Məkr
maskaları ilə təkbətək döyüşlər
Sürətlə bitəcəyinə yaxınlaşan, lap az sonra keçmişə çevriləcək 2020-ni bəşərin ən qocaman çağlardan bəri yaşadığı bütün illərdən seçdirən bir cəhəti oldu. Dünya əvvəldən-axıra bu ili maskalı yola verdi, maskalı başa vurur.
Gün boyu taxılan maska - üzlük, bir
növ, bu ilin rəmzinə çevrildi.
İnsanı
nə qədər darıxdırsa da, hər halda səni
azar-bezardan qoruyan maska faydasız deyil, həm də geci-tezi
var, müddəti yetincə ondan qurtulursan.
Daha təhlükəli olansa riyakarlıq maskalarıdır. Onlardan necə xilas olmalı, insanı, dünyanı çox fəsadlara ürcah edən maskalanmışların axırına necə çıxmalı?
XIX yüzilin böyük alman filosofu və
şairi Fridrix Nitsşe yazırdı ki, bizim geyə biləcəyimiz
ən yaxşı maska öz üzümüzdür.
Amma neyləyəsən ki, insanların öz, əsl
üzlərinin üstünə müdam rəng-rəng
maskalar taxmaq şakəri də var.
XX əsr Azərbaycan insanının hafi
zəsində əbədilik olaraq Zəfər
ili, Qarabağın əsir torpaqlarının azadlığa
qovuşması fəsli kimi, həm də bu gedişatda
çox maskaların cırılması ili kimi qalacaq.
Prezident İlham Əliyev
yalnız Qalib Ordunun Fateh Ali Baş Komandanı deyil, həm də
bu çalxantılı ilin son aylarında bir sıra
nüfuzlu beynəlxalq təşkilatların, dövlətlərin,
liderlərin, ayrı-ayrı tanınmış şəxslərin
də sifətindəki riya və məkr maskalarını
dünyanın gözü qarşısında qətiyyətlə
yırtaraq ağı ağ, qaranı qara, bozu da boz kimi
göstərməyi bacaran bir öndər kimi tarix yazdı.
Səhnə
arxasında cərəyan edənlərin çoxundan biz xəbərsizik.
Kim bilir, bəlkə haçansa vaxtı yetişəcək, artıq bu həyəcanlı günlərin üstündən çox illər ötərkən Qarabağ düyününün açılması gedişatının baş qəhrəmanı Prezident İlham Əliyev keçmiş illərlə bağlı hansısa müsahibəsindəmi, nəhayət, yazmağa qərar verdiyi memuarlarındamı elə qaranlıq mətləblərin üstündən pərdəni götürəcək ki, qazandıqlarımızın dəyəri gözümüzdə qat-qat artacaq, bütün irəliləyişlərimizin necə çətin, həndir-hamar yollardan adlamış olduğu hər birimizə aydın olacaq.
Axı biz bilmirik rəsmi informasiya agentliyimiz AZƏRTAC-ın dövlət başçımızın İkinci Qarabağ müharibəsinin şıdırğı cərəyan etdiyi günlərdə Amerika Birləşmiş Ştatlarınınmı, Fransanınmı, Rusiyanınmı ali rəhbərliyi ilə telefonla danışması haqqında 2-3 cümləylə çatdırdığı xəbərin arxasında hansı gərgin dəqiqələr dayanır. Axı xəbərsizik onlar nə dedi, nə tələb etdi, Prezidentimiz həmin tələblərin qarşılığında hansı məsələləri qaldırdı, onlar nədə təkid etdilər, bizim müqavimətimiz nədən ibarət oldu?
Prezident İlham Əliyevin
2020-nin oktyabr və noyabr günlərində Azərbaycan
televiziyasında millətinə və dünyaya müraciətlə
etdiyi bir-birindən dəyərli, insanlara ümid, güc, inam
bağışlayan çıxışlarından keçən,
hər dəfə səslənəndə insanda sonsuz
qürur və liderimizə ən dərin minnətdarlıq
hissləri oyadan qətiyyətli mövqe vardı:
"Dünyada heç bir qüvvə bizi haqq yolumuzdan
döndərə bilməz".
Bunlar qətiyyən sadə sözlər deyil və
bu kəlmələri açıq şəkildə bəyan
etməkçün yenilməz iradə, cəsarət və həmin
sözlərin arxasında dura bilmək əminliyi
olmalıdır.
