Ümidsizliyin gətirdiyi
ölüm
Türkan TURAN
“Sadəcə
aydınlığı və qaranlığı, müharibəni
və sülhü, yüksəlişi və
böhranı görən adam həyatı
həqiqətən yaşamış sayılır” deyirdi Stefan Sveyq “Dünənin dünyası” əsərində.
Özü bunlardan daha artığını
yaşamışdı.
“Dünənin dünyası”, ya da digər adı ilə desək, “Bir avropalının xatirəsi” kitabı həm də böyük yazıçının Avropaya vidasıdır. Əsər bütün idealları və dəyərləri ilə Avropanın çöküşünü izləyən Sveyqin yaşadıqlarından və gördüklərindən bəhs edir. Müharibənin gətirdiyi fəlakətləri, onun insanların taleyinə, iqtisadiyyata təsirlərini bütün çılpaqlığı ilə göz önünə sərir. Birinci Dünya müharibəsi ilə İkinci Dünya müharibəsi arasındakı fərqlər izah edilir. Yazıçı II Dünya müharibəsində Almaniyanın dəhşətli bir barbarlıqla bəşəriyyəti məhv etməyə çalışmasından kədərlə söz açır. O, müharibədən sonrakı vəziyyəti, açdığı sağalmaz yaraları təsvir edəndə əslində, müharibənin nə demək olduğunu göstərməyə çalışır. Savaş dönəmindəki 4 il ərzində bir evin tikilməməyindən, əksinə, olan evlərin də dağılmağından, bir otaqlı darısqal yerlərə bir ailənin yerləşməyindən, kömür olmadığı üçün evlərin isidilməməyindən, kütləvi ərzaq qıtlığından, mövcüd ərzağın keyfiyyətsizliyindən, insanların çuvallardan paltar tikib geyinməyindən, inflyasiyanın hər dəqiqə artmasından Avstriya kronunun ölməsi səbəbi ilə artıq insanların ibtidai dövrlərdə olduğu kimi əmtəə mübadiləsinə keçdiyindən, banklara qoyulan pulların heçə dönməyindən, varlıların yoxsullaşmağından, fahişəliyin artaraq adiləşməyindən ürək ağrısı ilə bəhs edir.
Əsəri oxuyanda sənə elə gəlir ki, Sveyq avropalılardan daha çox avropalı idi. O, tək Avstriyanın deyil, bütün dünyanın və insanlığın vurğunu idi. İliyinə qədər sülhsevər idi. Sülh, azadlıq kimi anlayışlar çoxlarının dilindədir, amma Sveyq bunu həqiqi mənada mənimsəyən və həyat tərzinə çevirən bir insan idi. Əsərin əvvəlində yazıçının yəhudi ailələri ilə bağlı qeydləri diqqət çəkir. Məsələn, əksər insanlar elə hesab edir ki, yəhudilərin həyatdakı ən böyük məqsədi varlı olmaqdır. Yanlış düşüncədir. Yəhudilər üçün varlı olmaq bir məqsəd deyil, vasitədir. Ən böyük amalları isə ailələrindən bir professor və ya görkəmli bir mədəniyyət xadimi çıxarmaqdır. Onlar buna nail olmaq üçün bütün imkanlarını, pullarını, sərvətlərini ortaya qoyurlar. Bu sətirləri oxuyanda yəhudilərin əldə etdiyi uğurların qaynağı ortaya çıxır.
O dönəmlərdə Almaniya
imperiyası siyasi və iqtisadi
cəhətdən Avstriyadan güclü olduğu üçün avstriyalılar milli qürurlarını mədəniyyət
yönündə gücləndirirdilər və bu sahədə almanlardan üstün idilər. Mədəniyyətin ən
çox məşhurlaşan sahəsi teatr idi. Sveyq
qeyd edir ki, Vyananın mərkəzi küçələrindən
ölkənin baş naziri
və ya zəngin adamları keçəndə
heç kim onları
tanımır, tanısalar belə, elə əhəmiyyət
vermirdilər. Amma aktyorlarla
qarşılaşmaq onların ən böyük
xoşbəxtliyi sayılırdı. Hətta aktyorların
köməkçisi, qulluqçusu, faytonçusu olanlara qibtə
ilə yanaşırmış insanlar. Böyük yazıçının yeniyetməlik
və gənclik illəri də ziddiyyətlər içində
keçib. Belə ki, o dövrdə həm ucuz əxlaq dəyərləri, həm də
qatı mühafizəkar ənənələr hökm sürürmüş.
