Haqqa qovuşan aliməqam ruh
GÖRKƏMLİ
YAZIÇI-PUBLİSİST ƏLİ İLDIRIMOĞLUNUN
XATİRƏSİNƏ
Cəmi
bir neçə gün öncə doğum günü ərəfəsində yaradıcılığı
haqqında düşüncələrimi
bölüşdüyüm görkəmli yazıçı,
tanınmış publisist
Əli İldırımoğlunun
vəfatı haqqında
yazmaq ağırdır,
kədərlidir.
Əli İldırımoğlunun ömrünün
doxsan dördüncü ilinə
adladığı gündə
- Vətən nisgilli narahat ruhunun Qubadlının və işğaldan azad olunan digər doğma yurdlarımızın
zəfər müjdələrindən
sonra mənəvi dinclik içində bu dünyadan haqqa yürüməyi onu sevənlərin tək təsəllisidir.
... Ölümündən az əvvəl dostları Şopenhauerdən
harada dəfn edilməyi arzuladığını
soruşduqda demişdi
ki, mənim üçün fərqi yoxdur, axtaranlar məni tapacaqlar. Bu baxımdan dəyərli
və yaradıcı ömür yaşayan şəxsiyyətlərin fiziki
yoxluğu anlayışı
nisbidir, onlar bizə kitabları qədər yaxındırlar.
Mərhum yazıçı
Əli İldırımoğlunun
vaxtilə özünün
yazdığı kimi:
"Ey anıb axtaranlarım! Allaha inamım, ata-babama ehtiramım, övladlarıma
məhəbbətim, elimə-obama
bağlılığım, Vətənə sədaqətim,
əyilən qəddim,
qıyılan gözlərim,
pozulmuş səhhətim,
yuxusuz gecələrim,
narahat günlərim,
tapdığım və
itirdiyim uğurlar, dosta etibarım, gəncliyimin əzabları,
ahıllığımın gileyləri kitablarımın
əmanətindədir. Məni və
mənimi bilmək istəsəniz, ömür
salnaməmin natamam parçası olan əsərlərimi vərəqləyin".
Biz həmişə Sizi özünüzün dediyiniz
kimi, gələcək
nəsillərə əmanət
etdiyiniz yaradıcılığınızda
axtaracağıq! Böyük
nəsihətinə, ahıl
tövsiyəsinə, ağsaqqal
məsləhətinə ehtiyacımız
olanda üz tutduğumuz mənəvi ünvanlardan biri kimi!
Yurd həsrəti ilə keçirdiyiniz 30 illik ayrılıqdan sonra məhz bu gündən
etibarən aliməqam
ruhunuzun Qarabağımızın,
doğulduğunuz Qubadlının
Əliquluuşağı kəndinin
üzərində, həzin
nəğməli Bərgüşadın
sahillərində, doğmaca
Vətən göylərində
hüzur içində
dolaşdığına inanırıq!
Ədəbiyyatımızın, jurnalistikamızın və
mənəviyyatımızın azman siması, xalqımızın dəyərli ağsaqqalı,
məzarınız nurlu,
ruhunuz behiştlik olsun!
Nüfuzlu qələm adamları
da tanınmış
yazıçının vəfatını
dərin kədər hissi ilə qarşılayaraq üzüntülərini
bölüşüblər.
Anar:
"Qubadlı işğaldan
azad olunanda ona zəng elədim"
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar
görkəmli ədibin
dünyasını dəyişməsi
ilə bağlı dərin kədərini ifadə edib: "Əli İldırımoğlunun vəfatı
xəbərini dərin
kədər hissi ilə qarşıladım.
Əli İldırımoğlu mənim
çox hörmət
etdiyim insanlardan biri idi. Aramızda çox xoş münasibətlər vardı.
O, Yazıçılar Birliyinin
ən qocaman üzvlərindən idi. Amma aramızdakı yaş fərqinə baxmayaraq, bizim yaxın münasibətimiz vardı.
Yadımdadır ki, hər bayramda bir- birimizi
təbrik edirdik.
Çalışırdım ki,
birinci mən
Əli İldırımoğluna
zəng edim, bəzən elə olurdu ki, o, birinci zəng edib təbrik edirdi. Mənim ad günümdə
də, yubileyimdə
də iştirak edib. Çox mehriban və çox ləyaqətli
insan idi. Oktyabrın 25-də Qubadlı
işğaldan azad olunanda təbrik etmək üçün ona zəng elədim.
Səsi çox zəif gəlirdi, hiss elədim ki, xəstədir. Amma buna baxmayaraq, sevincimizi bölüşdük.
Dedim ki, Əli müəllim, gözümüz aydın
olsun, hamımızın
çox istədiyi oldu, Qubadlı işğaldan azad
edilib! Mənim indi təsəllim odur ki, hər
halda Əli müəllim Qubadlı işğaldan
azad olunduqdan, bu gözəl xəbəri aldıqdan sonra dünyasını dəyişdi.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!"
