Türk Dil Qurumu akademik Kamal Abdullanın 70 illiyini qeyd edib
Bir neçə
gün öncə Türkiyənin nüfuzlu
Türk Dil Qurumu Azərbaycanın müstəqilliyinin 29-cu ildönümü
münasibətilə “Azərbaycan
dili və mədəniyyəti” adlı
onlayn elmi konfrans keçirib.
Trend-in məlumatına görə,
konfransda Türk Dil Qurumunun rəhbəri,
professor Gürer Gülsevin, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək
Qurumunun rəhbəri
professor Məhəmməd
Həkimoğlu, Azərbaycanın
Türkiyədəki səfiri
Xəzər İbrahim,
Türk Dil Qurumu idarə heyətinin üzvləri
— professor Hülya Kasapoğlu Çengel, professor Ərdoğan Uyğur, professor İsmət Çətin
və AMEA-nın Ədəbiyyat İnstitutunun
professoru Tahirə Məmməd iştirak edib.
Türkiyənin Mədəniyyət və
Turizm naziri Məhmət Nuri Ərsoyun konfrans iştirakçılarına müraciəti
və Azərbaycan müstəqilliyinin 29-cu ili
ilə bağlı təbrikləri konfrans iştirakçılarına oxunub.
Daha sonra səfir Xəzər İbrahim çıxış
edərək konfrans iştirakçılarına və
təşkilatçılara təşəkkürlərini çatdırıb.
Öncə Azərbaycan dili
və mədəniyyəti
haqqında müxtəlif
dövrləri əhatə
edən məruzələr
dinlənilib, Azərbaycan
dilinin tarixi, inkişaf prosesi və bugünü, həmçinin Azərbaycan
ədəbiyyatının bütün
tarixi dövrləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Daha sonra tədbirin
moderatoru professor Hülya Kasapoğlu Çengel türkologiya elminin tanınmış simalarından biri və “Kitabi-Dədə Qorqud” dastanlarının sistemli araşdırmaçısı,
məşhur “Yarımçıq
əlyazma” və digər romanların müəllifi olaraq qeyd etdiyi akademik
Kamal Abdulla haqda fikirlərini bildirib və konfrans bir məqsədinin
də Kamal Abdullanın qarşıdan
gələn 70 illik yubileyinin qeyd edilməsi olduğunu bildirib.
Qurumunun rəhbəri
professor Gürer Gülsevin öz çıxışında akademik
Kamal Abdullanı 70 illik yubileyi münasibətilə təbrik
edib və onun türkologiya elminə vediyi töhfələrdən bəhs
edib. O bildirib ki, Kamal Abdulla
klassik türkologiya ənənlərini Azərbaycanda
uğurla davam etdirən böyük dilçi alimdir. O “Türkologiya” jurnalına baş redaktorluq etməklə bu missiyanı daha geniş planda həyata keçirir.
Professor İsmət Çətin
akademik Kamal Abdullanın “Mənim Füzulim” esselər toplusuna diqqət çəkərək Kamal
Abdullanın bu esselərini Azərbaycan dilinin sütunlarından biri olan Məhəmməd
Füzulinin yeni obrazının yaradılması
kimi xarakterizə edib və Füzuliyə
olan ehtiramın ifadəsi kimi dəyərləndirib.
Kamal Abdullanın “Yarımçıq əlyazma”
romanını Dədə
Qorqud mətnlərinə
postmodern baxış hesab etdiyini deyən professor bu romanı Azərbaycan dilinin qədim dövrünün
bütün gözəlliklərini
özündə əks
etdirən roman adlandırıb.
Sonra azərbaycanlı professor Tahirə Məmməd və başqaları Kamal Abdullanın təkcə dilçi və türkoloq yox, həm də Azərbaycan ədəbiyyatına
yeni yaradıcılıq
texnologiyaları gətirən
müəllif olduğunu
qeyd edib. İştirakçılar bildirib
ki, Kamal Abdulla bütün türk ruhunu, türk epos ənənəsini öz nəsrinə hopduran modern romançıdır.
Konfrans iştirakçıların
akademik, Xalq yazıçısı Kamal
Abdulla haqqında təbrik sözləri ilə başa çatıb.
525-ci qəzet.- 2020.- 13 noyabr.- S.9.