Əlbəttə, biz
yaşadığımız illərin axarında söylədiyi
sözün və tutduğu yüksək kürsünün məsuliyyətini
eyninə almadan iddialı bəyanatlar verən, üstündən
az keçməmiş ya geriləyib sözünü
yumşaldan, ya da dünən dediyini bu gün tam inkar edərək
başqa hava çalanlara da az şahid olmadıq. Həm də
belə hərəkətləri yalnız Ermənistan kimi
xırda, cılız dövlətlərin
başçılarında yox, dünyada aparıcı
mövqedə duran iri dövlətlərin rəhbərlərində
də müşahidə etdik.
Fransa Prezidenti Emmanuel Makronun saxta
ifadə azadlığı örtüyü altında ölkəsində
müsəlman mənəviyyatına qarşı törədilmiş
həqarətə, Məhəmməd Peyğəmbərin
karikaturasının çəkilməsinə haqq
qazandırırmış kimi sürüşkən söyləyişlərindən
sonra ən əvvəl ölkəsinin içərisindən
qalxan etirazlardan çəkinərək qələt etdiyini
anlaması, özünü yığışdıraraq
dünənki yekəxana davranışından fərqli şəkildə
danışmağa başlaması bir göstəricidir.
Hər insan sözünün ağası
olmalıdır. Dövlətin başçısı isə
xüsusən! Çünki sən tək özün deyilsən,
sənin dilinlə Dövlət danışır, sənin
sözün həm dövlətin, həm xalqın
nüfuzudur. Söz bir quş kimidir, uçdusa, artıq
ixtiyarı sənin əlində deyil. Ona görə də
dövlət başçısının hər kəlməsinin,
illah da müharibə dönəmində bütün
dünyaya eşidilən hər ifadəsinin çəkisi
çox ağırdır.
Zəhmli
Teymurləng təsadüfən söyləməmişdi ki:
"Hökmdarın sözü qılıncından iti
olmalıdır!"
Prezident İlham Əliyev danışırdı və "Heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz" deyirdi.
Bunu tək
bizə demirdi ki!
Bunu həm də o xarici güclərə
çatdırırdı ki, onlar ayrı-ayrı dövlətlərə,
həmin ölkələrin başçılarına təzyiq
göstərməyə, necə oturub-necə durmağı
öyrətməyə adətkərdədirlər.
"Bizi
heç bir xarici qüvvə fikrimizdən döndərə
bilməz" bəyanatını həm də bildiyimiz və
bilmədiyimiz o ali telefon
danışıqlarının davamı kimi, məzmunundan xəbərsiz
qaldığımız həmin mühüm söhbətlərin
hamımıza çatan xülasəsi olaraq qəbul edin!
Azərbaycanın boyuna-buxununa baxın, o nəhəng
dövlətləri və gücləri göz önünə
gətirin.
Belə
deməyə özündə güc tapmaq və dediyinin də
üstündə dayanmağı bacarmaq, dünya siyasətinin
nəhəng şahmat taxtası arxasında sözünün
ağası ola bilmək müstəsna
şəxsiyyətlərə, intəhasız mənəvi təpər
sahiblərinə xas olan nadir keyfiyyətdir.
İftixar
edin, sizin Prezidentiniz belə qüdrətlidir!
Televizorun
qarşısında oturaraq çox həlledici bir futbol oyununu
izləmək, tez-tez vəcdə gələrək guya sənin
səsini eşidirlərmiş kimi məşhur ulduzlara
"sağa vur", "soldan keç", "ləngimə,
topu qabağa ötür" məsləhətini vermək nə
asan!
Fırtınalı
dənizdə, hər dəqiqə nədir, hər saniyənin
müqəddəratla bağlı olduğu anlarda təşvişə
düşməmək, sükanı əldə möhkəm
saxlamaq, gəmini və taleyi o anlarda səndən asılı
bütün gəmidəkiləri bu təlatümdən
salamat qurtararaq səriştə ilə rahat sahilə
çatdıra bilmək zahirən misli olmuş kimi
görünsə də, əslində, hər dəfə təkrarsız
bir hünərdir.
Hər məqamı
gələcək nəsillərə öyüd və örnək
kimi ötürüləsi bir şücaət hekayəti olan
Şuşanın azad edilməsi uğrunda dağlarda qələbəyə
doğru az qala hər addımı əlbəyaxa
döyüşlərdə irəliləmiş Azərbaycanın
xüsusi təyinatlı mərd döyüşçülərini
müşahidə etmiş xarici jurnalistlər macəra filmlərində
seyr etdiklərini gerçək həyatda görərək
heyrətə düşmüşdülər.
