Gün işığına
çıxan xatirələr
Zemfira MƏHƏRRƏMLİ
Yazıçı-publisist
Elçin Hüseynbəylinin Qarabağ hekayələrini oxuyarkən
"Elə bilirsən, o əclafları
boş buraxdım?.. Yaman
gülləyə gəlirdi dığa köpək
uşaqları. Elə bilirlər hər şey
belə qalacaq? O torpağın yiyələri
gələcək! Gələcək o oğullar! Görərlər!.."
Çağdaş günümüzlə səsləşən bu fikirlər tanınmış nasir, yazıçı-dramaturq Elçin Hüseynbəylinin (ədəbi təxəllüsü Qaraçuxa) ilk qələm nümunələrindən olan "Küləkli çöl" hekayəsindəndir. Tarixi ədalətsizlik nəticəsində bizim əzəli torpaqlarımız hesabına yaradılmış Ermənistanda - Qərbi Azərbaycanda, öz dədə-baba yurdunda yaşamış soydaşlarımızın erməni vandalları tərəfindən zülmlə, amansızlıqla qovulub çıxarılması bu bədii nümunədə yaşlı bir kişinin timsalında qələmə alınmışdı. Hələ 1989-cu ildə yazılmış bu hekayə həyatın, gerçəkliyin özüydü. Mübaliğəsiz-filansız, sadə və kövrək dillə yazılmış, ən əsası isə həqiqəti söyləyən, itirilmiş yurd yerlərinin nisgilini, qaçqın-köçkün taleyinin ağrı-acısını çatdıran həyat hekayəsi idi. Gənc yazıçı düşmənlə üz-üzə, göz-gözə qalan, kütləvi şəkildə, həm də təzyiq və işgəncələrlə qovulan, ev-eşiyini tərk edən azərbaycanlı köçkünlərin məşəqqətli günlərini həmin hekayədə özü haqqında "didərginlərdənəm" deyən qəhrəmanının dili ilə nəql etmişdi.
Bir neçə il sonra isə mənfur erməni
qonşunun qoluzorlu
havadarlarının köməyi ilə Birinci
Qarabağ savaşı alovlananda
Elçin Hüseynbəyli qələmə
sarılıb yeni nəsr nümunələrini
ərsəyə gətirdi. Bu dəfə
digər əsərlərlə yanaşı, Qarabağ
hekayələrini.
Artıq elə bil
dövr idi ki, yazıçının ilk
hekayəsinin qəhrəmanları - doğulduğu
torpaqlardan deportasiya olunmuş soydaşlarımız onlara yer verən, qucaq açan Azərbaycan
adlı məmləkətin müxtəlif guşələrində,
o cümlədən, Qarabağ
bölgəsində məskunlaşmışdı. Hələ
heç kəs bilmirdi
ki, zorla cəlb edildiyimiz bu hərb
qovğası hansı fəlakətlərə gətirib
çıxaracaq. Ermənistandan qovulmuş
azərbaycanlı qaçqınlar sırasına az sonra doğma
yurd yerlərindən didərgin
düşən 1 milyon
soydaşımız da əlavə olundu.
Qara buludlar
başımızın üstünü
almışdı. O zaman ordumuz
indiki kimi güclü deyildi və cəbhədə
vahid komandanlıq yox idi. Erməni-rus hərbi birləşmələri
əzəli torpaqlarımızda qətliamlar törədir, yurd yerlərimiz ard-arda işğal edilirdi.
Xocalı, Şuşa, Laçın, Xocavənd,
Kəlbəcər və Ağdərədən sonra digər bölgələrimiz də zəbt
olunmuşdu.
E.Hüseynbəylinin nəsr
yaradıcılığında, onun
ümumən ədəbi taleyində mühüm
yer tutan Qarabağ hekayələrində birbaşa müharibədən, uğurlu-uğursuz döyüş
əməliyyatlarından danışılmasa da,
bu qanlı savaşın qəlblərə
vurduğu yaralardan, yurd yerlərimizin itirilməsindən dolayı
ruhumuzu saran
göynərtidən, öz Vətənində
qaçqına, məcburi köçkünə çevrilmiş toplumun
sıxıntılı həyatından bəhs olunur. Yazıçı dünyaya göz
açdığı doğma Cəbrayılın
da süqutundan,
düşmən caynağına keçməsindən yaranan dərin iztirabı öz
taleyində yaşamışdı. Elə bu
səbəbdən həmin hekayələr çox
canlı və həyati
alınıb. Axı, belə bir
məsəl var, deyirlər: "Dərdi
çəkəndən soruş".
