"Mirvarid - hicran
daşıdır..."
OXUCUSU İLƏ BİR YERDƏ
OLAN ŞAİRƏ
ELÇİN
Mirvarid
Dilbazi ilk dəfə mənə
bağışladığı kitaba - rəhmətlik Əli
Vəliyevin önsözü ilə 1977-ci ildə nəşr
olunmuş "Dağ çiçəyi" kitabına belə
bir avtoqraf yazıb: "İstedadlı yazıçı,
sevimli oğlumuz Elçinə dərin hörmət hissi ilə.
Mirvarid Dilbazi. 12 .IV.77."
Mən 1975-ci ilin oktyabrında Yazıçılar
İttifaqına katib gələndən sonra, iki nəfər mənə
"oğlum, Elçin müəllim" deyirdi və
bunlardan biri Mirvarid xanım, biri də bizim tanınmış ədibimiz
və İlyas Əfəndiyevin də dostu, son dərəcə
koloritli insan olan rəhmətlik Məmməd Əkbər idi.
Mirvarid xanım mənə "oğlum" desə də,
həmişə "siz"lə danışırdı.
Mənfur COVİD-19-un karantin günündə onun
yazdığı avtoqrafları bir-bir vərəqləyirəm
və mən o avtoqrafları vərəqlədikcə,
keçib getmiş günlərin cürbəcür
epizodları da bir-birini əvəz edir.
1.
Mirvarid
Dilbazinin mənsub olduğu ədəbi nəslinin
varlığına mən bizim ədəbiyyatımızda və
ədəbi mühitimizdə bir epoxa kimi baxıram və bu ədəbi
epoxada yaxşı-pis çox hadisələr olub, uğurlu
da, uğursuz da çox əsərlər yazılıb,
yazılarının səviyyəsindən asılı
olmayaraq o yazıçıların arasında güclü, məğrur
və bütöv xarakterlər də var idi. Mirvarid xanım
çox zərif bir qadın idi, ancaq belə bir zəriflik
müqabilində onda da güclü bir xarakter var idi və mən
Yazıçılar İttifaqındakı toplantılarda, müzakirələrdə
dəfələrlə bunun şahidi olmuşam ki, bu zərif
xanım ədəbiyyatla bağlı dediyi sözü
axıracan necə müdafiə edib.
O, öz ədəbi
nəslinin (həmin epoxanın!) son mogikanlarından biri, hətta
sonuncusu idi və 1997-ci ildə unudulmaz Prezidentimiz, rəhmətlik
Heydər Əliyevin Sərəncamı ilə Mirvarid Dilbazinin 85 illiyi ilə
bağlı ədəbiyyat xadimlərindən, yüksək vəzifəli
dövlət işçilərindən ibarət yubiley
Komissiyası yaradıldı, mən də o Kimissiyanın sədri
idim. Elə həmin gün də Mirvarid xanıma təbrik
teleqramı göndərdim, tam şəkildə yəqin ki,
onun arxivində qalır, mən isə həmin teleqramdan iki
cümləni bu yazıda da təkrar etmək istəyirəm:
"... Sizin işıqlı poeziyanız
oxucuları nəsillərdən-nəsillərə xeyirə,
ləyaqətə, həssaslığa, vətənpərvərliyə,
gözəlliyə, məhəbbətə səsləmişdir
və buna görə də ürəklərə yol
tapmışdır. Bu gözəl gündə
mən İlyas Əfəndiyevin sizin
yaradıcılığınızı və şəxsiyyətinizi
yüksək qiymətləndirdiyini xatırlayıram və elə
bil, özümlə bərabər, onun da adından sizi bir
daha ürəkdən təbrik edirəm".
Bir
neçə gündən sonra Mirvarid xanımdan təşəkkür
məktubu aldım və həmin məktubda
yazırdı: "Mən hələ Pirşağı "səhrasında"
taxta evimin divarları arasında "münzəvi" bir həyat
yaşayıram".
Ancaq görünən bu idi ki, belə bir "səhra
münzəviliyi" onun həyat və sənət prinsiplərinə
təsir edə bilmir.
Yubileyə
hazırlıq dövründə - Bakıda və rayonlarda,
yaradıcılıq təşkilatlarında, ali
və orta məktəblərdə, kitabxanalarda və sair
görüşlər, toplantılar keçirilirdi və
onların bəzilərində mən də iştirak edirdim.
Görüşə gələnlərin səmimi və
mehriban hərarəti, poeziyaya, konkret olaraq, Dilbazi
yaradıcılığına sevgisi bir daha göstərirdi
ki, o, dediyim həmin epoxanın bir sıra nümayəndələri
kimi, yaradıcılıqlarını da özləri ilə
aparan müəlliflərdən deyil və hərdən elə
olurdu ki, onu - bu zərif (və zəif) qadını o qədər
ayaq üstə saxlayıb, alqışlayırdılar ki,
axırda özü:
- Sən
Allah, bəsdirin. Yoruluram...- deyirdi.
