Xurşidbanu Natəvan haqqında
eşitdiklərim
1920-ci
ildən başlayaraq Şuşada 50 il ibtidai sinif müəllimi
kimi fəaliyyət göstərən Mirzə Xosrov Axundov
dövrünün çox hörmətli şəxsiyyətlərindən
biri olub.
O, həm də Şuşanın məşhur
şəxsiyyətləri ilə bağlı fikirlərini qələmə
alıb. Xosrov Axundovun
qələmə aldığı bu
yazılar arasında xeyirxahlığı ilə Qarabağda xüsusi nüfuz qazanmış Xurşidbanu
Natəvan haqqında da fikirləri var.
Qeyd edək ki,
o, müəllim kimi fəaliyyət
göstərdiyi illərdə Xurşidbanu
Natəvanın nəvələrinə dərs demişdi.
X.Axundovun Xurşidbanu Natəvanla bağlı yazdığı düşüncələrini oxuculara təqdim edirik.
***
Qarabağ xanı Mehdiqulu xan Cavanşirin
qızı, XIX əsr tanınmış Azərbaycan şairəsi
Xurşidbanu Natəvan öz
dövrünün tərəqqipərvər
qadını olub. O, təkcə
bədii yaradıcılıqla məşğul olmaqla kifayətlənməyərək dövrünün ədəbi mühitinə
yaxınlaşmaq məqsədilə ədəbi məclislər
yaratmış, saray xaricində baş verənlərlə maraqlanmağa
təşəbbüs etmişdir. Geniş dünyagörüşünə malik şairə öz
zamanında bir sıra Azərbaycan
şairlərinin meydana
çıxmasına yardımçı olmuş,
onlara köməklik göstərmişdir.
Xurşidbanu Natəvan həm
də XIX əsrin ən dəyərli nəqqaşlarından
və rassamlarından biri sayılıb, musiqişünas olub.
Natəvan xalqın maariflənməsinə, ədəbiyyatın
inkişafına, Şuşanın abadlaşmasına ciddi fikir verirdi.
O, "Məclisi-üns" adlı ədəbi məclis yaradaraq məclisin bütün
məxaricini öz üzərinə götürmüşdü. Məclisdə
müxtəlif ədəbi məşğələlər də
keçirilirdi. Nizami,
Füzuli, Nəvai və digər klassik şairlərin yazıları
haqqında söhbətlər açılır, qəzəllərə
nəzirələr yazılırdı.
Natəvan yalnız "Məclisi-üns"ü
təşkil etməmişdi. "Təzkireyi-Nəvvab" əsərinin
müəllifi Mir Möhsün
Nəvvaba "Məclisi-fəramuşan"ı
yaratmasına da köməklik göstərmişdi.
***
"Fəna" təxəllüslü Mirzə Rəhim Xurşidbanu Natəvanın köməkçilərindən biri olmaqla bərabər, Natəvanın təşkil etdiyi "Məclisi-üns"ün fəal üzvlərindən idi. O, vaxtının çoxunu Natəvanın evində keçirər, müəyyən işlərdə ona məsləhətlər verərdi. Odur ki, ona "Xanlıq Mirzə Rəhim" deyərdilər. Onun Mirzə Əkrəm adlı az savadlı bir qardaşı vardı. O zaman Şuşa qəza naçalniki Dubrovski bütün Şuşa qəzasını idarə edərdi. Mirzə Rəhim qardaşı Mirzə Əkrəmi Dubrovskinin nəzarəti altında Şuşa "İnşaat müdiri" vəzifəsinə təyin etdirmişdi.
Rus padşahı tərəfindən Zaqafqaziyanın mərkəzi Tiflis şəhərində əyləşərək Qafqazı idarə edən Qafqaz canişini bir dəfə qəzanı yoxlamaq üçün Şuşaya gəlməli olur. Bu xəbərlə əlaqədar olaraq idarələrdə böyük həyəcanla hazırlıq gedir. İnşaat müdiri Mirzə Əkrəm Həsən Kərim oğlu adlı bir nəfər şəxsdən yeni bina təmir etmək haqqında məlumat almışdı. Bu məlumatı naçalnikə demək üçün o, idarəyə gəlir və naçalnikin otağına daxil olaraq pis bildiyi rus dilində bu qərar ilə bağlı məlumat verməyə başlayır:
- Qasfadin naçalnik,
znaet çto Qasan Karım oxlu dom şiyot? Belə həyəcanlı
bir zamanda naçalnik Mirzə Əkrəm kimi savadsız işçinin
ifadəsini eşidər-eşitməz əsəbiləşir,
o andaca onun işdən xaric
olunması barədə əmr verir. Bu hadisə Mirzə Rəhimə pis təsir edir və
Dubrovskiyə nifrət bəsləyir.
Şuşada "Bazar başı" adlanan yerdəki
bağlıq içərisində olan
bina keçmişdə Pənah xan ilə İbrahim
xanın divanxanası olduğundan ora "Divanxana
qabağı" deyirlərmiş. Keçmişdə həmin
divanxana qabağına hörmətli
şəxslərin əyləşməsi üçün
oturacaqlar düzərmişlər.