Yazıçı "Kəndə
gün çıxanda
qayıdacağıq" adlı hekayəsində boya-başa çatdığı mahalın
yamacını-yalını, büllur
bulaqların zümzüməsini, yeniyetməlik
çağında ot biçdiyi
Ada yerini, quzu otardığı kövşəni, selliyin qırağında durub
balıq tutduğu günləri, palıd
qozasından muncuq düzəldib
bacılarına bağışladığını, həyətlərindəki
daş armud
ağacını, onun soyuqlar
düşəndə qızıla çalan
yarpaqlarını, kəndlərinə gedən qatarın təkərlərinin
sanki nəğmə oxuyan
səsini xatırlayırdı. Küdrüyə qalxıb sərhədi
seyr etməsini, təpəliyin
aşağısındakı "subasar"ı, yazda Araz
çayının məcrasından çıxıb
yaşıl çəmənlikləri su
altında qoymasını, payız yağmurlarını, evlərinin
damı üstündəki ildırım
şaqqıltısını, atasının kənddə kimsəsiz
qalan məzarını... da
unutmamışdı Elçin
Hüseynbəyli. Doğma yurd
yerinə, isti ocağa
sevgiylə, həsrətlə xatırlayırdı.
Unudulmaz günlər
keçmişdə qalsa da,
söz adamının hafizəsində əvvəlki
kimi aydın və diriydi.
O zaman azyaşlı oğlu
Orxan atasının yaddaşa
yazılan bu yanıqlı xatirələrini
dinləyib soruşmuşdu: "Bəs indi bunlar niyə yoxdur ki? "Düşmənlərdədir"
cavabını eşidəndə Orxan uşaq sadəlövhlüyü ilə
atasına demişdi: "Mən
böyüyəndə düşmənləri oradan qovacam!"
Yazıçı "Gözünə gün düşür", "Qocanın axdığı gün", "Atəş səsləri qulağımda", "Çıxılmazlıq", "Firuzə qaşlı xəncər", "Ağsaqqal", "Ölən gözlərdə də ümid var", "Sevgiylə döyüşmək", "Qurdun şərqisi" və digər qələm nümunələrində həmin dövrün gerçək mənzərəsini yaratmışdı. Bütün çılpaqlığı, məşəqqəti, ağrı-acısıyla. Bu hekayələrin hər birinin baş qəhrəmanı düşmən əsarətində qalmış yurd yerlərimizin xiffəti, nisgili ürəyindən daş kimi asılmış, elini-obasını sevən, Vətən təəssübü çəkən insanların bitkin ədəbi obrazlarıdır. Bu fikirləri "Gözünə gün düşür", "Qocanın axdığı gün" və "Firuzə qaşlı xəncər" hekayələrinin əsas surətlərinə də şamil etmək olar.
Yurd həsrəti qəlbini qanadan, daim öz dədə-baba
torpağına dönmək istəyən insanın - sağalmaz xərçəng xəstəliyinə
tutulan, ölümünü
işğal atındakı kəndlərində
qarşılamağı, doğma torpağa qarışmağı arzulayan həkimin yaşantıları təbii
və inandırıcı təsvir olunub.
O, ömür-gün yoldaşına məktubunda
məqsədini, istəyini belə ifadə etmişdi.
"Hamıya bəyan edirəm ki, mən
53 yaşlı həkim... ölüm
ayağında kəndimizə getmək, həyətimizdə ağac əkmək, orada
ölmək istəyirəm. Qoy bu ağac dünyadakı
münaqişələrə etiraz əlaməti,
sülh rəmzi olsun".
Bu, ata
ocağının itirilməsinə dözməyən
insanın dünyanın mizan-tərəzisini əyən,
haqsızlığa, rəzalətə rəvac verən erməni
vandalizminə üsyanıdır. Qəlbi titrədən, həm
də ictimai təsir gücünə malik olan bu
hekayə mükəmməl süjet xətti,
üslubu, sadə, anlaşıqli dili ilə diqqəti çəkir.
"Qocanın axdığı gün" hekayəsinin qəhrəmanı da nankor qonşunun xəyanətiylə başlamış Qarabağ savaşının qurbanlarındandır. Qanlı müharibə bu ahıl insanın da taleyindən yan keçməyib. Ermənilər onun kəndini qəfil haqlayanda, yurdunun elatı köç edəndə yaxınlıqdakı Araz çayı bu Qocanın da ümid yeri olub. Şələsini çiyninə atıb neçə-neçə müsibətin, ayrılığın şahidi olan bu nisgilli çayın köpüklü dalğalarından keçərək canını qurtarıb. Arazın o tayına pənah gətirsə də, üzü gülməyib, içindəki boşluq, ürəyinin kədəri heç vaxt azalmayıb. Malı-mülkü, hər şeyi yurd-yuvasında qalıb. Qaçaqaç düşəndə qoyun-quzusunu adlatmağa belə macal tapmayıb. Onun yaşantıları, başına gələnlər özünün nəql etdiyi həyat həqiqətlərinin timsalında ön plana çəkilib.