Elə
bil, dünən idi - ancaq baxın, aradan iyirmi üç il keçib - və 1997-ci il aprelin 23-də biz
Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) Mirvarid
Dilbazinin 85 illik yubileyini onun özü ilə bir yerdə
bayram edirdik. O yubiley gecəsini mən açdım və indi,
karantin günlərində bu yazını yazarkən,
axtarıb, o giriş sözümün stenoqrafik
yazısını tapdım və budur, həmin unudulmaz yubiley
gecəsindəki mənim o qısa
çıxışım:
"Bu
gün biz sevimli Mirvarid
xanımın, bizim əziz ağbirçəyimizin,
görkəmli sənətkarımızın yubileyini
keçirmək üçün bu saraya
toplaşmışıq.
Bu
sarayın həqiqətən gözəl ədəbi-mədəni
ənənələri yaranmışdır. Bir
müddət əvvəl biz burada Mirvarid xanımın həmkarı
Səməd Vurğunun 90 illik yubileyini keçirdik. Lap
bu yaxınlarda isə Süleyman Rüstəmin 90 illik yubileyi
münasibətilə bu saraya
yığışmışdıq. Biz bu qələm
sahiblərini, onların sənətinə, ana dilimizin, ədəbiyyatımızın
qarşısındakı xidmətlərinə görə yad
etdik, xatırladıq.
Bu gün
də bizim sevimli Mirvarid Dilbazinin təntənəli yubiley gecəsi!
Və nə böyük xoşbəxtlikdir ki, biz bu təntənəni
şeirimizin ağbirçəyi Mirvarid xanımın
özünün iştirakı ilə qeyd edirik, onun isti nəfəsini
bilavasitə hiss edirik.
Mirvarid Dilbazi XX əsr Azərbaycan şairlərinin o nəslinə
mənsubdur ki, onlar yalnız ədəbiyyatımızın
deyil, ümumiyyətlə, müasir mədəniyyətimizin
inkişafı naminə böyük xidmətlər göstərmişdir. İndicə adlarını
çəkdiyim Səməd Vurğun, Süleyman Rüstəm,
eləcə də Mikayıl Müşfiq, Rəsul Rza, Osman
Sarıvəlli, Əhməd Cəmil, Nigar Rəfibəyli və
başqaları...
Vaxt, zaman bu qələm sahiblərinin çoxunu cismən
bizdən uzaqlaşdırsa da, elə bil ki, ruhən onlar bizə
daha da yaxınlaşırlar.
Bu, heç nəyə, hətta vaxta, zamana belə tabe
olmayan Sözün gücü, Sözün qüdrətidir.
Özü
bu dərəcədə zərif olan Mirvarid xanım yeri
düşəndə qətiyyətlə o böyük hərfli
Sözün qeyrətini çəkmişdir və
özünün yazdığı kimi, həmkarları, o cümlədən,
Səməd Vurğun da, Mehdi Hüseyn də bunu
görmüş və qiymətləndirmişdir:
Vurğun
da, Mehdi də görsə nə zaman
"El
oğlu" deyərdi mənim adıma...
Mirvarid
xanım məhəbbətdən, təbiətdən, təmiz,
pak insani hissiyyatdan yazmışdır, ancaq eyni zamanda,
bütün bu zərifliyin, kövrəkliyin arxasında xalqa,
Vətənə, ana dilinə böyük bir Vətəndaş bağlılığı
dayanmışdır.
Mirvarid xanım xoşbəxt bir sənətkardır. Onun əsərləri
zamanın sınağından çıxmış və
oxucuların məhəbbətini qazanmışdır.
Mirvarid xanım xoşbəxt bir insan və canlı bir
tarixdir. O, əlində
qələm, XX əsr Azərbaycan tarixini cismən
yaşamışdır. Hələ uşaq ikən
Azərbaycan Demokratik Respublikasının vətəndaşı
olmuşdur.
Sonra Sovet Azərbaycanı və ziddiyyətli, mürəkkəb,
bəzən kədərli, hətta qorxunc, qəddar, bəzən
də sevincli bir yaşantı.
Sonra nəhəng Sovet imperiyasının tarmar olması.
Və nəhayət,
bir daha müstəqil Azərbaycan!
Mirvarid xanım bütün bu epoxal hadisələrin
şahidi olmuşdur və bütün bu dövr ərzində
o, öz qələmi ilə, əslində, xalqın, Vətənin,
ana dilinin naminə bədii mücadilə
aparmışdır.
