Azərbaycanın ən
qədim sivilizasiya beşiyi
İŞĞALDAN
AZAD OLUNMUŞ AZIX MAĞARASI ÖZÜNÜN GERÇƏK
TƏDQİQATÇILARINI GÖZLƏYİR
Mübariz AĞALARLI
AMEA-nın Tarix İnstitutunun
aparıcı elmi işçisi, ADPU-nun dosenti
Azərbaycanın qədim və zəngin sivilizasiya
beşiyi olan Qarabağ bölgəsində azərbaycanlıların
doğuluş və yaşam həqiqətlərini
özündə ehtiva edən yüzlərlə tarixi abidələrimiz
vardır.
Bu abidələrdən biri də Azərbaycanın ən
qədim yaşayış mərkəzi olan Quruçay
sivilizasiya mədəniyyət kompleksi və Azıx
mağarasıdır. Dünya miqyasında qədimliyinə görə bir
neçə yaşayış mərkəzləri
sırasında yer alan Azıx
mağarası xalqımızın maddi-mənəvi mədəniyyət
kompleksi olmaqla bərabər, həm də qədim mənəviyyat
simvolu, mədəniyyətimizin ilk beşiyidir.
Azıx mağarası 1960-cı ildə Azərbaycanın
görkəmli arxeoloqu Məmmədəli Hüseynovun rəhbərlik
etdiyi ekspedisiya tərəfindən kəşf edilmişdir. 1968-ci ildə
M.Hüseynovun uzun zamandan bəri Azıx mağarasında
apardığı qazıntıların nəticəsi olaraq
bu yaşayış məskənindən 350-400 min illik tarixi
olan bir insanın alt çənə sümüyü
aşkar edildi. Arxeoloqlar onun 18 yaşlı
bir qadına məxsus olduğu qənaətinə gəldilər.
Bu qiymətli tapıntının aşkar edilməsindən
sonra Azıx mağarasında araşdırmalar daha da geniş
vüsət aldı. Çox keçmədən
mağarada Paleolit dövrünə və Mezolit dövrünə
aid olan daşdan qayrılmış əmək alətləri
də aşkar edildi. Aparılan tədqiqatlar nəticəsində
bu əmək alətlərinin 1-1.5 milyon il
əvvələ aid olduğu sübut olundu. Mütəxəssislərin
fikrincə, Azıx mağarasından tapılmış
çənə sümüyü qədimliyinə görə
dünyada dördüncü tapıntıdır. Ondan əvvəlki dövrlərə aid edilən bu
növ arxeoloji tapıntılar Tanzaniyada, Keniyada və Fransada
aşkar edilmişdi. Bu fakt kifayətdir ki,
dünyanın ən qədim sakinlərinin məskunlaşdığı
ərazilər arasında Azərbaycanın mühüm yer
tutduğu sübuta yetirilsin.
Azıx
mağarası Azərbaycanın cənub-qərbindəki
Kiçik Qafqaz dağlarının cənub-şərq
yamacında, Qarabağın Xocavənd rayonunun Azıx və
Salakətin kəndləri arasında, Füzuli şəhərindən
14 km məsafədə olan Quruçay ərazisində yerləşdiyi
üçün bu qədim yaşayış kompleksi
"Quruçay mədəniyyəti"
adlandırılır.
Bəzi
mütəxəssislərin elmi fikirlərinə görə,
ayı bu mağara sakinləri üçün müqəddəs
hesab olunduğu üçün, mağaranın adı da
bununla əlaqələndirilib, qədim türk dillərində
"azıx" - "ayı" adı verilib.
Təəssüf
hissi ilə qeyd etmək lazımdır ki, 1993-cü ildən
etibarən, vaxtilə dünyanın ən qədim
insanlarının yaşadığı bu mağaranın yerləşdiyi
ərazi erməni faşistləri tərəfindən
işğal olunub, bu işğal faktından istifadə edən
ermənilər Azərbaycanın bu mədəniyyət mərkəzində
arxeoloji və mədəni saxtakarlıq həyata keçirərək
erməniləşdirmə təşəbbüslərinə
cəhd ediblər. İşğaldan sonra Azərbaycan
alimlərinin bu mağarada apardığı tədqiqatların
qarşısına sədd çəkən ermənilər,
hətta Avropa ölkələrindən arxeoloqlar dəvət
edərək bu yaşayış məskəninin erməni
ünsürlərinə aid olduğunu sübut etməyə
çalışıblar. Bununla da azərbaycanlıların
ən qədim yerli etnos olma haqqına şərik
çıxaraq, ermənilərin Cənubi Qafqazın guya qədim
yerli etnos olduğunu sübut etməyə can atıblar.
