Xeyirxah əməlləri ilə yaddaşlarda yaşayan insan

 

 

 

Azərbaycan folklorunda müdrik qoca arxeotipinə aid olan, əcdad kultu nümayəndəsi sayılan seyidlərə, onların göstərdikləri möcüzələrə xalq arasında həmişə böyük inam olub. Seyid ocaqları insanlar tərəfindən həmişə ziyarətgaha çevrilib, el-obanın bir müşkül işi olanda üz tutduqları, Allahdan dilək dilədikləri, dərdlərindən ayrı düşdükləri müqəddəs və pak məkan sayılıb.

 

Seyid və övliyalar özləri yeməz, lakin yedizdirər, xalqın həm sevincli, həm də çətin anlarında öndə olardılar. Seyid, övliya dediklərimiz əməlisaleh, vicdanlı, pak, Allaha daha yaxın olan, sözünün kəraməti, əlinin şəfavericiliyi, uzaqgörənliyi və öncəgörənliyi ilə sayılıb-seçilən müqəddəs şəxslər olmuşlar. Onların hətta əşyaları və yaşadıqları ev belə, dünyalarını dəyişdikdən  sonra da sakral məkan hesab edilib.

 

Seyidlər, övliyalar peyğəmbər nəslinin davamçılarıdır. Seyidlər Allahın sevimli bəndələri, kəramət sahibləri, müqəddəs şəxslərdir. Onların bu kəramətlərini gözləri ilə görüb, şahid olan yüzlərlə insanlarda əminlik yaranıb. Peyğəmbərlər özünəməxsus kəramət sahibləri olublar ki,  bu xüsusiyyət əməlisaleh seyidlərə də bəxş edilib.

 

Sovet hakimiyyəti dövründə insanlar arasında inamı yox etmək məqsədilə müqəddəs, eləcə də dini biliklərə sahib olan  seyidləri, övliyaları yaşadığı yurd yerlərindən uzaqlaşdırmağa çalışsalar da, onların əksəriyyəti sürgün edilsə də, xalq heç vaxt bu müqəddəslərə olan inamını itirməmiş, əcdadlara olan münasibətini  dəyişməyib.

 

Bu yazıda söz açacağımız müqəddəs şəxs Seyid Xeyrulla ağadır. Kimdir Seyid Xeyrulla ağa? El arasında bu günə kimi ona qarşı niyə bu qədər inam qorunub saxlanılıb? Məqalədə bu kimi suallara cavab tapmağa çalışacağıq.

 

7-ci İmam Museyi Kazım əleyhissalamın şəcərəsindən olan Seyid Xeyrulla Mir Mehdi oğlu 1898-ci ildə Xoy şəhərinin Seyid Hacəddin kəndində dünyaya gəlib. Onun əmiləri Azərbaycanda Sovet İttifaqı qurulmazdan əvvəl ticarətlə məşğul olduğundan ticarət karvanlarıyla Gürcüstana və Azərbaycana tez-tez gələrdilər. Seyid Xeyrulla ağa əmilərini çox sevərmiş. Onları görmək məqsədilə uşaqlara qoşulub heyvan dərisindən hazırlanmış dağarcıqla Arazı keçib. Bu hadisə Sovet rejimi bərqərar olduğu zamana təsadüf edir. Sonradan əmiləri karvan yolu ilə vətənə qayıtsalar da, Xeyrulla ağa keçə bilməyib. Sovet üsuli-idarəsi qurulan zaman yollar  da  bağlanır.

 

Seyid Xeyrulla ağa Tiflis şəhərində bir qohumunun yanına gəlib çıxır. Həmin qohumu vasitəsilə Xeyrulla ağa Azərbaycanın Şəmkir şəhərinin Seyfəli kəndində olan yaşlı əmisinin yanına gəlir. Əmisi yaşlı olduğundan qardaşları ilə birgə vətəninə qayıda bilmədiyi üçün Seyfəlidə qalmalı olub. Ailəsi isə Cənubi Azərbaycanda qalıb. Seyid Xeyrulla ağa əmisi Seyid Hüseyn ağanın yanında qalıb. O zamandan əmisinin yanında böyüyüb. Bir daha öz yerinə-yurduna qayıda bilməyib. Çox keçmir, əmisi də rəhmətə gedir. Əmisinin qəbri hazırda Seyfəlinin Topal Həsənli ziyarətindədir. Seyid Xeyrulla ağa keşməkeşli, çətin və şərəfli ömür yaşayır.

 

Seyfəli, Könüllü və Seyidlər kəndlərində yaşayan Seyid Xeyrulla ağa çox keçmir ki, Şəmkirdə çox hörmətli din xadimi olub. Öncəgörmə, şəfavericilik  kimi müqəddəs dəyərlərə sahib olmağıyla el arasında böyük hörmət və sevgi qazanıb. O, insanlara yanaşma tərzi, dərdlərini dinləmək, yardım etmək kimi yüksək mənəvi və əxlaqi dəyərlərə malik olub. Onun ocağına ümidsiz gedənlər inamla qayıdıblar.

