yaxşı ki, sən varsan

 

 

 

Yaşadığım binanın qarşısında Qəzənfər müəllimi gözləyirdim, gəldi, görüşdük. Yazıları verdim, harasa tələsirmiş kimi tez maşına mindi getdi.

 

Binanın qarşısında uzun illər taksi şoferi kimi fəaliyyət göstərən Həsən kişi ütələk mənə sarı gəldi:

 

- Teymur müəllim, o kişi Qəzənfər Paşayev deyildi?

 

- Bəli.

 

- pis oldu, onunla görüşsəydim, çox yaxşı olardı.

 

Gülümsəyib, görüşdürmək məndən, qonaqlıq səndən - dedim.

 

- Mən ona həyatım boyu borcluyam, görüşsəydim, onu bağrıma basar, dərin hörmət, ehtiram, minnətdarlıq bildirərdim - dedi Həsən kişi. Sovet dönəmində 2 il İraqda şofer işləmişdim. Bizə ora getməmişdən əvvəl Qəzənfər Paşayevin "Altı il Dəclə-Fərat sahillərində" adlı kitabını təkrar-təkrar oxumağı məsləhət görmüşdülər. Qəzənfər müəllimin kitabı həmişə yanımda yol yoldaşım, ürək dostum olub. Hardasa çətinliyə düşəndə, yolumu azanda, kitaba baxıb istiqamətimi düzəldirdim. Kitab mənim dostum, pənah yerim idi...

 

Qəzənfər müəllim insanlıq şərəfini uca tutan insandır. Təbiətən mülayim, xoşrəftar, qayğıkeş, tələbkar insandır. Sadədir, səmimidir, özü bütöv, sözü- bütöv, sədaqətli olduğu qədər səxavətli, istiqanlı, vətən canlıdır. Türk oğlu türkdür. Saf duyğulu, incə mətləbli türk. Hünərli, təpərli türk. Sazlı, sözlü, min bir avazlı türk.

 

Dünyada minlərlə sənət vardır. Hər birinin öz yeri, istifadə qaydası. Lakin onların arasında müəllimlik sənəti müqayisəyə gəlməz, əvəz olunmaz, əl çatmaz, ün yetməz zirvədir. Müdriklərimiz müəllimi güclü olan xalq güclülər arasında, zəif olanın əzəli, sonu olar deyiblər.

 

Qəzənfər Paşayev 80-i keçən mənalı ömrünün tən yarısını müqəddəs müəllimlik sənətinə həsr etmişdir. Bu sənəti uca tutmuş, onunla fəxr etmiş, qürur duymuşdur. Sovet dönəmində respublikada məşhur olan İsmixan Rəhimov Oruc Musayev kimi ingilis dili müəllimlərindən kamil dərs almış, sonralar onların layiqli davamçısı olmuş, arzularına şam çıraq tutmuşdur. Təhsil aldığı Xarici dillər İnstitutunda 20 il "İngilis, fransız, alman dilləri" kafedrasına rəhbərlik etmişdir. Yüksək mədəniyyət mənəviyyata malik Qəzənfər müəllim tələbələrinin sevimlisi, əziz doğması olmuş çoxsaylı tələbələrini xoşbəxt gələcəyə uğurlamışdır.

 

Bu əsnada 2400 il bundan əvvəl yaşayan yunan mütəfəkkiri Platonun bir müdrik kəlamını xatırlamaq istərdik. Platon yazır ki, valideynlərim məni göydən yerə endirdi, müəllimim isə məni yerdən göyə qaldırdı. Qəzənfər müəllim bu deyimi dərindən duyur, həyatının mənası bilir, şərəflə yaşayır.

 

Qəzənfər müəllim ensiklopedik biliyə, geniş erudisiyaya, güclü məntiqə, dərin müşahidə qabiliyyətinə malik alimdir. Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimidir. Ədəbiyyatşünasdır, folklorşünasdır, xalqşünasdır, dilçidir, mətnşünasdır, tərcüməçidir. Alimin əhatəli, dərin məzmunlu, qəlbə nüfuzedici çox cildli əsərləri xalqımız tərəfindən oxunur, sevilir, müəllifə şərəf gətirir.    