Qeyd olunduğu kimi, 1999-2001-ci illərdə Azıx
mağarasında, ermənilər tərəfindən qanunsuz həyata
keçirilən bu qazıntılara xarici ölkə alimləri
də cəlb edilmişdi. Qanunsuz qazıntılara ermənilər
tərəfindən Ermənistan Milli Elmlər
Akademiyasının əməkdaşı Levon Yepiskopyan rəhbərlik
etmiş, Avropa ölkələrindən isə Britaniya Təbiət
Tarixi Muzeyinin əməkdaşı Piter Endryus bu layihənin
elmi məsləhətçisi, İspaniyanın Madrid şəhərində
yerləşən Təbiət Elmləri Milli Muzeyinin əməkdaşı
Yolanda Fernandez-Xalvo, Patrisiyo Dominqes və İzabella Torres,
İrlandiyadan isə Con Myurri və digər şəxslər
isə bu qazıntılarda iştirak etmişdi.
Təəssüf hissi ilə qeyd edək ki, Azıx
mağarasında qanunsuz olaraq həyata keçirilən bu
qazıntılara maliyyə yardımın da Avropa fondları
ayırmışdı. Bu qanunsuz qazıntılara British Airways/British Mediterranean
Airways, London Universitetinin Arxeologiya İnstitutu, The Harold Hyam
Wingate Trust Fondu, İspaniyanın elm və Texnologiya Nazirliyi,
The Royal Society böyük maliyyə dəstəyi vermişdi.
Ermənilər öz xarici elmi havadarları ilə
birlikdə Azıx mağarasında bu arxeoloji tədqiqatları
sonrakı illərdə də davam etdirərək, hətta
2016-cı ildə "Azokh Cave and the Transcaucasian Corridor -
2016" ("Azıx mağarası və Transqafqaz dəhlizi
- 2016") adlı kitabın çapına nail olmuşlar. Nəşr
olunan bu kitabda Azıx mağarasında tapılmış
bütün arxeoloji maddi və mənəvi mədəniyyət
nümunələri saxtalaşdıraraq erməniləşdirilmiş,
bu sivilizasiya dünyaya erməni mədəni
yaşayış kompleksi kimi təqdim olunmuşdu.
Erməni alimi Ş.Mkrtçyan Qarabağın tarixi
memarlıq abidələrinə həsr etdiyi əsərində
qeyd edir ki, guya Azıx mağarasında Aşel dövrünə
aid erməni qadınının heykəli var və onun hətta
paltarı da müasir erməni qadınlarının
paltarına bənzəyir.
Arxeoloq -
alim, professor Əsədulla Cəfərov isə Azərbaycanın
arxeoloji abidələrinə həsr etdiyi əsərində
erməni aliminin bu fikrlərinin elmi cəfəngiyyat
adlandıraraq yazır: "Bu fikir heç bir elmi əsası
olmayan cəfəngiyyat olmaqla bərabər, tarixin əsassız
olaraq saxtalaşdırılmasıdır. Belə bir fikir
söyləməklə Ş.Mkrtçyan erməni
xalqının tarixini Aşel dövründə (550-350 min il bundan əvvəl) axtarmağa can atır. Birincisi, Azıx qədim insan düşərgəsində
qadına bənzər heykəl yoxdur. Ş.Mkrtçyanın
heykəl adlandırdığı isə mağarada olan
stalaqnat dirəklərdən biridir. Azıx düşərgəsinin
ikinci ən böyük salonunda olan nəhəng stalaqnat dirək
əhəngli suyun qarışığından, təbii yolla
təxminən 2 milyon il bundan əvvəl əmələ
gəlib. Bütün təbii karst
mağaralarında belə dirəklərə və
ayrı-ayrı stalaqnat daşlara rast gəlinir. Azıx düşərgəsinin ayrı-ayrı
salonlarında belə dirəklər daha çoxdur. İkincisi, Aşel dövründə heç bir
yerdə müasir insanın əcdadı yaşamayıb.
Bu dövrdə ancaq pitikantrop, sinantrop tipli
ibtidai adamlar yaşayıb, heç bir millət və xalq
olmayıb".
Dəfələrlə Azərbaycanın müvafiq rəsmi
qurumları tərəfindən beynəlxalq təşkilatların
kürsülərindən ermənilərin bu qanunsuz əməllərinə
qarşı ciddi etirazlar olunsa da, ermənilər öz riyakar əməllərini
davam etdirmişlər. Hətta 2016-cı ilin noyabrında Azərbaycanın
Xarici İşlər Nazirliyi Azıx mağarasında tədqiqatlar
aparan arxeoloqlar qrupunu, Qarabağ bölgəsinə qanunsuz
daxil olduqları üçün "qara siyahı"ya daxil
edib.