Və
burası da, əlbəttə, təsadüfi deyil ki, möhtərəm
Prezidentimiz Heydər Əliyev Mirvarid Dilbazini müstəqil
respublikamızın yüksək mükafatı ilə təltif
etmiş və həmişəki kimi, öz ürək
sözlərinin ifadəsi olaraq ona təbrik məktubu göndərmişdir. Cənab
Prezident, fürsətdən istifadə edərək, ədəbiyyat
xadimlərinə və ümumiyyətlə, sənətkarlara
göstərdiyiniz diqqətə görə, onları
heç zaman unutmadığınıza, xatirələrini uca
tutduğunuza görə Sizə təşəkkür və
minnətdarlığımızı bildirirəm.
İndi isə mən, əzizim Mirvarid xanım, sizin
özünüzə müraciət edirəm.
Sizin 85 illiyiniz mənim
üçün həm də
şəxsi bir bayramdır, çünki mən hər dəfə
sizi görəndə, elə bil,
sizinlə birlikdə, uşaqlıq
çağlarımdan etibarən
əhatələrində olduğum, sonralar bərabər
işlədiyim, yalnız ədəbi deyil, ən səmimi
insani münasibətlərdə olduğum görkəmli qələm sahiblərimizi, o cümlədən, İlyas Əfəndiyevi də görürəm, onların
hərarətini hiss edirəm.
Əslində,
bu gün onlar da buradadırlar, bizim başımızın
üstündədirlər və mən, az
qala, cismani surətdə hiss edirəm ki, bu gözəl gecədə,
bu sənət, poeziya məclisində onların da ruhu şad
olur.
Bundan
gözəl nə ola bilər?"
Və həmin yubiley gecəsində Mirvarid xanım mənimlə
yanaşı əyləşmişdi və
çıxışımı bitirib oturanda, o, heç nə
demədi, heç mənə baxmadı da, sadəcə, əlini
mənim əlimin üstünə qoydu. Onun o balaca və
qurumuş əlində elə bir mehribanlıq və məhrəmlik
vardı ki, deyiləcək hansısa sözlərdən,
hansısa baxışlardan artığını deyirdi və
indi bu sətirləri yazarkən, elə bil, bu kiçik
vücudlu, zərif ağbirçəkdən gələn o
mehriban hərarəti yenidən hiss edirəm.
Bu
hissiyatının daxili mündərəcatında, əlbəttə,
bir tərəfdən də "heyhat..." əhval-ruhiyyəsi
var - Mirvarid xanım artıq haqq dünyasındadır, o biri
tərəfdən isə cismani ömrün mənəvi bir
şair ömrü ilə əvəz olunması da var,
çünki Mirvarid xanımın poeziyası bu "gidi
dünya" kədərinin çərçivələrindən
kənara çıxmağı bacardı və illərin
sınağından çıxdı.
İndicə Səməd Vurğunun 90 illiyini
xatırlatdım və elə o yubileylə də bağlı
bir xatirə yadıma düşdü. 1996-cı ildə
Prezidentimizin Sərəncamı ilə Səməd Vurğunun
yubileyinin keçirilməsi haqqında da Komissiya
yaradıldı və mən o Komissiyanın da sədri təyin
edildim. Yubiley qabağı o qədər
görüşlər, poeziya bayramları, konfranslar oldu ki,
yubildeyin özünü biz yalnız 1997-ci il
martın 7-də keçirə bildik.
Mən
ardıcıl gündəlik yazmırdım, ancaq ara-sıra
qeydlər edirdim (elə indi də belədir) və o vaxtkı
yazılarımın arasında belə bir qeyd var:
"5 mart 1997.
... Günorta qəbulum var idi, qurtarıb qayıdanda
dedilər ki, Mirvarid xanım zəng eləmişdi. Ona zəng etdim. Səməd
Vurğunun yubileyində çıxış etmək istəyir.
Doğrusu, sonuncu dəfə onu poliklinikada
görmüşəm, çox cansız idi. Buna görə də soruşdum
ki, "Sizə əziyyət olmaz?"
- Olsun də.
- dedi. - Özümə borc bilirəm. - Bir neçə an
susandan sonra: - Bizlərdən daha kim qalıb ki?..
- dedi".
Və
martın 7-də Respublika Sarayında sözü Mirvarid
xanıma daxili bir nigarançılıqla verdim, ancaq 85
yaşlı bu zərif (və zəifləmiş) qadın
çox səmimi, hərarətli, səlis bir nitq söylədi
və bu nitqi ilə, elə bil, Səməd Vurğun ədəbi
nəslinin doğma aurasını Respublika Sarayına gətirdi.
Həmin nitqi bu sözlərlə başladı (stenoqramda
olduğu kimi yazıram):
"- Məni bu tribunaya gətirən mənəvi borcum
oldu. Çünki mən Səməd Vurğun
dövründən ağacda qalmış yeganə tək
yarpağam, onun yeganə müasiriyəm. Buna
görə də onun haqqındakı xatirələrimin bir hissəsini
sizə danışmalıyam".