Hekayədə qəhrəmanın
iztirabları, doğma eldən aralı
düşməyin nə qədər ağrılı
olması çox təsirli əks etdirilib. Qocanın tez-tez təpəyə çıxıb
durbinlə doğma kəndlərinə, onu həyatda saxlayan, nə
vaxtsa qayıdacağına
inandığı həyət-bacasına, əkdiyi ağaclara baxması,
yaşıllıqların su üzünə
həsrət qalmasından yana
narahatlığı və bir gün həmin meyvə ağaclarının yoxa çıxmasından, kəsilib
aparılmasından keçirdiyi sarsıntı
ilə bağlı təsvirlər düşündürücüdür,
sirayətedicidir. Saldığı bağdan
yalnız bircə körpə armud
ağacının salamat qalmasına sevinən
Qocanın bu ağacı nəvəsi ilə
birgə əkdiyini söyləyərkən necə
qürurlanması və bir an susub: "Onlar hamısı mərmi düşən evdə
yatmışdılar", - deyərək qəhərlənməsi
onun saf, təmiz iç dünyasından xəbər verir. Ailəsini bütünlüklə itirmiş, tənha qalmış insanın faciəsi,
onun dağ boyda həsrəti, kədəri, qüssəsi
bu qısa cümlə ilə dilə gətirilib.
O qədər də uzaq olmayan
keçmişin ilıq bir
guşəsinə sığınmış Qoca
əsirlikdə qalan kəndinə əziz
sirdaşı - durbiniylə hər dəfə baxmaqla sanki önəmli bir xəbər
gözləyirdi. Qayıtmaq, yurda dönmək
xəbərini.
Yazıçı hadisələrə münasibətini fərqli prizmadan, baxış bucağından təqdim edir. Yurd-yuvasından köç edən elatın düşdüyü fəlakətdən sarsıntı keçirən yazıçının sətirlər arasından duyulan əndişəsi, narahatlığı başadüşüləndir.
E.Hüseynbəylinin qadın qəhrəmanları
sırasında öz cəsarəti, yurd sevgisi ilə fərqlənən,
Vətənin şərəfini, öz namusunu, qeyrətini hər şeydən üstün tutan Zeynəb
obrazını xüsusi qeyd
etməyə dəyər. "Firuzə qaşlı xəncər"
hekayəsinin qəhrəmanının şücaəti
Xocalı faciəsinin baş verdiyi günlərdə
döyüşçülərimizin göstərdiyi hünərdən
heç də geri
qalmır. Həyat yoldaşı Xocalıda keşikçi postunda
növbə çəkən Zeynəb, o
məşum gecədə körpə qızı Gülərlə
birgə evdən çıxarkən vaxtilə nənəsinin
ona bağışladığı firuzə
qaşlı xəncəri özü ilə
götürür.
Xocalılıların nicat tapmaq ümidiylə səpələndiyi
qarlı meşə cığırları ilə Ağdama doğru gedərkən
erməni yaraqlısı ilə üz-üzə gəlir.
Azğınlaşmış erməni dığası onun üstünə şığıyanda gənc
qadın nə qədər müqavimət göstərsə
də, bu vəhşi yalquzağın pəncəsindən
qurtulmaq elə də asan
olmur. Son məqamda
Zeynəb şalın altından belinə
bağladığı xəncəri çıxararaq
düşmənin boynuna zərbələr
endirir. Fəvvarətək
fışqıran qan qadının
üst-başına sıçrasa da, özünü itirmir, namusunu, heysiyyətini qoruya
bilməsindən, heç olmasa
bir düşməni məhv etməsindən
qürur duyur. Bu, xarakterində ali məziyyətləri
cəmləşdirən cəsur Azərbaycan
qadınının doğma yurdunu yağmalayan, talan edən işğalçı
düşmənə olan sonsuz
nifrəti, qisas
yanğısıdır.
Qarabağ savaşı ədəbiyyatımızda
qələm adamlarının ürək ağrısı ilə
yazdığı mövzulardandır. Bu
qanlı müharibə ilə bağlı xeyli
sayda publisistika, nəsr
və nəzm əsərləri yazılmışdır. Elçin Hüseynbəyli çox
haqlı olaraq, haqqında bəhs etdiyimiz nəsr nümunələrini "Qarabağla bağlı heç
nə yazılmır, yaxud tutarlı heç nə yazılmır" deyənlərə
elə tutarlı bir cavab
hesab edir. Bu əsərlərdə
müəlliflərin həm də qələbəmizə olan ümidləri də öz
əksini tapıb. Şükürlər olsun
ki, intizarında olduğumuz
böyük
Zəfər günümüzə qovuşduq!
İndi söz həm
də ədəbi cameəmizin, qələm əhlinindir.
Sevimli yazıçımız, doğma yurd yeri işğaldan azad edilmiş Elçin Hüseynbəylinin də böyük Zəfərimizdən bəhs edən
qələm nümunələrini gözləyirik.
525-ci qəzet 2020.- 14 noyabr.- S.19.