"Tanıyaq və tanıdaq"
Əziz
oxucular, "525-ci qəzet"də
"Günümüzün Güney Azərbaycan ədəbiyyatı
- Poeziya" adlı guşə açılıb.
Guşədə
İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş,
Güney Azərbaycanda 1960-cı ildə və daha sonra
doğulub boya-başa çatmış və sənətdə
öz sözünü demiş Güney şairlərinin
arasında heç bir fərq qoymadan, incə və həssas
ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm
poeziya örnəklərini incələmədən onların
ana dilində fərqli janr və üslublarda qələmə
aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən
müəyyən hissələrə yer verəcəyik.
Bu əsərlər
günümüzün Güney ədəbiyyatında baş
verən yeniliklərin, ədəbi prosesin incəliklərini
bir az da yaxından izləmək, həyata, insanlığa,
yazarların ictimai-siyasi və milli məsələlərə
baxışlarını öyrənmək baxımından
diqqətəlayiqdir...
Türkiyənin
ünlü filosof-yazarı Cəmil Meriç "Qərb
kültürün vətənidir, Şərq irfanın. Nə
Qərbi tanıyırıq, nə Şərqi, ən az
tanıdığımız isə özümüz..."
deyirdi.
Güney
Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata,
özəlliklə poeziyaya nəzər saldıqda burada
yaşayan xalqın özünəməxsus
kültürü, ədəbiyyatı, kitab mədəniyyəti,
sözyaratma qüdrətinin nə qədər yüksək
olduğu yansıyır. Möhtəşəm mədəniyyət
yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini
öyrənmək istəyən şairləri olan xalq isə
dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq
qazanır...
Beləliklə,
özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm
də daha çox sevmək üçün, dəyərli
yazarların yaratdıqları bənzərsiz poetik
dünyanın qapıları üzünüzə
açılır, əziz oxucular!
Rubrikamızda
bu dəfə dəyişiklik etdik. İşğal olunmuş
torpaqlarımızdan erməni quldurlarının qovulması,
xüsusən müqəddəs Şuşamızın azad
edilməsi günlərində, igid əsgərlərimizin, qəhrəman
oğullarımızın və xalqımızın yeni tarix
yazdığı bir dönəmdə Güneyli
yazarlarımızdan bir neçəsinin həmin olaylara həsr
etdiyi şeirlərdən örnəkləri diqqətinizə
çatdırırıq.
Esmira
Fuad
525-ci qəzet.- 2020.- 13 noyabr.- S.15.