2.
Vəfatından bir müddət keçəndən
sonra biz Mirvarid xanımın seçilmiş əsərlərindən
ibarət kitabını nəşr etdik ("Fikir
ümmamında", Bakı, "El", 2014) və mən məmnuniyyət
hissi ilə o kitaba ön söz yazdım. Ona görə
"məmnuniyyət hissi ilə" deyirəm ki, artıq
söhbət XX1 əsrin oxucularından gedirdi və hərgah
Mirvarid Dilbazinin yeni kitabı bugünün oxucularına təqdim
edilirsə, deməli, o, XX1 əsrdə də yaşayan
şairədir.
Mirvarid
xanım məhəbbət şairəsidir və buradakı
"məhəbbət" sözünü mən ən
geniş mənada işlədirəm - yalnız "aşiq-məşuq"
məhəbbəti yox, ümumiyyətlə, insana məhəbbət,
xalqa, təbiətə, Vətənə məhəbbət...
Tez gedib,
Gec gələnim,
Milli
azadlığım mənim!
Xoş gəlibsən
Vətənə!
Mirvarid Dilbazinin həmin Vətən məhəbbəti
"İstiqlal nəğməsi"ndə Azərbaycan
müstəqilliyini belə salamladı və bu sözlər
tam bir səmimiyyətin ifadəsi idi, çünki onun
onillikləri ehtiva edən yaradıcılığı bu
sözlərin müqabilində heç vəchlə
gözükölgəli deyildi.
Bu poetik səmimiyyət
Mirvarid xanımın poeziyasına xas olan ümdə cəhətlərdən
biridir və uzun illər onu tanıyan, onunla təmasda olan bir adam kimi deyə bilərəm ki, bu poetik səmimiyyət
Mirvarid xanımın özünün xislətindən
axıb gəlirdi.
Baxın,
Mirvarid xanımın lirik qəhrəmanı hansı bir səmimiyyətlə
öz sevgisini ifadə edir:
Niyə başa düşmürəm mən dənizin
dilini?
Bilim,
harda itirdim məhəbbət sahilini...
O sahil ki,
orda mən bir qanadlı quş idim,
Sənə
vurulmuş idim...
Eyni
zamanda, Mirvarid xanım deyəndə ki:
Şairəm,
odludur ürəkdə qanım,
Odludur həsrətim,
eşqim, hicranım...
- şairənin bu "poetik bəyənatı"nı
onun poeziyasının estetik siqləti, bədii çəkisi
təsdiq edir, yəni Mirvarid xanımın
yaradıcılığındakı poetik iddia ilə poetik
imkan arasında üzvi bir vəhdət var.
Onun, misal üçün, Cənub həsrəti nə
qədər zərif və incədirsə, bir o qədər də
odlu-alovludur. Onun eşqi nə qədər saf və təmizdirsə,
bir o qədər də etibarlı və sədaqətlidir.
Onun hicranı nə qədər kədərli-qüssəlidirsə,
bir o qədər də əzm və dözümdən xəbər
verir.
Oxucu yəqin
mənimlə şərik olar ki, bizim ən gözəl
romanslarımızdan biri Ağabacı Rzayevanın
A.Puşkinin məşhur şeirinə ("Gözəl
qız, gəl, yetər, oxuma belə // Gürcüstanın qəmli
nəğmələrini...") yazdığı "Oxuma,
gözəl" romansıdır və baxın, Mirvarid
xanımın bəstəkar rəfiqəsinin xatirəsinə
yazdığı şeirdə nə qədər səmimi bir
həzinlik var, qüssə var:
"Gözəl
qız, gəl, yetər, oxuma belə",
Oxuma bu həzin,
qəmli nəğməni...
Vurma
mizrabını o qəmli telə,
Oxuma... Pərişan
edərsən məni...
İndi
isə Mirvarid xanımın yurdu işğal olunmuş Anaya
dediklərinə fikir verin:
Yurd deyib
ağlama, gözünə qurban!
Orda nə yurd qalıb, nə ocaq daşı.
Orda
düşmənlərin tökdükləri qan,
Orda nalələr
var, orda göz yaşı...
...
Amandır, ağlama, mərdlər anası!
Sıyır
qılıncını dərdlər anası!
Və
buradakı bu sərtliyin, hətta mən deyərdim ki, impulsif
amansızlığın özündə də bir səmimiyyət
var, incəlik, zəriflik var, çünki yurdu işğal
edilmiş o Ananı amansızlığa çağıran
şairənin özü də böyük hərfli
Anadır (el Anası!) və başqa bir şeirində
olduğu kimi, onun özünün də sinəsi
dağlı, gözü yaşlıdır:
Oğul
deyib, mən sinəmi dağlaram,
Ağ
başıma qara yaylıq bağlaram,
Ağlayanda
gizlin-gizlin ağlaram...