2016-ci
ilin 28 noyabr tarixində Azərbaycan Xarici İşlər
Nazirliyi rəsmi şəkildə bəyan edib ki, "Bu kimi
qanunsuz fəaliyyətlərinə görə
İspaniyanın Təbiət Elmləri Milli Muzeyinin əməkdaşı
Yolanda Fernandez-Xalvo, Böyük Britaniyanın Blandford Muzeyinin əməkdaşı
Tania Kinq və Böyük Britaniyanın Təbii Tarix Muzeyinin
əməkdaşı Pitr Endryusun adları "Azərbaycan
Respublikasının işğal edilmiş ərazilərinə
qanunsuz səfər etmiş əcnəbilərin
siyahısı"na daxil edilib. Həmçinin,
Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq,
onlar barəsində digər zəruri hüquqi
addımların atılması kimi tədbirlər də nəzərdən
keçirilir".
Qeyd edək
ki, Azıx mağarasında aparılan bu qanunsuz tədqiqatlara
qarşı Azərbaycanın müvafiq elmi qurumları da hərəkətə
keçmiş, istər beynəlxalq səviyyədə, istərsə
də regional səviyyədə mövcud elmi sübutlar əsasında
ermənilərin və onların havadarlarının bu qanunsuz
əməllərini ifşa etmişlər. 2002-ci ildə Beynəlxalq
"İNTAS-2000" proqramına uyğun olaraq, Avropa ölkələrindən
22 görkəmli alim başda professor Henri dö Lümley
olmaqla Bakıya gəlmiş, çoxtəbəqəli
Azıx, Tağlar, Qazma və digər düşərgələrdən
tapılmış maddi mədəniyyət qalıqları ilə
tanış olaraq, bu tapıntıların dünya arxeologiya,
paleoantologiya və paleoantropologiya elmləri üçün
müstəsna elmi əhəmiyyəti olduğunu yekdilliklə
qəbul etmişlər.
Bu işlərin
davamı olaraq 2018-ci ilin oktyabr ayında AMEA Rəyasət Heyəti,
Arxeologiya və Etnoqrafiya İnstitutu və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya
Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə
təşkilatçılığı ilə Azıxantropun
aşkar edilməsinin 50 illiyinə həsr olunmuş "Azərbaycanda
Azıx mağarası və miqrasiya axınları"
mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Ondan çox xarici ölkənin və beynəlxalq
elmi qurumun təmsil olunduğu konfransda fakt və maddi-mənəvi
sübutlarla bir daha bu qədim sivilizasiyanın Azərbaycana məxsus
olduğu təsdiqlənib.
Azərbaycanın
2020-ci il 27 sentyabr tarixində Qarabağ
bölgəsində erməni işğalçılarına
qarşı başlatdığı irimiqyaslı əks-hücum
əməliyyatı erməni simasızlığını və
vəhşiliyini bir daha üzə çıxartdı. Bu dəfə işğalçı faşistlər
Azərbaycanın qədim mədəniyyət mərkəzini
silah-sursat anbarına çevirdilər. Bu
addımları ilə erməni ünsürləri dünyaya
erməni sivilizasiyası kimi təqdim etməyə
çalışdıqları "erməni
mağarası"nı məhv olmaq təhlükəsi
ilə üz-üzə qoymaqdan belə çəkinmədilər.
Bu davranış ermənilərin nə qədər
vandal və barbar bir xalq olduğunun əyani sübutudur.
Məlumdur ki, dövlətimizin ən
qürurverici bayramlarından biri olan 9 noyabr Bayraq Günündə
Azərbaycanın qədim sivilizasiyasının beşiyi olan
Azıx mağarası şanlı Azərbaycan Ordusu tərəfindən
düşmən əsirliyindən azad olundu və mədəniyyət
mərkəzinə üçrəngli bayrağımız sancıldı. Bununla da uzun illər boyu erməni
ünsürlərinin və onların elmi havadarlarının
Quruçay mədəniyyət kompleksində, Azıx
mağarasında apardığı qanunsuz, saxta tədqiqatlar,
bu tədqiqatlar nəticəsində nəşr olunan yüzlərlə
elmi əsərlər tarixin arxivinə
gömüldü. Artıq qədim
sivilizasiyamızın beşiyi hörmətli alimlərimizin
ixtiyarındadır. Biləyinizə və qələminizə
qüvvət dəyərli arxeoloq və tarixçilərimiz!
Qədim dövlətçilik və sivilizasiya beşiyimiz
sizi gözləyir!
525-ci qəzet 2020.- 14 noyabr.- S.23.