Müstəqilliyimizin və milli mənsubiyyətimizin
müqəddəs rəmzi
olan Azərbaycan Bayrağı
Ulu öndər
Heydər Əliyev demişdir: "Biz öz himnimizi, bayrağımızı özümüz
qədər sevməliyik.
Çünki bu, bizim Vətənimizə, millətimizə, dövlətimizə
olan sədaqət, sevgi və məhəbbətin
rəmzidir".
9 noyabr - Azərbaycan
tarixinin şanlı səhifələrindən biridir.
Milli varlığımızın,
suverenliyimizin, həmrəyliyimizin,
gücümüzün rəmzi
olan Azərbaycan Bayrağının 102 il öncə təsdiqləndiyi
bu gün minlərlə şəhidimizin
al qanı ilə suvarılan Vətənimizin qürur mənbəyidir. Rənglərinin
simvolikası ilə məramını ifadə
edən müqəddəs
bayrağımız milli
kimliyimizin rəmzidir.
Dövlətimizin başçısı
İlham Əliyevin
2009-cu il noyabrın
17-də imzaladığı Sərəncama əsasən,
hər il noyabrın 9-u ölkədə
Dövlət Bayrağı
Günü qeyd edilir.
Bu fikirlər
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin "Müstəqilliyimizin və
milli mənsubiyyətimizin
müqəddəs rəmzi
olan Azərbaycan Bayrağı" sərlövhəli
məqaləsində yer
alıb. AZƏRTAC məqaləni
təqdim edir.
Suverenliyimizin rəmzi olan bayrağımız dövlətimizin
müstəqilliyi uğrunda
canlarını fəda
edən oğul və qızlarımızın
qanı ilə boyanıb. Milli yaşam fəlsəfəmiz
olan bayrağımızın
rəngləri ilə
bağlı ideyaları
ümummilli liderimiz Heydər Əliyev öz dühası ilə əbədiləşdirib
və dünya durduqca var edib.
Hələ dövlət müstəqilliyimizi
bərpa etməmişdən
öncə - 1990-cı il
noyabrın 17-də Ulu
Öndərin rəhbərliyi
ilə Naxçıvan
Muxtar Respublikasının
Ali Məclisi üçrəngli bayrağımızı
muxtar respublikanın dövlət bayrağı
kimi təsdiq etdi. Bu, olduqca cəsarətli
və uzaqgörən
bir addım idi, eyni zamanda,
müstəqilliyimizə gedən
yolda ciddi dönüş nöqtəsi
idi. 1991-ci il oktyabrın 18-də dövlət
müstəqilliyimizi bərpa
etdikdən sonra "Azərbaycan Respublikasının
dövlət müstəqilliyi
haqqında" Konstitusiya
Aktı ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun
dövlət rəmzləri,
o cümlədən Dövlət
bayrağımız da
bərpa edildi. "Türkləşmək, müasirləşmək, islamlaşmaq"
ideyasını rənglərində
əbədiləşdirən bayrağımız müasir
Azərbaycanın tarixi
dövlətçilik ənənələrinə
sadiqliyini bir daha nümayiş etdirir, bu ənənələri
inamla yaşadır.
Milli ruhun dirçəldilməsi,
milli təfəkkür
və azərbaycançılıq
ideologiyasının, adət-ənənələrimizin,
tariximizin yaşadılması,
xalqımızın milli
maraqlarının daim
qorunub saxlanılması
ümummilli lider Heydər Əliyevin Vətənə, xalqına
bağlılığından irəli gəlir. Bayrağımızdakı mavi rəngin
ifadə etdiyi türkçülük ideyalarını
möhkəmləndirən, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Gününü təsis
etməklə azərbaycançılıq
məfkurəsinin formalaşmasına
nail olan Ulu Öndər sonrakı illərdə imzaladığı sərəncamlarla
milli-mənəvi dəyərlərimizin
qorunub saxlanılmasına
daha geniş imkanlar yaratdı. Ölkədə demokratik islahatlara başlamaqla qırmızı rəngin
rəmzinə uyğun
olaraq müasirliyin, dünya birliyinə inteqrasiyanın təməli
daha möhkəm əsaslarla qoyuldu.
Ölkəmizin dinamik inkişafı
ilə bağlı müəyyənləşdirilən prinsiplərə, yeni dövrün reallıqlarına
uyğun konsepsiyanın
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən
davam etdirilməsi ilə sonrakı illərdə ölkəmizin
dünya birliyində mövqeyi daha da möhkəmləndi, dövlətimiz dünya birliyində liderlik səviyyəsinə
yüksəldi. İslamı
milli kimliyimizin bir dəyəri kimi qiymətləndirən
Ulu Öndərimizin xidmətləri sayəsində
məscidlərə, ibadətgahlarımıza
diqqət və qayğı artırıldı.
Prezident İlham Əliyevin
2007-ci il 17 noyabr tarixli Sərəncamı ilə Bakıda nadir memarlıq nümunəsi olan Dövlət Bayrağı
Meydanının yaradılması
Azərbaycan xalqının
öz dövlətinə
sevgisini, dövlət
rəmzlərimizə ehtiramımızı
göstərdi.
Bu gün şanlı
bayrağımız bütün
tarixi və əlamətdar günlərdə,
dövlət rəhbərimizin
rəsmi səfərlərində,
beynəlxalq tədbirlərdə,
yarışlarda, olimpiadalarda
Azərbaycanın adını
yüksəldiyi ucalıqlardan
qürurla dünyaya çatdırır, varlığımızı,
milli mənsubiyyətimizi inamla təsdiqləyir. Azərbaycan bayrağı
bütün dövlət
təşkilatlarının, diplomatik korpusların və nümayəndəliklərin
binaları üzərində
müstəqilliyimizin rəmzi
kimi dalğalanır, beynəlxalq tədbirlərdə
dünya dövlətlərinin
bayraqları arasında
Azərbaycanın rəmzi
kimi əzəmətlə
dayanır. Öyündüyümüz bayrağımızın
belə yüksəkliklərdə
görünməsi Prezident
İlham Əliyevin ləyaqətlə davam etdirdiyi siyasətin, müstəqilliyimizin tərənnümüdür.