O, nə
üçün ağlayanda
"gizlin-gizlin" ağlayır?
Çünki:
Düşmən
mənim göz yaşımı görməsin!
Mirvarid
xanımın təbiət şeirlərində təsvir
etdiyi gözəlliklə bərabər, incə bir qəmginlik
hissini də yaşayırsan - fikir verin:
Açdı
qanadını sabah yelləri,
Günəşin eşqilə meşə oyandı.
Ağcaqayınların
ipək telləri
Göllərin
üstündə hey dalğalandı...
Hər
yarpaq bir öpüş verdi günəşə,
Gözündə sevincdən yaş parlayaraq.
Sabah
nağılını başladı meşə,
Qurtara
bilmədi axşama ancaq...
Və
meşənin o nağılı heç zaman bitməyəcək
- yarımçıq qalmış o nağıl, 100 il yaşasan da, yarımçıq
qalmış bir ömürdür və bu nisgil daimidir,
başlanğıcdan sona qədər ömrün tərəf-müqabilidir.
Yaxud
Mirvarid xanımın lirik qəhrəmanı:
Bir
qanadlı ürəyim var,
Yuvasında
tutmur qərar,
Düzənlərə
nazlı bahar
Yaşıl
xalı döşəyəndə...
- deyir, ancaq o, bu idilliyaya qapanıb, gözəlliklərdən
"məst" olmur, çünki onun poetik ruhu narahatdır
- niyə? - ona görə ki:
İstəyirəm
günəş olum
Bənövşələr üşüyəndə.
Həmin
lirik qəhrəman:
Hər
duyğunun öz adı var,
Fikrin qəmlisi,
şadı var...
- deyir və düz deyir, ancaq nə olsun? Məsələ
burasındadır ki, həmin anlarda onun könlü
özü ilə deyil, o, könülsüzdür,
çünki:
Könlüm
qaldı qoca çinar
Kölgəsini salan yerdə.
Buna
görə də o:
Mənə
dərman verməyin,
Çiçək
verin, təbiblər,
Həyatımın sonunda.
- deyir.
Mirvarid Dilbazi poetik nəfəsi ilə el ədəbiyyatına
ən çox bağlı olan şairlərimizdən biridir. Aşıq Ələsgərin
bir misrası ilə başlayan bu şeir - məhəbbət
lirikasının bu sadə və səmimi nümunəsi
Dilbazi yaradıcılığının estetik
mayasını, estetik platformasını ifadə edir:
"Bülbül öldü meyli güldə".
Mizrab susdu incə teldə.
Qəribsədim
uzaq eldə,
Gözüm gəlməz, canım gəlməz.
Bəndi
qırılmış çaylaram,
Selləri
coşğun aylaram,
Hey səslərəm,
haraylaram,
Mənim o sultanım gəlməz.
Keçir
ilim, ayım, günüm,
Çatmır
ona səsim, ünüm,
İstər
selə, çaya dönüm,
İstər oda yanım, gəlməz.
Mən
yuxarıda dedim ki, Mirvarid Dilbazi epoxa nümayəndəsidir və
o epoxanın poeziyaya siyasi müdaxilə və təzyiqi ilə
onun da yaradıcılığında rastlaşırıq,
ancaq bu şairənin xoşbəxtliyi bundadır ki, onun istedadı sosrealizm
çərçivələrinə pərçim olaraq
qalmayıb, imkan tapdıqca azadlığa
çıxmağı bacarıb.
Bu gün onu yaşadan da - həmin bacarığın
qoyub getdiyi ən yaxşı şeirləridir.
Bu gün Mirvarid xanımın şeirləri deyir ki, onun
şair ömrü də sosrealizm nikbinliyi içində
keçməyib.
O,
1973-cü ildə "Mirvarid" adlı bir şeir yazıb
və bu şeir mənim təsəvvürümdə onun
özünün tam bir portretidir:
Mavi
ümmandan ayrılan
Mirvarid - hicran daşıdır.
İntizardan
ürəyi qan,
Bir gözəlin göz yaşıdır.
Sədəfdən
ayrılıb o dürr,
Onunçün belə qəmlidir.
Kədərdən,
qəmdən incəlib,
Həsrət ona üstün gəlib.
Mənim
də bəxtimi bilib,
Mirvarid ad qoyub anam.
Bir incə
dürrəm, ayrıldım
Mən də o mavi ümmandan.
Artıq sözə, elə bilirəm ki, ehtiyac yoxdur.
