525-ci qəzet" 28 yaşında
Gənc
yazarların qələmindən
süzülən yazılarının,
qatı mürəkkəblə
çap maşını
harmoniyasında nəşr
edilən özünəməxsus
formalı yeni qəzet...
"... Bir də ona
inanıram ki, 4 il öncə
(əslində, daha çox öncə) başlayan hərəkatın
yaratdığı müstəqil
Azərbaycan dövlətində
neçə illər
qabaq ürəyimizin gizlinində saxladığımız
bir ümid gerçəkləşəcək. Biz hamımız bütöv,
böyük, sarsılmaz
Azərbaycan dövlətinin
sakinləri olacağıq.
Bu sevincdə "525"in də öz payı olacaq".
Bu sitat, qəzetin
ilk buraxılışında təsisçidən verilən
ön sözdəndir. Hansı ki,
yeni tarixdə öz təsdiqini tapdı. İndi hər birimiz böyük və sarsılmaz Azərbaycan dövlətinin sakinləriyik. Bəli, bu sevincdə
bizim də payımız oldu.
Bu gün müasir
Azərbaycanın dövri
mətbuatının öncüllərindən
olan "525-ci qəzet"in
28 yaşı tamam olur. O qəzet ki, əsl qələm sahiblərinin və ziyalı təfəkkürlərinin
görüş yerinə,
söz tribunasına çevrilib. 1992-ci ilin qarışıq
və bir o qədər çətin
zamanlarında işıq
üzü görən
qəzet mətbu aləmdə öz sözünü deməyi,
öz yerini tutmağı bacardı.
Başda
Rəşad Məcid olmaqla onunla birlikdə qələm dostları, silahdaşları
bəlkə də, nəticəsinin necə olacağını bilmədikləri
bir yola çıxdılar. Ancaq bildikləri
bir şey vardı, bu yol “Əkinçi” yoludur, maarif yoludur. Demək ki, çıxdıqları
yol müqəddəs,
amalları ali
idi.
Təqribən ölkəmizin müstəqilliyi
ilə yaşıd olan "525", ötən
28 il ərzində
ölkənin taleyilə
birbaşa əlaqədar
olan bir çox tarixi hadisələrə şahidlik
edib. Xüsusilə dövrünün ən qızğın vaxtarında
ölkənin dərin
siyasi-iqtisadi və sosial böhranlı zamanlarını, Birinci Qarabağ müharibəsini,
hakimiyyət dəyişikliyi,
Gəncə qiyamı,
Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi,
"Əsrin müqaviləsi",
Bakıda keçirilən
mötəbər beynəlxalq
tədbirlər və bu kimi əhəmiyyətli proseslər qəzetin fəaliyyətinin ilk illərinə
təsadüf edirdi. Siyasi hərc-mərcliyin hökm sürdüyü bir zamanda yeni
yaranan qəzet üçün ayaqda qalmaq və prosesləri işıqlandırmaq
heç də asan iş deyildi.
Lakin gənc qəzet inamı doğruldaraq, Azərbaycan həqiqətlərini
obyektiv və peşəkarlıqla təqdim
edib, ictimai-siyasi və mədəni proseslərdə fəal iştirak edərək milli mətbuat salnaməmizdə özünəməxsus
mövqe qazanmağı
bacardı. Söz azadlığının
bir çoxları tərəfindən yanlış
anlaşılması, sarı mətbuat anlayışının
dövri nəşrlərə
yeni sirayət etdiyi zamanda bunun əksinə, ciddiliyini və ağırlığını qoruyub saxlayan qəzet göstərdi ki, hətta aradan keçən 60-70 illik fasilədə də mətbuat ənənələrimiz unudulmayıb.
Yarandığı ildən çox
keçmədi ki, keyfiyyətli iş prosesi ilə bu qəzet mətbu
orqan olmaqla yanaşı, jurnalistika məktəbinə də çevrilə bildi. Neçə-neçə gənc jurnalist
bu qəzetin mürəkkəbiylə yoğrulub
özü bir qələm sahibi oldu. Gənclərə
üçün tramplin
rolunu oynayıb, sağlam daşlar üzərində yeni mətbuat binası yaratmaq heç də asan iş
deyildi. Ancaq bir qrup gənc jurnalistin inancından yaranan
"525-ci qəzet" bunu
bacara bildi.
Hamımıza yaxşı məlumdur
ki, qəzet nəşr etmək asan iş deyil.
Bu bütün dünya üçün qəbul edilmiş reallıqdır. Bir də bu reallıq
içində başı
bəlalardan əksik olmayan bir məmləkətdə
qəzet çıxarmaq
və onu 28 il ayaqda
saxlamaq kimi bir gerçəklik düşünün. Burada ən
önəmli fakt qəzetin bu illər ərzində dövrün nəbzini tuta bilməsi, toplumun düşüncəsini
duyması, şəxsi
hissləri arxa plana atıb çətinliklərə müqavimət
göstərməsi, əxlaqi,
mənəvi və milli dəyərləri qoruması kimi düşüncələri öz
fəaliyyətində rəhbər
seçməsidir. Mətbuatda öz
cığırını açıb
irəliləməyi bacaran
qəzet bu gün də öz buraxılışlarından
fərqli düşüncə
tərzi və dünyagörüşünə sahib müəllifləri oxucuları
ilə bir araya gətirməyi və bununla da Azərbaycan mətbu orqanları arasında öz sözünü deməyi bacarır.
