"Ağdam şəhərini Xankəndiyə, Şuşaya yaxınlaşdıraq"

 

 

PROFESSOR NOVRUZ ALLAHVERDİ DOĞMA ŞƏHƏRİ AĞDAMIN BƏRPASINA DAİR MARAQLI TƏKLİFLƏR İRƏLİ SÜRÜB

 

Bu gün Müzəffər Azərbaycan Ordusunun qazandığı möhtəşəm qələbə xaricdə yaşayan soydaşlarımız tərəfindən də böyük sevinclə qarşılanır. Onlar bu şanlı qələbəni böyük qürur hissi ilə qeyd edirlər. Belə soydaşlarımızdan biri də Türkiyədə yaşayan həmyerlimiz professor Novruz Allahverdidir.

 

Novruz Allahverdi 1948-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olub. 1966-cı ildə Ağdamdakı 1 nömrəli məktəbi gümüş medalla bitirib. Sonra Azərbaycan Politexnik İnstitutuna (indiki Texniki Universitet) Kompüter Mühəndisliyi ixtisası üzrə daxil olub. Təhsilini başa vurduqdan sonra bir müddət sözügedən universitetdə çalışıb. 1976-cı ildə Moskva Energetik İnstitutunda eyni ixtisas üzrə aspiranturaya daxil olub və 1979-cu ildə namizədlik dissertasiyasını müdafiə edib. Daha sonra vətənə dönən N.Allahverdi burada müəllimlik fəaliyyətini davam etdirib.

 

1992-ci ildən Türkiyədə fəaliyyətini davam etdirən N.Allahverdi öncə Səlçuk Universitetində, 2015-ci ildən isə Konya Karatay Universiteti Kompüter Mühəndisliyi kafedrasının müdiri vəzifəsində çalışır.

 

Bu, tarixi zəfər xalqın özünə inamını qaytardı

 

Professor Novruz Allahverdi deyir ki, bu gün qüdrətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olunub: "Əldə edilən bu tarixi zəfər, torpaqlarımızın azad edilməsi həm də Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Dünyanın harasında olmasından, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz dövləti, onun zəfərləri ilə haqlı olaraq qürur duyur, azərbaycanlı olmağı ilə fəxr edir. Torpaqlarımızın işğaldan azad edilməsi artıq xəyal deyil. Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildikdən, azad olunan torpaqlarda quruculuq işləri həyata keçirildikdən sonra ölkə tamamilə başqa dövlət olacaq. Yəni, daha gözəl, daha firəvan və xoşbəxt ölkə olacaq. Həmin torpaqlar bir xəzinədir. Torpağın altı da, üstü də, təbiəti də, insanları da. İndi hər kəs öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyir. Çünki öz ata-baba torpaqlarına dönmüş olacaqlar".

 

Səbirsizliklə o günü gözləyirəm

 

Professorun sözlərinə görə, böyük səbirsizliklə doğulub boya-başa çatdığı Ağdamın işğaldan tamamilə azad olunduğu günü gözləyir: "Ağdamın hər qarış torpağı mənim üçün çox əzizdir. Doğulub boya-başa çatdığım doğma Ağdamın yaxın günlərdə düşmən işğalından azad olunacağını eşidəndə çox sevindim. Səbirsizliklə o günü gözləyirəm".

 

Son günlər işğaldan azad edilən ərazilərimizdən yayılan, foto və videolardan da aydın görmək olur ki, burada bütün infrastruktur, evlər və obyektlər dağılıb. Belə məqamda ortaya müxtəlif suallar çıxır. Görəsən, ərazilər tam azad olunduqdan sonra dağıdılmış infrastrukturun bərpası, xaraba qoyulmuş şəhər və kəndlərin yenidən qurulması işləri nə cür aparılacaq? Binalar əvvəlki qaydada, yoxsa yeni üslubdamı inşa ediləcək və sair...