Daha artıq heyrət və heyranlıq doğuran digər
TƏKBƏTƏK döyüşləri isə Prezident
İlham Əliyev dava başlanan ilk gündən aparır və
düşmən təslim olsa da, hələ həmin
mübarizə bizlərə görünmədən yenə əvvəlki
gərginliyi ilə davam etməkdədir.
İkinci Qarabağ müharibəsinin
başlanğıcından bugünədək sürən həmin
təkbətək döyüşlərin bağlı
qapılar dalında, bizə eşidilməz qalan telefon
danışıqlarında baş verənlərindən fərqli
olaraq, elələri də var ki, hamımız
görmüşük. Və həmin gördüyümüz təkbətək
qarşıdurmalar elə görmədiklərimiz haqqında
da nəticələr çıxarmağa, qənaətlərə
gəlməyə yardımçı ola
bilər.
Prezident İlham Əliyevin sentyabrın 27-dən
başlayaraq dünyanın bir sıra aparıcı
telekanalları və informasiya agentliklərinə verdiyi
müsahibələrin bəziləri sadəcə bir dövlət
başçısının bir jurnalistlə söhbəti
deyil.
Həmin
söhbətlərə qulaq asa-asa, aqressivliklə qoyulan bir
sıra haqsız, ədalətsiz, yanlış, qərəzli
yanaşmaları məntiqlə, sübutla,
inandırıcı qətiyyət və peşəkarlıqla
cavablandıran Prezidentimizə baxa-baxa onun görmədiyimiz,
şahidi olmadığımız qapalı görüşlərini,
eşitmədiyimiz telefon danışıqlarını təsəvvür
edin.
Bir
jurnalistin dilində səslənirmiş kimi görünən
həmləli və cığal sualların ardındakı
qüvvələri xəyalınıza gətirin və bunu da
düşüncədən keçirin ki, elə
gördüyünüz və şahidi olduğunuz təmkin,
qürur, ağıl və qətiyyətlə liderimiz o
görmədiyimiz, eşitmədiyimiz bizə qapalı
qarşıdurmalarda da hücumları necə dəf edib,
qarşısındakına öz həqiqətini necə
yeridib, tərəf-müqabilini hansı ən yüksək vəzifəni
tutmasından asılı olmayaraq necə yenib, necə
üstün gəlib.
Cəbhədəki müzəffərliyin canı
noyabrın 10-u gecəsi düşmənin təslimi ilə
bitən savaşın taleyi Prezidentimizin
gördüyümüz və (bəlkə də daha
çox) görmədiyimiz həmin təkbətək
mübarizələrdəki qələbələrindən
qaynaqlanır.
O qələbələr
olmasaydı, o müzəffərlik olmasaydı, elə
sentyabrın sonundamı, oktyabrın ilk günlərində,
ya ilk həftələrindəmi cəbhədəki
döyüşlər də qəfilcə dayana bilərdi.
Hər kəs
bunun fərqində olsun!
Bir güllə ilə bahar olmaz, deyiblər. Bu,
doğrudur. Amma o bir gül açılıbsa, o bircə
güldə hələ canını tamam
tapşırmamış qışın səngiməmiş
sazağına, soyuğuna tab gətirmək və boy atmaq
gücü varsa, tək çiçək rəmzə
çevrilərək böyük baharı da gətirməyə
müvəffəq olur, uzanan qışın deyil, erkən
yazın körpüsünə dönür.
Prezident
İlham Əliyev mətbuatın gücünü
yaxşı bilir və İkinci Qarabağ müharibəsinin
getdiyi günlərdə ona ABŞ-dan, İngiltərədən,
İtaliyadan, İspaniyadan, Rusiyadan, Almaniyadan və digər
ölkələrdən olan müsahibə müraciətlərini
öncədən təhlil edərək gözəyarı da
olsa, hansının sırf jurnalist fəaliyyətini yerinə
yetirmək, düzgün və dolğun informasiyalar
çatdırmaq, birbaşa mənbədən dürüst
bilgi almaq fikrində olduğunu, hansının peşəkar mətbuat
maraqlarından daha artıq siyasi məqsədlərə xidmət
etmək, hansısa gizli sifarişləri yerinə yetirmək
niyyəti güddüyünü müəyyənləşdirmək
imkanında idi. Ancaq heç birinin
ricasını geri çevirmədi, Bakıya gələ biləni
bilavasitə qəbul etdi, bəziləri ilə də canlı
bağlantı quruldu, ekranda üz-üzə qaldılar.
