Dastanın yeganə əlyazma nüsxəsi
"QƏŞƏM XAN VƏ GÜLÜSTAN
XANIM YAZILI DASTAN ABİDƏSI" KİTABI HAQQINDA
DÜŞÜNCƏLƏR
Əlyazmaların əslində, cəmiyyətin həyat
tərzi, adət ənənələri, istək-arzuları,
maddi-mənəvi dəyərləri xalqın genetik milli mənsubiyyəti
haqqında geniş məlumatlar verə bilməsi
faktını da unutmamaq lazımdır.
Filologiya üzrə fəlsəfə doktoru Əli Məmmədbağıroğlunun
bu yaxınlarda işıq üzü görmüş "Qəşəm
xan və Gülüstan xanım yazılı dastan abidəsi"
(Elm və təhsil, 2020) adlı kitabı zənnimizcə,
yuxarıda söylədiklərimiz fikirlər baxımından
böyük əhəmiyyət kəsb edir. Tədqiqatçının
araşdırıb üzə çıxardığı
"Qəşəm xan və Gülüstan xanım"
dastanı əlyazmasının hal-hazırda mövcud olan
yeganə nüsxəsi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnistutunun xəzinəsində
saxlanılır.
Bu
dastanın köçürüldüyü əlyazma
kitabını ötən əsrin 50-ci illərində şərqşünas-filoloq,
filologiya elmləri doktoru, Əməkdar elm xadimi, Atatürk
adına Türkiyə Böyük Tarix-Dil qurumunun fəxri
üzvü, bu il 100 yaşını qeyd etdiyimiz görkəmli
ədəbiyyatşünas alim Şamil Cəmşidov
Ağdamda yaşayan yaşlı bir şəxsdən alaraq,
Əlyazmalar İnstitutunun (o zaman bu elmi müəssisə
Respublika Əlyazmalar Fondu adlanmışdır) xəzinəsinə
təhvil vermişdir. Uzun müddət tədqiqatdan
kənarda qalan bu yazılı abidə haqqında alim
yalnız 2001-ci ildə nəşr etdirdiyi "Azərbaycan
yazılı dastan abidələrinin tədqiqi" (2001)
adlı monoqrafiyasında qısaca elmi-paleoqrafik məlumat verməklə
kifayətlənmişdir.
Onu da qeyd
etmək lazımdır ki, Şamil Cəmşidov 1954-cü
ildə adı çəkilən elmi müəssisəyə
işə dəvət olunmuş, orada işlədiyi yarıməsrlik
əmək fəaliyyəti dövründə Əlyazmalar Xəzinəsinin
zənginləşməsi, əlyazmalarımızın təbliği,
Azərbaycan türkcəsinin mənşəyi və Azərbaycan ədəbiyyatının bir sıra
problemlərinin həllində böyük xidmətlər
göstərmişdir. Klassiklərimizdən
M.Füzulinin, M.P.Vaqifin, M.V.Vidadinin, Y.V.Çəmənzəminlinin
və digər ədiblərimizin ilkin qaynaqlar əsasında həyat
və yaradıcılıqlarının
araşdırılmasında mühüm yeniliklərə nail
olmuşdur. Alimin ən diqqətçəkən və Azərbaycan
ədəbiyyatşünaslığında başlıca elmi
fəaliyyəti Azərbaycan yazılı dastan abidələrinin
və birinci növbədə "Kitabi-Dədə Qorqud"un tədqiqinə həsr olunmuş və bu sahədəki
elmi nailiyyətləri, onu dünya türkologiyasında
görkəmli Qorqudşünas tədqiqatçı kimi
tanıtmışdır.
Əlyazmalar İnstitutu xəzinəsindəki
yazılı folklor abidələri ilə bağlı bu
gün də tədqiqatlar davam etdirilir. Bu işin
davamçılarından biri olan Ə.Məmmədbağıroğlu
artıq yazılı folklorumuza aid müxtəlif janrlı bir
sıra abidələri transfoneliterasiya edib və yaxud bəziləri
haqqında monoqrafik araşdırmalar apararaq bir sıra kitab və
çoxlu sayda məqalələri nəşr etdirmişdir.
Onun "Qəşəm xan və
Gülüstan xanım" yazılı dastan abidəsi"
(2020) adlı kitabı bu sıradan növbəti tədqiqatıdır.