 

Ağdamın bərpasına dair təkliflər

 

N.Allahverdi bildirib ki, Ağdam rayonunun bərpası və yenidən qurulması ilə bağlı müəyyən təklifləri var. Bu təkliflərin onu çoxdan düşündürdüyünü vurğulayıb: "Bu təkliflər haqqında çoxdan düşünürdüm. Bununla bağlı fikirlərimi sosial şəbəkə vasitəsi ilə paylaşdım və müsbət rəylər aldım. Bildiyiniz kimi azad olunan ərazilərimizin çox hissəsi tamamilə dağıdılıb. İşğal nəticəsində bütünlüklə talan edilən, yandırılan, dağıdılan və məhv edilən rayonlardan biri də Ağdamdır. Ermənilər Ağdamda olan evləri dağıtmaqla yanaşı onun daşlarını da söküb aparıblar. Mədəni abidələri talan edərək bütün infrastrukturu məhv ediblər. Hətta dağıntılar o dərəcədədir ki, mən özüm də Ağdamın peyk görüntülərində nə evimizi, nə də oxuduğum məktəbin yerini tapa bilmədim. Küçə və məhlələri tapmaq çox çətindir. Mənfur ermənilər Ağdamı talan edib, binaları, gözəl evlərin hamısını dağıdıblar. Ağdamın məşhur Çörək muzeyini, "İmarət"i tanınmaz hala salıblar. Xarabalığa dönmüş şəhəri dağıdılmış məscidə və "Çay evi"nə görə tanımaq olur. Buna görə də şəhərin tamamilə yeniden planlaşdırılması lazımdır. Düşünürəm ki, mütəxəssislərlə birlikdə müasir tələblərə cavab verən nümunəvi şəhərin qurulmasına nail olmaq mümkündür".

 

Professor qeyd edib ki, Ağdamın indi olduğu yerdən bir az yuxarıda, Xankəndi yolu üzərində qurulması daha məqsədəuyğun olardı: "Ağdam rayonunu Xankəndi şəhəri ilə təxminən 24 km məsafə ayırır. Rayonun yuxarı hissəsindən çox da hündür olmayan dağlar başlayır. Məşhur Gülablı kəndi də bu silsilə dağların arasında və sol hissəsində yerləşir. Yeni Ağdamın planlaşdırılmasında bütün bunlar nəzərə alınaraq şəhəri dağlara, yəni Xankəndiyə, Şuşaya daha yaxın ərazidə salmaq yaxşı olardı. Hətta tikintini Şahbulaq tərəfə doğru da uzatmaq mümkündür. Hər bir regionun özünəməxsus spesifik xüsusiyyətləri, hər ərazinin də özünəməxsus iqlimi, relyefi var. Bildiyimiz kimi yay fəsli Ağdamda isti keçir. Rayonun dağlara daha yaxın olması yay aylarının istiliyindən qorunmasına da şərait yaradacaq. Həmçinin şəhərlərarası yol, Şuşaya və Xankəndiyə qədər məsafə daha da qısaldılmış olacaq."

 

Ağdamın yeni baş planı müasir, yeni variantda hazırlanmalıdır

 

Professorun dediyinə görə, bərpa işləri zamanı Ağdamın əvvəlki memarlıq üslubunun qorunması daha yaxşı olar. Məhəllələrə daha çox üstünlük verilərək geniş yolları və yaşıllıqları bol olan nümunəvi şəhər salmaq olar: "Yenidənqurma prosesi şəhərsalmanın bütün qanunlarına uyğun olaraq aparılmalıdır. Yeni küçələr salınmalıdır. Ondan öncə infrastruktur, işıq, telefon, qaz, kanalizasiya xəttləri çəkilib, daha sonra yaşayış evləri tikilməlidir. Torpaqlar təkrar öz həqiqi sahiblərinə qaytarılmaq şərti ilə yenidən bölünməlidir. Məktəb, bağça, xəstəxana və sair inşa edilməlidir. Düşünürəm ki, Ağdamın yeni baş planı müasir variantda hazırlanmalıdır. Yeni yol şəbəkəsi qurulmalı, küçələr genişləndirilməlidir. İşğaldan azad edilmiş ərazilərimizdə binalar, təbii şərait nəzərə alınaraq tikilməlidir. Həmin binaların bütün standartlara uyğun olaraq hazırlanması üçünsə, Azərbaycanda kifayət qədər peşəkar mütəxəssislər mövcuddur".

