdim, mübarizə deyərdim.
Bütün başqa iclaslarda qaldırılan hər
bir məsələlərdə Pakistan və Türkiyə tərəfi
həmişə bizi dəstəkləyir, bizim haqq səsimizi
mənimlə birgə dünyaya çatdırırdılar.
Amma bəzən də elə incə məsələlər,
elə incə mətləblər olurdu ki, mən təklənib
təkbaşına mübarizə edirdim. Hər
qaldırılan məsələyə çıxış
üçün 7 dəqiqə, cavab üçün isə
3 dəqiqə vaxt ayrılır. Pakistanın
Birləşmiş Millətlər Təşkilatındakı
nümayəndəsi Əkrəm Munir adlı orta
yaşlarında olduqca bacarıqlı, səriştəli bir
diplomat idi. Türkiyə diplomatı Murad bəy
Sunqar da bacarıqda, səriştədə ondan geri qalan
diplomat deyildi. Amma elə ki, BMT-də
qaldırılan məsələlər Kəşmir və
Kiprlə bağlı olurdu, o zaman kömək və səs
istəmək ümidim qalmırdı. Yox.
Buna tam yox da demək olmaz. Bəzən
dəstək də alırdım. Məsələn,
Xorvatiya, Macarıstan, Kuba, İsrail və digər dövlətlərdən
dəstək alırdım. Və həmişə
belə bir vaxtlarda İran səfirinin yerli-yersiz
namazının vaxtı gəlib çatırdı. Arsız-arsız üzümə gülümsəyib,
mən namaza gedirəm deyirdi (Axı, sən mənə
heç bir vaxt lazım olmamısan və lazım deyilsən.
Mənə niyə hesabat verirsən?)
Bu gün də elə. Erməni səfiri
çıxış edib Ermənistanın heç bir zaman
işğalçı ölkə olmadığından
danışır, vaxtilə Azərbaycan tərəfindən
işğal olunmuş bir ərazini indi özünə
qaytardığına haqq qazandırır və erməni
xalqının vaxtilə sahib olduğu torpaqlarının hələ
heç beşdə birində olmadığını deyir və
ədalətin bərpa olunmasını tələb edirdi.
Deyirdi ki, bütün bunlar tarixi ədalətsizlik
ucbatından baş verib, haqq öz yerini tapmalı,
torpaqlarımız özümüzə
qaytarılmalıdır. Mən 7 dəqiqə
çıxışımı edib oturmuşdum. 3 dəqiqəlik cavab vermək hüququm qalırdı.
İndi Fransa səfiri çıxış edir
və erməni səfirinin dediklərini tutuquşu kimi təkrarlayırdı.
Fransa səfiri yerinə oturan kimi, Yunanıstan səfiri
bəzi əlavələrlə Ermənistanın hər
dövrdə azərbaycanlıların zülmünə
tuş gəldiyini deyirdi. Sonra Hindistan səfiri
eyni sözləri təkrarlamağa başladı. Məqsəd bəlli idi. Hədəf
Azərbaycan deyildi. Yox. Burada hədəf Türkiyə ilə Pakistanı
provokasiyaya çəkmək və hər birimizi təkləmək
idi. Belə məsələlərdə
olduqca ayıq olmaq lazımdır. Sayıqlığı
əldən vermək olmaz.
Daha sonra,
rus səfiri söz alıb, bütün deyilənlərə
Sumqayıt "genosidi"ni də əlavə edib, elə
yerində oturmaq istəyirdi ki (Yaxşı, mən indi 3 dəqiqə
ərzində bunların hansına cavab verim?), birdən
qarşı tərəfdəki tablodan göy işıq
yandı. İsrail səfiri söz istəyirdi.
