İlk müsəlman
Respublikası
(Fransız dilindən tərcümə
edən: Əsgər Əliyev, filologiya elmləri namizədi)
Görkəmli
ictimai-siyasi xadim, Azərbaycan Demokratik Cümhuriyyətinin
qurucularından biri, Şərq dünyasında ilk müstəqil
Azərbaycan Demokratik Respublikasının ilk parlament sədri
Əlimərdan bəy Topçubaşovun rəhbərliyi
altında məşhur Versal sülh müqaviləsində
iştirak etmək üçün Fransaya gedən nümayəndə
heyətinin tərkibində dövrünün
tanınmış jurnalisti, "Azərbaycan" qəzetinin
baş redaktoru, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin
qardaşı Ceyhun Hacıbəyli də var idi. Azərbaycanda
bolşeviklərin 1920-ci il may
ayının 28-də hakimiyyətə gəlişi Fransaya
getmiş Azərbaycan nümayəndə heyətinin
bütün üzvləri kimi, C.Hacıbəylinin də
doğma vətənə qayıdış yolunu kəsmişdi.
Həyatının qalan hissəsini Fransada
keçirməyə məcbur olan Ceyhun bəy fransız dilini
mükəmməl bilməsi sayəsində bu ölkədə
də jurnalistlik fəaliyyətini davam etdirmişdi.
C.Hacıbəyli
ölkəmizin tarixi, azadlıq hərəkatı, Azərbaycanın
istilasından sonra orada baş verən hadisələr barədə
Parisdə nəşr edilən "Aziatik jurnalı"nda,
"İki dünya", "Müsəlman aləmi" jurnallarında,
habelə digər mətbu orqanlarda müntəzəm
yazılar dərc etdirmişdi.
Fədakar
azadlıq carçısı Ceyhun bəy Hacıbəylinin Azərbaycan
Demokratik Cümhuriyyətinin yaranması ilə bağlı Mərakeş
elmi missiyasının dəstəyi ilə 1906-cı ilin noyabr
ayında Parisdə nəşrə başlayan "Müsəlman
aləmi" jurnalının ("Revne du monde musulman")
1918-ci ildə çapdan çıxan 36-cı nömrəsində
"İlk müsəlman Respublikası - Azərbaycan" sərlövhəli
irihəcmli məqaləsi dərc olunmuşdu.
Qeyd edim ki, C.Hacıbəylinin həyat və
yaradıcılığından bəhs edən tədqiqatçılar
bu məqalənin adını çəksələr də,
indiyədək onun nədən bəhs etməsi barədə
fikir söyləməyiblər. Məqalədəki
faktlar azərbaycanlı oxucuların əksəriyyətinə
məlum olsa da, ölkəmizin tarixi, orada baş verən hadisələr
barədə fransızlara ətraflı məlumat vermək,
onu tanıtmaq baxımından çox qiymətli əsər
hesab edilə bilər.
Həmin məqalənin tərcüməsini oxuculara təqdim
edirəm.
TƏRCÜMƏÇİDƏN
***
(Əvvəli
6 noyabr sayımızda)
Ceyhun bəy
HACIBƏYLİ
Bakıda mart qırğınlarının
üstünü ört-basdır etmək və Azərbaycan ərazisindəki
törətdikləri iyrənc cinayətlərini gizlətmək
məqsədilə Daşnaksütyun partiyasının erməni
mətbuatı Azərbaycan hərbi qüvvələri tərəfindən
Bakının alınması ətrafında çox saylı
hay-küy salmağa başladılar. Onlar hətta qaliblərin
"minlərlə erməni vətəndaşını qətlə
yetirdiklərini" mənasız yerə iddia edirdilər və
sair.
Müharibədə labüd təşəbbüslər
barədə söhbət gedərsə, onda əsl həqiqətdə
daşnaklar öz inadkarlıqları sayəsində silahı
yerə qoymaq barədə ağıllı məsləhəti
rədd edərək döyüşü şəhərin mərkəzinə
gətirib çıxara bildilər. Qeyd etmək
lazımdır ki, Şərqdə ümumi hal kimi, heyif
almağa bir neçə təşəbbüs oldu. Onların müəllifləri 17 mart
qurbanlarının valideynləri idi, amma Azərbaycanın
hökumət üzvləri tərəfindən vaxtında
götürülən ölçülər sayəsində
belə halların qarşısı tezliklə alındı.
Müharibə
qanunlarını pozmağa cəhd edənlər yerindəcə
edam olundular. Bu ölçülər hədsiz
dərəcədə sərtlik (oğurluqda şübhəli
bilinən 50 nəfərə yaxın adam
güllələnmişdi) ifadəsi idi, həm də bu
ehtirasları sakitləşdirmək üçün
atılan zəruri addım idi.