3
1966-cı
ildə mənim "Gənc yazıçının ilk
kitabı" seriyasından "Min gecədən biri"
adlı hekayələr kitabçam nəşr olundu və mən
bir gənclik həvəsi və hövsələsizliyi ilə
Yazıçılar İttifaqına qəbul olunmaq
üçün ərizə yazdım.
Yazıçılar
İttifaqı Rəyasət Heyəti qəbul ərizələrinə
baxarkən, Mirvarid Dilbazi mənə etiraz etmişdi ki, hələ
çox cavandır, indidən İttifaqa qəbul etmək
düz deyil, qoy onu həm yazıçı kimi, həm də
bir şəxs kimi yaxşı tanıyaq, sonra baxarıq və
beləliklə, mənim ərizəm kənara qoyulmuşdu.
Bu hadisədən
21 il sonra - 1987-ci il iyunun 18-də
Yazıçılar İttifaqının təşkilat məsələsinə
həsr olunmuş plenumu keçirilirdi.
Yazıçıların
1986-cı ilin mayında keçirilən VIII qurultayında rəhmətlik
İsmayıl Şıxlı Birinci katib seçildi, ancaq çox keçməmiş,
İsmayıl müəllim öz təşəbbüsü
ilə işdən getməsi barədə AKP MK-da məsələ
qaldırdı və MK-nın ideoloji işlər üzrə
katibi Ramiz Mehdiyevin, eləcə də Mədəniyyət
şöbəsinin müdiri Vəfa Quluzadənin iştirak
etdiyi həmin 18 iyun plenumunda İttifaqın yeni Birinci katibi
seçilməli idi.
Mən artıq bilirdim ki, Anar Birinci katib seçiləcək.
Məsələ
burasındaydı ki, iki gün əvvəl axşam Anar mənə
zəng etdi, həmişəki kimi gəzib, söhbətləşmək
üçün dənizkənarı bulvarda
görüşdük və səmimi söhbətimiz əsnasında
Anar dedi ki, onun Birinci katib seçilməsi barədə fikir
var.
Uzun
sözün qısası, səhərisi gün, yəni iyunun
17-də MK-nın o zamankı Birinci katibi, rəhmətlik
Kamran Bağırov məni görüşə dəvət
edib, bir sıra vəzifələr təklif etdi və o
cümlədən, dedi ki, SovİKP MK-nın Siyasi Bürosu Azərbaycanda
Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni
Əlaqələr Cəmiyyəti - "Vətən" Cəmiyyətinin
yaradılması ilə bağlı qərar qəbul edib. Bu qərar
üçün çox çalışdıqlarından
danışdı, Ermənistanda neçə illərdən bəri
belə bir Dövlət Komitəsinin fəaliyyət göstərdiyini,
bizimlə bağlı Siyasi Büroda ən çox müqavimət
göstərənin də Andrey Qromıko olduğunu dedi və
bu Cəmiyyətin sədrliyini də mənə təklif
etdi. Mən fikirləşib cavab verəcəyimi dedim. Sonda K.Bağırov bunu da soruşdu ki, Anarın
Yazıçılar Birliyinin Birinci katibi seçilməsinə
yazıçıların münasibəti yaxşı olacaq?
Mən də: "- Əlbəttə!" - dedim.
Beləliklə, həmin təşkilat plenumunda ilk olaraq
Əkrəm Əylisli Anarın namizədliyini irəli
sürdü və Anar yekdilliklə Birinci katib seçildi.
Mən bütün bunları ona görə
danışıram ki, Əkrəmdən sonra, birdən-birə
və mənim üçün tamam gözlənilmədən
Mirvarid Dilbazi ayağa qalxıb, mənim də namizədliyimi
irəli sürdü. Mən ona təşəkkürmü
bildirdim və təbii ki, namizədliyimi geri
götürdüm.
Orasını
da deyim ki, MK-ya mən özüm zəng etmədim, 18-də
Anara dedim ki, "Vətən"lə bağlı
razılığımı MK-ya çatdırsın, Anar da
elə mənim yanımda Vəfa Quluzadəyə zəng etdi.
İndi
baxın, 1966-cı ildə Yazıçılar
İttifaqında Rəyasət Heyətinin iclası ilə
87-ci il plenumu arasından, dediyim kimi, 21 il keçmişdi və
bu 21 ildə mən İttifaqın üzvü də oldum, 12
il orada mətbuat orqanları ilə iş və tənqid
üzrə katib də işlədim (əvvəllər təşkilat
işləri də məndə idi, sonra bununla rəhmətlik
İshaq İbrahimov məşğul oldu). Bütün bu
dövrdə Mirvarid xanım bir dəfə də olsun, məndən
nəsə xahiş, mənə nəyləsə
bağlı müraciət etməmişdi, ümumiyyətlə,
Yazıçılar İttifaqına yalnız ədəbi məclislər,
müzakirələr, tədbirlər zamanı gəlirdi və
həmişə də öz sözünü deyirdi, sonacan da
dediyi sözün arxasında dururdu, hərdən də mətbuatda
bir yazım çıxanda mənə zəng edib təəssüratını
söyləyirdi, fikrini deyirdi - ancaq bu qədər.