Bir gün Mirzə Rəhim də bir dəstə adamla orada oturub söhbət edirmiş. Bu vaxt naçalnik Dubrovski məst halda dəftərxanaya tərəf gəlir, əyləşənlərin hamısı onu görən kimi ayağa qalxıb təzim edirlər. Mirzə Rəhim isə ona etina etmir, hətta arxasını çevirir və ayağa durmur. Bunu görən naçalnik qeyzlənib yolla gedən bir nəfər kəndlinin əlindəki ağacı alıb, qızmış canavar kimi Mirzə Rəhimə hücum edir. Mirzə Rəhim Xan qızı Natəvanın evinə doğru qaçmağa başlayır. Naçalnik Dubrovski onu təqib edir, ardınca yüyürüb Natəvanın otağının qarşısında Mirzə Rəhimi yaxalayır, əlindəki ağac ilə onu vurub yerə yıxır və ayağının altında möhkəm əzişdirir.
Bu hadisədən xəbər
tutan Xurşidbanu
eşiyə çıxır, nökərlərinə naçalniki tutub döymələrini
əmr edir. Nökərlərin ürəyindən
olan bu söz
onları həvəsləndirir, naçalniki
möhkəm əzişdirirlər. Sonra Xan qızı yaxınlaşıb naçalnikin çiynindən
paqonlarını dartıb qopardır. Möhkəm döyülmüş və üz-gözü
yaralanmış halda Dubrovski
idarəsinə tərəf gedir. Bu halda canişin
şəhərə varid olub
naçalnikin dəftərxanasına gəlir
və Dubrovskinin bu hala düşməsinin səbəbini ətraflı
öyrənir.
Bir neçə gündən sonra canişin Xurşidbanu Natəvanın görüşünə gəlir. Nahar vaxtı naçalnik haqqında söhbət açılır. Natəvanın naçalnikin paqonunu qoparması üzərində dayanır, bunun dövlət üçün böyük təhqir olduğunu Xurşidbanunun nəzərinə çatdırır, lakin Xan qızı naçalnik Dubrovskinin Mirzə Rəhimi ağac ilə vurmasını və ayağı altında vəhşicəsinə tapdalamasını söyləyərək Dubrovskini buraxıb öldürmədiyini təəssüflə qeyd edir. Namestnik Xurşidbanudan hadisə haqqında həqiqəti öyrənib ondan üzr istəyir və Dubrovskini işdən kənarlaşdırır.
***
Bir dəfə Xurşidbanu Natəvan oğlu
Mehdiqulu xan Vəfa ilə
bərabər faytonda bir
neçə şəxslə Bərdəyə gedirmişlər.
Ağdamla Bərdə arasında "Narlı dərə"
deyilən yerə yaxın kənddə yaşayan
bir qarı Xan
qızının gəlmək xəbərini eşidib
yolun kənarında çəmənlik bir təpə üstündə yerə
köhnə bir kilim salaraq, orada çay hazırlamış, sonra
gəlib yolun içində dayanaraq onların gəlməsinə müntəzir
olmuşdu. Faytonun
qabağınca gələn atlı qadına yoldan
çıxmasını bildirmiş və
onu təhqir etmişdi.
Qadın isə durduğu yerdən tərpənməmiş
və Xan qızı ilə görüşəcəyini
atlıya söyləmişdi. Bu anda Xurşidbanu:
- Qadına mane olma, - deyə atlıya əmr etmişdi.
O saat fayton
dayandırılmışdı. Qadın faytona
yaxınlaşaraq xanıma ədəblə salam
verdikdən sonra faytondan
düşərək yaşıl çəmənlikdə çaya qonaq
olmasını ondan xahiş
etmişdi. Xanım onun xahişini məmnuniyyətlə
qəbul edərək faytondan düşmüş və oğlu
ilə bərabər qadının təşkil etdiyi çay süfrəsinə
qonaq olmuşdu.
Çayı içəndən sonra
xanım qarının yaşayışı haqqında onu xeyli sorğu-sual
etmiş, bu mehmannəvazlığın
qarşısında öz təşəkkürünü
bildirmişdi.
Ayağa duran
vaxtda Xan qız
qarı duymadan döşəkçənin
altına xəlvətcə pul qoymuş və qarı ilə görüşüb
faytona minmişdi.
Döşəkçəni qaldırarkən üç yüz manatı görən qarı Xurşidbanu Natəvana və oğluna səmimi qəlblə xeyir-dua və təşəkkür etmişdi.
***
Xurşidbanunun
bağında hər cür meyvə
ağacı var idi. Hər
il meyvə yetişən zaman
Natəvan siyahı üzrə Şuşada
olan fəqir-füqəranı xan bağına dəvət edərdi.
Bağda böyük
qazanlar asılıb qoyunlar
kəsilərdi. Yüzlərlə qonaq
süfrə ətrafında oturub gözəl
xörəklərdən doyunca yeyərdilər.