Baxmayaraq ki, hansısa intervülərdən vaz da
keçə bilərdi, imtinası da başadüşülən
olardı, çünki müharibə aparan ölkənin Ali
Baş Komandanının hər dəqiqəsi qızıla bərabərdir.
Heç
birinə "yox" demədi və az
qala, hər gün, günaşırı müsahibələrin
biri digərini əvəz edirdi.
Bunu, əvvələn, ona görə edirdi ki, öz
gücünə bələd idi, istənilən ən çətin
suala cavab verməyə hazır idi.
İkincisi,
həmin müsahibələrin hər birinə məmnuniyyətlə
razılıq verirdi, ona görə ki, bu, dünyaya
sözünü çatdırmaq, az əvvəl
onunla danışmış hansısa dövlət
başçısına, ya beynəlxalq təşkilata yenidən
hamının eşidəcəyi ucalıqda səslənmək
üçün əlverişli girəvə idi.
Üçüncüsü,
bəlkə ən mühümü isə ona görə
bütün vaxt qıtlığına rəğmən bu
müsahibələrdən yayınmırdı ki, belə
dialoqların hər biri həm də duel idi, ifşa
imkanı, əleyhdarlarımıza, bədxahlarımıza
qulaqburması vermək, bizə diş qıcadanları, dil
uzadanları sadəcə bizləmək yox, neştərləmək
fürsəti idi.
Foto, tele və kinokameraların qəribə bir özəlliyi
var. Başqa cür görünməyə nə qədər
səy etsən də, səni həmişə olduğun kimi
göstərir.
Prezident İlham Əliyevlə kameralar
qarşısında üzbəüz qalaraq müsahibə
götürənlərin də hər birinin əslində,
hansı məzhəbə qulluq etdiyi, bu sorğuları
dürüst bilgilər almaq istəyən peşəkar
jurnalist, ya tamam fərqli məqsəd güdən bir şəxs
kimi apardığı gendən baxan hər qanan adama aydın
görünürdü.
Biz,
oktyabrın 26-da İtaliyanının Rai 1 televiziya
kanalının, oktyabrın 28-də Rusiyanın İnterfaks
agentliyinin, noyabrın 2-də İtaliyanın "La
Repubblica" qəzetinin, noyabrın 4-də İspaniyanın
EFE informasiya agentliyinin və bir sıra başqalarının
da Prezidentimizlə apardığı, onların özlərinin
də, auditoriyalarının da, elə bizim də məlumat
dairəmizi genişləndirən müsahibələri məmnunluqla
izləyirdik, amma digər bir zümrə elə
ağzını açan kimi səsi maska dalından gələn
müxbirləri də görürdük.
Dövlət başçısı ilə müsahibəsi
vədələşdirilən şəxs adətən
mütləq həmin görüşə yaxşıca
hazırlaşır, söhbət mövzusunu irəlicədən
mükəmməl araşdırır. Ancaq oktyabrın 25-də
ABŞ-ının "Fox News" televiziya kanalının
intervügötürəni artıq 1 aydır gedən
müharibə haqqında həqiqətlərin nə yerdə
olduğunu bildiyi halda Prezident İlham Əliyevlə
müsahibədə ilk sualı belə qoyursa ki, niyə siz
sentyabrın 27-də döyüşlərə
başladınız, İkinci Qarabağ müharibəsi
öncəsi Ermənistanın törətdiyi bütün təhrikçi,
pozucu və təxribatçı fəaliyyətlərdən
xəbərdar olduğu halda tənə ilə və ermənivari
üslubda deyirsə ki, siz müharibəni başlamağa
imkan axtarırdınız və əcaib bir şəstlə
sair belə-belə cəfəngiyyatları dilə gətirisə,
deməli, bu şəxsin məramı təməlindən
düz deyil, deməli, maskalıdır və danışan
odursa da, ona dili verən ayrılarıdır.
Belə
olanda Prezident İlham Əliyev
qarşısındakının maskasını necə
yırtmasın, ona və onaoxşarlarla bu cür təkbətək
siyasət döyüşlərində fürsətdən
istifadə edərək "Amnesty International" və
"Human Rights Watch" kimi təşkilatların da bir
ayrı cür maska olduqlarını sərrast
ifşalarıyla dünyaya niyə nümayiş etdirməsin?!