Yəni mən
ona nəsə bir kömək edim, hansısa bir işinə
yardımçı olum - filan - belə bir şey
olmamışdı, sadəcə, Mirvarid Dilbazi ədəbiyyatı,
ədəbi prosesi izləyirdi və başqalarının
fikrindən asılı olmayaraq lazım bildiyini də deyirdi.
Mən
uzun illər bundan əvvəlki bu epizodu xatırlamaqla,
obıvatelin hansısa özünə layiq nəticə
çıxarması, guya mənimlə Anar arasında mənasız
və çürük "qarşıdurma" mifi
axtarması üçün yox, Mirvarid xanımın
xarakterini, bu 21 ildəki təbəddülatı göstərmək
üçün yazdım və bunu da yazmaq istəyirəm
ki, o, mənimlə söhbətlərində, telefon
danışıqlarında bizim ədəbi nəslin nümayəndələrinin
yazılarını izlədiyini, təəssüratlarını
söyləyirdi.
Onu da deyim ki, Mirvarid xanım yalnız bizim ədəbi nəslin
yazı-pozusunu yox, ümumiyyətlə, ədəbi prosesi izləyirdi,
fikrini söyləyirdi və bu baxımdan onun İlyas Əfəndiyev
haqqındakı xatirələrindən səciyyəvi bir
epizodu qeyd etmək istəyirəm. Mirvarid xanım "İlyas Əfəndiyevin
əsərlərini maraqla oxuyan oxucular sırasında"
olduğunu deyərək, yazır: "Mən "Sən həmişə
mənimləsən" pyesinə tamaşa etmişdim. Bu əsərə
televiziyada 1996-cı ildə (İlyas Əfəndiyevin həyatının
sonuncu ilində-E.) təkrar tamaşa etdiyim zaman
yaşadığım duyğuların güclü təsiri
ilə İlyas müəllimə və Həsənzadə
obrazının mahir ifaçısı, ömrümdə bir
dəfə kəlmə kəsmədiyim aktyor Rasim Balayevə
zəng vurub, əsərin belə həlli və belə
ifası üçün təşəkkür etdim" (Sən
həmişə bizimləsən, Bakı, "Gənclik",
1999, səh. 134.).
Və bir
halda ki, söz İlyas Əfəndiyevdən düşdü,
Mirvarid xanımın ömrünün sonlarında
yazdığı "Fani dünya" şeirindəki
("Ədəbiyyat qəzeti", 16 oktyabr 1998) bu
misraları da xatırlayıram:
Hanı İlyas, səhnəmizin bərbəzəyi?
Nurlu sənətkar
ürəyi?..
Bu zərif vücudlu qadında böyük ədəbiyyat
təəssübkeşliyi var idi və o, bütün daxili
"mən"i ilə təmənnasız ədəbiyyat
adamı idi.
4.
Bu dəfə isə xatirə məni 1993-cü ilə
aparır.
Sentyabrın 1-də Baş nazirin müavini vəzifəsinə
təyin edilmişdim və gəlib məni təbrik edən
ilk adamlardan biri də Mirvarid Dilbazi oldu. Bir daha təkrar
edirəm ki, heç bir xahişi yox idi, sadəcə, on
beş-iyirmi dəqiqə ədəbiyyatdan, sənətdən
söhbət etdik, vəssalam.
Bizim münasibətlərimiz - ədəbiyyata
münasibətimizin (ədəbiyyatla dostluğumuzun!) ifadəsi
idi.
Bir müddət sonra isə Mirvarid xanımdan məktub
aldım. Bu,
o vaxtlar idi ki, Mirvarid xanımın bacısı,
yazıçı Yaqut Dilbazi (görkəmli ədəbiyyatşünasımız,
mən gənclik illərində Nizami adına Ədəbiyyat
İnstitutunda işləyəndə, bizim direktorumuz, professor
Mirzağa Quluzadənin həyat yoldaşı, rəhmətlik
Vəfa Quluzadənin anası) vəfat etmişdi.
Həmin
məktubda mənimlə və İlyas Əfəndiyevlə
bağlı yazılmış və bu gün mənim
üçün çox əziz və qiymətli olan sözlər
var. Arxivimdəki 20 dekabr 1993-cü il tarixli bu məktubu tam
oxumaq, belə ümid edək ki, gələcək tədqiqatçılar
üçün maraqlı ola bilər, ancaq müasir oxucumuzda
Mirvarid xanımın şəxsiyyəti və məramı
barədə müəyyən bir təsəvvür yaratmaq
üçün, həmin məktubdan heç olmasa kiçik
bir parçanı, olsun ki, bir az da şəxsi təvazödən
uzaqlaşıb, oxuculara təqdim etmək istəyirəm.
