Bir durna səsi tək...

 

 

Gecələrin ulartusuna qoşulub getmək,

Yazdan qışa,

Qışdan payıza, yaya

Qəfil düşüb,

Uzaqlığın üzündən öpüb,

Bir durna səsi tək yerə

Enmək necə gözəldi.

Daş kimi yox,

Bir az yayına-yayına,

Yellənə-yellənə

Bir şəhid atasının qulağına düşmək:

- Balan sağdı,

Gələcək,

Qurbanlığını hazırla, - söyləmək

Necə gözəldi.

 

Ətraflı

Ulduzların işığına qoşulub getmək,

Yığışmaq yer üzündən,

əl-ayağını,

ağırlığını çəkmək yer üzündən.

Lap acıqca dan üzünü dişləmək,

Qan süzülsün yanağından səs kimi.

O səs ensin bir səhər tamarzı qulaqlara:

Müharibə bitdi, müharibə bitdi -

gözəl!

 

Bu səsi gətirmək üçün

getmək istəyirəm uzaqlara...

 

Top atmaq kimi...

 

Hələ yanımzda

Uşaqlar ölürsə,

Biz ancaq dəfn etməyi bacarırıqsa,

Sonra heç olmamış kimi

Hələ mahnı oxuyuruqsa,

Demək, sevmək yalanmış...

 

Anaların döşündə ağlayır

ağrıyır süd.

İtir, diyirlənir evin içində

Süd şüşələri,

Dərindən fikir versən

Südün uşaq üsyanı

Daha ciddidir,

Bizim

Mənasız şeirlərimizdən.

 

Balaca körpələr, əgər bilsəydilər,

Müharibə nədir,

Vuruşan ölkələrin adı nədir?

Məni bu qədər yandırmazdı,

Bəlkə.

Onlar elə bilirlər ki, bu, bir oyundu,

Bir-birinə top atmaq yəni.

Sonra da o topu qaytarmaq yəni.

Bayraq şəkli

 

Körpə süd şüşəsindən elə yapışıb,

Elə bil bir daha süd içməyəcək.

 

Mən bayraq çəksəydim

o uşağın şəklini vurardım

Bütün ölkələrin bayraqlarına.

Kim istəməzdi bunu?

O uşağın balaca ayaqlarını

elə çəkərdim ki,

Yer üzündə bütün qumbaralar

Bir anda intihar edərdi.

Generallar döşlərindəki ordenləri

Bir an içində qoparıb atardılar.

 

Tankın yadına düşər

Bir vaxtlar

uşaq oyuncağı olmaq arzusu.

Güllələrin yadına düşər

Uşaq barmaqlarına bənzəməyi.

müharibədə

uşaqların süd şüşəsinə dəyib

Qollarını üzməyi.

 

Mən bu bayraq şəklini

Tez çəkə bilsəydim...

 

Səs salmayın

 

Xəbər gözləyən nənəm

Çoxdandı dayanıb

Bir səsin nişanında.

Qorxuram həyətdəki

Uşaqların ağzından

Bir səs çıxıb

Gedib dəyə nənəmə.

 

Kababı köz öldürər,

İgidi söz öldürər,

Babamı güllə öldürdü,

Nənəmi səs öldürər.

Siz Allah, səs salmayın...

 

Tankçı

 

Mənim çiçəklərimi

Küləklər apardı kiməsə.

Aparıb taxdı

bir tank lüləsinə,

deyəsən...

 

Quşlar da uçub doluşdular

tank lüləsinə.

Çiçəklərin xətrinə

orda yuva qurdular, deyəsən.

 

Bir azdan səs gəldi-

Sarı dimdiklərin səsi...

 

Gör axırda tankçı neylədi?

Yığıb şələ-şüləsini

Getdi hərbi hissəyə.

Elə bircə kəlmə deyə bildi:

Biz məğlub olduq...

Mərmiləri islatmışdı

Quşların səsi.

 

Allahşükür Ağanın şeirləri

 

525-ci qəzet .- 2020.- 19 noyabr.- S.16.