"Tanıyaq
və tanıdaq"
Əziz oxucular, "525-ci qəzet"də "Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya" adlı guşə açılıb.
Guşədə İran İslam İnqilabından (1979) sonra ədəbiyyata gəlmiş, Güney Azərbaycanda 1960-cı ildə və daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları möhtəşəm poeziya örnəklərini incələmədən onların ana dilində fərqli janr və üslublarda qələmə aldığı şeir və poemalara, yaxud da həmin əsərlərdən müəyyən hissələrə yer verəcəyik.
Bu əsərlər günümüzün Güney ədəbiyyatında baş verən yeniliklərin, ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa, yazarların ictimai-siyasi və milli məsələlərə baxışlarını öyrənmək baxımından diqqətəlayiqdir...
Türkiyənin ünlü filosof-yazarı Cəmil Meriç "Qərb kültürün vətənidir, Şərq irfanın. Nə Qərbi tanıyırıq, nə Şərqi, ən az tanıdığımız isə özümüz..." deyirdi.
Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin nə qədər yüksək olduğu yansıyır. Möhtəşəm mədəniyyət yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...
Beləliklə, özümüzü, Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün, dəyərli yazarların yaratdıqları bənzərsiz poetik dünyanın qapıları üzünüzə açılır, əziz oxucular!
Rubrikamızda bu dəfə dəyişiklik etdik. İşğal olunmuş torpaqlarımızdan erməni quldurlarının qovulması, xüsusən müqəddəs Şuşamızın azad edilməsi günlərində, igid əsgərlərimizin, qəhrəman oğullarımızın və xalqımızın yeni tarix yazdığı bir dönəmdə Güneyli yazarlarımızdan bir neçəsinin həmin olaylara həsr etdiyi şeirlərdən örnəkləri diqqətinizə çatdırırıq.
Esmira FUAD
Filologiya elmləri doktoru
Əli Daşqın
Əsir torpaq
Bu kitabı yazan günlər
Bu günləri düşünürdüm.
Qarabağ azad olacaq deyə
Nə qorxur, nə üşünürdüm.
Torpaq bizə tələsirdi,
Biz torpağa həsrət idik.
İndi torpaq da, millət də,
Üzü ağdır, başı dimdik.
Azad yaşa, ulu vətən,
Çıx düşmənin tapdağından.
Aç bağrını əsgərinə,
Çıxdı silahlar qınından.
Daha qurtulub Zəngilan
Füzulidə bayraq əsir.
İndi Babəkin qılıncı
Düşmən boğazını kəsir.
Şuşa açıbdır qoynunu,
"Gəl-gəl" deyir əsgərinə.
Qarabağın şikəstəsi,
Yenə qayıdır yerinə.
Bu kitabı yazdığım gün
Ağlamışdım göz dolusu.
İndi artıq sevinirəm
Təbrik edirəm ulusu.
Rəsul Qədiri
Vətəndə düşmənin canın almışıq
"Şuşa"ya gedəndə, ey igid əsgər,
Nə olar, məni də yanında apar.
Şərəfsiz əlində olan torpağa,
Şərəfi, qeyrəti qanında apar.
Füzuli oxurdu zəfər qəzəli,
Ordumuz oraya girdiyi zaman.
Düşməni "it kimi" qovdu ordumuz,
Bircə an yağıya vermədi aman.
Zirvədə dayanıb sanki Cəbrayıl,
Qəhrəman ordunu ora çağırdı.
Çıxışda durmuşdu cənab Əzrayıl,
Qudurğan düşmənin canın alırdı.
Qırmızı donunu geyib payız da,
Gözlərin yollara dikdi Ağdərə.
Umaram qarşıdan gələn baharda,
Yerlilər çölündən gül-çiçək dərə.
Otuz il düşmənə dözdü xanımız,
Otuz il tapdaqda oldu Xankəndi.
Axı bu, ona heç yaraşan deyil!
Bunca il saraldı, soldu Xankəndi.
Ey içi illərcə yanan Xocalı,
Gəlirik yubanmış öcünü alaq.
Ey şəhid analar, məzlum körpələr,
Yollandıq düşmənin gücünü alaq.
Ey iki qanadı yaralı Laçın,
Amandır, itirmə umudlarını.
Qoy qutsal bayraqla məlhəm sayağı,
Bağlayaq biz sənin qanadlarını.
Gəlirik, Ağdamın böyük məscidi
Yenidən qazansın ulu hörmətin.
Şərəfsiz düşmənin izini silək,
Qaytaraq məscidə dünya şöhrətin
Ey canım Qarabağ, qanım Qarabağ,
Sən bizi bağışla, çox yubanmışıq.
Amma sən darıxma, az qalıb deyək,
Vətəndə düşmənin canın almışıq...
7 oktyabr 2020
Kərim Güləndam
Tanı məni
Azərbaycan evladıyam,
Bu ocağın közü mənəm.
Kəskin dilli bir şairəm,
Millətin haqq sözü mənəm.
Bu dağlar qartal yuvası,
Qıy vurub gəlir sədası.
Millətimin haqq davası,
Uzaq görən gözü mənəm.
Gəlsin erməni dığası,
Daşnaksütyun əşkiyası.
Gəlsin dostu, əqrəbası,
Heçə sayan yüzü, mənəm!
Güvənmə nakəslərə sən,
Hər niyyəti pislərə sən,
Uyma gələn səslərə sən,
Cəngi çalan sazı, mənəm!
Terrordur sənin niyyətin,
Qan tökmək olmuş adətin,
Tarix boyu həqiqətin,
Astarı sən, üzü mənəm.
Kabus olub qalacağam,
Başın üs
tün alacağam,
Gözlərinə dolacağam,
Qarabağın tozu mənəm!
İstər cənub, istər şimal,
Eyni vətən, eyni amal,
Bir yaxşı bax, ey xam xəyal:
Azərbaycan özü mənəm!
İsmayıl Ülkər
Bir qanadı yaralı
qartalım
Otağım sıcaq
Qarnım tox, əynim bərk
İpəksi yatağım:
Yun, yumuşaq!..
Başım... Ancaq başııım...Uçurtduğum
Biricik qartalımın yaralı qanadındadır...
Arazdan o taylar
Ayaz bir gecədə taparam "Ülkər"imi...
Nədənsə birdən bir əsməcə
Bir üşütmə giziltisi saraaaar...
Tikan-tikan olmuş dərimi!:
- Olmaya Şuşa Qalasında
Soyuq üşüdüb bir əsgərimi?..