Dərhal da tabloda yaşıl işıq
yandırıldı. Yəni
çıxış edə bilərsiniz. İsrail səfiri
olduqca yaşlı, təmkinli, az
danışan, danışanda da kimin tərəfində
olduğu çox çətinliklə anlaşılan və
eyni zamanda, BMT-də xüsusi çəkisi olan, istədiyi
sözü keçirən və yumorla danışan bir
diplomat idi. Elə bil, bu adamın heç bir əsəb
sistemi yox idi. İsrail səfiri:
- Mən
hələ çıxış etmək istəmirəm. Mənim sadəcə olaraq rus səfirinə iki
sualım var. Birincisi, "genosid" sözünün mənasını
bilir, ya yox? Əgər bilirsə, qoy mənə
izah eləsin. İkinci sualım: Ermənistanın Azərbaycana
iddia etdiyi torpaqlara ermənilərin Rusiyanın Krasnodar vilayətinə
gəldikləri vaxtdan çox-çox sonra olub. Və Azərbaycan ermənilərə öz ərazilərində
muxtariyyət vermişdi. Və əgər
səhv etmirəmsə, Rusiyanın həmin vilayətində
300 minə qədər erməni yaşayır. Nəyə görə siz orada ermənilərə
muxtariyyət vermirsiniz? Axı, siz yox, erməni
tarixçiləri öz tarix kitablarında yazırlar ki, onlar
Krasnodara bəlkə də, bizim eramızdan da əvvəl gəliblər,
buna nə deyirsiz?
Rusiya səfiri verilən suallardan yan qaçırdı. Və bu,
açıq-aydın görülürdü. Və həm
də hiss olunurdu ki, İsrail səfirinin sanbalı onu
sıxırdı. İsrail səfiri rus səfirinin
verdiyi cavablara bic-bic gülürdü. Rus
səfiri çətinlik çəkirdi. Tabloda
yenidən işıq yandı. İsrail səfiri
gülə-gülə deyirdi ki, sizin verdiyiniz cavab mənim
verdiyim sualın cavabı deyil. Ona görə
də, özüm öz sualıma cavab vermək istəyirəm.
Çünki siz verdiyiniz cavabı
özünüz də başa düşmürsüz. Türklərin ermənilərə, azərbaycanlıların
da Sumqayıtda törətdiklərinə əgər siz
genosid deyirsinizsə, onda Fransanın Əlcəzairdə, sizin
də Əfqanıstanda törətdiklərinizə nə ad
verək? Əsl genosidi siz törətmisiniz.
İndi də çeçenlərə o
genosiddən edirsiniz. Bayaq Azərbaycan səfiri
deyirdi ki, Azərbaycanda 40 minə qədər erməni
yaşayır və mən bildiyim qədər də Türkiyədə
də 100 mindən artıq erməni yaşayır. Və əgər bu ermənilər sizin dediyiniz kimi
genosidlə üz-üzədirlərsə, niyə bəs tərk
edib öz əzəli torpağı olan Krasnodara
köçmürlər? Deməli,
günləri xoş keçir. Və bir də
üçüncüsü: Azərbaycan və Ermənistan
müharibəsinin başında elə Rusiyanın özü
durur. Bütün bunları törədən də
Rusiyadır.
Afərin. Deməli, 5 ölkə tərəfindən
mənə deyilən 35 dəqiqəlik şər-böhtan
2-3 dəqiqə ərzində öz cavabını aldı.
Sözsüz ki, İsrailin səfirinin bu dediklərini
mən də bilirdim və mən də deyə bilərdim.
Amma bu sözləri İsrail səfiri deyib, ona
hər şeyi keçərlər.
***
İsrail səfiri ilə BMT-nin binasının ikinci mərtəbəsində
oturmuşduq, söhbət edib, qəhvə içirdik. O, mənə deyirdi:
- Əgər Qarabağın sizinki, yəni Azərbaycanın
əzəli torpağı olmasının təsdiqini
dünyadan istəyirsinizsə, bunu özünüzdən
başqa heç kim təsdiq etməyəcək. Həqiqəti,
tarixi deməklə, faktlarla sübuta yetirməklə heç
nəyə nail olmaq olmur. Tarixi bu gün əməllə təsdiq
edirlər, sözlə yox. Erməni lobbisi
yaşadığı xarici ölkələrdə pul
gücünə yalanlar uydurur, siz isə cəmi 7 dəqiqə
ərzində bu yalan, iftiraları puça çevirmək
istəyirsiz. Bu, mümkün olan iş deyil. Siz bütün
çıxışlarınızda erməni
diplomatının yalanlarını üzə çıxarmaq
istəyirsiniz. Siz birinə cavab verə bilərsiniz, ikisinə
cavab verə bilərsiniz. Amma nəticədə
susmalı olacaqsınız. Çünki sizə verilən
vaxt çatmayacaq. Özünüz gördünüz ki,
yarım saat ərzində 5-6 diplomat sizin üstünüzə
düşdü. Erməni diplomatı və yaxud da ermənipərəst
diplomatlar hər çıxışlarında sizə
yeni-yeni yalan və böhtanlar atırlar. Siz də
bütün işinizi və gücünüzü atıb bu
yalan və böhtanları faş etməklə məşğulsunuz.
