Eyni gündə
doğulub, eyni gündə də şəhid olan qardaşlar
İyirmi
il əvvəl Ağdam rayonunun Çullu kəndində
Allahverdiyevlər ailəsində eyni gündə dünyaya gələn
Nazir və Tacir qardaşlarının taleləri, həyat
yolları da qoşa oldu. Heç vaxt bir-birlərindən ayrılmayan bu əkiz qardaşlar bir yerdə böyüdülər, orta
məktəbi bir oxudular, hərbi xidmətə bir yollandılar, torpaqlarımızın
işğaldan azad edilməsi uğrunda bir yerdə döyüşdülər. Bu
müqəddəs yolda
eyni gündə şəhid olaraq doğulduqları Çullu
kəndində torpağa
tapşırıldılar.
AZƏRTAC-ın bölgə müxbiri Çullu kəndinə gedərək Nazir və Tacir qardaşlarının
məzarlarını ziyarət
edib, evlərinə baş çəkərək,
ailəsi ilə həmsöhbət olub.
Bir gündə
iki övladını
torpağa tapşıran
Mailə Allahverdiyeva acısı nə qədər böyük olsa da məğrur
dayanıb. Sevinir ki, torpaqlarımız işğaldan azad edilib. Düşməndən
oğullarının qisası
alınıb: "Vətən
yolunda, torpaq yolunda şəhid oldular. Şükür Allaha ki, torpaqlarımız
işğaldan azad olundu. Balalarımın qanı yerdə qalmadı".
Əkiz qardaşların
heç vaxt bir-birlərindən ayrılmadıqlarını
deyən Mailə ana oğlanlarının toylarını da bir yerdə etməyi arzulamışdı.
"Bir yatıb, bir dururdular. Həmişə bir yerdə olurdular. Hərbi xidmətə də qoşa getdilər. Gözləyirdim
ki, gəlsinlər evləndirim. Eyni gündə evləndirəcəkdim
onları. Gözaltıları
da var idi.
İki bacı istəyirdilər", - deyən
şəhid anası göz yaşlarını
saxlaya bilmir...
Nazir və
Tacir ailənin sonbeşikləri idilər.
Bacıları Sahilə
xanım deyir ki, qardaşları evin nuru, işığı,
hamının sevimlisi
olublar: "Ailədə
10 uşaq olmuşuq. Nazir və Tacir
sonbeşik idilər. Anam işdə olduğu üçün
qardaşlarımı mən
böyütmüşəm. Odur ki, elə
bilirəm təkcə
qardaşlarım deyil,
həm də balalarım şəhid olub. Onlarla fəxr
edirəm".
Qüdrət Allahverdiyev əkiz qardaşlarının vətənpərvər
olduqlarını deyib:
"Tacir və Nazir topçu kimi düşmən qüvvələrinin darmadağın
edilməsində iştirak
edib. Telefonla danışanda deyirdilər
ki, Vətən uğrunda döyüşürlər.
Qələbə qazanacağımıza
əmin idilər. Ailədə yaşca ən kiçik olsalar da, daha
yüksək mərtəbəyə
- şəhidlik zirvəsinə
ucaldılar. Qardaşlarımla
fəxr edirəm".
Nazir və
Tacir qardaşlarının
timsalında bütün
şəhidlərimizə borcluyuq.
Çünki ən yeni tariximizi onlar yazdılar, öz qanları ilə. Torpaq uğrunda ölən varsa Vətəndir.
525-ci qəzet.- 2020.-
18 noyabr.-S.24.