Azərbaycanın Dövlət Bayrağı
milli suverenliyin simvolu kimi ölkəmizin
bütün vətəndaşları
üçün müqəddəsdir.
Vətən uğrunda
haqq savaşımızın
davam etdiyi bir dövrdə xalqımızın mərd
oğulları bayrağımıza
canıyla, qanıyla bağlı olduğunu, dəyər verdiyini bir daha sübut
edir.
Bu həssas və
taleyüklü günlərdə
dövlətimizin başçısı
İlham Əliyevin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi uğurlu diplomatiya və hərbi quruculuq siyasəti Qarabağın
tamamilə düşmən
tapdağından azad olunması arzumuzun ən yaxın zamanda gerçəkləşəcəyinə
xalqımızda birmənalı
əminlik yaradır.
Sentyabrın 27-dən uğurlu əks-hücum əməliyyatlarına
başlayan müzəffər
ordumuz 30 il boyunca torpaqlarımızı
işğal altında
saxlayan, tarixi ərazilərimizdə müdafiə
istehkamları quran ermənilərə və
onların havadarlarına
elə bir dərs verdi ki, onlar heç
vaxt bu dərsi
unutmayacaqlar. Uzun
illər idi ki, kiçikdən-böyüyə
hər kəs torpaqlarımızın düşmən
tapdağından azad olmasını gözləyirdi
və bu arzu ilə yaşayırdı.
Bu gün
haqq savaşımızda
bayrağımız da
Vətənə çevrilib,
Vətən uğrunda
vuruşan hər kəs isə bir bayraqdar vəzifəsini
daşıyır. Bu gün bayrağımız
azad edilmiş ərazilərimizə sancılır.
Və bununla daha da müqəddəsləşir,
ülviləşir şanlı
bayrağımız. Bu taleyüklü
və eyni zamanda, qürurlu günlərdə Prezident
İlham Əliyev öz qətiyyətini, cəsarətini, sözünün
sahibi olduğunu, xalqa, Vətənə, torpağa bağlılığını,
milliliyini, humanistliyini,
siyasi dahiliyini, prinsipiallığını və
əlbəttə ki, sərkərdəliyini bütün
dünyaya bir daha nümayiş
etdirir.
Qarabağın işğaldan azad edilməsi uğrunda haqq savaşımızın
davam etdiyi dövrdə paytaxt Bakımızın və eləcə də bütün ölkəmizin
hər tərəfi üçrəngli bayrağımıza
bürünüb. Bu günlər bayrağımız
əvvəlki illərdən
daha əzəmətlə,
qürurla dalğalanır.
Bayrağımız da sevinir - insanlarımız kimi. İnsanlar evlərində,
iş yerlərində,
maşınlarında üçrəngli
bayrağımızı dalğalandırırlar.
İnsanın ürəyini
dağa döndərən
bu görüntülər
ordumuza, vətənimizə
və eyni zamanda, bayrağımıza
sevgimizi nümayiş
etdirir.
2020-ci il noyabrın 8-də Müzəffər
Ali Baş Komandan İlham Əliyevin apardığı
uğurlu siyasət və mükəmməl hərbi əməliyyatlar
nəticəsində müzəffər
ordumuz Şuşanı
düşmən tapdağından
azad etdi, işğal olunan tarixi yurdlarımızda addım-addım irəliləyən
qələbə
bayrağına büründü
Azərbaycan.
Bakı Dövlət
Universitetinin bütün
korpuslarında dalğalanan
üçrəngli bayrağımız
sadalanan və sadalanmayan bütün uğurlarımızın müjdəçisidir.
Müstəqilliyimizin, suverenliyimizin
ifadəsi olan bayrağımızın dalğalanacağı
daha böyük, müqəddəs ünvanlar
bizi gözləyir. Bu ünvanların Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə fəth ediləcəyinə əmin
olan xalqımız səbirsizliklə və qürurla Böyük Qələbə xəbərini
gözləyir.
Bayrağımızın əbədi dalğalanacağı
məkan isə bəllidir - xalqımızın
ürəyi və Vətən torpağımızın
ən hündür zirvələri! Bu bayraq bir dəfə
yüksəldisə, bir
daha enməyəcək...
Azərbaycan ərazi bütövlüyünü
tam bərpa edəndən sonra dövlət bayrağımız
Qarabağın hər
bir qarışında,
işğaldan azad edilmiş bütün ərazilərimizdə - Xankəndidə,
Laçında, Ağdamda,
Kəlbəcərdə, Ağdərədə,
Xocavənddə... dalğalanacaq.
O günü biz hər an daha
da yaxınlaşdırırıq.
O zaman Azərbaycan Bayrağı bir başqa ucalıqda görünəcək. Zirvələrə
ucalan bayrağımız
daha qürurla və məğrurluqla dalğalanacaq. Bəri başdan həmin günü salamlayırıq!
Eşq olsun
Azərbaycan Bayrağını
Qarabağda əzəmətlə
dalğalandıran Müzəffər
Ali Baş Komandanımıza!
Eşq olsun
Azərbaycan xalqına
və şanlı Azərbaycan Ordusuna!
Elçin Babayev
525-ci qəzet.- 2020.-
11 noyabr.- S.16.