"Bakı-Ağdam qatarına minik başlanır

 

 

("Ruhların üsyanı" povestindən parça)

 

Ətraflı

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dönməz iradəsi, şanlı ordumuzun zəfər yürüşləri hər bir vətəndaş kimi məni duyğulandırır, fəxarət hissi keçirirəm.

 

Qeyri-təvazökar səslənsə , 1988-ci ildən bu yana ən çox Qarabağın tarixi keçmişi, onun uğrunda vuruşan, çarpışan, şəhid olan qəhrəman əsgərlərdən, qaçqın-köçkün həyatı yaşayan insanlardan yazmışam. Mən Qarabağ xanlığının banisi, Şuşa qalasının bünövrəsini qoymuş Pənahəli xan Cavanşirin həyatı fəaliyyəti haqqında "Xallı gürzə" tarixi romanını yazanda hələ Sovet hakimiyyəti öz yerində idi. Eyni zamanda, məqalələr, esselər yazıb dövri mətbuatda çap etdirmişəm.

 

Azərbaycanın Milli qəhrəmanları - Asif Məhərrəmov haqqında "Fred Asif" sənədli romanını, Mübariz İbrahimov haqqında isə "Mübariz" povestini yazmışam. Müsahibələr vermişəm, radio, televiziya verilişləri hazırlamışam. Nəhayət, "Ruhların üsyanı", "Üçyaşlı əsir" povestlərim işıq üzü görüb. Bu əsərlərdə həmişə xalqımızın böyük ruhunu, qələbəyə inamını vəsf etmişəm.

 

2007-ci ildə qələmə aldığım, "Azərbaycan" jurnalında kitab halında nəşr etdirdiyim "Ruhların üsyanı" povestimin sonuncu bölümünü bu gün o zamankı istək arzularımın gerçəkləşməsi münasibəti ilə "525-ci qəzet"in istəkli oxucularına çatdırmağı lazım bildim.

 

- Mətləb! Mətləb!!! bərk yatmısan, oyan. Eşitmirsən, Qarabağda ruhlar üsyan eləyiblər!

 

- eləyiblər deyirsən?

 

- Üsyan baş verib ey, üsyan...

 

- Orada kimimiz qalıb, kim eləyəcək üsyanı?

 

- Bəs demədim ruhlar üsyan eləyiblər? Səni yuxu tutub, baş verənlərdən xəbərin yoxdur. Millət ayağa qalxıb. Uşaqlı-böyüklü hamı Qarabağa üz tutub.

 

- Güllü, bəlkə səhv eşitmisən, bizim camaat alver eləməyə gedər, Qarabağa yox.

 

- Sən zarafat eləməyə vaxt tapdın da. Alver nədi? İndi xalqın yadına alver düşür? Hamının dünyadan köçəni var da, balam. Başımıza gələni görürsən . O qədər yolumuzu gözlədilər ki, axırda ruhlar dözməyib yurdlarına qayıdıblar. İnanmırsan mənə? Niyə mənə elə baxırsan? - deyə Güllü yerindən qalxdı: - Tez elə, qalx, qatara gecikirik.

 

- qatar, ay qız? Sən hansı qatardan danışırsan?

 

- Boy, necə yəni hansı qatar? Bakı-Ağdam qatarını deyirəm . Ağdama həmişə bu qatarla getmirdik?

 

- Əvvəllər , on beş ildir kirvələrin kəramətindən daha Ağdama qatar getmir.

 

Güllü gəlib qolumdan yapışdı:

 

- Qalx, qalx! Yollar açılıb, qatara gecikirik. Maşını qoy qarajda qalsın, vağzala taksi ilə gedərik. Uşaqlara da bərk-bərk tapşırmışam, evdən bayıra çıxmasınlar.

 

- Yaxşı, gedək, - deyib yerimdən durdum. Pal-paltarımızı götürüb evdən çıxdıq. Az qala uçurduq.

 

... Vağzalda adam əlindən tərpənmək olmurdu, arı pətəyitək qaynaşırdı. Hamı Qarabağda ruhların üsyanından danışırdı. Gedənlər o qədər çox idi ki, bütün qatarların üstünə "Bakı-Ağdam" yazılmışdı. Adamlar tələsə-tələsə vaqonlara doluşurdular. Cavanlar əllərində üçrəngli bayrağımız vaqonların üstünə çıxmışdılar. Deyəsən, Güllü yanılmamışdı. Xalq Qarabağa qayıdırdı...

 

Dispetçerin yorğun səsi eşidildi:

 

- Diqqət, diqqət! Hörmətli sərnişinlər, Bakıdan Ağdama gedən 656 nömrəli Bakı-Ağdam qatarına birinci platformadan minik başlanır.