O, kitabda indiyədək nəşr olunmamış və
haqqında geniş araşdırma aparılmayan yazılı
dastan abidəsinin mətnini ilk dəfə əski əlifbadan
transfoneliterasiya edərək və haqqında
yazılmış tədqiqatı oxuculara təqdim edir. Yazılı dastan abidəsinin əlyazması bir təsadüf
nəticəsində Əlyazmalar İnstitutunun xəzinəsinə
gəlib çıxmışdır. Bu barədə
Ə.Məmmədbağıroğlu yazır ki, Şamil Cəmşidovun
90-cı illərdə dediklərindən belə məlum
olurdu ki, dastanın əlyazmasını aldığı həmin
yaşlı adam ilk vaxtlar əlyazma
kitabını verməkdə çox tərəddüd
edirmiş, ancaq çox get-gəllərdən sonra nəhayət,
əlyazma kitabını ondan ala bilib.
Müəllif
mətnin katibi ilə bağlı yazır ki, əlyazmanı
nəzərdən keçirərkən ilk baxışdan
dastanın kim tərəfindən və harada
qələmə alındığını dəqiq müəyyən
etmək mümkün olmur. Ancaq dastanın tam məzmunu ilə
yaxından tanış olduqdan sonra bu cür fikirləşirik
ki, əsər ya xalq ədəbiyyatını dərindən
bilən, yaradıcı adam olaraq, daha çox
aşıq-şair təəssüratı yaradan dastan qəhrəmanı
Qəşəm xanın özü tərəfindən, ya da qəhrəman başına gələn
əhvalatları dastançılıq ənənələrinə
riayət etməklə, düzüb-qoşduqdan sonra
özünə çox yaxın bildiyi bir katibə söyləmiş
və o da qələmə almışdır.
Məhəbbət mövzusunda qələmə
alınan dastanda baş verən bütün əhvalatlar Qəşəm
xanla bağlı olub və onun ətrafında cərəyan
edir, amma dastanın təhkiyəsi üçüncü
şəxsə məxsusdur. Müəllif katib məsələsində
belə qənaətə gəlir ki, əsərin qəhrəmanı
dastan yaradıcılığının mahir bilicisidir və
o, dastançılıq ənənələrinə, onun
yazılış manerasına, dəst-xəttinə riayət
etməklə burada özünü üçüncü
şəxs qismində təqdim etmişdir.
Dastan mətninin Qəşəm xana məxsusluğu və
onun özünün də tarixi bir şəxs olduğunu
göstərən bəzi faktlar burada əsaslandırılmışdır. Dastanın
qara mürəkkəblə köçürülmüş
bütün mətninin xətti, sonda - 107-ci vərəqdə
bənövşəyi mürəkkəblə
köçürülmüş qısa bir mətnin xəttilə
eynidir. Buradan belə anlaşılır
ki, həmin vərəqdəki kiçik mətni dastanı
köçürən katib bir müddət fasilədən
sonra kitaba əlavə etmişdir. Xatırladaq
ki, dastanın süjet xəttinə aid bəhs olunan əhvalat
da burada gözlənilmədən başa çatır və
mətn son vərəqdə bir neçə cümlə
olmaqla yekunlaşır.
Qəşəm
xan və Gülüstan xanım” yazılı
dastanının yeganə əlyazma nüsxəsi » www.tezadlar.az
Dastan mətni
bu cür sona çatır: "Sözün tamam edüb,
Allah, Məhəmməd, Əli(ni) yad
edüb, genə qürbət vilayətə yön
çevirdi, ağladı. Çağırub dedi: Qardaş, məni
apar yola sal, gedim. Nə qədər qövm-əqrəba
istədilər qoymıyalar, mümkün olmadı. Gətürüb vağzalda maşına qoyub qayıtdılar.
Qəşəm xan gəlüb Qarabağda
hakimin yanında qulluq etməgə məşğul oldu.
Öz fikrində dolanırdı, heç kəs
biləməzdi ki, kimdir".
Buradan belə
nəticə çıxarmaq olar ki, sevgilisindən ötəri
çox məşəqqətli günlər keçirən,
əzab-əziyyət çəkən və sonda əks
qüvvələr qarşısında çıxılmaz
duruma düşərək uğursuzluqla barışan Qəşəm
xan doğma şəhəri Gəncəni tərk edib,
Qarabağa gələndən sonra orada sakit bir həyat
keçirmiş və keçmişdə başına gələnləri
bədii şəkildə qələmə alaraq dastan şəklinə
salmışdır.
Sonuncu vərəqin
"b" üzündə belə bir qeyd də
yazılmışdır: "İsmayıl xan, siz cənablardan
təvəqqe olunur ki, bu kitabı oxuyub biləsiz". Burada müraciətin nə məqsədlə
yazıldığına və onun konkret kimə
ünvanlandığına aydınlıq gətirilmir. Dastandan məlum olur ki, Qəşəm xan həbs
olunarkən Gəncənin çar hökümətinə
qulluq edən məmurlarından biri də İsmayıl
adlı pristav olmuşdur. Qəşəm
xanın günahsız tutulmasında həmin pristavın da əli
olur. Ancaq əlyazma kitabında dastan mətni
başa çatandan sonra katibin yazdığı bu qeyddəki
müraciət həmin çar məmuru olan İsmayıla
ünvanlana bilməzdi. Çünki bu
müraciət böyük ehtiramla, etiket qaydalarına riayət
olunmaqla yazılıb. Həmin qeyddən bir az yuxarıda isə rus dilində oxuyuruq:
"Elisavetpolğsko Komissara İsmailc xanc Ziətxanovu".
