Tanıyaq və tanıdaq: Həkimə Babakişizadə Nəğmə
Əziz
oxucular, "525-ci qəzet"də
"Günümüzün Güney Azərbaycan ədəbiyyatı
- Poeziya" adlı guşə açılıb.
Guşədə İran İslam
İnqilabından (1979) sonra
ədəbiyyata gəlmiş,
Güney Azərbaycanda
1960-cı ildə və
daha sonra doğulub boya-başa çatmış və sənətdə öz sözünü demiş Güney şairlərinin arasında heç bir fərq qoymadan,
incə və həssas ruhlarına toxunmadan, yaratdıqları
möhtəşəm poeziya
örnəklərini
incələmədən onların
ana dilində fərqli janr və üslublarda qələmə aldığı
şeir və poemalara, yaxud da həmin əsərlərdən
müəyyən hissələrə
yer verəcəyik.
Bu əsərlər günümüzün Güney
ədəbiyyatında baş
verən yeniliklərin,
ədəbi prosesin incəliklərini bir az da yaxından
izləmək, həyata,
insanlığa, yazarların
ictimai-siyasi və milli məsələlərə
baxışlarını öyrənmək
baxımından diqqətəlayiqdir...
Türkiyənin ünlü filosof-yazarı
Cəmil Meriç
"Qərb kültürün
vətənidir, Şərq
irfanın. Nə Qərbi tanıyırıq,
nə Şərqi, ən az tanıdığımız
isə özümüz..."
deyirdi.
Güney Azərbaycanda son
çağın dinamik
inkişaf edən ədəbiyyata, özəlliklə
poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü,
ədəbiyyatı, kitab
mədəniyyəti, sözyaratma
qüdrətinin nə
qədər yüksək
olduğu yansıyır.
Möhtəşəm mədəniyyət yaradan
bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən şairləri
olan xalq isə dünya tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...
Beləliklə, özümüzü, Güneyimizi
daha yaxından tanımaq, həm də daha çox
sevmək üçün,
dəyərli yazarların
yaratdıqları bənzərsiz
poetik dünyanın qapıları üzünüzə
açılır, əziz
oxucular!
Rubrikamızda bu dəfə
dəyişiklik etdik.
İşğal olunmuş
torpaqlarımızdan erməni
quldurlarının qovulması,
xüsusən müqəddəs
Şuşamızın azad
edilməsi günlərində,
igid əsgərlərimizin,
qəhrəman oğullarımızın
və xalqımızın
yeni tarix yazdığı bir dönəmdə Güneyli yazarlarımızdan
bir neçəsinin həmin olaylara həsr etdiyi şeirlərdən örnəkləri
diqqətinizə çatdırırıq.
Esmira Fuad,
Filologiya elmləri
doktoru
Həkimə Babakişizadə Nəğmə
1981-ci ildə Ərdəbilin Ziyavın Aluç kəndində dünyaya göz açıb. Universitetdə fars dili və ədəbiyyatı
üzrə təhsil alıb. Çoxlu sayda şeir
və hekayə müəllifidir. Öz
yaradıcılığı haqda belə deyir: "Yadıma gələndən, yaşamın
dərdini, kədərini,
sevincini, sevgisini düşünəndən və
əlimə qələm
alandan içimdə baş verən olayların təsiri altında, həm də duyğulandığım
vaxtlarda yazmışam
və bu gün də yazıram.
Arada yaşamımda
durğunluqlar da olub və mən istər-istəməz yazıb-yaratmaqdan
uzaq qalmışam. Ancaq yenə
çəkilib ədəbiyyat
aləminə sığınmışam.
Üsyançı ruhlar gördüyümüz
dünyaya sığmayanda
ədəbiyyat evində
bir xəyal adlı künc var, mənim də hər özündən köçən
şair kimi, əski və yeni ünvanımı axtarsanız, oradayam".
Yazar-şair hazırda Ərdəbil şəhərində yaşayır.
Səni
unutmağa başladım
bir gün,
Unutdum hər nəyi, səni yox amma.
Özlüyümdən keçdim, unutmaq üçün,
Unutdum hər nəyi, səni yox amma.
Unut deyirdim mən, unut özümə,
Ağlayıb gülürdüm yalan
sözümə,
Hara döndüm baxdı gözün gözümə,
Unutdum hər nəyi, səni yox amma.
Ruhum nəşimdə yad olmuşa döndü,
Dalda qoyduğum yol getdiyim öndü,
Hər səs qulağımda səsinə çöndü,
Unutdum hər nəyi, səni yox amma.
Əlləşdim vuruşdum, ayrılmadı
can,
Birləşdirdi bizi, güzgü
tək hər yan,
Əl-ələ verdilər, ürəklə
zaman,
Unutdum hər nəyi, səni yox amma.
Yaxamı
çəkərkən yaxam
cırıldı,
Yardım
əllərindən, əlim
qırıldı,
Kölgən kölgəm olub
mənə sırıldı,
Unutdum hər nəyi, səni yox amma.
***
Ürəyim quş kimi həsrətdə ölür,
Sən tək gülü hər an bağlarda
görür,
Həsrətlə gün çıxır
həsrətlə dönür,
Güdürəm, bir xəbər yetişmir mənə.
Döndü qışa sənsiz
ömür baharı,
Solub çiçəkləri, əridi
qarı,
Yıxaydı fələk kaş
belə hasarı,
Güdürəm, bir xəbər yetişmir mənə.
Qürbətdi vətənim, sənsiz
vətən yox,
İntizar yoruldu qəmlərlə
mən yox,
Yollarda külək yox, dağlarda çən yox,
Güdürəm, bir xəbər yetişmir mənə.
Göynəyir ürəyim, sancır
ürəyim,
Zəhərləndi sənsiz duzum, çörəyim,
Döndü həsrətlərə bir-bir diləyim,
Güdürəm, bir xəbər yetişmir mənə.
Qayıt!
Sənsiz yatır, ələmim yatır,
Solur gülüş gülü,
tikanlar batır,
Bu qəmli intizar məndə kök atır,
Güdürəm, bir xəbər yetişmir mənə.
***
Ovcumu açmağa əlləşmə,
ürəyim!
Soyuq dəyər sənə qış baxışlardan,
şəpə bağlar
gözümüzdən keçən
yollar.
Ovcumu açmağa əlləşmə,
dilə, dişə gələr
sirrimizin ağbirçəkliyi,
açılar, tökülər
ürəyimizin bağlı
buxçası
köhnə palanlar kimi.
Söz seçilər söz içindən
ayrılığımıza höküm
sözü.
Sus sözlərini,
sus ürəyim,
sus gözüm,
susmaq haqqınıza
verəcəyəm ömrümü...
***
Yaraların köhnə yeri,
Öncə-öncə, geri-geri,
Zolaq-zolaq qan verəcək.
Araz boyda cızıqlarım
Vətən deyib can alacaq,
Vətən deyib can verəcək...
Anam saçı, bacım saçı
Hörük-hörük qayçılanıb.
Dönərgənin namərd əli
İp toxuyub dar boyuna.
Göydən asıb anasının
döşdən ayrılmaz
balasın.
Kimdi indi kitman edə?!
Dar ağacından yenə də
Tifil yara süd əməcək
Köhnə yara qan verəcək!!!
Esmira Fuad
Filologiya elmləri doktoru
525-ci qəzet .- 2020.- 20 noyabr.- S.12.