 

Xüsusən, Könüllü və Seyidlər kəndlərinin salınmasında Seyid Xeyrulla ağanın yeri və rolu əvəzsizdir. Sağlığında da, dünyasını dəyişdikdən sonra da belə, Seyid Xeyrulla ağanın Şəmkirin Seyidlər kəndində olan evi ocağa çevrilmiş, onun sözünün kəramətini görənlər, sorağını eşidənlər müxtəlif yerlərdən ziyarətə gəlmişlər. Haqqında bir sıra kitablarda məlumatlar əks olunub. Ramiz Məsimoğlu və Rüfət Hüseyinlinin "Yaşayıram izim qalsın", Həşim Həsənoğlunun "Azərbaycan dini-tarixi abidələri, ziyarətgahları, seyidləri, övliyaları" kitablarında Seyid Xeyrulla ağanın həyat yolu və şəcərəsi haqqında qismən də olsa müəyyən mə-lumatlar yer alıb. Biz burada əsasən müdrik qoca arxeotipinin nümayəndəsi kimi Seyid Xeyrulla ağanın möcüzələrindən, şəfavericilik, öncəgörənlik kimi yüksək sakral dəyərlərindən söz açacağıq. Övliyalar kimi seyidlərin də hər zaman getdikləri yerlər, yaşadıqları məkan, onlara məxsus ev, əşyalar müqəddəs sayılıb. İnsanlar hər müşkül işlərinin düzəldiyində orada qurban kəsər, kimsəsizlərə paylayar, niyyət  edib ocağından bir nemət götürər, ondan tütyə kimi istifadə edərlər. Seyid Xeyrulla ağanın əlinin şəfavericiliyinə şahid olanlar çoxdur. Qızı Tahirə Xeyrulla qızı Paşayevanın dediyinə əsasən, hələ ağanın sağlığında evlərinə Azərbaycanın müxtəlif bölgələrindən xəstə adamları gətirərdilər. Hətta tüpürcəyi belə dərman bilənlər vardı. Əllərində ziyil olan adamlar ağanın yanına gedir, ziyilə tüpürən kimi şəfa olardı, eləcə də kür adamları gələr və sağalıb sevinclə, toy-bayramla evlərinə dönərdilər.

 

Tahirə Paşayevanın dediyinə görə, "Şəmkirin İrmaclı kəndində yetim bir oğlan vardı. Onun ayağına bir yara düşmüşdü. Yarasından çirk axırdı. Həkimə aparsalar da, xeyri olmamışdı. El arasında bu yaraya ulğuna deyirdilər. Sümükdən çıxan bir yaraydı. Demişdilər ki, xeyri yoxdu. Onu  Seyid Xeyrulla ağanın yanına gətirirlər. Seyid yaraya baxdıqdan sonra bir maz götürüb cunaya sürtdü. Üzərinə 3 dəfə tüpürdü. Ayağını bağladı. Odur-budur, oğlanın yarası sağaldı. Atama həmişə rəhmət oxuyurdu". Tahirə xanım Cumalı dayının dediklərini xatırlayır,  deyir ki, anası onu iki dəfə ağanın yanına gətirmişdi. "Bir dəfə bərk qorxmuşdum. Çənəm əyilmişdi. Ağam üzümə bir şillə çəkdi. Və əliylə çənəmi ovxaladı. Çənəm həmən heç əyilməmiş kimi yerinə gəldi. Anadan olduğum kimi olmuşdum".

 

Seyfəli kəndindən Nadir müəllim danışır ki, "Xeyrulla ağanın evinə getmişdik. Ağa çox qəzəbli görünürdü. Normalda çox mehriban adam idi. Soruşduq ki, Ağaya nə olub? Ağam bir ilan göstərdi. Kimisə vurub gəlib, dedi ay kafir, nə iş görmüsən. Qəzəbləndi, ilana tüpürdü. İlan ordaca partlayıb öldü. Amma ağa həmişə diyərdi ki, ilana tüpürməyin, ilan ölə bilər". Tahirə Paşayevanın dediklərinə əsasən, "ilan vuran adamı atamın ocağına  gətirərdilər. Biz bunun şahidi olurduq. Atamın ocağında ilanlar çox olardı. İlanlarla  bir yerdə böyümüşük. Amma onlar bizə toxunmayıb. Çoxları bizim ocağımızdan torpaq ovsunlayıb aparardılar. Atam bir ovuc torpağa tüpürüb verər, aparın bir vedrə torpağa qatın, bağçanızın ətrafına səpin, deyərdi. Bu torpağa ixlas surəsini oxuyub üfürərdi. Ovsunlanmış torpağı aparıb həyətlərinə səpərdilər. Xeyrulla ağanın nəfəsi deyən torpağı hələ də saxlayanlar var. Həmin torpağa kül qatıb həyətə səpir, ilan ora gələndə çıxıb gedirdi".