Hərdən sualların qoyuluşu o qədər ədalətsiz,
o qədər ermənisayaq, o qədər
açıq-aşkar saxta, o qədər həqiqəti tam tərsinə
çevirən olurdu ki, hirslənməmək, hövsələdən
çıxmamaq hətta gendən tamaşa edənə
mümkünsüz kimi gəlirdi.
Həm də
təxribatçı sualları ilə müsahibini müvazinətdən
çıxarmaq tapşırığı ilə gəlmiş
müxbir qərəzkar sualına tam qaneedici, dəlillərə
söykənən cavabı alandan sonra da əl çəkmirdi,
sanki həmin cavabı heç eşitməyibmiş kimi, guya
təzə sual verirmiş kimi sualını başqa sözlərlə,
daha riyakar şəkildə yenidən verirdi.
Prezident
İlham Əliyevinsə televiziyada bunları seyr edərək
hiddətlənən, bunca məşhur telekanalınmı,
informasiya agentliyininmi jurnalistinin bu qədər
insafsızlığına, bir belə həyasızlığına
əsəbiləşən, təzyiqi qalxan əksər
soydaşlarından fərqli olaraq, təmkini qətiyyən
pozmadan, səsinin sakit ahəngini dəyişmədən
verdiyi sərrast cavablar məhz elə bu tərzdə ifadə
edildiyi üçün bir az da effektli alınırdı, bir
az da yandırıcı olurdu.
Və Prezident İlham Əliyevin bir ustalığı
da ondan ibarətdir ki, cavablarını yalnız Azərbaycanla
bağlı qarayaxmaları, böhtan, şər səciyyəli,
təhrifçi fikirləri rədd etmək üstündə
qurmurdu.
Əvvələn,
istənilən halda sualdan istifadə edərək bizimlə
bağlı əsl həqiqətləri
çatdırırdı, ola bilsin ki,
xaricdə kimlərdəsə yaranmış yanlış qənaətləri
dağıtmaq üçün bu məqamdan doğrumuzun təbliği
üçün yararlanırdı, amma eyni zamanda,
qarşısındakını və bu maskanın ardında
gizlənənləri amansızca qamçılayırdı.
Və xüsusi hazırlaşdırılaraq məkrli
tapşırıqla gəlmiş müxbirin bayaqdan istifadə
etdiyi üsulu da onun özünə qarşı yönəldir.
Cavab verəndən sual verənə çevrilərək
təşəxxüslə demokratiya dərsi vermək istəyəni
lövhə qarşısında aciz dayanan zəif şagird
halına gətirir, ona və onu qısqırdanlara töhmətli
dərs verməyə başlayır.
Qarşıdakı qaçmaq, sualdan yayınmaq istəyir
- Prezident buraxmır.
Mən
bilmirəm özlərini demokratiya ülgüsü sayanlar, elə
həmin BBC, o müxbiri o cür hazırlayıb göndərən
qüvvələr gözləntilərinin əksinə olan,
onlara qətiyyən sərf etməyən, özlərini kəskin
tənqid nişangahına gətirən,
demokratlıqlarının işdə quruca söz olduğunu
açıb-tökən bir müsahibənin yazısına
tamaşa edəndən sonra söhbəti bütöv şəkildə
efirə vermək halında olublarmı, ya onlara xas
psevdodemokratikliklə döşlərinə yatmayan yerləri
qayçılamağı lazım biliblər?
Bir tərəfə baxanda qınamalı da deyil.
"Yazıqlar" onları quru yuyub, yaş sərən
belə küncədirəmələri necə ortaya
çıxara idilər?! Axı gəlişdə məqsədləri
tam əksinə idi...
2020-ci il noyabrın 6-sı. Daha bir həqiqət
və maskayırtma anı.
Prezident
İlham Əliyev "BBC News"un
müxbiri ilə qarşı-qarşıyadır.
Sual verən guya narahatdır ki, münaqişə bitəndən
sonra ermənilər Dağlıq Qarabağa
qayıdacağı təqdirdə onlar zəruri hüquq və
azadlıqlarla təmin olunacaqmı?
Həm də sualı ilk sözündən elə Azərbaycana
zidd biçimdə qoyur ki, sualın içində
özünün müəyyənləşdirdiyi hikkəli
cavabı görürsən.