***
Almanların da bu məsələyə münasibətini
qeyd etmək lazımdır. Onlar bolşevikləri
açıq şəkildə dəstəkləyirdilər, təyyarə
vasitəsilə Tiflis və Bakı arasında əlaqələr
saxlayırdılar, danışıqlar aparırdılar.
Bolşevik liderlərindən başqa bir kimsənin
bu barədə xəbəri yox idi. Amma Azərbaycanın
nəzərində almanların münasibəti heç də
xeyirxah deyildi. Bu vəziyyəti hiss edən Almaniyanın
hökumət nümayəndələri Azərbaycanın
siyasət adamlarına qarşı açıqcasına ədavətli
münasibət bəsləməyə başladılar. Onların Bakını ələ keçirmək
uğrunda gedən döyüşlərdə iştirak etmək
barədə təklifləri Azərbaycan Milli Şurası tərəfindən
qətiyyətlə rədd edildi. Rədd cavabı alan almanlar bolşeviklərlə mübarizədə
azərbaycanlılara çətinliklər yaratmaq
üçün yollar axtarırdılar, məsələn, zəruri
hərbi ləvazimat əldə etməkdə və digər məsələlərdə
onlara çoxlu maneələr törədirdilər.
Amma alman
hökuməti ilə bolşeviklər arasında sentyabrın
9-da (Bakı Azərbaycan hərbi qüvvələri tərəfindən
mühasirəyə alınan vaxt) bağlanmış əlavə
müqavilədə Almaniyanın Bakını Sovet
Rusiyasına aid olması barədə razılığına
dair bir maddə var idi. Bu şərtlə ki,
"istehsal olunan neftin 15 faizinin Almaniyanın istifadəsinə
verilməsi" həmin maddə ilə öz təsdiqini
tapmışdır.
Bakı alındıqdan sonra "diplomatik missiya"
adı altında çox saylı hərbçilərlə
Azərbaycanın tərəfinə keçdilər. Lakin onların qatarı Azərbaycan sərhədində
saxlanıldı və arzuolunmaz qonaqlar Almaniyaya
qayıtmağa məcbur oldular.
Bütün bu hadisələr göstərir ki, Azərbaycan
xalqının həqiqi hissləri, eyni zamanda, Azərbaycanın
bir gün qüvvətlənəcəyi barədə suallara
yenidən istinad ediləcəyini göstərdi.
***
Öz paytaxtının sahibi olan Azərbaycan
Respublikasının hökuməti bütün partiyaların,
məsələn, daşnakların məsuliyyətini kənara
qoyaraq bütün gücünü şəhərdə və
kənarda təhlükəsizliklə bağlı əmrlərin
yerinə yetirilməsinə həsr etdi. Beləliklə,
daşnak-bolşeviklərin qorxusu aradan qaldırıldı.
Bolşeviklərin milliləşdirildiyi
qayıqlar, zavodlar, neft quyuları, ictimai binalar və
xüsusi evlər sahiblərinə qaytarıldı. Bir sözlə, əmrlər icra olunmağa,
qanun-qayda yaradılmağa başladı. Milli
Assambleya və ləğv edilmiş Zaqafqaziya Seyminin əsas
44 üzvi fəaliyyətə başladı.
Bununla da Azərbaycan bir daha ədalət və qərəzsizlik
münasibətlərini nümayiş etdirdi. Legislativ seçkilərdə
proposional sistem tətbiq etdi: 11 rus, 21 erməni, 1 gürcü,
1 polyak, 1 Qafqaz almanı və 1 yəhudi Parlamentə daxil
oldular. Parlamentdəki 120 yerdən 84-nü
müxtəlif siyasi partiyaları təmsil edən müsəlmanlar
tutmuşdular.
14 nazirdən ibarət Nazirlər Kabinetində 6 nazir
xristianlardan (3 rus və 3 erməni) ibarət idi. Bitkin ədalətə
şahidlik edən, belə təşkilata baxmayaraq yeni
qonşu dövlətlər Gürcüstan və Ermənistanın
ərazilərində 800.000 müsəlman yaşasa da,
onların Nazirlər Kabinetində bir nəfər də olsun müsəlman
təmsil olunmurdu.
***
Ölkədə
sakitlik təmin edildiyi və Azərbaycan müstəqil
dövlət kimi fəaliyyətə başladığı
vaxt - Milli Şuranın çağırışından bir
qədər əvvəl 1918-ci il noyabr
ayının əvvəlində hökumət Vaşinqtona
aşağıdakı məzmunda teleqram göndərdi.