Belə olmaz. Erməni diplomatı yalan və böhtanın
100-cü həddini götürür. Siz isə bunun ancaq 10-15
faizini aça bilirsiniz. Onu da əgər bacarsanız. Nəticədə
erməni və ermənipərəst diplomatlar bu yalanın 80
faizi ilə kifayətlənir. Və siz mat vəziyyətinizdə
qalırsınız. Siz elə bilirsiniz ki, bu erməni
yalanlarını ancaq siz bilirsiniz? Xeyr,
bunların yalan olmasını BMT-də süpürgəçidən
tutmuş qapıda duran polisə qədər, polisdən
tutmuş ən adi bir diplomata qədər və ən adi bir
diplomatdan tutmuş cənab Petrovskiyə qədər (Petrovski
BMT-nin Avropa bölməsinin sədridir) hamı bilir. Amma
əmənini dəstəkləyirlər. Çünki bura
diplomatiya deyil, siyasətdir. Diplomatiya səfirliklərdə
olur, beynəlxalq təşkilatlarda isə siyasət olur. Bu
iki anlayışı çoxları səhv salır. Siyasət
ayrı, diplomatiya ayrı. Siyasətdə həqiqət olmur.
Siyasətdə həqiqət axtarma. Sən bir ətrafına bax,
gör bizim oturduğumuz bu bina nə rəngdədir?
Binanın rənginə fikir ver. Diqqətlə bax, gör nə
rəngdədir? Əlbəttə, boz rəngində.
Ətrafima boylanıb baxdım. Doğrudan da, mən heç
fikir verməmişdim, binanın daşları boz rəngdə
idi.
- Həə, bir vaxtlar burada BMT yox, Millətlər
Cəmiyyəti yerləşirdi. 1947-ci il idi. Millətlər Cəmiyyəti
ləğv olunub, əvəzində BMT yaranıb. Və bu
binada o qədər millətlərin haqları yeyilib ki... Bu
binada o qədər millət olmayanlar millət olub, millətlər
sırasına qoşulub ki... O qədər millətlər elə
bu binada özlərini itiriblər ki... Və bu bina haqqı
yeyilən bəzi millətlərin üzünə elə
bozarıb ki, öz əsl rəngini də itirib. Elə ondan
da bu binanın daşları boz rəngdədir. Əlbəttə
ki, mən bütün bunları obrazlı şəkildə
deyirəm. Erməni səfeh millətdir. O, indiyə kimi bir məsələni
anlamır ki, bu dünyanın ən son gününə qədər
rusdan asılı olmalıdır. Və anlamaq istəmir ki, rusun bir zəncirli
itidir. Bunu hamı bilir. Və rus da bu
millətdən istədiyi kimi istifadə edir. Rus sizdən torpaq alıb erməni dövləti
yaradır, rus sizin mədəniyyətiniz oğurlayıb erməniyə
verir, rus sizin tarixinizdən erməni tarixi yaradır. Və ermənilər də buna inanır.
İsrail səfiri çox məsələlərdən
hali idi. İsrail səfiri ilə bir saatdan artıq söhbət
etdik. Onun dediklərini mən çoxdan
bilirdim. Və bir məsələni
başa düşdüm ki, mənim bildiklərimi
bütün dünya bilir. Amma nəyə
görəsən, erməninin tərəfində durururlar.
Çünki biz həmişə olmayan və
etmədiyimiz günahlarımıza dünya
qarşısında bəraət qazanmağa
çalışmışıq. Mübarizə
aparmaq lazımdır. Mübarizədə
isə bozarmaq lazımdır. Və hər
məsələdə özünü haqlı bilməlisən.
Bu gün küçələrdə bu asılan
bayraqlarımızı görəndə, deyirəm ki, ya
Allah, sən bizim bayraqlarımızı endirmə. Həmişə
qoşa olsun. Və sən bu günləri
bizə çox görmə. Və
bugünkü qalibiyyətimizi bizə çox görmə.
Amin!
525-ci qəzet.- 2020.-
7 noyabr.- S.18,19.