Süfrəyə şirin qəndablar
düzülərdi. Qonaqların rahat
olmalarına Natəvan şəxsən özü
nəzarət edərdi.
Nahar bitdikdən
sonra limonlu şirin çay verilərdi. Sonra yetişmiş meyvələrdən
qonaqlara paylanardı.
Qonaqlar gedən vaxtda onların hamısına pul verilər və ailələrinə
hazırlanmış xörəkdən
çatdırılardı. Qonaqlar artıq dərəcədə
şad olaraq Xan qızına təşəkkür edib
verilən meyvə və xörəkləri evlərinə aparardılar.
Bir gün Xurşidbanu Natəvan evdə əyləşib çay içirmiş. Birdən bir
nəfərin ağlaya-ağlaya
qışqırmasını eşidir. Pəncərənin qabağına gəlib
qışqırıq gələn
tərəfə baxdıqda
görür ki, bir nəfəri pristav şallaqla bərk döyür.
Bu adam ağlayaraq
deyir ki, pristav ağa, məni döymə, vallah-billah pulum yoxdur. Özün də gəlib
gördün ki, evdə də bir şeyim yoxdur ki, satam
sizə verəm.
Məni döymə, yoxsulam, balalarım acından ölür, mən pulu haradan tapıb
verim? Natəvan bu kişinin vəziyyətinə acıyaraq,
adam göndərib
pristavı və həmin kişini yanına gətirdir. Pristav gəlib Natəvana baş əyir və deyir:
- Xanım, nə buyurursunuz?
Natəvan döyülən kişiyə
müraciət edib soruşur:
- Pristav səni nə üçün döyür?
Kişi
cavab verir:
- Xanım, başına dönüm, vergim var, verə bilmirəm, yoxsulam. Ağa pristava nə qədər and içib yalvarıram inanmır, məni döyür.
Başına dönüm, mərhəmətli
xanım, məni onun əlindən al, and olsun allaha, imkanım
yoxdur, özüm acından ölürəm,
mənə rəhm elə.
Xan qızı bu işdən çox pərt olub pristava söyləyir:
- Bu ac-yalavacdan nə istəyirsən? Burax getsin.
Pristav xanıma belə cavab verir:
- Buraxa bilmərəm, gərək vergini versin.
Xanım qəzəblə nökərlərə
əmr edir ki, tutun bunu,
bir yaxşıca əzişdirin. Nökərlər pristavı döyməyə
başlayırlar. Kişini də
onun əlindən alıb, bir qədər də pul verib evinə
yola salırlar.
Sabahı Natəvan naçalniki yanına dəvət edib pristavın bu hərəkəti barədə ona məlumat verir, kişinin hökumətə
olan borcunu ödəyir və pristavın qulluqdan xaric olmasını ondan təvəqqe edir. Səhəri naçalnik pristavı
vəzifədən azad
edir.
***
Bir dəfə
Xurşidbanu Şuşadan
Ağdama gedirmiş. Yolda qəribə
bir hadisənin şahidi olur. Ağdamın yaxınlığında
olan Şıxbabalı
kəndindən on nəfər
atlı tərəfindən bir qızın qışqıra-qışqıra
varlı bir kəndli tərəfindən
qaçırıldığını görür. Natəvan faytonu saxladır
və onların dayanmasını əmr edir.
Xan qızı
faytondan düşüb
qızı yanına gətirdir, ondan məsələni öyrənir. Qız ağlayaraq danışmağa
başlayır:
- Xanım, məni valideynlərim öz dayım oğluna nişanlamışdı, bu
günlər toyum olacaqdı. Mən qızlarla bərabər
yol kənarında olan bağda göyərti yığmağa
getmişdim. Bu atlılar qəflətən
bağa doldular və məni zorla atın tərkinə qoyub qaçırdılar. Nə
qədər onlara yalvarsam da, heç
birisi əhəmiyyət
vermədi, - deyə Natəvana yalvarmağa başlayır: - Xanım,
amandır, sənə
qurban olum, bu zalımların əlindən məni xilas elə.
Xurşidbanu dildarlıq edərək
deyir:
- Qızım, qorxma onlar səni apara bilməzlər.
Bu vaxt pristav bir neçə atlı ilə yoldan keçirmiş. Xan qızının işarəsi ilə onlar dayanırlar. Xanım əhvalatı pristava danışır və qızı qaçıranların hamısını tutub həbs etməsini ona əmr edir. Pristav onları tərksilah edib hamısını Ağdam həbsxanasına saldırır. Natəvan qızı öz faytonuna mindirib kəndlərinə apararaq valideynlərinə təhvil verir. Onlar bu nəcib xanımın qayğıkeşliyi və mərhəməti qarşısında ona həddən ziyadə təşəkkür edirlər. Qızı qaçıranlar isə məhkəməyə verilib cəzalandırılır.
Çapa Mehparə AXUNDOVA
hazırlayıb.
525-ci qəzet 2020.- 14 noyabr.- S.18.