Qəzetlə yaşayıb, qəzeti
yaşadanlar
İndi müasir dövrün
inkişaf tendensiyası
hər sahədə yeni tələbləri formalaşdırır. Təbii ki,
bu, mediadan da yan keçmir. Xüsusilə informasiya texnologiyalarının
yenilənməsi və
sürətli internetin
həyatımızın bir
parçasına çevrildiyi
hazırkı zamanda.
Lakin elə insanlar və peşələr var ki, yeniliyin
ənənələri üstələməsi
ilə razı olmurlar. Qəzetə düşkünlüyü ilə seçilən baş redaktorumuz Rəşad Məcid də belə insanlardandır. Bu rəngli və çoxşaxəli şəxslə
zaman-zaman kifayət qədər müzakirələr
edir, təcrübəsindən
yararlanmağa çalışıram.
Bütün danışıqlarımızın
əvvəli "mən
görürəm, anlayıram"la
başlayıb, "sən
nə deyirsən de, ancaq mən bu müasir medianı qəbul edə bilmirəm. Mənim və mənim kimilər üçün
qəzet başqa dəyərdir, ali mərtəbədədir" ilə
bitir. Qəzetdən danışarkən öz balasından danışırmış kimi
gözləri parlayan bu adamı anlamamaq
günah olar. Bəlkə də qəzet onun inancı və parıldayan gözlərinin işığında
bu yerlərə gəlib çıxıb.
Axı hər şey inanmaqdan başlayır... Yəqin ki, qəzet
haqda onunla danışan çox insan bu gözlərdə
mən gördüklərimin,
yaxud da daha çoxunun şahidi olub.
Ən başlarda
qeyd etdiyim kimi, 1992-ci ildə Rəşad Məcid bu yola onun
kimi inanan öz yoldaşları ilə çıxıb. Elə hər
dəfə özünün
də bu şəxslərdən ağızdolusu
söz açmasını
xüsusi vurğulamaq
lazımdır. Bu silahdaşlardan
biri də qəzetimizin baş redaktor müavini Yusif Rzayevdir. Hesab edirəm, ömrünün
28 ilini qəzetin materiallarını redaktə
edib hazırlamaq yalnız qəzetə olan doğmalıqdan irəli gəlir. Hər gün eyni saatda
masa başına əyləşən müəllim,
son yazını bitirənə
kimi səbirlə işini davam etdirir. Onun səbrinə yoldaşlıq
edən siqaretləri də yalnız yarıyacan dözə bilir. Ötən günlərdən coşğuyla
söhbət açmasından,
arabir gənclərin etinasızlığını şikayət
etməsinə qədər
- hər halıyla qəzetdir bu adam. Həmçinin, əməyi ilə qəzet ənənələrini
yaşadan bir təəssübkeş. Bu
gün biz gənclər
də iki ənənəçi şəxsin
kölgəsində "525-ci qəzet"in bir parçası olmağa çalışırıq. İndi redaksiyamızdakı bütün gənclər
bir neçə nəsilə işıq olmuş bu şəxslərdən
öyrənib, "Əkinçi"
dəyərlərini yaşatmağa
çalışırlar.
"525" ötən
28 il ərzində
çox hadisələrə
şahidlik edib. Lakin tam əminliklə deyə bilərəm ki, bu günlərdə onun səhifələrini bəzəyən ən gözəl xəbər Vətən müharibəsinin
qələbə xəbərləri
ilə bağlı idi. 27 il
öncə Cəbrayılın,
Qubadlının, Zəngilanın
düşmən tərəfindən
işğal xəbərlərinin
ürəkağrısı ilə yazıldığı
qəzet, illər sonra böyük qələbənin müjdəçisi
olmağı da bacardı.
Sevinc göz yaşları içində yazılmış
sərlövhələr doğma
qəzetin səhifələrində
"Tarixi qələbə"
adı ilə əbədiləşdi.
Yarandığı gündən həm ölkənin mədəni
həyatında, həm
də mətbuat meydanında özünəməxsus
yol tutan, mütərəqqi mövqedə
dayanan "525-ci qəzet"
xeyli sınaqlarla, çətinliklərlə də
üzləşib. Lakin peşəkar rəhbərlik
və işinə
ürəyini qoyan fədakar kollektivinin inadlı fəaliyyəti nəticəsində
həmin sınaqlardan
uğurla çıxa
bilib, çətinlikləri
dəf edərək
28 ili geridə qoyub, mötəbər məqama yetişib. Təxmin edirəm ki, bu gün qəzeti
vərəqləyən istər
daimi oxucular, istərsə də müəlliflər üçün
doğma "525-ci qəzet"in
yaranma tarixi əsl mətbuat bayramına, əlamətdar
günə çevrilib.
Mətbuatı "525"siz təsəvvür etməyənlərin
bayramı mübarək!..
Varlığın əbədi, ruhun
hər zaman dipdiri, uğurların daimi, oxucun bol
olsun, əziz
"525-ci qəzet"!
Afaq Rza
525-ci qəzet.- 2020.- 17 noyabr.- S.-8.