Şuşam mənim!

 

Ən qiymətli şah taxtısan!

Sevgimizin paytaxtısan!

Necə dözdün bu vaxtı sən,

Sel oldu göz yaşım mənim,

Şuşam mənim!

 

"Heyratı"mızsan, "Cəngi"sən!

Düşmənə əcəl zəngisən.

Bayrağımın qan rəngisən,

Əyilməyən başım mənim,

Şuşam mənim!

 

Sənə bu gün nişan gəlir,

Şanının üstə şan gəlir,

Xan qızı Natəvan gəlir,

Dur qarşıla, paşam mənim,

Şuşam mənim!

 

Qalibiyyət nəğməsi

 

Yer göstərin, yoldan gəlib!

Ağır oba-eldən gəlib!

O, Vətənə Ana deyib,

Vətən onu Oğlu bilib!

 

Şah İsmayıl nəvəsidir,

Həzi, Polad əvəzidir,

Gedib çıxdığı mərtəbə

İgidliyin zirvəsidir!

 

Söz söyləyək şərəfinə,

Söz yetərmi tərifinə?!

Adı bomba kimi düşür

Cəbhənin o tərəfinə!

 

Qəhrəmanlıq - peşəsidir,

Qələbənin təşnəsidir.

Bizə nəğmələr söylədən

Qalibiyyət nəşəsidir!

 

Rəşadətli, Mübarizdir,

Üstün olduğu barizdir,

Düşmən onun qarşısında

Tamam çarəsiz, acizdir!

 

Bu gün sənsən qalib, Əsgər!

Adil Əsgər, Ali Əsgər!

Şəhidlərə söz vermişdin,

Əhdinə vəfalı Əsgər!!!

 

Nübar ELDARQIZI

 

525-ci qəzet.- 2020.- 17 noyabr. - S.15.