 

Sovet dönəmində Qəzənfər Paşayevin taleyi üzünə gülüb, ingilis, rus dilləri üzrə tərcüməçi kimi altı il İraq Türkmanlar arasında geniş fəaliyyət göstərib, doğmalaşıb, türkmanlaşıb.

 

Onun ən böyük xidmətlərindən biri İraqda yaşayan, sayı üç milyon yarımı keçən, "Bilmirəm haralıyam, torpağım, daşım qərib" deyən İraq Tükmanlarının kəşfi, onların ləhcəsini, folklorunu ədəbiyyatını nəzəri cəhətdən tədqiq edərək təqdim etməsidir, qəriblikdə yaşayan soydaşlarımızı xalqımıza tanıtmasıdır. Ulumuz, ulusumuzdur türkmanlar, əslimiz, nəslimiz, kökümüzdür tükmanlar. Füzuli, Nəsimi  babalarımızın babalarıdır türkmanlar. Tariximiz, mənəvi zənginliyimizdir türkmanlar.

 

 

 

Hər dəfə mənə layla çalan, qəlbimi oxşayan

 

Evlərinin önü yonca,

Yonca qalxar dam boyunca,

Boyu uzun, beli incə

Ninnə yarım, ninnə.

 

eşidəndə qanadlanıb türkman elinə uçmaq istəyirəm, türkman ellərimi qucmaq istəyirəm.

 

Tovuzda Düzqırıxlı adlı bir kənd qərar tutur. Türk köklü, türk mənşəli Düzqırıxlı, kəndi. Bu kənddə dərin hörmət, ehtirama layiq Paşayevlər nəsli yaşayır. İşgüzarlığı, zəhmətsevərliyi ilə seçilən nəsil, alın təri, qabarlı əlləri ilə torpaqdan çörək çıxaran nəsil, xeyirxahlığı ilə tanınan nəsil. Paşayevlər nəslinin öncülü, ağsaqqalı Qəzənfər Paşayevdir. İmkan daxilində "əl tutmaq Həzrət Əlidən qalıb" inamı ilə yaşayır, əlindən gələni əsirgəmir, xoşhal olur, neçə-neçə kimsəsizlərə əl tutub, neçə-neçə yazarların kitablarını nəşr elətdirib, dünyadan köçən ziyalılarımızın qəbirüstü abidələrini düzəltdirib. Daha nələr-nələr.

 

Əzizim, bu şərəfli işdə Tanrı köməyin olsun, əməllərin üzünə gülsün. yaxşı ki, sən varsan, Qəzənfər!

 

Ailə kiçik dövlətdir, müqəddəsdir, ülvidir, ucadır, sirli-sehirli aləmdə şandı, şərəfdi. Qəzənfər müəllim bu şərəfi uca tutan, çoxlarına nümunə olan böyük ailənin başçısı, başının tacı, dərdlərinin əlacıdır. Bu ailənin anası, döyünən ürəyi, görən gözü Arəstə xanımdır. Həyatını ailəsinə qurban verən Arəstə xanım Qəzənfər müəllimin uğurlarına şam çıraq tutandır. Belə ailə ilə necə fəxr etməyəsən, qürur duymayasan.

 

Qəzənfər müəllim ömrünün ixtiyar çağında da yorulmadan, usanmadan yazır, yaradır. gecəsi, gündüzü. Əzizim, dost mehribanım, hafizən güclü, gözlərin nurlu, ürəyin təpərli, qələmin iti olsun!

 

Əzizim, Qəzənfər, sənin həyat yaradıcılığından bəzi məqamları xatırlatdım. Onlar sənin mənəvi ümmanından götürülən damlalardır. Canın sağlam, ömrün uzun olsun, arzuların üzünə gülsün.

 

Teymur BÜNYADOV

 525-ci qəzet.- 2020.- 19 noyabr.- S.12