Bir insanın uğur
qazanması üçün mütləq
onun yaşlı olması lazım imiş. Gənclərə heç
bir inam yox imiş. Hətta buna görə gənclər
saqqal saxlamaqla və başqa yollarla özünü böyük
göstərməyə çalışırmış. Qadınlarla
kişilər arasında ciddi
ayrı-seçkilik var imiş.
Stefan Sveyq mühafizəkar
əxlaq qaydalarının hökm sürdüyü cəmiyyətin əslində,
necə iyrəncliklərlə dolu olduğunu mükəmməl şəkildə
təsvir edən nəhəng yazıçıdır. O, məktəbləri
təhsil ocağından daha çox dövrün
standartlarına uyan, özü
sərbəst qərar qəbul edə bilməyən, beyninə
yeridilən qaydalara şərtsiz əməl
edən nəsil yetişdirməkdə ittiham
edir. Həqiqi bir
sülhpərvər olan Sveyq
müharibənin insanlardan
aldıqlarını elə təsvir edib ki, hətta hərbçilər həmin sətirləri
oxusa, əllərində tutduqları silahlarla bağlı tərəddüdə
qapıla bilərlər. Məsələn, o
dövrün inflyasiyasını təsvir
etmək üçün çoxcildli
kitab yazmaq olar. Təsəvvür edin, vəziyyət elə həddə
çatır ki, əvvəllər bir nəşriyyat ala biləcəyiniz
pula bir kitab, bir ev
ala biləcəyiniz pula
bir günlük kirayə
haqqı, bir ton un ala biləcəyiniz pula bir çörək
alınırdı. Xarici ölkələrdən
gələn dilənçilər, fəhlələr Avstriyada böyük
mülklərə, ərazilərə sahib
olurdular. Bunun səbəbi
xarici valyutanın dəyərini qoruması
idi. Amma Almaniyada inflyasiyanın fəsadları daha da acınacaqlı idi. Orada artıq mənəvi
dəyərlərin yox olmaq
həddinə gəlib çatmış, sərt
intizamları ilə tanıdığımız almanlar əxlaq dəyərləri yerlə bir olmuşdu. Pul o qədər dəyərdən düşmüşdü ki,
insanların həyatında artıq önəmli bir rol oynamırdı. Bu isə insanları daha
şən, əyləncəli, daha
xoşbəxt etmişdi.
Əsəri oxuduqca insanda elə təəssürat yaranır ki, Sveyq qorxaqdır. Çünki yaşadığı şəhərlərdə
müharibə təhlükəsi yaranan kimi ölkəni tərk edirdi.
Həqiqət isə onun müharibəyə
olan nifrəti idi. Döyüşlərin şiddətləndiyi, insanlarda dağıdıcılığın
gücləndiyi dönəmlərdə bir
dəfə də olsun ədəbiyyata xəyanət
etmir, qələmi ilə sülh
üçün savaşır.
İnsanların düşmən kimi gördüyü fransız ziyalılarla məktublaşır,
əmin amanlıq üçün
birgə məqalələr yazırdılar. Beləcə,
iki dünya müharibəsi
və min bir çətinlik
görmüş bir
şəxs müharibənin yaratdığı dəhşətlərin
fonunda özünün
sülh və Avropa birliyi üçün
apardığı mübarizədən, mühitindən, dövrün sosial və siyasi hadisələrindən bəhs edən bu dəyərli kitabı ərsəyə
gətirir. Çox təəssüf ki, dünənlə bu gün arasında bütün
körpülərin qırılmağına, bütün
dəyərlərin alt-üst
olmağına, evindən didərgin düşməyinə, bu ölkədən o
ölkəyə köç etməyinə,
ana yurdu sayılan
Avropanın məhv edilməyinə dözə bilməyən
nəhəng yazıçı intihar edərək
həyatını sonlandırıb. Onu bu addımı atmağa sövq edən isə bütün
ümidlərinin ölməyi idi! Böyük
yazıçı Zülfü Livanelinin dediyi kimi, “İnsan heç bir ümid bəsləmədiyi zaman
vəziyyəti qəbul edir, qapqara buludların arasından özünü
iynə ucu boyda
göstərən bir işartı görəndə
bütün dünyası ona
bağlı olur”. Sveyq
qaranlığında o
işığı görmədi. Öncə ümidləri,
ardınca da özü
öldü!..
525-ci qəzet 2020.- 14 noyabr.- S.21.