Vüqar Əli: "Yaşadığımız bu böyük hadisələr
sənətdə də əks olunur"
Azərbaycanın 44 gün davam edən
Qarabağ müharibəsi və şanlı zəfəri
yaradıcı insanların da fəaliyyətinə təsirsiz
ötüşmədi.
Tanınmış
rəssam, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin müəllimi
Vüqar Əlinin də
yaradıcılığında Qarabağ,
Vətən mövzusu xüsusi
yer tutur.
O, bu günlərdə arxa cəbhədə
fırçasını əldən yerə qoymadı.
Söhbətimizə də elə bu
nöqtədən körpü saldıq:
***
- Vüqar
müəllim, yaradıcılığınıza Qarabağ mövzusu nə
vaxtdan daxil oldu?
- Qarabağ təkcə bu günün mövzusu deyil. Yaradıcılığıma elə Qarabağ problemi başlayan anlardan daxil oldu. 1988-ci ildə
Əzim Əzimzadə adına kollecdə tələbə ikən
Qarabağ problemi, meydan hərəkatları
başlamışdı. 1990-cı ildə əsgərlikdə
idim. 1991-ci ildə təxris olunandan sonra universitet zamanlarında hadisələr
qızışırdı. Onda artıq bu mövzunu işləməyə
başlamışdım. Hətta əsgərlikdən məzuniyyətə
gələndə rəsmlər, kompozisiyalar
işləyib hərəkata hədiyyə edirdim.
Azərbaycan Sovet məngənəsindən
yenicə azad olurdu,
müstəqilliklə bərabər, dünya
incəsənətinə boylana,
lazımlı materialları götürə bilirdik.
Təzə-təzə azad nəfəs almağa başlayırdıq ki,
mənfur qonşularımızın naxələfliyiylə üzləşdik.
Son kursların tələbələri əsgər
formasında dərslərə gəlir, təhsillərini
bitirməmiş döyüşə gedirdilər. Bu əsnada yavaş-yavaş
dost, qohum,
tanışlardan şəhidlər verməyə
başladıq. Universitetdən ilk şəhidimiz
Dəryanur Salayev oldu.
1994-cü ildə ilk dəfə
Bakı İncəsənət Mərkəzi UNİCOL neft şirkətilə birlikdə "Azərbaycan
bu gün" devizi altında ənənəvi sərgilərə
start verdi. Hər il 28 mayda bu
deviz altında plakat sərgiləri
keçirilirdi. Müəllimlərimiz həmişə
bizə yaradıcılıq potensialımızı üzə
çıxarmaq üçün
azadlıq verirdilər. Biz də müəllimimizlə
birgə həmin sərgiyə qatıldıq və ilk addımlarımızdan həvəsləndirici
mükafatlar aldıq. Bunlar
bir gənc rəssam üçün
uğur sayılsa da,
içimizdə nisgil, ağrı
vardı. Bununla belə, həmin plakatlarda da ümidli idim və "Qələbə
bizimlədir" yazırdım. İlk
plakatımda iki təyyarə təsvir olunmuşdu. Sanki Azərbaycanın
təyyarəsi erməni təyyarəsini yıxır. Diqqətlə
baxanda onu indiki PUA-ya da
bənzətmək olur. Texnikanın bu cür inkişaf
etmədiyi bir zamanda onu təsəvvür etməyim mistik hadisə idi. Yəqin
yaradıcılıq da məhz budur.
2002-ci ilə qədər bu ənənə davam etdi. Onunla paralel Sərhəd Qoşunlarının Rəssamlar İttifaqında keçirdiyi bir neçə sərgisinə də qatıldım.
- Plakatın başqa janrlardan fərqi
nədir?
- Onun aktuallığı və
sosiallığı var. Plakat həmişə ideologiyaya
xidmət edib. Məsələn,
Böyük Vətən
Müharibəsi illərində
Əzim Əzimzadədən
Səttar Bəhlulzadəyə
qədər bütün
azərbaycanlı rəssamlar
rəngkar olmaqlarına
baxmayaraq, Hitlerə, faşist Almaniyasına qarşı o dövrün
ideologiyasına uyğun
plakatlar işləyiblər.
Plakat mesaj ötürməli, estetik olmalı, geniş ictimaiyyətə
yayılmalı, cəmiyyətə,
tədrisə işləməli,
hər yerdə təbliğ olunmalıdır.