 

 

 

N.Allahverdinin söylədiyinə görə, yaşayış evləri Ağdamın adına layiq 2 və ya 3 mərtəbəli olmalı, tamamən ağ daşdan tikilməli, mənzillərdə müasir tələblərə uyğun komfort şərait yaradılmalıdır. Yüksək mərtəbəli tikililər az olmalı, yalnız mərkəzdə peyzaja uyğun hündürmərtəbəli binalar tikilə bilər. Belə binalar üçün təklif olunan ərazilər relyefe uyğun olaraq memarlar tərəfindən seçilməlidir. Braziliyada buna uyğun örnəklər mövcuddur. Belə ki, ölkənin eyniadlı paytaxtı təxminən 50 il bundan qabaq tamamilə yenidən tikilib: "Ağdamın düşmən tərəfindən xarabalığa çevrilmiş bir hissəsi açıq hava muzeyi kimi saxlanmalıdır. Bundan məqsəd isə keçmiş tariximizi və erməni vandallığını unutmamaqdır. Belə açıq hava muzeyi Yaponiyanın Xirosima, Naqasaki şəhərlərində və Bosniya-Hersoqovinada mövcuddur.

 

"Qarabağ" futbol klubumuzun əzəli məkanı olan "İmarət" stadionu da ən müasir üslubda yenidən qurulmalı və komanda ev oyunlarını burada keçirərək rayonumuzu layiqincə təmsil etməyi davam etdirməlidir. Bu təkliflər digər dağıdılmış şəhərlərimizə, böyük kəndlərimizə də tətbiq edilə bilər".

 

Yenidənqurma işlərinə xarici şirkətlər də cəlb oluna bilər

 

N.Allahverdi dövlətlə yanaşı fərdi şəxslərin də öz evlərini tikmələrinə dəstək verilməli olduğunu vurğulayıb: "Tərtib olunan şəhər planına uyğun olaraq dövlətlə yanaşı fərdi şəxslərin də tikinti aparmasına kömək edilməli, həmçinin sakinlər də yeni məhəllələrdə evlərlə təmin olunmalıdır. Qeyd edim ki, ərazilərin yenidən planlaşdırılması və bərpası işlərinə yerli və xarici şirkətlər, həmçinin memarlar da cəlb oluna bilər. Azərbaycan çox şəffaf və açıq şəkildə xarici investorların cəlb edilməsi proqramına start verməlidir. Onlar arasında müvafiq tenderlər keçirilərək bərpa işlərində rol almaları təmin oluna bilərlər. Bildiyiniz kimi inşaat işlərində qardaş türk inşaatçılarının da xidmətindən yararlanmaq olar. Türkiyənin çox böyük tikinti təmir təcrübəsi olan iri şirkətləri var. Ölkəmizə geniş təcrübəyə malik olan, bu şirkətləri dəvət etmək olar. İnanıram ki, bütün bunların nəticəsində Ağdam bərpadan sonra tam müasir bir şəhərə çevriləcək".

 

Professor qeyd edib ki, tezliklə ərazi bütövlüyümüz tam təmin ediləcək, burada yenidənqurma və bərpa işlərinə başlanacaq: "Mən əminəm ki, işğaldan azad edilmiş ərazilərimiz - şəhərlər, kəndlər, qəsəbələr yüksək səviyyədə bərpa olunacaq. Bütün evlər, binalar, tarixi abidələr yenidən qurulacaq. Mədəniyyətimizin beşiyi olan Şuşa və eləcə də ətraf rayonlar dünyanın turizm mərkəzinə çevriləcək. Dünyanın hər yerindən turistlər bu gözəllikləri görmək üçün ölkəmizə gələcək".

 

S. Qarayeva.

525-ci qəzet.- 2020.-18 noyabr.- S.6..