1918-in iki hekayəti
... 1918-ci
ildə Osmanlı-türk ordusu Nuru Paşa
komandanlığında Azərbaycanı xilas etməyə gələndə,
ordunun bir bölüyü də Arazdan keçib Qubadlıya tərəf
dönür, əsgər yığıb öyrədirlər
ki, yuxarı Zəngəzurun erməni əlində olan ellərini
azad eləsinlər. İbrahim adında bir cəsur
gənc türk Diləli Müskanlı kəndində
gördüyü Sərkar Abdullanın qızı
Qönçəyə aşiq olur, bir-birinə könül
verən cütlük el adəti, şəriət
qaydasıynan evlənirlər. Oğulları
da olur. "Sərkar" bu kəndin
köklü nəsillərindən olan tayfanın adı idi və
yalnız kişilərə deyilərmiş. Ancaq qoçaqlığına görə
Qönçəyə də el arasında Sərkar
Qönçə deyərmişlər.
Türklər qardaşlıq, müsəlmanlıq
borcunu yerinə yetirirlər, Bakını, digər yerləri
azad edib minlərlə günahsız insanı labüd
ölümdən xilas edirlər. Ancaq qırmızı
bolşevik Rusiyası yenidən vəba kimi Azərbaycana,
Qafqaza dönmüşdü, hər yerdə rus casusları
türk əsgərlərini axtarırdı. İbrahim də çox döyüşdən
çıxmışdı, atdığı güllələr
xeyli ermənini o dünyaya göndərmişdi. Daşnak libasın çıxardıb bolşevik
cildinə girmiş ermənilər çoxdan onun iyin
almışdılar, pusqudaydılar. Odur
ki, övladlarını, çox sevdiyi Qönçəsini də
götürüb labüd ölümdən, ya sürgündən
xilas olmaq üçün Anadoluya dönməyə qərar
verir, altdan-altdan yol-iriz, Arazboyu kəndlərdən etibarlı
bələdçi də tapır.
Axşamüstü qonum-qonşunu
çağırır, evində, həyətində olub
qalanını kəndin imkansızlarına, başsız
qalanlarına paylayır. Qönçə onlarla vidalaşmağa gələn
doğma, əzizlərinə üzünü tutub deyir:
"Ya qismət, bir də görüşək,
görüşməyək, ancaq hər axşam gün
batandan sonra Hərtizin başında görünən o parlaq
ulduza baxıb məni xatırlayarsınız, mən də
necə ki canımda can var, nəfəsim gedib-gəlir,
üzümü o ulduza tutub sizi yada salacam, yurdumu xatırlayacam..."
İbrahim
yola çıxmadan öncə Qönçəni də,
oğlunu da alır yanına, gəlirlər pəyəyə,
tək bircə boğaz düyələri qalıbmış,
başına çatı bağlayıb gətirir
Əmiraslanın həyətinə, bağlayır ağaca,
deyir: "Əmiraslan, iki ay əvvəl sənin o itən
cöngəni mən sənin bu bacının köməyi ilə
pəyəmdə kəsib-soyub ata yükləyib gecəynən
aparıb yarısın Qaravun dərəsində,
yarısın da Hərtiz dağında aclıq çəkən
qaçaqlara çatdırmışdım. Nə həmin
vaxt, nə də bu iki ildə bir dəfə də olsun sənin
Qönçə bacın dilinə gətirmədi ki, bu
cöngə qardaşımındır, nə bir söz
soruşdu, nə yadıma saldı, nə üzümə
vurdu, nə bir dəfə sənə demədi ki, axtarma,
itiyinin başı əldə deyil, bu da bir sınaq idi, indi zamanı gəlib
əvəzini qaytarıram, bağışla, iznsiz elədim
bu işi, başqasının malına qıymadım, bu boğaz
düyə o cöngənin əvəzidir, gəl
halallaşaq, biz uzun yol gedəsiyik, bəlkə bir də
görüşmədik. Onu da bil ki, necə ki canımda can
var, Allahın köməkliyi ilə sənin bacını
gözümün üstündə saxlayacağam..."
Qönçə
gedəndən az sonra kiçik qardası
Əmiraslanın qızı olur, onun adın da Qönçə
qoyurlar. Sonra Türkiyədən onların
övladlarının yaxşı sorağı gəlmişdi,
tanınmış insan olmuşdular, ancaq sovetin
vaxtıydı, axtarıb tapan olmamışdı.