Mirvarid
xanımın həmin məktubunda belə bir abzas var:
"Vəzifələr məhək daşıdır. İnsanın
kamilliyi, naqisliyi burada sınanır. Vəzifələr
sözün əsl mənasında nəcib, xeyirxah, ondan
asılı olanlara əl uzadan, ləyaqətini uca tutan
ziyalılara, nəcib, əməkçi insanlara verilməlidir.
Ləyaqətli, kamil şəxs
başqasının ləyaqətini də gözləyə
bilir. Vəzifə başında Sizinlə
ilk görüşümüzdən sonra yuxarıda dediyim
müsbət keyfiyyətləri Sizdə tapdığıma
çox şad oldum".
Mənim hələ uşaqlıq çağlarımdan
etibarən tanıdığım və ehtiram bəslədiyim
Mirvarid Dilbazi ömrünün sonuna kimi məhz belə bir ləyaqətlə
yaşadı.
O məktubda
belə bir cümlə də var: "Yeganə bacımı
itirməklə dərdim yaşımdan çox oldu".
82 yaşlı şairənin dərdi yaşından
çox idi.
Bu gün 107 yaşlı Mirvarid Dilbazi isə xoşbəxt
sənətkardır, çünki illər keçir, o isə
öz oxucusu ilə bir yerdə olur.
Mirvarid
xanımın xəstəxanada yazdığı belə bir
kiçik şeiri də var:
Dörd
divar,
Bir tavan,
Bir döşəmə.
Bir də
Ürəyimdə
sıxıntı,
Kədər.
Sabahı
gözləyən ümidlər...
Sabahım
da bu günümə bənzəsə əgər?..
Mirvarid
Dilbazi 2001-ci il iyulun 12-də 88
yaşında vəfat etdi.
Mirvarid
xanımın bu gün də oxunması, tanınması, əslində,
xəstəxanadakı həmin "sabah" ümidlərinin
təcəssümü və təsdiqidir və nə
yaxşı ki, o "sabah"ın işığı
heç vəchlə xəstəxana palatasına
sığışıb qalmadı.
Onun "sabahı gözləyən ümidləri"
gerçək oldu.
1 avqust 2020. Bilgəh.
P.S. Mən
bu yazını adətim üzrə bir müddətdən
sonra bir də nəzərdən keçirmək istədiyim
vaxt, televizorda Prezidentimizin, Ali Baş Komandanın xalqa
müraciəti göstərildi və həyatım boyu
eşitdiyim ən gözəl xəbərlərdən birini,
birincilərdən birini eşitdim: Şuşa işğaldan
azad edilib!
Və
Mirvarid xanımın Şuşa mənzərəsini,
Şuşa ab-havasını ifadə edən bu şeiri
yadıma düşdü, elə bu gün də onun
kitabını açdım və o şeiri təzədən
oxudum:
Ağ
duman bürüdü dərəni, dağı,
Gizləndi
dağların gözəli Şuşa.
Meh vurub
uçurdu o ağ duvağı,
Göründü
şairin öz eli Şuşa.
Buludlar
dayanıb qabaq-qabağa,
Şimşək
alovunu tökəndə dağa,
Çökən
qaranlığı bağçaya, bağa,
Nə
gözəl dağıtdı yaz yeli, Şuşa.
Çəmənlər
yuyundu yağış selində,
Açıldı
yarpağı qönçə gülün də,
Duman seyrəkləşdi
dağlar belində,
Ötdü
qumruların şən dili, Şuşa.
Nur
saçdı al qurşaq göyün üzündən,
Meh ətir
payladı Cıdır düzündən,
Daşdı
çeşmələrin suyu gözündən,
Axdı dərələrdən
dağ seli, Şuşa.
Sənə
Natəvanın gözüylə baxdım,
Coşğun
çeşmə kimi, çay kimi axdım,
Açıldı
mənim də şairə baxtım,
Ey
yaşıl düzlərin gözəli Şuşa.
Sən qədim
şəhərsən, möhkəm qalasan,
İstərəm
gün-gündən abad olasan,
Dağların
qoynuna işıq salasan,
Dünya
görə bizim gözəli, Şuşa.
Güman
edirəm ki, oxucu da bu misralardakı sevimli Şuşa
məhəbbətini, Şuşa təmizliyini hiss edəcək.
8 noyabr 2020. Bilgəh.
525-ci qəzet 2020.- 14 noyabr.- S.14-15;17.