Elə təxminən açıq şəkildə
deyir ki, sizin ölkədə bu azadlıqlar yoxdur və
fağır ermənilər də sizinlə birgə
yaşamalı olacaqsa, onlar da belə dəyərlərə
eyni dərəcədə tamarzı qalacaqlar.
Yəni
bu, sual deyil, əslində, ağır ittiham, irinini tökməkdir:
"Onların Azərbaycanda insanların eşitdiyi, lakin malik
olmadığı bütün insan haqları olacaqmı? Onların tamamilə azad mediası olacaqmı? Onların səsini qaldırmağa icazəsi olan
müxalifəti olacaqmı? Onlar burada, Azərbaycanda
insanların malik olmadığı şeylərə malik
olacaqmı?"
Müxbirin və onun buyruqçularının xəyalı
ayrı adama gedib.
Bu,
İlham Əliyevdir və cavabını sualla başlayır,
qarşısındakının cavab verə bilmədiyi sadə,
amma ifşaçı suallarla davam edir:
"- Siz hesab edirsiniz ki, insanların bu haqları yoxdur? Nəyə
görə siz Azərbaycanda insanların azad mediaya və
müxalifətə malik olmadığını
düşünürsünüz?
-
Çünki mənə bu barədə müstəqil mənbələrdən
məlumat veriblər.
-
Hansı müstəqil mənbələrdən?
- Bir
çox müstəqil mənbələrdən.
- Deyin mənə,
hansılardır?
- Əlbəttə ki, mən onların adlarını
çəkə bilmərəm.
- Əgər siz onların adlarını deyə
bilmirsinizsə, bu o deməkdir ki, siz bir hekayə
uydurursunuz".
(Elə oktyabrın 28-də Almaniyanın ARD televiziya
kanalına müsahibəsində də oxşar şəkildə
Prezident İlham Əliyev jurnalistin "deyəcəyəm,
keçəcək" zənni ilə dilə gətirdiyi
sözündən yapışaraq onu salmışdı
müşkülə. Guya Türkiyənin də əsgərlərinin
bilavasitə iştirakı ilə Azərbaycanın Ermənistanla
müharibəsinə qatıldığını qabartmaq məqsədilə
jurnalist deyirdi ki, bəzi türk əsgərləri ilə
söhbət edib. Prezident də dərhal xəbər
alır ki, siz əsgərlərlə döyüş
meydanındamı danışmısınız? Müxbir anlayır ki, ilişib. Amma
daha burcutmaq yeri yoxdur. Prezident onu salıb labirintə:
"- Xeyr, döyüş meydanında yox.
- Bəs
harada?
- Bakı
şəhərində.
- Onlar
burada, Bakıda döyüşürlər?
- Xeyr,
xeyr. Bununla belə, onlar buradadırlar.
- İndi
burada alman əsgərləri də ola bilər").
Prezidentin məntiqinin qarşısına ayrı bir məntiq
çıxarmaq çətindir. Ölkə əhalisinin
80 faizini əhatə edən senzurasız, tam sərbəst
internet fəzası olan respublikada medianın məhdudlaşdırılmasından
söhbət gedə bilərmi?
Və Prezident qəlp ittihamın müqabilində ona
verilmiş sualın dibindəki siyasi paxırı açan
ifşaçı ittihamını yürüdür ki, bu qərəzli
yanaşma ilə sizin qəsdiniz Qərb auditoriyasında Azərbaycan
haqqında azad mətbuatın olmadığı
düşüncəsini formalaşdırmaqdır.
Zərbənin biri vurulubsa, növbətisi də gəlməlidir. Qarşısına
bu çeşiddən olan rəqiblər çıxanda məhz
zərbəni zərbə üstündən vuraraq ona buynuz
göstərən çürük siyasəti
darmadağın etmək Prezident İlham Əliyevin yeri gəldikcə
ləngimədən tətbiq etdiyi diplomatik gedişlərindəndir.
Ermənilərin
acı dadına yaxşı tanış
olduqları İlham Əliyev yumruğu elə bu dəqiqə
başqa tərzdə vurulacaq: "Bizim müxalifətimiz var,
bizim QHT-lərimiz var. Bizdə azad siyasi fəaliyyət var.
Bizdə azad media var. Bizdə söz azadlığı var.
Əgər siz bu sualı qaldırdınızsa, mən də
sizə bir sual verə bilərəmmi? Siz cənab
Assanjla baş verənləri necə qiymətləndirirsiniz?