Türk
Osman Əli ilə yüzbaşı Baba hekayəti
İl 1918. Ermənilər Qars, Ərzurum, o biri ətrafdakı
rus-türk davasından əldə etdiyi xeyli silah-sursatla,
topladıqları 10 minlik nizami ordu ilə Zəngəzurda
müsəlmanların qanını axıdırdılar. Zəngəzura
köməyə gələn türk zabit və əsgərlərini
yüzbaşı Baba qarşılayır, kəndlərdə
yerləşdirir, bir neçə gün də məşq
edirlər, meşə, dağ yollarının gizlinlərini
öyrənirlər, pusqu gözləyən ermənilərə
qarşı əməliyyat qururlar. Bir tərəfdən
ermənilər basqın eləyəndə bunlar da başqa səmtdən
qəfil hücum edirlər, namərd erməniləri qovub
türk-müsəlman kəndlərindən
çıxarırlar. Hər iki tərəfdən
çoxlu itki olur.
Qonşu
kənddə dinclərini alıb növbəti hücuma
hazırlaşan türk bölüyünün pərişan,
yorğun halı
Babanın gözündən yayınmır. Niyəsin
soruşur, öyrənir ki, türk qoşununun içərisində
Osman adında bir əsgər varmış, Osmanlıdakı
erməni qırğınlarında bütün ailəsi,
qohum-əqrəbası, kəndi amansızlıqla məhv
edilibmiş, tək körpə oğlu gözdən
yayınıb salamat qalıbmış, savaşdan geri dönən
əsgər oğlunu da götürüb Qafqaza yardıma gələn
orduya qoşulub, oğlunu gözündən uzaq qoymurmuş. Bu dəfə də qəsdən dədə-balanı
arxada qoyublarmış ki, təhlükədən uzaq olsunlar.
Ancaq düşmən iy alıb, xəbər tutub, gizli yolla gəlib
atlara baxan ata-oğulu mühasirəyə alır, Osman bu
döyüşdə özü şir kimi döyüşür,
ağır yaralanır, oğlunu xilas etməyə
çalışsa da, gücü yetmir, özü şəhid
olur, 6 yaşında oğlu da əsir götürülür.
Geri qayıdan əsgərlər təzədən
səpələnib yaxın ətrafı nə qədər
axtarırlar, uşağın izin tapa bilmirlər.
Baba bu əhvalatı
eşidir, olayı yerli-yataqlı öyrənir, qeyrət,
namus hissi içində od tutub alovlanır, indi o
uşağı gözləyən taleyi göz önünə
gətirir, vətəninin harayına gələn tək
qalmış türk əsgərinin ruhu elə bil, onu köməyə
çağırır, bu səs onu rahat buraxmır.
Baba bu dağların, kəndlərin hər gizli
keçidinə bələd idi, ətrafdakı erməni kəndlərinin
hamısın əlinin içi kimi tanıyırdı. Atların
duracaq yerinə kimin hansı yolla gələ biləcəyini
də təxminən anlayır. Riski, onu gözləyən
taleyi də göz altına alır, lap ölümünü
bilsə də, alnına sıxmağa bir son gülləni də
qalifeyi paltarının döş cibinə qoyur, evə gəlir,
bir az yuxusun alır, gecə yarıdan ötəndə bircə
halalı ilə vidalaşır, baxışlarıyla
uşaqları ilə də görüşüb yola
düşür.
Burdan o yana atla getmək mümkünsüz idi, yollarda
erməni qaravulları dururdu. Atı meşənin
qalınlığında ağaca bağlayır,
silahını götürüb erməni kəndi
Dığın arxasına keçir, dəfələrlə
evində olduğu yüzbaşı Arakelin evinin arxa pəncərəsindən
içəri girir. O, bu evdə kimin hansı otaqda
yatdığını yaxşı bilirdi, Arakelin sonbeşik oğlun
yorğana büküb vurur qoltuğuna, yataq otağına
girib tapançanı alnına dayayır: "Qorxma,
öldürməyəcəm, çox çörək kəsmişik
səninlə, bir hökumətə qulluq eləmişik,
bir-birimizə sirrimizi açmışıq, kirvə
olmuşuq, ancaq indi iş o yerə
çatıb ki, bunu eləməliyəm. Türkün
uşağın tapıb verməlisən mənə.
-
İmkan ver, görüm neynirəm...
Baba:
- O
türk çoçuğu mənim əmanətim idi, dan
ulduzu doğmamış gətirərsən Qara yalın
ayağındakı bulağa enən arxa
cığırdakı palıdın dibinə, sağ gətirsən,
sağ aparasan, ölü gəlsə, ölüsün
aparasan Aşotunun...
Arakel Babanı yaxşı tanıyırdı, bilirdi ki,
dediyin eləyəndir.
Arakel
"əmanət"i gətirir, bircə bunu deyir:
-
Vaxtında gəldin, səhər açılanda gec
olacaqdı... Topun içinə qoyub
atacaqdılar sizə tərəf.
Xoruzun ilk
banında qucağında uşaq içəri girən
Babanı xanımı Güldənə qarşılayır:
- Bu, bizim
övladımızdır bu gündən, uşaqlarına
baxdığın kimi bax buna, bir az da
artıq, adı da Osman Əlidir, soyadı da Məmmədov.