Burada adı qeyd olunan İsmayıl xan Ziyadxanov isə Azərbaycanın
görkəmli ictimai-siyasi xadimi olmuşdur. O, Qəşəm xan həbs
olunandan beş il sonra, 1917-ci ilin
fevralında, Gəncədə polis rəyisi təyin olunub, Azərbaycan
Xalq Cümhuriyyətinin hakimiyyəti zamanı isə ikinci
hökumətin tərkibində hərbi işlər üzrə
müvəkkil olmuşdur. Bu, o dövr idi ki, Qəşəm
xan həbsdən çıxıb doğma şəhərinə
qayıtmışdı.
Çox
güman ki, Qəşəm xan özü də xan nəslinin
bir nümayəndəsi olaraq, hakimiyyətdə rəsmi bir
şəxs olan İsmayıl xan Ziyadxanova çox yaxın bir
adam, bəlkə də qohumu kimi
başına gələn müsibətlərdən xəbərdar
olması üçün belə bir müraciəti ona
ünvanlamış və bu əsəri oxumasını məsləhət
bilmişdir.
Dastanda nəql
olunduğu kimi, Qəşəm xan 1917-ci ilin fevralında
Rusiyada baş vermiş inqilabi hadisələrdən sonra həbsdən
azad olunub, əvvəlcə doğma şəhəri Gəncəyə,
daha sonra isə Qarabağa gəlib və həmin vaxt təxminən
24-25 yaşı olan bu gəncin 1950-ci illərdə artıq
yaşlı bir adam olduğu təsəvvür olunarsa, burada
belə fikirləşmək də olar ki, Ş.Cəmşidovun
vaxtilə əlyazma kitabını çox çətinliklə
aldığı həmin adam bəlkə də elə Gəncədən
Qarabağa gəlmiş Qəşəm xanın özü
olmuşdur. Çox güman ki, yeganə
nüsxə olan bu əlyazma kitabı da ona gəncliyinin,
keçmişinin ən əziz xatirəsi olduğuna görə
həmin kitabı o zaman heç kəsə vermək istəmirmiş.
Ə.Məmmədbağıroğlu yuxarıda söylənən
fikri özünün fərdi mülahizəsi olduğunu
xüsusi olaraq bildirir və yazır: "Çünki
hal-hazırda əlimizdə məsələyə daha dəqiq,
birbaşa aydınlıq gətirəcək tutarlı
başqa bir dəlil-sübut olmadığından belə qənaətə
gəlirik".
Ümumiyətlə, dastan yaradıcılığı
barədə folklorşünaslar belə bir fikir irəli
sürürlər ki, heç bir qəhrəman özü
haqqında dastan yaratmır. Qəhrəmanın özündən
sonra el sənətkarları tərəfindən onun adına həsr olunmuş şeirlər, yaranan
rəvayətlər illər keçdikcə bədii əsər
formasına düşüb dastan şəklini alır.
Bu fikir xüsusilə, məhəbbət mövzusunda
olan dastanlara aid edilir. Ş.Cəmşidov yazır: "Həqiqi aşiq
öz sevgilisi ilə olan macərasını öz
sağlığında düzüb-qoşub məclislərlə
danışmaz. Çünki bu məhəbbət
onun üçün (əsərin qəhrəmanı) müqəddəsdir.
Danışsa da, əhvalatı deyil, başqa ad
altında qoşmalarını oxuyar".
Tədqiqatçı
bu məsələyə münasibət bildirməklə
istinadda deyilənlərə böyük sayğı ilə
yanaşdığını söyləyir və deyilənlərə
onu da əlavə edir ki, "Qəşəm xan və
Gülüstan xanım" dastanında Qəşəm xan
baş qəhrəman olmaqla yanaşı, həm hadisələrin
əsas iştirakçısı, həm də dastanın təhkiyəçisidir.
Belə düşünürük ki, bizə
yazılı şəkildə gəlib çatan bu dastan Azərbaycan
dastanları içərsində bəlkə də, nadir
dastanlardandır ki, onun qəhrəmanı həyat tarixcəsini
dastanlaşdırıb və bugünkü nəslə yadigar
qoyub getmişdir.
Şöhrət
SƏLİMBƏYLİ
AMEA Əlyazmalar İnstitutunun əməkdaşı,
yazıçı-publisist
525-ci qəzet.-
2020.- 17 noyabr.- S.14.