 

Güllünün əlindən tutub vaqonlardan birinə tərəf yeridim. Əməlli-başlı basabas idi. Hamı birinci qatarla getmək istəyirdi. Yurda birinci çatıb torpağı öpmək səadəti görəsən, kimə qismət olacaq?

 

- Dayı! - Məmişin  səsi idi.

 

- Məmiş, hardasan?

 

- Burdayam, dayı, beşinci vaqonda. Gəlin, sizə yer saxlamışam. - Məmiş vaqonun balaca pəncərəsindən bizə əl eləyirdi. Onu görəndə çox sevindim. Məmişin "Qaratel" nağılı bir meh kimi xəyalımdan keçdi. Yazıq Qaratel! Özünü erməni tankının altına atan bədbəxt Qaratel! Kaş sən bu günü görəydin, ay Qaratel.

 

Birdən mənə elə gəldi ki, Şəmsəddin Eldəniz , arvadı Möminə Xatun da, nənəm, babam da mənimlə birgə vaqona qalxırlar. Onlar görünmürdülər, amma mən onların varlığını  lap  yaxından  hiss eləyirdim.

 

- Niyə dayandın? - Güllü çiynimə qısılıb soruşdu. Üz-gözündən sevinc yağırdı.

 

- Heç, elə-belə, - dedim.

 

Birtəhər vaqona qalxdıq. Məmiş qabağa yeriyib boynumu qucaqladı:

 

- Boyuna qurban, ay dayı.

 

- Elə demə.

 

- Dayı, şükür, ölmədik bu günü gördük. Əhvalatı eşidən kimi aparıb "Jiquli"ni qaytardım yiyəsinə, avçarkanı da açıb buraxdım azadlığa! Boynuəyri kişi az qalırdı məni öldürsün. Dayı, gərək bizə it otartdıranları bir Qarabağa buraxmayaq.

 

- Yaxşı, Məmiş, yaxşı... Özünü ələ al.

 

Məmiş keçib öz yerində əyləşdi. Biz oturduq. Qatar tərpəndi. Dinib-danışmırdıq, baş verənlər bizə yuxu kimi gəlirdi. Deyəsən,  maşinist Qarabağa tez çatmağa tələsirdi. Qatar çox sürətlə gedirdi. Əyilib pəncərədən göyə baxdım, dumduru idi. Çölün-çəmənin xoş qoxusu vaqonun pəncərəsindən süzülüb içəri dolurdu.

 

Vaqonun üstündə qol-qola girmiş cavanlar üçrəngli bayrağı başları üzərində yelləndirərək dövlət himnini oxuyurdular:

 

Azərbaycan! Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üçrəngli bayrağınla məsud yaşa!

 

Qatardakılar da cavanlara qoşulmuşdular. Hamı oxuyurdu. Mən oxuyurdum. Amma göz yaşlarımı heç cür saxlaya bilmirdim. Güllü tez-tez:

 

- Qurban olum, Mətləb, sən ağlama, qoy mən ağlayım, - deyirdi.

 

Məmiş:

 

Bizi bu günə qoyanlar təkcə ermənilər yox, həm bizə it otartdıranlar oldu, ay dayı. Adamı adam yerinə qoymayan, dünənin tum satanları, corab-dəsmal alveri eləyənləri görmədikləri günə düşüblər. Onlar bilirlər Vətən nədi, Yurd nədi. Onlarınkı var-dövlətdi, puldu, əyyaşlıqdı. 

 

Mən ona bir söz demədim, qalxıb vaqonun balaca pəncərəsindən geriyə boylandım, qatarların sayı-hesabı yox idi. Minlərcə insan atlı-piyada, maşınla yola çıxmışdı. Deyəsən, qaçqınlığın, köçkünlüyün sonuydu. Uşaqlar, yeniyetmələr əllərində məşəl tutaraq qatarın yanıyca gedirdilər. Ruhların üsyanı milləti uşaqdan böyüyə ayağa qaldırmışdı. Ölülərlə dirilərin ruhları biri-birinə qovuşmuşdu.

 

... Qatarlar durmadan irəliləyirdi. Səhərin açılmağına az qalırdı.

 

Deyirlər gecə hamilədir, sabah doğulacağını kimsə bilmir. Amma mən bilirdim ki, sabah torpağımızın Azadlığı doğulacaqdır.

 

İyul, 2006 - 30 noyabr 2007

 

Mustafa ÇƏMƏNLİ

 

525-ci qəzet .- 2020.- 20 noyabr.- S.12.