O, fərdi rəsm əsəri deyil ki, kimsə şəxsi kolleksiyasında
saxlasın, divarından
assın. Hazırda plakatların yayılması
üçün internet, sosial
şəbəkələr ən əlverişli məkandır.
Bəzən siyasi mesajlar ötürən plakat hansısa sazişlərdən
sonra aktuallığını
itirə, hətta müəllifinə və
aid olduğu ölkəyə
əlavə problemlər
də yarada bilər. Bu, elə çətin
janrdır ki, kiçik siyasi səhv ölkələrarası
diplomatik münaqişəyə
səbəb ola
bilər. Ona görə də
müəllif çox
ehtiyatlı olmalıdır.
Bu mənada plakat
ciddi sənətdir.
Rəngkarlığın ciddi qanunları
olmağına baxmayaraq,
hansısa fikrə min
cür don geyindirə,
bədiiliklə üzərini
örtə bilərsən.
Plakatda isə bu, mümkün
deyil.
- Hazırkı
Qarabağ müharibəsi
yaradıcılığınıza necə təsir göstərdi? Hansı işlər
gördünüz?
- Bu, birbaşa sentyabrın
27-si başlamadı. Müharibəyə qədər artıq bu hisslər vardı. Neçə
illərdir ki, cəmiyyət bezmişdi,
xüsusən 2016-cı il aprel döyüşlərindən sonra
ruhən ciddi hazırlıq gedirdi. Erməninin iddiası böyüyürdü.
O, artıq Tovuza, Gəncəyə göz dikmişdi. Bu ilin
iyul hadisələri də buna sübutdur.
Təbii
ki, Azərbaycan xalqının, dövlətinin
də səbri bir yerə qədərdir.
Keçən ildən etibarən cəngavərlik, Tomiris, Türk sərkərdələriylə
maraqlanmağa başladım. Lirika işləyən adam birdən-birə elə bil daxilimdə
ehtiyac hiss edirdim ki, döyüş səhnələriylə, simvollarla
maraqlanım. Simvolların gözəlliklərindən əlavə,
mistik, magik təsirləri də var. Müharibədən əvvəl
türk sərkərdələrini
əks etdirən
"Üçlük" əsərimi işlədim.
Sentyabrın 27-də hamımızın arzusu gerçək olmağa başladı.
Müharibə başlayandan
az sonra
atın üzərində
əsgəri əks etdirən "Zəfər"
rəsmimi çəkdim.
Əsgərlər ön cəbhədə
vuruşduqca mən də bir rəssam
kimi gecə-gündüz
yatmadan fırçamı
silaha çevirib işləyirdim. Bununla sanki
onlara güc-qüvvət
ötürürdüm ki,
biz sənin zəfərinə
inanırıq, sən
qalib gələcəksən.
"Babək" filmindən döyüş
musiqiləri, köhnə
türk musiqilərilə
emalatxanamda "Zəfər"
əsərini işlədikcə
rituallar qururdum. Elə bilirdim, onları etdikcə döyüşürəm.
Əlimdən sadəcə bu
gəlirdi. İş prosesimi
videoya çəkmişəm.
Ümid edirəm əsgərlərimiz
sağ-salamat qayıdandan
sonra onlara həsr etdiyim bu əsəri görəcəklər.
Bununla paralel plakatlar da hazırlayırdım. Gəncə, Bərdə terrorlarını,
haqsızlıqları plakatlarda
göstərdim. 2002-ci
ildə Şuşaya
"Üçlük" plakatı həsr etmişdim. Orda tamamlanmamış fikri Şuşa azad
olunandan üç gün qabaq tamamladım. Daxilən
hiss edirdim ki, Şuşaya az
qalıb, əsgərimiz
oranı da mundarlardan təmizləyir.
Bu yaxınlarda Azərbaycan Tarix muzeyi plakatlarımla maraqlandı və üç əsərimi ora hədiyyə etdim, şəxsi eksponatına çevrildi.
Fəxr edirəm ki, gələcək nəsillər
o işləri muzeydə
görə biləcəklər.
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində pandemiya
olduğu üçün
məhdud şəraitdə
Qarabağ mövzusunda
rəssam müəllim
və tələbələrin
işlərindən ibarət
maraqlı bir sərgi açdıq.