Ramiz Rövşən: "Əli
müəllim yazmaq üçün yaşayır
və yaşamaq üçün yazırdı"
Əli İldırımoğlunun dünyadan
köçməsi xəbərinə
münasibət bildirən
Xalq şairi Ramiz Rövşən deyib ki, əsl
yazıçılar dünyadan
heç vaxt getmirlər, hər yeni oxucuyla təzədən
doğulurlar: "Noyabrın
17-si ağsaqqal yazıçımız
Əli İldırımoğlunun
doğum günüydü.
Bu neçə ildə ilk dəfəydi ki, onu ən
azı telefonda təbrik edə bilmədim. Bu gün onun haqqında
vida sözü yazıram. Əli müəllimin dünyaya
gəlişiylə gedişi
eyni günə düşdü. Amma əsl
yazıçılar dünyadan
heç vaxt getmirlər, hər yeni oxucuyla təzədən
doğulurlar.
93 yaşlı Əli
müəllimin bir yazıçı kimi xüsusən bu son otuz ildəki məhsuldarlığına hətta
otuz yaşlı cavan yazıçılar
da həsəd apara bilərdilər. Əli müəllim yazmaq
üçün yaşayır
və yaşamaq üçün yazırdı.
Həm də, bir vaxt doğulub
böyüdüyü, 27 ildən
bəri düşmən
əsarətində olan
Qubadlı torpağını,
körpəlikdən sevdiyi
o doğma dağları,
çayları, meşələri
və ən başlıcası, çoxu
artıq haqq dünyasında olan o doğma və əziz adamları öz kitablarında yaşatmaq üçün
yazırdı. Bu 27 ildə
Əli müəllimin
hər an Qubadlı həsrətiylə
döyünən narahat
ürəyi, bəlkə
də, Qubadlının
işğaldan azad olunmağıyla axır ki rahatlıq tapdı.
Rahat yat, Əli müəllim!
Mən inanıram
ki, sənin ruhun bu dəqiqə
doğma Qubadlının
göylərində dolanır.
Allah sənə rəhmət
eləsin!"
Qulu Məhərrəmli: "Ana dilimizin
elə qatları var ki, o, yalnız
Əli İldırımoğlu
kimi yazıçıların
yaradıcılığında üzə çıxır"
Tanınmış jurnalist, professor
Qulu Məhərrəmli
Əli İldırımoğlunun
vəfatını müasir Azərbaycan nəsrinin, jurnalistikasının və publisistikasının
çox parlaq simalarından birinin itkisi kimi dəyərləndirib:
"Əli İldırımoğlu
həmişə öz
şəxsiyyəti, qələmi
və varlığı ilə sözün həqiqi
mənasında bu xalqın bədii düşüncəsinin,
şüurunun oyanmasına,
milli ruhun diri qalmasına xidmət edib. Əli İldırımoğlu
jurnalistikadan yazıçılığa
çox uğurla keçmiş qələm
sahiblərindən biridir.
Onun bədii əsərlərinin
mayasında
jurnalist müşahidəsi,
publisist düşüncəsi,
bədii təfəkkür
sahibinin təhlilləri
var. Əli İldırımoğlunun "Zorən jurnalist",
"Mənim rəncbər
atam", "Daş yağan gün" romanları müasir Azərbaycan ədəbiyyatının
çox gözəl nümunələridir.
Əli müəllimi
bir yazıçı
kimi önə gətirən onun təbiiliyidir. Əli İldırımoğlu nədən
yazıbsa, qurama süjet əsasında deyil, həyat müşahidələrinə əsasən
qələmə alıb.
Onun bədii təfəkkürü çox
dərinə işləyir.
Ana dilimizin elə qatları var ki, o, yalnız Əli İldırımoğlu
kimi yazıçıların
yaradıcılığında üzə çıxır.
Xalq dili, xalq ruhu,
xalq düşüncəsi
onun dilində çox parlaq görünür. Əli İldırımoğlu Süleyman
Rəhimov, Əli Vəliyev, Sabir Əhmədov kimi yazıçıların dəst-xətti
üstündə gedən
qələm sahibidir. Əli İldırımoğlunun
əsərlərindəki epoxal
düşüncə, epik
təsvirlər,
hadisələrin geniş
bədii lövhələrlə
verilməsi onun yaradıcılığının əsas xüsusiyyətləridir. Bir neçə
il bundan əvvəl Muğam Teatrında Əli İldırımoğlunun 90 illiyində
iştirak etmişdik.
Əli müəllimin
ağlı, düşüncəsi,
şəxsiyyəti o qədər
parlaq, o qədər cazibədar idi ki, adam onunla
söhbətlərdən yorulmurdu.
Qubadlı işğaldan
azad olunanda zəng eləmişdim, danışdıq ki, gedərik, görüşərik.
Amma görünür, qismət
deyilmiş... Əli İldırımoğlu əsərlərində
yaşayır, onun ruhu, döyünən qəlbi Azərbaycanın
hər qarış torpağına bağlıdır.
Əli müəllimi
həm də jurnalistikanın
nüfuzunu yüksəldən
bir şəxsiyyət
kimi həmişə xatırlayacağıq.
Allah rəhmət eləsin, ruhu şad olsun!"
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2020.-19 noybar.- S.-15.