Birləşmiş
Ştatların Prezidenti cənab V.Vilsona
Ümumdünya qətliamı, məhv,
yanğınlar və xalqların əzab-əziyyətləri
qızğın çağında olarkən əlinizdə
bir zeytun budağı və ağlını itirmiş
insanlığa başa saldınız ki, qılıncdan imtina
etmək və dövlətlər arasındakı mübahisələri
həll etmək üçün dinc yola müraciət
etmək vaxtıdır. Xoşbəxtlikdən hazırkı
böyük zəng bütün əziyyət çəkənlər
üçün cəhənnəm maşınlarının
səslərini əhatə edir. Bəşəriyyətin məhv
silahlarının kənd təsərrüfatı
silahlarına daşınacağı və fabriklərin,
zavodların qurulacağı mübarək saat çox da uzaq
deyil. Bu unudulmaz tarixi anlar zamanı, bütün
dünyanı qarşılıqlı bir qırğından
xilas etmək və kiçik, zəif xalqları zülm və
köləlik əlamətlərindən qoparmaq arzusu nüfuz
edildikdə, siz müttəfiq ordunun sıralarında,
oğullarının qanı Karpatlarda tökülən, bugünkü universal müharibənin və burada baş
verən anarxiyanın bütün dəhşətlərini
dağıdıb, müstəqil dövlət quran 4 milyonluq
Azərbaycan Qafqaz Müsəlmanlarını, ümumdünya
bəşəriyyətinin ən böyük hərəkətini
elan etdiniz. Din və millətin ayrı-seçkiliyi
olmadan bütün xalqların sadiqliyi və ictimai-siyasi fəaliyyətini
əsas götürmüş bizim gənc Azərbaycan
Respublikası, əslində, cari ilin 28 may tarixindən
mövcuddur. Xalqın azad iradəsi ilə
seçilmiş Azərbaycan Hökuməti siyasi və ictimai
həyatın bütün sahələrində
sivilizasiyanın zəruri problemlərini həyata keçirməklə,
müharibə və anarxiya tərəfindən ictimai təhlükəsizliyi
və məhv olmuş sənayeni bərpa etmək
üçün ölkədə qanunların aliliyini təsis
etməklə məşğul olur. Azərbaycanın gənc
hökuməti özündə bütün sivilizasiyanın
nümayəndələrini qəbul etməyə
hazırdır; onlar özləri əmin ola bilərlər ki,
biz özümüzü hər şeydə idarə edə
biləcəyik. Azərbaycan Respublikası digər
dövlətlərlə mövcud olma hüququnu sübuta
yetirdi, ona ancaq əvəzsiz birliyin qurulması və
bütün insanlığın idealına nail olmaq
üçün yalnız öz müstəqilliyini və
toxunulmazlıq hüququnun dünya xalqları tərəfindən
qanuni olaraq tanınması lazımdır. Avropanın
qüdrətli dövlətlərinə müraciət etməzdən
əvvəl, Azərbaycan xalqı və hökuməti,
kiçik məzlum xalqların himayəçisi kimi sizin
insani şəxsiyyətinizə olan inamına əsasən Azərbaycan
Respublikasının Zaqafqaziyanın müstəqil hökumət
kimi tanınmasına, xalqımızın müstəqil
varlığı üçün qanuni hüquqlarını
həyata keçirməkdə
qarşılaşdıqları bütün maneələrə
qarşı yüksək köməyiniz ilə əlaqədar
bir qərar verməyinizə ümidvar olduğunu bildirir.
***
Antanta və Türkiyə ilə
arasında müvəqqəti barışıq elan edildikdən
sonra İrandakı Antanta qüvvələrinin komandanı
general Tomson hadisə ilə bağlı Azərbaycan hökumətini
xəbərdar edərək bu müvəqqəti
barışığın maddələri barədə
hökumətinə məlumat verdiyini bildirdi. Barışığın şərtinə görə
Türkiyə Qafqazı tərk etməlidir, o, bolşeviklərə
qarşı əməliyyatlar keçirmək məqsədilə
Bakıdan baza kimi istifadə etmək üçün onun
müvəqqəti olaraq işğal olunmasının zəruriliyi
ilə bağlı öz niyyətini açıqladı.
Rusiyada genişlənən
bolşevik hərəkatına ölkəsində yol verməmək
və güclü Antantanın sakitliyi bərpa etmək məqsədilə
mühüm yardımını nəzərə alan Azərbaycan
Respublikasının hökuməti sivil Avropa xalqları ilə
səmimi əlaqələr yaratmaq, onlarla ümumi məqsədə
xidmət etmək istəyi, onların etibarlığına
inam bəslədiklərinə görə tərəddüdsüz
Antanta qüvvələrinin paytaxta müvəqqəti daxil
olmalarına razılıq verdi. Antanta qüvvələrinin rəhbəri
bəyan etdi ki, Antantanın Azərbaycan Respublikasının
daxili işlərinə qarışmaq arzusu yoxdur və
sülh konfransı qarşısında ölkəni tərk
edəcəklərini bildirdi.
(Ardı var)
Ceyhun bəy HACIBƏYLİ
525-ci qəzet.- 2020.-
15 noyabr.- S.-13