Bu, sizin ölkədə azad mətbuatın təzahürüdür?"
Bayaqdan çox hökmlə, prokuror ədaları ilə
danışan jurnalist xanım artıq qarmaqdadır, artıq
köpü alınıb, sualdan qaçmaq istəyir, "Biz
burada mənim ölkəmi müzakirə etmək
üçün deyilik", - deyir.
Lakin
Prezident şikarını buraxmaq həvəsində deyil, təkid
edir: "Xeyr, gəlin müzakirə edək. Gəlin
müzakirə edək".
Bayaqdan
hücum ovqatında olan BBC müxbiri ona əlverişli olmayan
bu dalandan qurtulmağa yenə can atır.
Kimdir buraxan?!
Prezident
bayaqkı köntöy sözlərini indi onun özünə
yedirir: "Ermənilərin burada azad mətbuatının
olmayacağı ilə bağlı məni ittiham etmək əvəzinə
gəlin Assanj barədə danışaq.
Bağışlayın, o, Ekvador səfirliyində neçə
il keçirdi və nəyə görə?
O, indi haradadır? Jurnalist fəaliyyətinə
görə siz həmin şəxsi girov saxladınız, əslində,
mənəvi və fiziki olaraq onu öldürdünüz.
Bunu siz etmisiniz, biz yox. İndi
o, həbsxanadadır. Siz bu işlərlə
məşğul olduğunuz halda sizin azad mətbuat
haqqında danışmağa mənəvi haqqınız
yoxdur".
Xanım
yenə düşdüyü bu naqolay vəziyyətdən
qurtulmağa ürkək cəhd edir, söhbətin istiqamətini
dəyişməyə çalışır:
"Münaqişəyə qayıdaraq..."
Və hələ
bitməyib, Prezident hansı mövzuya deyirsinizsə keçməyə
hazırdır, amma axı hələ bu yerdə endirilməli
bir-iki zərbə də var. Onlarsız söhbətin bu hissəsi
natamam qalar, rəqib də erməni konspekti əsasında tərtib
edilmiş təəssüratı oyadan zəhərli
sualının müqabilində dərsini axıracan
almamış qalar: "Bəli, yaxşı olardı ki,
münaqişəyə qayıdasınız, çünki
bu, sizin xoşunuza gəlmir. Sizin xoşunuza
yalnız ittiham etmək, hücum etmək gəlir. Amma güzgüyə baxın. Mən
dəfələrlə demişəm, buraya gəlməmişdən
və bizə mühazirə oxumaqdan əvvəl baxın.
Siz sualınızla məni ittiham edirsiniz. Bu, sual deyil, bu, ittihamdır. Siz prokuror
kimi danışırsınız. Niyə?
Əgər siz bu qədər demokratik və
obyektivsinizsə, nəyə görə Assanjı həbsxanada
saxlayırsınız? Nə
üçün? Siz onu jurnalist fəaliyyətinə
görə həbsxanada saxlayırsınız".
Nə cavab versin? Kor-kor, gör-gör. Dünyanı
lərzəyə salan ifşaçı sənədləri
yaymış "WikiLeaks"in qurucusu Culian Assanjın hər
kəsə bəlli, məhz jurnalist fəaliyyətinə
görə təqib edilməsi məlum, həbsə
atılması danılmaz fakt, yaxasından
yapışanların Böyük Britaniya ilə ABŞ
olması açıq-aydın.
Müxbir qalıb birinin qınaq yükü obirininkindən
daha cod olan, onu saniyələr ərzində
ittihamçıdan mühakimə edilənə çevirən
bıçaq kimi kəsən iti sözlərin
qarşısında. Çabalayır, sanki özünə bəraət
qazandırmağa təşəbbüs edir: "Mən onu həbsxanada
saxlamıram".
Məgər Prezident Əliyev bilmir ki, Assanjı
dustaqlıqda saxlayan siz yox, sizi bura göndərən siyasətiniz,
dövlətinizdir?
Əla bilir və sözü də sizdən elə
onların hamısına deyir.
Açıqca
söyləyir ki, özünüz haqda belə gerçəkləri
eşitmək sizin xoşunuza gəlmir, üzünə
çırpır ki, siz bu cür ifşa olunmağa
alışmamısınız, birbaşa deyir ki, siz ancaq
başqalarına həmlə etməyə adətkərdəsiniz,
birmənalı şəkildə anladır ki, digərlərinin
gözündə qıl axtarmazdan öncə öz
gözünüzdəki tirə baxın.