 

Seyidin ocağına ən çox ilana və xəstəliyə görə gəlirdilər. Kiminsə evində ilan olanda ağanı aparırdılar. O deyirdi: "Ay kafir, çıx get". İlan da düşüb gedirdi. Deyilənlərə görə, "seyid dünyasını dəyişdikdən sonra bir dəfə uzaq eldən dili tutulmuş, qorxmuş bir gəlini gətirdilər ağanın ocağına. Gəlin ocaqda yuxuya gedir. Xeyli vaxtdan sonra ayılıb danışmağa başlayır. Deyir ki, o şəkildəki baba mənə yuxuda dedi ki, qorxma, sənin dilin açılacaq".

 

Tahirə Paşayevanın dediyinə əsasən, "çox vaxt gecələr insanlar bizim ocaqda qalırdılar. Buna daxıl düşmək deyirdilər. Səhərisi dərdlərindən azad olaraq, ağaya alqış edərək atamın əlindən öpüb gedirdilər.

 

Seyidlər iki qanlı düşməni bir araya gətirər, onları barışdırardılar. Heç kəs Seyid Xeyrulla ağanın bir kəlməsini iki etməzdi. O zamanlar belə insanlara, sözün həqiqi mənasında, ağsaqqal sözünə, öyüdünə böyük inam, hörmət vardı. Çünki möcüzələrinə yüzlərlə insan şahid olmuş, yüzlərlə insan onun ocağında şəfa tapmışdı.

 

Deyilənlərə görə, "Seyfəli kəndində iki qanlı düşmən olur. Biri o birini öldürmək istəyir. Öldürmək istəyən adam gəlib atama əhvalatı danışır. Atamın köynəyini alıb geyinir. Düşməni nə qədər güllə atırsa, ona təsir etmir. Axırda Seyid Xeyrulla ağa düşmənləri barışdırır".

 

Seyid Xeyrulla ağanın əşyaları, ona məxsus hər şey bu gün də öz sakrallığını qoruyub saxlayır. Burada diqqət çəkən məqam Seyid Xeyrulla ağanın əcdad kultu nümayəndəsi kimi yolgöstərənliyi, savaş yatırmaq bacarığına, gücünə malik olmasıdır. Eynən "Kitabi-Dədə Qorqud"un başlıca qəhrəmanlarından biri olan Dədə Qorqud kimi. Hər ikisi əcdad kultunun nümayəndəsidir. Hər ikisi müdrik qoca arxeotipinin dəyərli nümayəndəsidir. Bütün bunlar onu göstərir ki, aradan böyük bir tarix ötsə də, yaşadıqları dövrlər uzaq olsa da, ərənlik, əcdad funksiyasına məxsus sakral dəyərlər davam edir.

 

Seyidlər həm də xeyirxah və uzaqgörən olurlar. Seyidin qızı Tahirə Paşayevanın dediyinə görə, "Hələ 1941-1945-ci illər Böyük Vətən Müharibəsi dövründə anbardar buğdanı yeyir, içinə qum qatır, komissiya gəlir. Komissiya gələndə deyirlər ki, Seyid Xeyrulla ağa elin-obanın hörmətlisi olduğu kimi, dövlət də ona həmişə inam və etimad göstərmiş, sözünün kəramətinə inanmışdır. Ona görə də şahid kimi Seyid Xeyrulla ağanı çağırırlar. Atam deyir, fikirləşdim, bu, müharibə dövrüdür. Anbardar da çoxuşaqlı idi. Bunu tutsalar, uşaqları qırılar. Seyid Xeyrulla ağadan soruşurlar ki, sən bax, de, qatılıb qatılmayıb. Mən məcburən Allaha sığınaraq yalan dedim ki, qatılmayıb. Beləcə anbardar xilas olur".

 

Ona el arasında bu gün də cəddi böyük ağadır, sınaqlı seyiddir deyirlər. Bu gün də onun ocağı, ona məxsus əşyalar qorunur. Bu gün el arasında belə bir inam var ki, il quraq keçəndə onun belinin kəmərini suya salsan, yağış yağır. El-oba buna çox inanır. Bu gün də dili tutulan birinin belinə ağanın kəmərini taxıb, onun illərcə oturduğu stuluna otuzduranda dili açılır. Söylənilən bu kəlmələrə şahid olanlar çoxdur.

 

Yuxarıda qeyd olunanlardan məlum olur ki, seyidlər aşağıdakı bir çox funksiyları yerinə yetirmiş olurlar: Seyidlər qan yatızdırandılar; şəfa verəndilər; öncə görəndilər; uzaqgörəndilər; xeyirxahdırlar; elin ağsaqqallarıdır.

 

Əsrlər keçəçək, Seyid Xeyrulla ağa kimi müqəddəs, əməlisaleh, kəramət sahiblərinin də göstərdiyi möcüzələr haqqında söhbətlər nəsildən-nəsilə keçərək əbədi yaşayacaq, əsl seyidliyin, əsl kəramət sahiblərinin necə olamağını bilmək və duymaq istəyənlərə Seyid Xeyrulla ağa canlı nümunə olacaq.

 

Zümrüd İBRAHİMQIZI

Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2020.- 17 noyabr.- S.12.