Çox
istərdim ki, gələcəkdə bu sərgi müxtəlif bölgələrdə, xüsusən
Qarabağda da keçirilsin. Bu vətən uğrunda canından keçən bütün şəhidlərimizin,
Qarabağ həsrətiylə
dünyadan köçən
bütün nakamlarımızın
ruhu şad olsun. Biz böyük
tarixi hadisələr yaşayırıq və bu, sənətdə də əks olunur.
- 2020-ci il,
bu qədər inkişaf edən texnologiyalar zamanında
"Zəfər"də əsgər niyə atın üzərindədir?
- Əslində, tank da,
təyyarə də çəkə bilərdim. Amma at muraddır.
Bu, ağ atdır, yəni zəfər atı. Nağıllarımızda ağ atlı oğlan da var. Tarixən süvari dəstə, at üzərində
əsgər igidlik, əzəmət rəmzi olub. Ola bilər
gələcəkdə texnikayla
da çəkərəm.
Burda ən zəhmətli yer əsgərin siması oldu. Əvvəl işləyəndə istədim Polad Həşimovu çəkim.
Sonra fikrimi dəyişdim.
Simanı dörd dəfə
silib çəkmişəm.
İndi ona baxan həm Polada, həm Mübarizə, həm Hulusi Akara, həm
Mais Bərxudarova, həm də bir sıra igidlərimizə
bənzədir. Bəli, hamısı
var orda. Çünki ümumiləşmiş obrazdır.
- Hər iki Qarabağ savaşındakı yaradıcılığınızda
nə kimi fərqlər var?
- Çox böyük fərqlər var. Biz heç
zaman ümidsiz olmamışıq, qələbəyə
inanmışıq. Amma
əvvəlki işlərimdə
ağrı, acı
var. Tarixi, fotoxronikanı
bilmədən, sənədlərlə
tanış olmadan plakatlar hazırlamaq olmaz. Xocalıya
aid sənədli fotoları
görəndə günlərlə
özümə gələ
bilməmişdim. Bu dəhşətləri gətirmişdilər
başımıza. Sonralar isə
Azərbaycan işıq
sürətiylə inkişaf
etməyə başladı.
Vahid ordu yaradıldı, müzəffər başçılıqla
idarə olunmağa başladı. İndi qələbə,
zəfər, sevinc var daxilimizdə və işlərimizdə.
Bizim oğullarımız əvvəl
də mərd, cəsur idi, indi də. Onlarda həmişə vətən
sevgisi üstün olub. Birinci Qarabağ savaşında
şir ürəkli oğullarımız adi avtomatla düşmən üzərinə gedirdilər.
Təəssüf ki, müxtəlif
səbəblərə görə
torpaqlarımızı itirdik.
İndi onların da ruhu şaddır, inanıram. Bugünkü oğullarımız onların da qisasını aldı.
Artıq
başımız dikdir.
Türk ölər, amma əyilməz. Biz də əyilmədik, sınmadıq. Çünki namus torpaqdan başlayır. Biz namusumuz uğrunda vuruşduq. Bütün dünya əsgərlərimizin,
dövlətimizin şücaəti
qarşısında mat qalıb.
- Siz həm də müəllimsiniz. Bu dövrdə tələbələrinizin
də fəaliyyəti
maraqlıdır.
- Onu qeyd edim
ki, dünya bir, Azərbaycan iki problemlə çarpışır. Aylardan bəri
pandemiya dünyanın
ən aktual məsələsidir. Mart ayından tələbələrin
üzünə həsrət
qalmışıq. Distant
dərslər davam edir. 3-4-cü kurslarla plakat janrını öyrənməyə
başlayanda mütləq
vətənpərvərlik mövzulu tapşırıqlarım
olur. Kitabda yazılmayan, özümün
şahidi olduqlarımı
tələbələrimə danışıram. İstəyirəm ki, hər şeyi
bilsinlər. Yaydan etibarən
vətənpərvərlik və Qarabağ mövzusunu işləyirik.
Çalışıram onlar da öz yaradıcılıqlarında
bunu aktual saxlasınlar. Hərb ilkin
addımdır. Sonra mədəniyyətlərin,
elmin savaşı başlayır. Bu mənada
üzərimizə çox
iş düşür.
Düşmən illərlə tariximizə,
mədəniyyətimizə sahib çıxmağa çalışıb.
Buna imkan verməməliyik.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2020.- 14 noyabr.- S.24.