Söhbətin
bu yerə çatacağını gözləməyən,
tam məğlub kökə salınmış müxbir bu həddə
gətirib çıxarmış sualına
peşmanlığını ifadə edirmiş kimi "Mən
bu məsələni qaldırmadım", deyə yenə
müdafiə olunmaqçün
qımıldansa da, Prezident İlham Əliyev ona və ona bənzərlərə,
belələrinin idarəedicilərinə "harada haqsız
danışsanız, susmayacağıq, bir desəniz, beş
cavabını alacaqsınız" xəbərdarlığını
edir: "Siz dediniz ki, əgər ölkənizdə azad media
yoxdursa, ermənilər müxalifətsiz sizin ölkədə
necə yaşaya bilərlər? Bu, sizin sözlərinizdir,
ittihamdır".
Di get
çala-çala!..
Elektron
şəbəkədə həmin müsahibənin mətni
ilə yanaşı, görüntüsü də var. Kim
baxsa, şahid olar ki, əsəb qıcıqlandıra biləcək
məqamlarla dolu olan həmin sorğu boyunca Prezident İlham
Əliyev necə qibtə oyadacaq dərəcədə səbirli,
təmkinlidir, yetərincə gərgin söhbət qətiyyən
tövrünü dəyişmir, təbəssümü də,
lazım gələndə istehzası da yerində, hər kəlməsi
də ölçülü-biçili.
Yəqin, o video müəyyən zamana qədər
üst qatda olacaq, sonra təzə illər gələcək,
həmin görüntü də qalacaq dünənlərdə,
arxivin dərinlərində. Lakin bir dövlət
başçısının, bir siyasi xadimin, bir diplomatın
istedadının parlaqlığını, xalqının,
ölkəsinin maraqları uğrunda necə yüksək
intellektual səviyyədə və necə incəliklə
mübarizə aparmasını, qısa vaxt kəsiyində
ötkün zəkası, dərin məntiqi,
hazırcavablığı ilə ona qarşı hər an ən
kəskin sualları ilə şığıyan həmsöhbətini
necə tərksilah etməsini, nə təhər diz
çökdürməsini əks etdirən bu sənəd gərək
diplomatlar hazırlayan təhsil müəssisələrində
istifadə edilən dərs vəsaitləri sırasında
ola, eləcə də Xarici İşlər Nazirliyinin həyatını
diplomatiyaya bağlamış əməkdaşlarına
vaxtaşırı ustad dərsi örnəyi kimi göstərilə,
təhlil edilə.
Maskalanmaq dünyada, insanlar arasında ibtidadan baş alıb gəlsə
də, "maska" sözü təzədir. İtalyanlardan
XVIII yüzildə fransızlara keçib, onlardan da dünyaya
yayılıb. Sözün əsli isə ərəblərdən,
onların qədim teatrlarından gəlir və həmin kəlmə bu
gün elə bizim dilimizdə öz doğmaca sözlərimizdən
biri kimi işlənməkdədir: "məsxərə".
Yeri gəlmişkən, elə "maskarad" sözü də
bundan törəyəndir.
Məsxərə nədir? Ələsalma, lağeləmə, istehzalı gülüşə hədəfetmə.
Gerçək simasını göstərməməkçün maska dalında gizlənənlər ha özlərini öldürsələr də, görünürlər ki, görünürlər. Əvvəl-axır maskanı bir sıyıran tapılır və batin çıxır zahirə.
Necə ki, maska ilinin - 2020-nin son sentyabr və oktyabr-noyabr günlərində Prezident İlham Əliyev təkbətək diplomatiya döyüşlərində dünyanın böyük siyasət teatrındakı neçə irili-xırdalı oyunçunun məkr maskalarının altındakıları üstə çıxarıb hamıya göstərdi.
Bəlkə də güman edirmişlər
maska ardındakı surətləri bilinməyəcək, səsləri
tanınmayacaq.
"Bəs
nə oldu?.."
Və
Prezident İlham Əliyevin artıq xalq dilində bir zərbülməsələ
çevrilmiş bu ritorik sualı yalnız Ermənistanın
dəmdəməki baş nazirinə aid deyil, məkr
maskaları cırılmış çoxlarına
yaraşandır!
Rafael HÜSEYNOV,
AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin
direktoru, akademik
525-ci qəzet 2020.- 14 noyabr.- S.8-9.