Osman
Əli məktəbi, Şuşa
seminariyasını bitirir, mühasib ixtisası alır, idarə
işində çalışır. Hamı da
onu Babanın doğma övladı kimi tanıyır.
37-ci ilin tutatutu başlamışdı. Osman Əli atası bildiyi
Babanın dalınca Bayılda həbsdə yatan ata əvəzinin
yanına gəlir, görüş alır, gizli
planlarını qulağına pıçıldayır,
çoxdankı tanışı Mir Cəfər
Bağırova məktub yazdığını, cavab gözlədiyini
də deyir, sonra onun da nə etməli olduğunu anladır.
Həbsxanadan gizli əlin köməyi ilə qaçan
Baba İrana, ordan da Türkiyəyə keçir.
İndi növbə Osman Əlinin idi. Baba kimi
kişilərin qədri bilinməyən məmləkətdə
yaşamaq artıq onu da məngənə kimi
sıxırdı. Yaxşı ki, hələ subay idi, əl-ayağına
dolaşanı yoxuydu.
Xanlıq kolxozunun ona təhkim olmuş qaşqa
atını minib sürür Zəngilana hesabat verməyə. Qayıdanbaş Arazboyu kənddə sakit bir
yer tapıb gecənin düşməyin gözləyir, irəlicədən
pəsətlədiyi yerdən Arazı vurub keçir
İrana. Ərzurumda Babanı arayıb çox
çətinliklə tapır, ömrünün sonuna kimi ona
oğulluq borcunu sədaqətlə yerinə yetirir.
Və bu da son. İl 1974. Ömrünün
90-cı ilini yaşayan Baba kişi hiss eləyirdi
ki, Allahın verdiyi möhlət bitmək üzrədir.
İllərdir, vətəndə qalan
oğul-uşaqlarının da hamısının sevgisin, iyin
aldığı, cani-könüldən mehri-məhəbbət
bağladığı, onun qayğısını çəkən,
yanından bir addım ayrılmayan Osman Əliyə
üzünü tutub deyir:
-
Oğul, məni həmin yerə apar, o taya baxım yenə,
yaman çox darıxdım...
Babanın Vətəndən bu
taya keçəndən məskun olduğu köy -
Ərzurumun Xorasan kəndi onun dünyaya göz
açdığı, ayaq tutub yeridiyi, cavanlıq illərini
keçirdiyi Qubadlıdakı Fərcan kəndinə çox
bənzəyirdi, burada illərdir o taydan qırmısı
urusun çəkilib gedəcəyi xəbərini
gözləyə-gözləyə qalmışdı.
Məzar yerin də nişanlamışdı,
düz təpənin üstündə, üzü qibləyə
yox, Vətənə baxan yerdə.
Bir gün də Osmana deyir ki, uşaqları da
çağırmışam gəlirlər, o səs
yazanı da gətirəcəklər.
Və budur, yüzbaşı Baba illərdir hər
səhər ayaqla çıxdığı təpəyə
bu dəfə at üstündə köməklə qalxır.
Bu illərdə tez-tez onu dinləmək, Vətənin
ətrini almaq üçün yanına gələn əslən
butaylı yazar, iş adamı Əli Turan bir tərəfində,
Türkiyə Baş naziri Süleyman Dəmirəlin
müşaviri olmuş Erol o biri yanında,
övladlarının başı saydığı Osman
Əli də qarşısında dayanıblar.
- Dediklərimi, səsimi,
özümü çəkib yazın, o tayda qalanlarımdan gələnlər
olacaq, mən görə bilmədim, daha gözləməyə
səbrim yetmir, əcəl aman vermir daha, bir az tez, bir az gec, mütləq gələcəklər,
qoy bu vəsiyyətimi öz
dilimdən, ağzımdan eşitsinlər...
Yüzbaşı Babanın səsi
yazılmış həmin videolent illərdir Türkiyədə,
Azərbaycanda yaşayan çox sayda övladının,
qohum-əqrəbasının evindədir, sözləri dillərdə
əzbərdir:
- Doğma yurd! Sən nə şirin imişsən!
Səni belə sevməsəydim, heç bu qədər
yaşaya bilməzdim, sənə qovuşmaq üçün
ümidlə yaşadım, səni bu qədər sevməsəydim,
başıma bu qovğalar da gəlməzdi. Sənin
şirinliyindən mənə ömrüm boyu zəhər
dadızdırsalar da, səni yenə canım qədər
sevdim... Ax, doğma yurdum, kəndim, canım elim-obam, sənsiz
necə yaşadım bu illər uzunu, sənə qovuşmadan
son yolçuluğa getmək nə qədər çətindir
bilsən... Ax, Vətən, Zəngəzur, Qubadlı, Fərcan
elim...
Hacı
NƏRİMANOĞLU
525-ci qəzet.- 2020.-
12 noyabr.- S.14.